Çin texnologiya şirkətləri üzərində partiya nəzarətini gücləndirir

Çin texnologiya şirkətləri üzərində partiya nəzarətini gücləndirir
Pekinin işgüzar mərkəzi yaxınlığında Çin bayrağı. 26 oktyabr 2026-cı il.
Reuters

Çinin hakim Kommunist Partiyası texnologiya şirkətləri və internet platformaları üzərində nəzarəti gücləndirməyi planlaşdırır. Yeni tədbirlər rəqəmsal vasitələrlə törədilən korrupsiya hallarının aşkarlanmasını və məmurların maliyyə fəaliyyətinin daha ciddi yoxlanılmasını nəzərdə tutur.

Qərar Çin Kommunist Partiyasının XX çağırış Mərkəzi Komitəsinin beşinci plenumunda oktyabrın 29-da qəbul edilib.

Qərara əsasən, internet platformaları və yüksək texnologiya şirkətlərində fəaliyyət göstərən partiya təşkilatlarının rolu artırılacaq. Məmurların vəzifə səlahiyyətlərindən istifadəsinə nəzarət də sərtləşdiriləcək.

Məmurların gəlirləri və biznes əlaqələri yoxlanılacaq

Sənəddə internet, virtual valyutalar, transsərhəd pul köçürmələri və blokçeyn texnologiyasından istifadə etməklə törədilən korrupsiya hallarının araşdırılması tələb olunur.

Başqa şəxslərin adına rəsmiləşdirilən şübhəli aktivlər, eləcə də vəzifədən istifadə etməklə göstərilən xidmətlərin müqabilində sonradan alınan ödənişlər araşdırılacaq.

Məmurların vəzifədən ayrıldıqdan sonra davam etdirdiyi şübhəli biznes əlaqələri də yoxlanılacaq.

Əmlakının dəyəri və ya xərcləri qanuni gəlirlərini əhəmiyyətli dərəcədə üstələyən məmurların maliyyə vəziyyəti araşdırılacaq. Onların həyat yoldaşları və övladlarının idarə etdiyi bizneslərə nəzarət də gücləndiriləcək.

Korrupsiya hallarını aşkarlamaq üçün rəqəmsal nəzarət sistemlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu sistemlər maliyyə məlumatlarını müqayisə etməyə, şübhəli əlaqələri və əməliyyatları müəyyənləşdirməyə kömək etməlidir.

Kriptovalyutalara yeni qadağa qoyulmur

Qərar kriptovalyuta ticarətinə yeni qadağa gətirmir. Sənəd virtual valyutalardan korrupsiya əməllərində və qanunsuz gəlirlərin gizlədilməsində istifadəyə qarşı mübarizəni nəzərdə tutur.

Çində kriptovalyuta mübadiləsi və bununla bağlı maliyyə xidmətləri 2021-ci ildə qanunsuz maliyyə fəaliyyəti elan edilib. Yeni sənəddə bitkoin, steyblkoinlər və kriptovalyuta hasilatı ayrıca qeyd olunmur.

Qərar Çin Sədri Si Cinpinin partiya intizamını gücləndirmək və korrupsiya ilə mübarizəni genişləndirmək siyasətinin bir hissəsidir. Tədbirlərin nə vaxt və hansı mərhələlərlə həyata keçiriləcəyi hələ açıqlanmayıb.

Teqlər