“El Nino”nun təsirinə məruz qalan ölkələr: quraqlıq, daşqınlar və ərzaq təhlükəsizliyi riski

“El Nino”nun təsirinə məruz qalan ölkələr: quraqlıq, daşqınlar və ərzaq təhlükəsizliyi riski
Reuters

Güclü “El Nino” iqlim fenomeni dünyanın müxtəlif bölgələrində ekstremal hava şəraitinə səbəb olur. Milyonlarla insan quraqlıq, meşə yanğınları və dağıdıcı fırtınalarla üzləşir. Hökumətlər isə getdikcə dərinləşən böhranın qarşısını almaq üçün təcili tədbirlər görməyə çalışırlar.

Çaylar quruyub, əkin sahələri məhv olub, ailələr isə kifayət qədər ərzaq və su təmin etməkdə çətinlik çəkirlər. “The Guardian”ın məlumatına görə, Papua-Yeni Qvineyada səkkiz milyonadək insan şiddətli quraqlığın təsirinə məruz qalıb. Nəticədə ərzaq qıtlığı, elektrik enerjisinin kəsilməsi, məktəblərin və tibb müəssisələrinin bağlanması halları qeydə alınıb.

Yeni inşa olunmuş yaşayış binaları görünür. Port-Moresbi, Papua-Yeni Qvineya, 19 noyabr 2018-ci il.
Reuters

“El Nino” Sakit okeanın mərkəzi və şərq tropik hissələrində suyun səth temperaturunun normadan yüksək olması nəticəsində yaranan iqlim hadisəsidir. Bu proses atmosferdə hava axınlarını dəyişdirərək dünyanın müxtəlif bölgələrində yağıntıların paylanmasına və fırtınaların yaranmasına və hərəkət istiqamətinə təsir göstərir. Nəticədə bəzi ərazilərdə hava daha isti və quraq olur, digərlərində isə güclü yağışlar və fırtınalar müşahidə edilir.

Proqnozlara görə, hazırkı “El Nino” müşahidələr tarixində ən güclüsü ola bilər. Qlobal istiləşmə isə onun təsirlərini daha da artırır. İndoneziyanın meteorologiya agentliyi güclü “El Nino” iqlim fenomeninin 2027-ci ilin birinci rübünədək davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Papua-Yeni Qvineyada böhran

Papua-Yeni Qvineya dünyanın ən çox yağıntı düşən ərazilərindən biridir. İsti tropik sulardan buxarlanan rütubət ölkəyə bol yağış gətirir. Lakin bu il isti suların şərqə doğru yerdəyişməsi nəticəsində bəzi bölgələrə avqust ayından bəri normanın dörddə birindən də az yağıntı düşüb.

Ölkənin Milli Meteorologiya Agentliyinin nümayəndəsi Kasis İnape “The Guardian”a bildirib ki, əhalinin böyük hissəsi dolanışığını təmin etmək üçün əkinçiliklə məşğul olur və tamamilə yağışlardan asılıdır. O, ölkədə ciddi yağıntı çatışmazlığının yaşandığını vurğulayıb.

Yerli sakin yeni salınmış yolla gedir. Port-Moresbi, Papua-Yeni Qvineya, 15 noyabr 2018-ci il.
Reuters

Agentlik iyun ayında “El Nino” hadisəsinin başladığını elan etsə də, İnapenin sözlərinə görə, həmin vaxt ölkənin böyük hissəsində quraqlıq artıq müşahidə olunurdu.

Papua-Yeni Qvineyanın şimal-şərq sahilində yerləşən Morobe əyalətində kiçik çaylar quruyub. Bəzi məktəblər və səhiyyə müəssisələri iş saatlarını yarım günə endirib. Tibb müəssisələri isə su çatışmazlığı səbəbindən xəstələrin stasionar müalicəyə qəbulunu dayandırıb.

Böhran paytaxt Port-Moresbiyə də təsir göstərib. Su anbarlarında suyun səviyyəsinin enməsi hidroelektrik enerjisi istehsalını azaldıb. Dövlət enerji şirkəti elektrik enerjisini qrafik üzrə kəsməyə başlayıb. Kəsintilər 10 ayadək davam edə bilər.

Kilsələr, həmkarlar ittifaqları və biznes təşkilatlarından ibarət koalisiya vəziyyəti “milli böhran” adlandırıb. Koalisiya həssas əhali qruplarının qorunması üçün əlaqələndirilmiş tədbirlərin görülmədiyi barədə xəbərdarlıq edib.

Baş nazir Ceyms Marape əyalət və rayon rəhbərliklərini uzunmüddətli quraqlıq dövrünə hazırlaşmağa çağırıb. Hökumət isə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün maliyyə mənbələrini araşdırır.

İndoneziyada son on ilin ən güclü meşə yanğınları

İndoneziya son on ildən artıq müddətdə qeydə alınan ən güclü meşə yanğınları ilə mübarizə aparır. Yanvar ayından bəri ölkədə təxminən 900 min hektar (9 min kvadratkilometr) ərazi yanıb.

Peyk müşahidələri aparan “Nusantara Atlas” platformasının məlumatına görə, avqust ayınadək 895 657 hektar ərazi yanıb. İndoneziyanın Meşə Təsərrüfatı Nazirliyi isə yanvar–iyul aylarında 202 min hektardan çox ərazinin yanğından zərər çəkdiyini bildirib.

Yanğınların söndürülməsinə 50-dən çox uçuş aparatı cəlb olunub. Onlardan süni yağıntı yaratmaq məqsədilə buludlara xüsusi maddələrin səpilməsi və yanğın ocaqlarına havadan su tökülməsi əməliyyatlarında istifadə edilir.

İndoneziyada 2021-ci ildən 2026-cı ilin avqustunadək süni yağıntı yaratmaq üçün 252 əməliyyat keçirilib. Lakin bu üsul digər ölkələrdə meşə yanğınları ilə mübarizədə nadir hallarda tətbiq olunur.

Ölkənin nazirlərindən biri bildirib ki, süni yağıntı yaratmaq üçün yağış buludlarının olması vacibdir. Uzun sürən quraqlıq səbəbindən isə belə buludlar getdikcə azalır.

Yanğınların yaratdığı tüstü və duman İndoneziyanın sərhədlərini aşaraq Sinqapur, Malayziya və Filippinə də yayılıb. Şərqi Timorda isə ölkə üzrə məktəblərin üç gün müddətinə bağlanacağı elan edilib.

Parana çayı boyunca baş verən daşqının dronla çəkilmiş görüntüsü. Syudad-del-Este, Paraqvay, 22 oktyabr 2026-cı il.
Reuters
Hindistanda musson yağışları son on ilin ən zəif səviyyəsindədir

Hindistanda musson mövsümündə yağıntının miqdarı son on ildən artıq müddətin ən aşağı səviyyələrindən birinə düşüb.Bu vəziyyət kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq qiymətləri və milyonlarla fermerin dolanışığı ilə bağlı narahatlıqları artırıb.

Hindistan Meteorologiya Departamentinin məlumatına görə, 2026-cı il musson mövsümündə yağıntının miqdarı normadan 12,6 faiz az olub. Bu, 2001-ci ildən bəri qeydə alınan dördüncü ən aşağı göstəricidir.

Yağıntı çatışmazlığı xüsusilə ölkənin şərq və şimal-şərq bölgələrində ciddi olub. Bu ərazilərdə yağıntının miqdarı normadan 25,6 faiz, cənub yarımadasında isə təxminən 24,4 faiz az qeydə alınıb.

Yağıntıların azalması məhsuldarlığın aşağı düşməsi, su anbarlarında ehtiyatların tükənməsi, ərzaq qiymətlərinin artması və kənd əhalisinin gəlirlərinin azalması ilə bağlı narahatlıqları gücləndirib.

Hindistanda əkin sahələrinin təxminən 52 faizi suvarma sistemlərindən deyil, yağış sularından asılıdır. Bu isə milyonlarla fermeri mövsümi yağıntıların dəyişməsindən asılı vəziyyətə salır.

Sakit okeanda fırtınalar güclənir, Atlantik okeanında isə qasırğalar azalır

“El Nino” Asiyanın bəzi bölgələrində ciddi quraqlığa səbəb olsa da, Sakit okean sularının istiləşməsi onun şərq hissəsində qasırğa mövsümünün qeyri-adi dərəcədə fəal keçməsinə şərait yaradıb.

Sentyabrın sonunadək bölgədə 19 tropik depressiya və fırtına qeydə alınıb. Onlardan səkkizi qasırğaya çevrilib, beşi isə güclü qasırğa səviyyəsinə çatıb.

Atlantik okeanında isə əks vəziyyət müşahidə olunub. “El Nino” bu bölgədə qasırğaların yaranmasını zəiflədib. Nəticədə peyk müşahidələrinin başladığı vaxtdan bəri mövsümün ilk qasırğası ən gec tarixdə formalaşıb.

Hökumətlər qarşısında yeni çətinliklər yaranır

Ekstremal hava hadisələri dünyanın müxtəlif bölgələrində əhalinin gündəlik həyatına ciddi təsir göstərir. Hökumətlər həm mövcud fəsadları aradan qaldırmaq, həm də mümkün quraqlıq, yanğın və dağıdıcı fırtınalara hazırlaşmaq zərurəti ilə üzləşirlər.

Milyonlarla insan artıq bu vəziyyətin təsirinə məruz qalıb. Ərzaq təchizatını, su ehtiyatlarını və əsas xidmətlərin fəaliyyətini qorumaq getdikcə daha vacib olur.

Teqlər