Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Tikinti sektorunun inkişafı, dövlət investisiyaları və Rusiya ilə ticarətin artması Qırğızıstanı Mərkəzi Asiyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevirib.
Əhalisi 7,4 milyon nəfər olan Qırğızıstanda daxili investisiyaların və mənzil tikintisinin artması iqtisadiyyatı xeyli canlandırıb. Dənizə çıxışı olmayan ölkə əvvəllər xaricdə çalışan vətəndaşlarının pul köçürmələrindən böyük ölçüdə asılı idi. Bu vəsaitlər bir vaxtlar ümumi daxili məhsulun təxminən üçdəbirinə bərabər olub.
Rusiyanın Ukraynaya qarşı müharibəsi də Qırğızıstanda ticarətin genişlənməsinə təkan verib. Lakin Qərbin sanksiyalardan yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlər bu iqtisadi yüksəlişin davamlılığı ilə bağlı narahatlıqları artırır.
Beynəlxalq Valyuta Fondunun (BVF) Qırğızıstandakı daimi nümayəndəsi Fərid Talışlı AnewZ-a bildirib ki, ölkə son illərdə iqtisadi artım baxımından “təsirli nəticələr” göstərib.
Qırğızıstan iqtisadiyyatı 2023-cü ildə 9 faiz, 2024-cü ildə 11,5 faiz, 2025-ci ildə isə 11,1 faiz böyüyüb.
Asiya İnkişaf Bankının (AİB) proqnozuna əsasən, iqtisadi artım 2026-cı ildə 8,9 faizə, 2027-ci ildə isə 8,4 faizə enəcək.
Bank apreldə yaydığı açıqlamada gözlənilən yavaşlamanı tikinti və ticarət sektorlarında artım tempinin zəifləməsi ilə izah edib.
AİB-in Qırğızıstan üzrə direktoru Çjen Vu bildirib:
“Dövlət investisiyalarının davam etməsi və daxili tələbatın dayanıqlı qalması Qırğızıstana ortamüddətli dövrdə yüksək iqtisadi artımı qorumaq üçün əlverişli imkanlar yaradır”.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da oxşar proqnoz verib. Bank 2026-cı ildə 8,7 faiz, 2027-ci ildə isə 7 faiz iqtisadi artım gözləyir.
BVF-in 2026-cı ilin iyununda açıqladığı proqnoz isə daha aşağıdır. Fond həmin il üçün 6,1 faiz, 2027-ci il üçün isə 5,8 faiz iqtisadi artım proqnozlaşdırıb.
Fərid Talışlının sözlərinə görə, Qırğızıstan iqtisadiyyatının böyüməsində əsas rolu dövlət investisiyaları hesabına genişlənən mənzil tikintisi oynayıb.
2026-cı ilin ilk doqquz ayında tikinti sektorunda istehsalın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62,2 faiz artıb. Bu sahənin ümumi iqtisadi artıma töhfəsi təxminən 4,2 faiz bəndi olub.
Təkrar ixracın genişlənməsi və daxili tələbatın artması da iqtisadiyyatı dəstəkləyib.
“İqtisadi artımı təmin edən amillər zamanla dəyişib. Əvvəlcə ticarət mühüm rol oynayıb. Qırğızıstanın təkrar ixrac mərkəzinə çevrilməsi ticarət və xidmət sektorlarının inkişafına təkan verib.
Son dövrlərdə isə əməkhaqlarının və xaricdən pul köçürmələrinin artması daxili tələbatın rolunu gücləndirib. Bununla belə, 2026-cı ildə pul köçürmələrində müəyyən azalma müşahidə olunub”, – deyə Talışlı bildirib.
AYİB-in məlumatına görə, nəqliyyat, dağ-mədən sənayesi və enerji infrastrukturuna yatırılan investisiyalar da iqtisadi artımı sürətləndirib.
İri layihələr arasında Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və Kambarata-1 su-elektrik stansiyası xüsusi yer tutur.
BVF-in 2026-cı il hesabatına əsasən, dəmir yolunun tikintisinin 2026–2032-ci illərdə həyata keçirilməsi və təxminən 4,7 milyard dollara başa gəlməsi planlaşdırılır. Kambarata-1 layihəsinin dəyəri isə 4,5 milyard dollar qiymətləndirilir. Hər iki layihənin qarşıdakı illərdə iqtisadiyyata əlavə töhfə verəcəyi gözlənilir.
Qərbin Moskvaya sanksiyalar tətbiq etməsindən sonra Qırğızıstan Rusiyaya təkrar ixrac edilən malların əsas tranzit məntəqələrindən birinə çevrilib. Bu ticarət əlaqələri ölkəyə əlavə gəlir gətirsə də, sanksiyalardan yayınma ilə bağlı narahatlıqları artırıb.
2022-ci ildə ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu Qırğızıstanı və Mərkəzi Asiyanın bir sıra digər ölkələrini ixracına məhdudiyyət qoyulmuş malların Rusiyaya çatdırılması üçün istifadə oluna bilən tranzit mərkəzləri kimi müəyyən edib.
“Financial Times”ın 2023-cü ildə apardığı araşdırmaya görə, Avropa İttifaqından Rusiya üzərindən Qırğızıstan, Ermənistan və Qazaxıstana göndərilməli olan, həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilən ən azı 1 milyard dollar dəyərində mal son təyinat məntəqələrinə çatmayıb. Araşdırmada həmin malların Rusiyada qalmış ola biləcəyi ehtimalı irəli sürülüb.
“The New York Times” qəzetinin 2026-cı ilin sentyabrında dərc etdiyi materiala görə, AİB əvvəlki dörd ildə Qırğızıstanda iqtisadi artımın 30–40 faizinin təkrar ixrac hesabına təmin olunduğunu qiymətləndirib.
Bu narahatlıqlara görə Avropa İttifaqı 2026-cı ilin aprelində Qırğızıstana bəzi məhsulların ixracını qadağan edib. Məhdudiyyətlərə kompüterlə idarə olunan dəzgahlar və radio avadanlıqları da daxil edilib. Aİ bu məhsulların Qırğızıstan üzərindən Rusiyaya göndərilməsi riskini əsas gətirib.
Kriptovalyuta əməliyyatları da diqqət mərkəzinə düşüb. ABŞ və Aİ 2025-ci ildə Qırğızıstanda qeydiyyatdan keçmiş “Grinex” kriptovalyuta birjasına sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, birja əvvəllər sanksiyalara məruz qalmış “Garantex” platformasının fəaliyyətini davam etdirmək və məhdudiyyətlərdən yayınmaq məqsədilə yaradılıb.
Qırğızıstan indi həm iqtisadi artımı qorumağa, həm də Qərbin sərtləşdirdiyi sanksiyalara uyğunlaşmağa çalışır. Məhdudiyyətlərin daha ciddi tətbiqi 2022-ci ildən bəri ölkə iqtisadiyyatını dəstəkləyən ticarəti zəiflədə bilər.
Ukraynadakı müharibənin başa çatması da iqtisadi vəziyyəti dəyişə bilər.
BVF-in 2025-ci il hesabatında qeyd olunur:
“Regionda davamlı sülhün əldə olunması son illərdə iqtisadi artımı dəstəkləyən bəzi ticarət və maliyyə axınlarının azalmasına səbəb ola bilər”.
Fərid Talışlı da iqtisadiyyatın daha dayanıqlı daxili inkişaf mənbələrinə ehtiyacı olduğunu vurğulayıb:
“Ticarətin artım tempi zəifləyir. Bu isə daxili iqtisadi artımın daha dayanıqlı mənbələrinin inkişaf etdirilməsinin vacibliyini göstərir”.
Bununla belə, müharibənin başa çatması Qırğızıstan üçün yeni iqtisadi imkanlar da yarada bilər. Rusiya rublunun möhkəmlənməsi bu ölkədə çalışan yüz minlərlə qırğızıstanlı miqrantın vətənə göndərdiyi pulun dəyərini artıra bilər.
İnflyasiya da əsas problemlərdən biridir. BVF-in məlumatına görə, 2026-cı ilin martında illik inflyasiya 11 faizə çatıb. Qiymətlərin yüksəlməsi əhalinin iqtisadi artımdan əldə etdiyi faydanın bir hissəsini azaldır.
BVF-in nümayəndəsi Fərid Talışlı AnewZ-a bildirib:
“Güclü tələbat inflyasiya təzyiqlərini artırır. Bu da makroiqtisadi sabitliyin qorunmasının vacibliyini göstərir”.
O, qarşıdakı illərdə iqtisadi artımın davam etməsi üçün özəl biznesin inkişafına əlverişli şərait yaradılmasını vacib sayıb.
“Əsas prioritetlər dövlət müəssisələrində islahatların aparılması, rəqabətin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, idarəetmənin və qanunun aliliyinin möhkəmləndirilməsidir. Bu islahatlar məhsuldarlığın artmasına, iqtisadi inkişafın daha geniş əhali təbəqələrini əhatə etməsinə və dayanıqlı olmasına kömək edəcək”.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın