Şuşa dünya mediasının diqqət mərkəzinə çevrilir

13-14 İyul 2026-cı il tarixlərində Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək. Tədbirdə 54 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs bir araya gələcək.

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq forumda jurnalistikanın sülh quruculuğundakı rolu, ictimai etimadın bərpası yolları və qlobal media məkanının üzləşdiyi əsas çağırışlar müzakirə olunacaq. Tədbir sürətlə dəyişən informasiya mühitində məsuliyyətli media fəaliyyətinin gələcəyinə dair fikir mübadiləsi üçün beynəlxalq platforma rolunu oynayacaq.

Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyinin, 60-dan çox aparıcı media qurumunun, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələrinin iştirakı gözlənilir.

Media və süni intellekt qlobal müzakirələrin mərkəzində olacaq

İki gün davam edəcək forum çərçivəsində panel müzakirələri, ikitərəfli görüşlər və interaktiv sessiyalar keçiriləcək. Müzakirələrin əsas mövzularından biri süni intellektin sürətli inkişafı fonunda medianın dəyişən rolu və qarşısında duran yeni çağırışlar olacaq.

Forumun məqsədi məsuliyyətli jurnalistikanın təşviqi, informasiya tamlığının qorunması, rəqəmsal əməkdaşlığın genişləndirilməsi və cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş praktiki yanaşmaların formalaşdırılmasından ibarətdir.

Forum qlobal media dialoqunun aparıcı platformasına çevrilir

Şuşa Qlobal Media Forumunun əsası 2022-ci ildə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumu ilə qoyulub. Həmin vaxtdan etibarən tədbir jurnalistikanın gələcəyi və media sahəsinin əsas çağırışlarının müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib.

2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusuna həsr olunub. 2024-cü ildə təşkil edilən forumda isə əsas diqqət “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna yönəlib.

2025-ci ildə keçirilən 3-cü Şuşa Qlobal Media Forumu “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunub.

Əvvəlki forumlarda ümumilikdə 81 ölkədən 600-ə yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib. Bu tədbirlər rəqəmsal transformasiya, süni intellekt, media dayanıqlılığı və dezinformasiyaya qarşı mübarizə kimi qlobal gündəmdə olan məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma kimi formalaşıb.

 

Teqlər