Paşinyan: “Azərbaycanla davamlı sülhə nail olmaq üçün saziş imzalanmalıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ hərəkatından imtina etdiyini bildirib. O, Azərbaycanla barışın davamlı olması üçün sülh...
Körfəz regionunda münaqişə səbəbindən neft qiymətlərinin artması fonunda Əbu-Dabidə keçirilən ADIPEC sərgisində iki əsas məsələ müzakirə olunur: qlobal enerji təchizatının təhlükəsizliyi və süni intellektin artan elektrik enerjisi tələbatının qarşılanması.
Fevralın 28-də ABŞ və İsrailin İrana zərbələri ilə başlayan Yaxın Şərq münaqişəsi neft bazarlarında qeyri-sabitlik yaratmaqda davam edir. ABŞ-nin Hörmüz boğazı yaxınlığındakı Qeşm adasına məhdudmiqyaslı zərbələrindən sonra Brent markalı neftin bir bareli təxminən 104 dollara satılır. Bu arada Qətərdən olan vasitəçilər Vaşinqton və Tehran arasında mümkün razılaşmanın əldə olunması üçün səylərini davam etdirirlər.
Hazırda Körfəz regionundan ixrac olunan xam neftin təxminən 40 faizi Hörmüz boğazından yan keçən boru kəmərləri vasitəsilə nəql edilir. Münaqişədən əvvəl bu göstərici 17 faiz idi. Eyni zamanda husilərin Səudiyyə Ərəbistanına məxsus gəmilərə tətbiq etdiyi blokada krallığın Qırmızı dəniz vasitəsilə neft ixracını kəskin azaldıb.
Bu fasilələr ADIPEC-də aparılan müzakirələrin əsas mövzularından birinə çevrilib. Enerji şirkətlərinin rəhbərləri və siyasətçilər təchizat marşrutlarının şaxələndirilməsinə, yerli istehsalın gücləndirilməsinə, strateji ehtiyatların artırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə çağırırlar.
Əbu-Dabidəki ADNEC sərgi mərkəzində keçirilən tədbir noyabrın 5-dək davam edəcək. Sərgiyə 239 mindən çox ziyarətçinin qatılacağı gözlənilir. Proqram çərçivəsində neft və qaz hasilatı, süni intellekt (AI), elektrik şəbəkələri və enerji sektorunun gələcək kadr potensialı ilə bağlı 380-dən çox sessiya nəzərdə tutulub.
Lakin neft bazarındakı mövcud böhranla yanaşı, daha bir məsələ ön plana çıxır: qlobal enerji sistemlərinə əlavə yük yaratmadan süni intellektin sürətli inkişafı üçün artan elektrik enerjisi tələbatını necə qarşılamaq olar?
Konfransın açılışından bəri enerji şirkətləri eyni mövqedən çıxış edirlər: qlobal təchizat zəncirləri mümkün böhranlara qarşı daha dayanıqlı olmalıdır.
“Baker Hughes” şirkəti enerji müəssisələrini təchizat mənbələrini şaxələndirməyə və ayrı-ayrı nəqliyyat marşrutlarından asılılığı azaltmağa çağırıb.
“Siemens Energy” şirkətinin baş icraçı direktoru Kristian Brux yerli istehsalın gücləndirilməsinin, strateji ehtiyatların yaradılmasının və qlobal təchizat zəncirlərinin şaxələndirilməsinin daşınmalarda mümkün fasilələrin təsirini azaltmaq üçün vacib olduğunu vurğulayıb.
Misirin neft naziri Kərim Bədəvi bildirib ki, dünyada artan enerji tələbatını qarşılamaq üçün birgə fəaliyyət zəruridir. Onun sözlərinə görə, heç bir ölkə və ya şirkət tələb olunan enerji təchizatını təkbaşına təmin edə bilməz.
Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov da bu mövqeyi dəstəkləyərək milli enerji təhlükəsizliyinin təmin olunmasında əməkdaşlığın mühüm rol oynadığını bildirib.
Soltanov “Sərhədlərdən kənarda: milli enerji strategiyaları vahid qlobal sistemin qurulmasını təmin edə bilərmi?” mövzusunda keçirilən sessiyada çıxış edərkən ölkələr arasında əməkdaşlığın zəruriliyini oyun nəzəriyyəsinə istinad edərək izah edib.
O, həmçinin uğurlu tərəfdaşlıq üçün etimadın vacibliyini vurğulayıb. Soltanov Azərbaycanın hasilatın pay bölgüsü sazişlərini dəyişiklik etmədən qüvvədə saxlamasını ölkənin etibarlı tərəfdaş olduğunun göstəricisi kimi qiymətləndirib.
Hörmüz boğazında daşımaların dəfələrlə pozulduğu bir vaxtda müqavilələrin sabitliyi beynəlxalq tərəfdaşların etimadını qorumağa çalışan enerji istehsalçıları üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də ADIPEC-də geniş təmsil olunur. Şirkətin böyük sərgi stendi fəaliyyət göstərir, nümayəndə heyəti isə ziyarətçilərlə mümkün əməkdaşlıq və sazişlər barədə müzakirələr aparır.
Süni intellekt ADIPEC-in əsas müzakirə mövzularından birinə çevrilib. Sektorun rəhbərləri xəbərdarlıq edirlər ki, elektrik enerjisi infrastrukturu sürətlə artan tələbatı qarşılamaqda çətinlik çəkir.
“Schneider Electric” şirkətinin baş icraçı direktoru Olivye Blum bildirib ki, sənayenin elektrik enerjisinə keçidi, şəhərlərin böyüməsi və elektromobillərin yayılması artıq elektrik istehlakını artırır. Süni intellektin inkişafı isə enerji sistemlərinə əlavə yük yaradır.
“AVEVA” şirkətinin baş icraçı direktoru Kaspar Hersberq xəbərdarlıq edib ki, süni intellekt infrastrukturu onu enerji ilə təmin etmək üçün lazım olan sistemlərdən daha sürətlə inkişaf edir.
Hersberq “Süni intellektin yaratdığı enerji tələbatı: sürətlənən artım şəraitində infrastrukturun planlaşdırılması” mövzusunda sessiyada çıxış edərkən məlumat mərkəzlərinin tikintisi ilə onların fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması arasında vaxt baxımından fərqin getdikcə artdığını vurğulayıb.
Onun sözlərinə görə, layihə icraçıları və investorlar sürətlə hərəkət edə bilsələr də, elektrik və su təchizatı müəssisələri, yerli hakimiyyət orqanları və tənzimləyici qurumlar fəaliyyətlərini fərqli müddətdə həyata keçirirlər.
Hersberq hesab edir ki, bu fərqi aradan qaldırmaq üçün hökumətlər uzunmüddətli planlaşdırma prosesini əlaqələndirməlidirlər.
Onun fikirləri enerji təhlükəsizliyinə yanaşmada daha geniş dəyişikliklərin baş verdiyini göstərir.
Uzun illər əsas diqqət neft təchizatına və nəqliyyat marşrutlarına yönəlib. Lakin süni intellektin sürətli inkişafı yeni tələblər yaradır. Artıq məlumat mərkəzlərinin vaxtında elektrik enerjisi və su ilə təmin olunması, eləcə də zəruri tənzimləyici icazələrin alınması mühüm əhəmiyyət daşıyır.
Elektrik enerjisi istehlakının artması ilə bağlı narahatlıqlara baxmayaraq, sektorun rəhbərləri süni intellektin məhsuldarlığı artırmaq və innovasiyaları sürətləndirmək imkanlarını da vurğulayıblar.
