ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının seçki bülletenləri ilə bağlı tələbini rədd edib

ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının seçki bülletenləri ilə bağlı tələbini rədd edib
ABŞ Ali Məhkəməsinin binası. Vaşinqton, ABŞ, 25 iyun 2026-cı il.
Reuters

ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının 20 mindən çox qeydiyyatlı seçicinin poçt bülletenlərinin hesablanmasını dayandırmaq tələbini rədd edib. Administrasiya həmin seçicilərin ABŞ vətəndaşı olduğunu şübhə altına alır.

Ali Məhkəmə noyabrın 2-də Ədliyyə Nazirliyinin təcili müraciətini daxil olduqdan bir neçə saat sonra rədd edib. Məhkəmə səbəb açıqlamadan bir cümləlik qərardad yayıb. Hakimlərdən heç biri bu qərara açıq şəkildə etiraz etməyib.

Tramp administrasiyası Kaliforniyadan mübahisəli bülletenləri digərlərindən ayırmağı və seçicilərin vətəndaşlığı təsdiqlənənədək onları hesablamamağı tələb etmişdi.

Oktyabrın 30-da federal apellyasiya məhkəməsi də eyni tələbi rədd etmişdi. Qərar noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində qəbul edilib. Respublikaçılar Partiyası bu seçkilərdə Konqresdə çoxluğu qorumağa çalışır.

Seçicilərin səsvermə hüququ ilə bağlı mübahisə

Ədliyyə Nazirliyi oktyabrın 15-də məhkəməyə müraciət edərək Kaliforniyanın 1996-cı ildə qəbul edilmiş federal qanunun icrasına mane olduğunu bildirib. Həmin qanuna əsasən, ABŞ vətəndaşı olmayan şəxslərin federal seçkilərdə səs verməsi cinayət sayılır.

Daxili Təhlükəsizlik Nazirliyi 20 mindən çox qeydiyyatlı seçicinin siyahısını hazırlayaraq Kaliforniya ştatının və Los-Anceles dairəsinin rəsmilərinə təqdim edib.

Administrasiya bildirib ki, seçicilərin vətəndaşlığı yoxlanılmadan bülletenlər hesablanarsa, səsvermə hüququ olmayan şəxslərin verdiyi səsləri digərlərindən ayırmaq mümkün olmayacaq.

Kaliforniya rəsmiləri isə federal hökumətin yoxlama sisteminin etibarlılığını şübhə altına alıb. Onların sözlərinə görə, sistem ABŞ vətəndaşı olan seçiciləri səhvən vətəndaş olmayanlar kimi göstərə bilər. Ştat rəsmiləri həmçinin mövcud nəzarət mexanizmlərinin ABŞ vətəndaşı olmayan şəxslərin səs verməsinin qarşısını almaq üçün kifayət etdiyini bildiriblər.

Kaliforniyanın baş prokuroru Rob Bonta administrasiyanın son məhkəmə müraciətini seçkilərə etimadı sarsıtmaq cəhdi kimi qiymətləndirib və ştatın səsvermə hüququnu müdafiə edəcəyini bildirib.

Məhkəmələr federal hökumətin tələbini rədd edib

Los-Ancelesdəki federal dairə məhkəməsinin hakimi Devid Karter oktyabrın 28-də administrasiyanın tələbini rədd edib. Hakim federal hökumətin təqdim etdiyi məlumatların etibarlılığını şübhə altına alıb və sübuta yetirilməmiş iddialara əsaslanaraq səslərin etibarsız sayılmasına qarşı xəbərdarlıq edib.

San-Fransiskoda yerləşən ABŞ-nin 9-cu Dairə Apellyasiya Məhkəməsi də oktyabrın 30-da bülletenlərin hesablanmasını dayandırmaqdan imtina edib. Məhkəmə Kaliforniyanın seçki prosedurlarını müəyyən etmək səlahiyyətinə və səsvermə hüququ olmayan şəxslərin qeydiyyatını ləğv etmək üçün mövcud mexanizmlərə istinad edib.

ABŞ Konstitusiyasına əsasən, seçkilərin təşkilinə görə əsas məsuliyyət ştatların üzərinə düşür. Bununla belə, federal hökumətin də müəyyən nəzarət səlahiyyətləri var.

Seçici San-Fransiskoda aksiya zamanı  bülletenini qutuya atır. Kaliforniya, ABŞ, 17 oktyabr 2026-cı il.
Reuters

Tramp administrasiyası son vaxtlar ştatların seçici qeydiyyatı və seçki prosedurlarına təsirini artırmağa çalışır. Ədliyyə Nazirliyi bütün 50 ştatın seçki rəsmilərinə xəbərdarlıq edib ki, onlar ABŞ vətəndaşı olmayan şəxslərin seçici siyahılarında qalmasına və ya səs verməsinə bilərəkdən icazə versələr, cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Administrasiyanın ştatların seçici qeydiyyatı məlumatlarını, o cümlədən həssas şəxsi məlumatları əldə etmək cəhdləri də bir sıra məhkəmələr tərəfindən rədd edilib.

Müxtəlif araşdırmalar və ştat səviyyəsində aparılan yoxlamalar göstərib ki, ABŞ vətəndaşı olmayan şəxslər də daxil olmaqla, səsvermə hüququ olmayan şəxslərin seçkilərdə iştirakı nadir hallarda baş verir.

Kaliforniya əhalisinin sayına görə ABŞ-nin ən böyük ştatıdır və Nümayəndələr Palatasında 52 mandatla təmsil olunur.

Teqlər