Rusiya peykinin manevri hücum məşqi şübhəsi yaradıb

Rusiya peykinin manevri hücum məşqi şübhəsi yaradıb
Finlandiyanın Espoo şəhərində yerləşən ICEYE peyk şirkətinin baş ofisi. 3 iyun 2025-ci il.
Reuters

Rusiyanın hərbi peyki orbitdə Qərb şirkətinə məxsus peykə həddindən artıq yaxınlaşıb. Ekspertlərdən biri bunun mümkün hücuma hazırlıq məqsədilə keçirilən sınaq ola biləcəyini bildirib.

Eyni zamanda, Rusiyanın daha iki peyki Qərbə məxsus başqa bir kosmik aparata doğru hərəkət edir. ABŞ dövlət katibinin müavini Tomas DiNanno oktyabrın ortalarında baş verən hadisədən sonra “X” sosial şəbəkəsində bildirib ki, Rusiyanın “Kosmos-2612” hərbi peyki kommersiya peykinə qəsdən və təhlükəli dərəcədə yaxın manevrlər edib. O, bu hərəkətləri orbitdə silahdan istifadə əməliyyatlarına xas davranış kimi qiymətləndirib.

Söhbət Finlandiyanın “ICEYE” şirkətinə məxsus X36 peykindən gedir. Bu aparat Ukrayna da daxil olmaqla Qərb ölkələrinin hökumətlərinə və hərbi qurumlarına radar vasitəsilə çəkilmiş görüntülər təqdim edir.

Üç kosmik tədqiqat mütəxəssisinin fikrincə, bu hadisə Rusiya hərbi peykinin Yerə yaxın orbitdə kommersiya peykinə indiyədək qeydə alınmış ən yaxın məsafələrdən birinə qədər yaxınlaşması ilə diqqət çəkir.

ABŞ-nin kosmik qüvvələrinə təlim keçən Integrity ISR şirkətinin baş analitiki Qreq Gillinqer baş verənlərin hücum məşqini xatırlatdığını bildirib.

“Bu, Rusiyanın başqa ölkəyə məxsus peyklərə qarşı indiyədək gördüyüm ən aqressiv davranışıdır”, – o, “Reuters” agentliyinə deyib.

Rusiyanın Müdafiə Nazirliyi şərh sorğusuna cavab verməyib. Moskva isə Ukraynaya dəstək göstərən Qərb kommersiya peyklərinin cavab tədbirləri üçün qanuni hədəfə çevrilə biləcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

“ICEYE” şirkətinin ABŞ-dəki fəaliyyətinə rəhbərlik edən Enn Stivens bildirib ki, X36 indiyədək səmərəli işləyib və fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, şirkətin radar görüntüləri əldə edən peyk şəbəkəsi mümkün müdaxilələr zamanı da işləyə bilir.

Orbitdəki hərəkətlər təhlükəsizlik narahatlığını artırır

Hadisə hərbi məqsədlərlə də istifadə olunan kommersiya peyklərinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Qərb rəsmiləri xəbərdarlıq ediblər ki, Rusiyanın son aylarda “ICEYE” peykləri yaxınlığındakı fəaliyyəti kommersiya peyk şəbəkələri, o cümlədən İlon Maskın “SpaceX” şirkətinin aparatları üçün təhlükə yarada bilər.

Rusiya peyklərinin hərəkətlərini izləyən, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat zabiti Qreq Gillinqerin fikrincə, “Kosmos-2612” fiziki zərbə endirmək imkanlarını sınaqdan keçirə bilər.

O hesab edir ki, kəşfiyyat aparmaq və ya elektron sistemlərin işinə müdaxilə etmək üçün başqa peykə bu qədər yaxınlaşmağa ehtiyac yoxdur.

ABŞ-nin “Slingshot Aerospace” kosmik kəşfiyyat şirkətinin məlumatına görə, “Kosmos-2612” açıq məlumat bazalarında texniki xidmət və yoxlama peyki kimi göstərilir.

Rusiya bu aparatı apreldə orbitə çıxardığı altı hərbi peykdən biri kimi kosmosa göndərib. Ekspertlərin sözlərinə görə, mayda həmin peyklərdən dördü X36-nın yaxınlığında yerləşdirilib.

“ICEYE” daha sonra öz peykinin yerini dəyişib. Şirkətin baş icraçı direktoru Rafal Modjevski sentyabrda “Reuters” agentliyinə bildirib ki, bunun ardınca Rusiya peykləri də yeni manevrlər edib.

Oktyabrın əvvəlində “Kosmos-2612” X36-dan bir neçə yüz kilometr arxada mövqe tutub.

Bir neçə gün ərzində aradakı məsafə sürətlə azalıb və oktyabrın ortalarında bir kilometrdən də aşağı düşüb. Bəzi ekspertlərin hesablamalarına görə, peyklər bir-birinə bir neçə yüz metr, hətta daha az məsafəyədək yaxınlaşıb.

Gillinqerin sözlərinə görə, Rusiya peyki daha sonra təxminən 400 kilometr uzaqlaşıb.

Rusiyanın daha iki peyki Qərb aparatına yaxınlaşır

Gillinqerin sözlərinə görə, Rusiyanın daha iki peyki hazırda “ICEYE” şirkətinə məxsus X37-nin orbitinə yaxınlaşır.

ABŞ-nin kosmik obyektləri izləyən “COMSPOC” şirkəti də həmin aparatların X37-yə yaxınlaşmağa imkan verən mövqelərə keçdiyini bildirib.

Açıq kosmik obyekt reyestrlərinə əsasən, həm X36, həm də X37 ABŞ-də qeydiyyatdan keçib.

Almaniyanın kosmik qüvvələrinin komandanı, general-mayor Mixael Traut “Reuters” agentliyinə bildirib ki, belə yaxınlaşmalar peykin texniki imkanlarından asılı olaraq yoxlama, müşahidə və ya müdaxilə məqsədi daşıya bilər.

“Buna görə də peykin fəaliyyətinin müvəqqəti pozulmasından onun tamamilə sıradan çıxarılmasına qədər bütün mümkün nəticələri nəzərə almalıyıq”, – o deyib.

Lakin Traut bildirib ki, bu cür manevrlər Rusiyanın hücuma hazırlaşdığını və ya hücum məşqi keçirdiyini sübut etmir.

Onun sözlərinə görə, yalnız açıq orbital məlumatlar əsasında kosmik aparatların hansı məqsədlə hərəkət etdiyini müəyyənləşdirmək mümkün deyil.

Kosmosda hərbi qarşıdurma riski artır

Dünyanın aparıcı dövlətləri hərbi qarşıdurmanın kosmosa yayılması ehtimalına getdikcə daha ciddi hazırlaşırlar.

Vaşinqton bu yaxınlarda orbitdə silah yerləşdirdiyini etiraf edib. ABŞ Kosmik Komandanlığının rəhbəri isə ilin əvvəlində Rusiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan peyklərə çata biləcək məsafədə kosmik silah yerləşdirdiyini bildirib.

Birləşmiş Krallığın Hərbi Hava Qüvvələrinin istefada olan yüksəkrütbəli zabiti, kosmik məsələlər üzrə məsləhətçi Endryu Törner bildirib ki, Rusiyanın X36-ya bu qədər yaxınlaşması qəsdən və ya təsadüfən baş verə biləcək hücum riskini ciddi şəkildə artırır.

Teqlər