BMT Qərbi Saharadakı sülhməramlı missiyasını 35 ildən sonra dayandırır

BMT Qərbi Saharadakı sülhməramlı missiyasını 35 ildən sonra dayandırır
BMT-nin Qərbi Sahara üzrə xüsusi elçisi Staffan de Misturan qaçqın düşərgəsinə səfəri zamanı əsgərlər keşik çəkirlər. Tinduf, Əlcəzair, 15 yanvar 2022-ci il.
Reuters

Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının mandatın uzadılması ilə bağlı razılığa gələ bilməməsindən sonra Qərbi Saharada 35 ildir davam edən sülhməramlı missiyasını başa çatdırır. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş məlumat verib.

Qərar 1991-ci ildə Mərakeşlə Əlcəzairin dəstəklədiyi Polisario Cəbhəsi arasında atəşkəsə nəzarət etmək və ərazinin gələcəyi ilə bağlı referendum təşkil etmək məqsədilə yaradılmış BMT-nin Qərbi Saharada Referendum üzrə Missiyasının (MINURSO) fəaliyyətinə son qoyur.

Quterreş bildirib ki, noyabrın 1-dən missiyanın ləğvi mərhələsi başlayıb. Bu müddətdə avadanlıq və digər əmlak hərbi kontingent göndərmiş ölkələrə qaytarılacaq.

Rusiya ABŞ-nin dəstəklədiyi qətnaməyə veto qoyub

Missiya BMT Təhlükəsizlik Şurasında razılıq əldə olunmaması səbəbindən bağlanıb. Rusiya ABŞ-nin dəstəklədiyi qətnamə layihəsinə veto qoyub. Sənəd Şuranın Mərakeşin muxtariyyət təklifinə dəstəyini gücləndirməyi və sülhməramlı qüvvələrin sayını azaltmağı nəzərdə tuturdu.

Rusiyanın təqdim etdiyi alternativ qətnamə layihəsi də qəbul olunması üçün kifayət qədər səs toplaya bilməyib. Nəticədə MINURSO-nun mandatının müddəti başa çatıb.

Bu hadisə Təhlükəsizlik Şurasının ABŞ-nin hazırladığı qətnaməni qəbul etməsindən bir il sonra baş verib. Həmin qətnamədə Mərakeşin Qərbi Saharaya öz suverenliyi altında muxtariyyət verilməsi təklifi uzunmüddətli mübahisənin həlli üçün ən real variant kimi qiymətləndirilmişdi.

Mərakeş qərarı alqışlayıb, Əlcəzair və Polisario narahatlıq bildirib

Mərakeş missiyanın fəaliyyətinin başa çatmasını alqışlayaraq bunu Qərbi Sahara mübahisəsinin həlli istiqamətində mühüm addım kimi qiymətləndirib.

Mərakeşin xarici işlər naziri Nasir Burita bildirib ki, MINURSO-nun mandatında referendumun keçirilməsini nəzərdə tutan müddəa artıq dövrünü başa vurmuş yanaşmadır. Bu mövqe Rabatın müstəqilliklə bağlı səsvermənin keçirilməsinə qarşı çıxdığını göstərir.

Mərakeş Kral Sarayının bəyanatında isə qərarın Qərbi Səhra məsələsinin Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılması istiqamətində irəliləyiş olduğu bildirilib.

Polisario Cəbhəsinin öz müqəddəratını təyinetmə tələbini dəstəkləyən Əlcəzair mandatın uzadılmamasından dərin təəssüf hissi keçirdiyini bildirib. O, Vaşinqtonu Mərakeşə həddindən artıq tərəfdar mövqe nümayiş etdirməkdə ittiham edib.

Polisario Cəbhəsi də Təhlükəsizlik Şurasında yaranmış çıxılmaz vəziyyətdən narahatlığını ifadə edib.

Teqlər