BMT: Sudanda dron hücumları xəstəxanaların işini pozur

BMT: Sudanda dron hücumları xəstəxanaların işini pozur
Cənubi Sudandan Efiopiyaya sığınan qadınlar qidalanma vəziyyətlərinin yoxlanılması üçün növbə gözləyirlər. 12 iyun 2025-ci il.
Reuters

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda enerji və yanacaq obyektlərinə dron zərbələrinin artdığı barədə xəbərdarlıq edib. Nəticədə xəstəxanaların fəaliyyəti və əhalinin su təchizatı pozulur. 

Sudanla Efiopiya arasında diplomatik gərginliyin dərinləşməsi isə münaqişələrin regiona yayılması riskini artırır. BMT-nin sözçüsü Stefan Düjarrik noyabrın 4-də bildirib ki, təşkilatın İnsan Hüquqları İdarəsi son iki həftədə Sudanın 11 ştatında enerji və yanacaq obyektlərinə azı 25 hücum qeydə alıb.

BMT-nin Sudandakı humanitar məsələlər üzrə koordinatoru Deniz Braun noyabrın 3-də açıqlamasında həmin obyektlərin qəsdən hədəf seçildiyini ehtimal etdiklərini bildirib.

Braunun sözlərinə görə, Xartum yaxınlığındakı xəstəxanada elektrik enerjisinin kəsilməsi 25 pasiyentin dializ müalicəsini yarımçıq qoyub. Xəstəxanada nə ehtiyat generatoru, nə də günəş panelləri olub.

O, Mavi Nil ştatında evlərini tərk etmək məcburiyyətində qalan insanların vəziyyətinin pisləşdiyini, düşərgələrdən birində yaşayanların təcili ərzaq yardımına ehtiyac duyduğunu da bildirib.

“İnsanlara necə deyə bilərəm ki, səbirli olsunlar və ərzaq gözləsinlər? Bu necə mümkündür? Onların pulu yoxdur. Hər şeylərini geridə qoyublar”, – Braun deyib.

Maliyyə çatışmazlığı humanitar böhranı daha da ağırlaşdırır. BMT-nin Sudan üçün nəzərdə tutduğu təxminən 2,9 milyard dollarlıq yardım proqramına lazım olan vəsaitin yalnız 47 faizi toplanıb. İlin başa çatmasına isə iki aydan az vaxt qalıb.

Efiopiyanın Amhara bölgəsindəki Avlala düşərgəsi yaxınlığında insanlar. 31 may 2024-cü il.
Reuters
Sudan və Efiopiya konsulluqlarını bağlayıb

Bu arada Sudanla qonşu Efiopiya arasında diplomatik münasibətlər də pisləşib. Hər iki ölkə ortaq sərhəd yaxınlığındakı konsulluqlarını bağlayıb.

Sudan Efiopiyanı hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinə (RSF) yardım göstərməkdə günahlandırır. Əddis-Əbəbə isə Xartumun Efiopiyanın şimalındakı Tiqray bölgəsində fəaliyyət göstərən üsyançıları dəstəklədiyini iddia edir.

Hər iki ölkə qarşı tərəfin ittihamlarını rədd edib.

Qarşılıqlı ittihamlar regional münaqişə riskini artırır

Sudan Efiopiyadan BMT Təhlükəsizlik Şurasına və Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasına şikayət etdikdən sonra iki ölkə arasında münasibətlər daha da pisləşib.

Xartumun iddiasına görə, Efiopiya RSF döyüşçülərinin öz ərazisindən Sudandakı mülki obyektlərə dron zərbələri endirməsinə şərait yaradıb.

Əddis-Əbəbə bu silahlı qrupa dəstək verdiyini təkzib edib. Efiopiyanın Baş naziri Abiy Əhmədin ofisi “Reuters” agentliyinin şərh sorğusuna dərhal cavab verməyib.

Digər mübahisə isə Tiqray bölgəsindəki qarşıdurma ilə bağlıdır. Efiopiya Sudan, Misir və Eritreyanı sentyabrda hökumət qüvvələrinə qarşı hücuma keçən üsyançılara yardım göstərməkdə günahlandırıb. Hər üç ölkə bu iddiaları rədd edib.

Tərəflər arasında qarşıdurmanın dərinləşməsi Sudandakı müharibə ilə Efiopiyanın daxili münaqişəsi arasında əlaqələrin güclənəcəyi və bunun Afrika Buynuzunda sabitliyi təhlükəyə atacağı ilə bağlı narahatlıqları artırır.

Teqlər