“Covestro” şirkətinin baş icraçı direktoru Markus Ştayleman bildirib ki, süni intellekt materialların tədqiqi sahəsində ciddi dəyişikliklər yarada bilər. Bu texnologiya alimlərə ənənəvi üsullarla həlli çətin olan, getdikcə mürəkkəbləşən problemləri araşdırmağa imkan verir.
O, “Neft-kimya sənayesi: tələbatın struktur artımını davamlı gəlirliliyə çevirmək” mövzusunda sessiyada çıxış edərkən bildirib ki, tədqiqatçıların onilliklər ərzində yalnız bir sahə üzrə ixtisaslaşmasına əsaslanan ənənəvi yanaşma artıq kifayət etmir.
“Mubadala Energy” şirkətinin maliyyə direktoru Məsrur Cilani isə müzakirələrdə kommersiya məsələlərinə diqqət çəkib. O bildirib ki, bazarda kifayət qədər resurs və tələbat var, lakin investisiyaların gəlirliliyi son nəticədə layihələrin uğurla həyata keçirilməsindən asılı olacaq.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ADIPEC vasitəsilə enerji investisiyaları və əməkdaşlıq sahəsində qlobal mərkəz kimi mövqeyini möhkəmləndirməyə çalışır. Regionda davam edən qeyri-sabitlik alternativ təchizat marşrutlarının əhəmiyyətini daha da artırır.
Neftin Hörmüz boğazından yan keçməklə ixracına imkan verən Füceyrə marşrutu daşımalarda yaranan fasilələr fonunda xüsusilə əhəmiyyət qazanıb.
ADIPEC-in miqyası da bazarlarda qeyri-müəyyənliyin artdığı bir vaxtda Əbu-Dabinin hökumətləri, investorları və enerji şirkətlərini bir araya gətirən mərkəz kimi rolunu göstərir.
Konfransda beynəlxalq enerji təhlükəsizliyi ilə yanaşı, ölkə daxilində dayanıqlı inkişaf təşəbbüslərinə də diqqət ayrılıb.
Tədbirin üçüncü günündə Əbu-Dabi Ticarət və Sənaye Palatası “Dayanıqlılıq nişanı” proqramı çərçivəsində 14 şirkəti mükafatlandırıb. Bununla da proqram üzrə mükafat alan şirkətlərin ümumi sayı 68-ə çatıb.
Bu şirkətlər enerji xidmətləri, istehsal, tikinti, texnologiya, qida sənayesi, səhiyyə və logistika sahələrində fəaliyyət göstərirlər. Bu isə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə hesabatlılıq tələblərinin neft-qaz sənayesindən kənarda da getdikcə daha geniş tətbiq olunduğunu göstərir.
Əbu-Dabidəki müzakirələr enerji sektorunun uzunmüddətli prioritetlərində dəyişikliklərin baş verdiyini göstərir. Əsas diqqət daha dayanıqlı təchizat marşrutlarının yaradılmasına, strateji ehtiyatların artırılmasına və süni intellektin sürətli inkişafını dəstəkləyə biləcək elektrik şəbəkələrinin qurulmasına yönəlib.
Körfəz regionunda münaqişənin səngiməsindən və ya daha da şiddətlənməsindən asılı olmayaraq, ADIPEC-da aparılan müzakirələr göstərir ki, enerji təhlükəsizliyi artıq yalnız neft təchizatının qorunmasını deyil, həm də məlumatların və rəqəmsal texnologiyaların getdikcə daha mühüm rol oynadığı gələcəyə hazırlığı nəzərdə tutur.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ-un 18 noyabr tarixli gündəlik icmalında dünyada miqrasiya siyasətinə təsir edən beş əsas hadisəni təqdim edirik: Ruandada deportasiya planı, Birləşmiş Krallıq–Fransa razılaşması, ABŞ-də xarici tələbələrlə bağlı qərar, Fransada sərhəd nəzarəti və Kanar adalarına miqrant axını.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın