Bomba təhdidləri Avropada təyyarələrin təcili enişinə səbəb olub

Bomba təhdidləri Avropada təyyarələrin təcili enişinə səbəb olub
Bomba təhdidi səbəbindən Fransaya yönləndirilən “Aer Lingus” təyyarəsi Evryö hərbi hava bazasında. Fransa, 5 noyabr 2026-cı il.
Reuters

Avropada bomba təhdidləri səbəbindən bir neçə təyyarənin uçuş istiqaməti dəyişdirilib, digərlərində isə əlavə təhlükəsizlik yoxlamaları aparılıb. Hadisələr Fransa, Belçika, Bolqarıstan və Rumıniyada təcili enişlərə və təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb olub.

İrlandiyanın “Aer Lingus” aviaşirkətinin məlumatına görə, Dublindən Romaya uçan EI402 saylı təyyarə təhlükəsizlik məqsədilə Parisdən 100 kilometr qərbdə yerləşən Evryö hava limanına yönləndirilib və oraya təhlükəsiz eniş edib.

Belçika mediasının məlumatına görə, Polşanın “LOT Polish Airlines” aviaşirkətinə məxsus təyyarə Brüsselin Zaventem hava limanına məcburi eniş edib.

Helsinkidən Romaya uçan “Finnair” təyyarəsi isə İtaliya Hərbi Hava Qüvvələrinin müşayiəti ilə Romaya planlaşdırıldığı kimi təhlükəsiz eniş edib. Bu barədə hadisədən məlumatlı mənbə məlumat verib.

Bolqarıstan və Rumıniyada fövqəladə tədbirlər görülüb

Bolqarıstan rəsmiləri bomba təhdidlərindən sonra üç təyyarənin təcili eniş etdiyini təsdiqləyiblər. Yerli medianın məlumatına görə, Kopenhagen və Madriddən gələn təyyarələr Sofiyaya enib, Londondan gələn digər təyyarə isə Plovdivə yönləndirilib.

Rumıniyada noyabrın 5-də Milandan Buxarestə uçan “Wizz Air” təyyarəsində bomba olması barədə təhdiddən sonra 200-ə yaxın sərnişin təxliyə edilib.

WMT3064 saylı reys yerli vaxtla saat 11:08-də Buxarestin Henri Koanda Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Hava limanının rəsmiləri dövlət qurumları ilə birgə fövqəladə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildiriblər.

“Sərnişinlər təyyarədən endirilib. Hava limanı dövlət qurumları ilə birgə belə hallarda tələb olunan tədbirləri görüb”, – deyə hava limanının açıqlamasında bildirilib.

Çexiya polisi təhdidləri araşdırır

Çexiya polisi Praqaya uçan dörd təyyarədə əldəqayırma partlayıcı qurğuların yerləşdirilmiş ola biləcəyi barədə məlumat aldığını və həmin təyyarələri yoxlamağa hazırlaşdığını bildirib.

“Bu təhdidlərin real olma ehtimalını az olduğunu düşünürük”, – deyə polis “X” platformasında açıqlayıb.

Qurum əlavə edib ki, dörd təyyarənin hamısı eniş etdikdən sonra partlayıcı maddələrin olub-olmadığı yoxlanılacaq.

Bomba təhdidləri hibrid hücumlarla bağlı narahatlıqları artırır

Son hadisələr noyabrın 3-də ən azı yeddi aviareysə və bir kruiz gəmisinə bomba təhdidlərinin edilməsindən sonra baş verib. Həmin təhdidlər Avropa hava limanlarının fəaliyyətində genişmiqyaslı fasilələrə səbəb olub. Yoxlamalar zamanı partlayıcı qurğu aşkarlanmayıb.

Hələlik heç bir ölkənin bu təhdidlərlə birbaşa əlaqəsi müəyyən edilməyib. Lakin hadisələr Avropa rəsmilərinin Rusiya və İranın törətdiyi iddia olunan hibrid hücumlar və təxribat əməliyyatları ilə bağlı narahatlıqlarının artdığı bir vaxtda baş verir. Moskva və Tehran bu cür fəaliyyətlərdə iştirak etdiklərini təkzib edirlər.

Bu həftənin əvvəlində kimliyi müəyyənləşdirilməmiş hakerlər bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu sistemlərini də hədəf alaraq onların fəaliyyətini dayandırıblar.

Bəzi ekspertlərin fikrincə, saxta bomba təhdidləri az xərc tələb edən və arxasında kimin dayandığını müəyyənləşdirmək çətin olan daha genişmiqyaslı təxribatların bir hissəsi ola bilər.

Daha ətraflı:

Teqlər