Şimali Koreya ABŞ və Cənubi Koreya ilə gərginlik fonunda yeni raketlər buraxıb

Şimali Koreya ABŞ və Cənubi Koreya ilə gərginlik fonunda yeni raketlər buraxıb
“Hwasong-11LA” yer-yer tipli qısamənzilli taktiki ballistik raketin sınağı. Şimali Koreya, 19 aprel 2026-cı il.
Reuters

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisliyinin məlumatına görə, Şimali Koreya noyabrın 4-də şərq sahillərindən dənizə doğru bir neçə raket buraxıb. Bu, Pxenyanın son bir ayda dördüncü dəfə raket buraxmasıdır.

Raketlər Şimali Koreyanın Cənubi Həmgyonq əyalətindəki Sondok bölgəsindən buraxılıb.

Cənubi Koreya və ABŞ raketlərin xüsusiyyətlərini təhlil edir. Seul mümkün yeni hərbi təxribatlara qarşı yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

Şimali Koreya bu il bir neçə silah sınağı keçirib. Bunlara 900 kilometrdən çox məsafə qət edən raketin buraxılması və hipersəs raketlərinin sınaqları da daxildir.

Son sınaqlar Şimali Koreyanın raket potensialının artması və Rusiyaya mümkün raket ixracı ilə bağlı narahatlıqları gücləndirib.

Kim Yo Çjon Vaşinqtonla danışıqları istisna edib

Raketlər Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjonun ABŞ-nin Pxenyana qarşı siyasətini dəyişmədən danışıqların mümkün olmadığını bildirməsindən bir neçə saat sonra buraxılıb.

Kim Yo Çjon bildirib ki, ABŞ Pxenyana qarşı onun düşmənçilik siyasəti adlandırdığı mövqedən imtina etmədikcə Vaşinqtonla danışıqlar mümkün deyil.

O, həmçinin Şimali Koreyanın “Binance” kriptovalyuta birjasına kiberhücumda iştirak etdiyini təkzib edib. Kim Yo Çjon ABŞ Federal Təhqiqat Bürosunun (FTB) oğurluğun arxasında Pxenyanın dayanması ilə bağlı ittihamlarını rədd edib.

Bundan əvvəl Şimali Koreyanın dövlət mediası Kim Çen Inın esminesin tikildiyi gəmiqayırma zavoduna baş çəkdiyini xəbər verib.

Səfər zamanı Şimali Koreya lideri ölkənin hərbi potensialının artırılması çərçivəsində hərbi dəniz qüvvələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Raket sınaqları kütləvi istehsala hazırlıqla bağlı ola bilər

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) idarə heyətinin üzvü, raketlər üzrə ekspert Li Çun Gının sözlərinə görə, son sınaqlar Şimali Koreyanın raketlərin kütləvi istehsalına hazırlıq prosesinin son mərhələsinə yaxınlaşdığını göstərə bilər. Ekspertin fikrincə, bu hazırlıq Rusiyaya ixracı mümkün olan raketləri də əhatə edə bilər.

Li bildirib ki, raketlərin kütləvi istehsalından və ordunun istifadəsinə verilməsindən əvvəl çoxsaylı sınaqlar aparılmalıdır.

Ekspertin fikrincə, Pxenyan Rusiyaya böyük həcmdə raket ixrac etməyə hazırlaşırsa, göndərişdən əvvəl əlavə sınaqlar keçirə bilər.

Teqlər