Səudiyyə Ərəbistanı və Suriya husilərin hücumları fonunda müdafiə sazişi imzalayıblar

Səudiyyə Ərəbistanı və Suriya husilərin hücumları fonunda müdafiə sazişi imzalayıblar
Suriya Prezidenti Əhməd əş-Şaraa Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşür. Ər-Riyad, Səudiyyə Ərəbistanı, 4 noyabr 2026-cı il.
Reuters

Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Bu addım Yəməndəki husilərin Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarını davam etdirdiyi bir vaxta təsadüf edir.

Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyinin məlumatına görə, sənəd noyabrın 4-də Suriya Prezidenti Əhməd əş-Şaraanın Ər-Riyada səfəri zamanı iki ölkənin müdafiə nazirlikləri arasında imzalanıb. Sazişin detalları açıqlanmayıb.

Səfər çərçivəsində Əhməd əş-Şaraa son bir ay ərzində ikinci dəfə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşüb.

Husilərin hücumları davam edir

İrana yaxın husilər son həftələr Səudiyyə Ərəbistanına hücumlarını artırıblar. Nəticədə Ər-Riyadla silahlı qruplaşma arasında qarşıdurma yenidən güclənib.

Suriya Prezidenti və Səudiyyə Ərəbistanının vəliəhdi görüş zamanı. Ər-Riyad, 4 noyabr 2026-cı il.
Reuters

Səudiyyə Ərəbistanı ABŞ, Avropa ölkələri və Yaxın Şərqdəki digər müttəfiq və tərəfdaşlarından hərbi yardım istəyib. Ər-Riyad həm müdafiə, həm də hücum xarakterli hərbi dəstək üçün müraciət edib.

Reuters oktyabrda Suriyanın Səudiyyə Ərəbistanına hərbi yardım göstərməyi nəzərdən keçirdiyini yazmışdı. Həmin vaxt suriyalı diplomat bildirmişdi ki, hərbi əməkdaşlıq və ya təcrübə mübadiləsi ilə bağlı müraciətlər yalnız rəsmi kanallar vasitəsilə ediləcək.

Diplomat əlavə etmişdi ki, belə əməkdaşlıq iki ölkə arasında mövcud ikitərəfli sazişlər çərçivəsində aparılacaq.

Suriyaya maliyyə dəstəyi

Müdafiə sahəsində əməkdaşlıq sazişi Əhməd əş-Şaraanın səfəri zamanı imzalanan bir neçə razılaşmadan biri olub.

Kredit və qrantlar ayıran Səudiyyə İnkişaf Fondu Suriyanın Maliyyə Nazirliyi ilə ümumilikdə 403 milyon dollardan çox güzəştli kreditin ayrılmasını nəzərdə tutan altı saziş imzalayıb.

Suriya Maliyyə Nazirliyinin məlumatına görə, vəsait ölkənin inkişafına və ictimai xidmət sahələrinin dəstəklənməsinə yönəldiləcək.

Səudiyyə Ərəbistanı Suriya hökumətinə ən çox maliyyə dəstəyi verən ölkələrdən birinə çevrilib. Ər-Riyad həmçinin keçmiş Prezident Bəşər Əsədin devrilməsindən sonra Dəməşqin beynəlxalq güclərlə əlaqələrinin bərpasına yardım edib.

Daha ətraflı:

Teqlər