"AnewZ" səhər xülasəsi - 17 iyul 2026
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. İyulun 17-də bilməli olduğunuz ən son hadisələri əhatə edən əsas xəbərləri təqdim edirik:
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. İyulun 17-də bilməli olduğunuz ən son hadisələri əhatə edən əsas xəbərləri təqdim edirik:
2026-cı il FIFA Dünya Çempionatının (DÇ) finalında hissələrarası fasilə ilk dəfə təşkil olunacaq konsert proqramına görə təxminən 30 dəqiqəyə qədər uzadılacaq.
ABŞ Prezidenti Donald Tramp cümə axşamı 2020-ci il prezident seçkiləri ilə bağlı kəşfiyyat məlumatlarının məxfiliyini götürərək ictimaiyyətə açıqlanacağını bildirib. O, Çinin ABŞ tarixində seçki məlumatlarına misilsiz müdaxiləni həyata keçirdiyini iddia edib.
Humanitar yardım təşkilatları Talibanın məhdudiyyətləri səbəbindən Əfqanıstanda qadın əməkdaşlarını işdə saxlamaqda çətinlik çəkir. İyunda keçirilən sorğu göstərib ki, qaydalar təşkilatları kişi müşayiətçilərə, nəqliyyata və ayrıca iş yerlərinin yaradılmasına əlavə vəsait ayırmağa məcbur edir.
Birləşmiş Krallıq hökuməti ölkənin sonuncu əsas polad istehsalçısı olan "British Steel" şirkətini Çinli sahiblərindən alaraq milliləşdirib. Əsas məqsəd ölkənin polad sənayesinin gələcəyini qorumaqdır.
Uqandada son Ebola xəstəsinin iyulun 18-də xəstəxanadan buraxılması gözlənilir. Bu barədə ölkənin səhiyyə sisteminin rəsmiləri məlumat veriblər.
ABŞ-də təxminən 7 min nəfərin siklosporiaz xəstəliyinə yoluxmuş ola biləcəyi bildirilir. Parazitin səbəb olduğu və qida yolu ilə yayılan bu xəstəlik uzunmüddətli ishala gətirib çıxarır.
ABŞ Sahil Mühafizəsi Alkatras adası yaxınlığında qayığın batmasından sonra itkin düşən üç nəfərin axtarışını dayandırıb. Hadisə nəticəsində bir nəfərin öldüyü təsdiqlənib.
Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisi stansiya yaxınlığında dron zərbəsi nəticəsində həlak olub.
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. İyulun 16-da bilməli olduğunuz ən son hadisələri əhatə edən əsas xəbərləri təqdim edirik:
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, əsasən Rohinca qaçqınlarını daşıyan qayıqların Myanma sahillərində batması nəticəsində 500-dən çox insanın həlak olduğu ehtimal edilir.
Futbol üzrə son dünya çempionu Argentina İngiltərəyə qarşı oyunda 2:1 hesabı ilə qalib gəlib.
Fransa bəzi ölümcül xəstələrin ciddi şərtlər daxilində həyatlarına son qoymasına imkan verən qanun layihəsini təsdiqləyib. Bununla da ölkə ölümə tibbi yardımın leqallaşdırılmasına bir addım da yaxınlaşıb.
ABŞ Nümayəndələr Palatası İsrailə göstərilən təhlükəsizlik yardımının dayandırılmasını nəzərdə tutan düzəlişi rədd edib. Bununla belə, səsvermə Vaşinqtonun İsrailin Qəzzadakı hərbi əməliyyatlarına dəstəyi ilə bağlı Demokratlar Partiyası daxilində artan fikir ayrılıqlarını üzə çıxarıb.
Avropa İttifaqının Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səfər rejimini dayandırmaq qərarından sonra Gürcüstan və Avropa İttifaqı Brüsseldə ilk işçi səviyyəli danışıqlarını keçirib.
Hindistanla Birləşmiş Krallıq arasında İqtisadi və Ticarət Sazişi çərşənbə günü qüvvəyə minib. Saziş minlərlə məhsula tətbiq olunan gömrük rüsumlarının azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, hər iki ölkənin biznes subyektləri, investorları və mütəxəssisləri üçün yeni imkanlar açır.
“Sərhədsiz Həkimlər” təşkilatı bildirib ki, Konqo Demokratik Respublikasında Ebola epidemiyası onun qarşısını almaq üçün görülən tədbirlərdən daha sürətlə yayılır. Təşkilat yoluxmanın nəzarət altına alınması və xəstələrə göstərilən tibbi yardımın təcili şəkildə sürətləndirilməsinə çağırıb.
İyulun 14-də Kubada elektrik şəbəkəsi sıradan çıxıb. Nəticədə milyonlarla sakin işıqsız qalıb. Bu, son doqquz gün ərzində ölkədə baş verən üçüncü irimiqyaslı elektrik kəsintisidir.
Hindistanda ötən il 260 nəfərin ölümü ilə nəticələnən “Air India” təyyarə qəzasının araşdırılması yekun mərhələyə daxil olub. Müstəntiqlər pilot köməkçisinin səs yazıcısının stenoqramını hazırlayıb, eləcə də şəxsin ölümündən əvvəlki psixoloji vəziyyətinin araşdırmasını aparıblar.
Litva Rusiyanın mühüm infrastruktur obyektlərinə hücum planlaşdıra biləcəyinə dair kəşfiyyat xidmətindən məlumat əldə edib. Prezident Gitanas Nausedanın sözlərinə görə, bununla əlaqədar ölkənin əsas enerji və nəqliyyat infrastrukturu ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir.