Bundibuqyo Ebola virusu: Təsdiqlənmiş peyvəndi və ya xüsusi müalicəsi olmayan təhlükə

Bundibuqyo Ebola virusu: Təsdiqlənmiş peyvəndi və ya xüsusi müalicəsi olmayan təhlükə
Ebola epidemiyasının təsdiqlənməsindən sonra təcili tibbi yardım maşını ilə Bunia Baş Mərkəzi Xəstəxanasına gətirilən şəxs. KDR, 16 may 2026-cı il.
Reuters

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bundibuqyo Ebola virusunu beynəlxalq dərəcəli fövqəladə vəziyyət elan etməsi bu xəstəliyin keçmişdə qalmadığını, hələ də qlobal səhiyyə üçün ciddi təhdid olduğunu xatırladır

Bundibuqyo ştamı ilk dəfə 2007-ci ildə Uqandanın qərbindəki Bundibuqyo rayonunda baş verən epidemiya zamanı aşkarlanıb. O vaxtdan bəri bu virus Şərqi Afrikada — xüsusilə Uqanda və Demokratik Konqo Respublikasında vaxtaşırı olaraq ortaya çıxır.

Coğrafi mənşəyi və yayılması

Aşkarlandığı gündən bəri Bundibuqyo virusu əsasən Mərkəzi və Şərqi Afrika regionu ilə məhdudlaşıb. Şəhərlərdə sürətlə yayılan və beynəlxalq təhlükə yaradan Zair ştamından fərqli olaraq, Bundibuqyo ştamı daha çox müəyyən coğrafi ərazilər çərçivəsində qalır.

Ölüm göstəricisi

2007-ci ildəki ilk alovlanma zamanı 149 yoluxma faktı təsdiqlənmiş və 37 nəfər həyatını itirmişdi. Bu da təxminən 35%-lik ölüm göstəricisi deməkdir.

Xəstəliyin yoluxma yolları

Bundibuqyo virusu insanlara əsasən vəhşi heyvanlardan keçir:

  • Meyvə yarasaları
  • Kirpilər
  • Meymunlar / Primatlar
Küçə satıcısı Markos Kviton başında şişə çəkilmiş bişmiş yarasa əti olan plastik qutu daşıyır. Qbarnqa, Liberiya, 13 iyun 2021-ci il.
Reuters

İnsanlar arasında isə virus yoluxmuş şəxslərin qanı, tüpürcəyi, bədən mayeləri və ya bu mayelərin bulaşdığı səthlərlə birbaşa təmas zamanı yayılır. Xəstəliyin gizli (inkubasiya) dövrü 2 gündən 21 günədək çəkir. Bu müddətdə simptomlar görünməsə də, şəxs yoluxdurucu ola bilər.

Bundibuqyo Ebola virusunun simptomları

Xəstəlik adətən qəflətən başlayır və iki mərhələdə kəskinləşir:

Erkən (quru) mərhələ: Qripə bənzər ilkin əlamətlər:

  • Qızdırma və halsızlıq
  • Əzələ, baş və boğaz ağrıları

Gecikmiş (yaş) mərhələ: Xəstəlik irəlilədikcə ortaya çıxan ağır simptomlar:

  • Qaytarma və diareya
  • Dəri səpgiləri
  • Böyrək və qara ciyər fəsadları
  • Ağır hallarda: Daxili və xarici qanaxmalar
Peyvənd və müalicə
Ebola xəstəsinə qulluq edən Eboladan sağalmış baxıcı Yalala Matina. KDR, 2 oktyabr 2019-cu il.
Reuters

Hazırda Bundibuqyo ştamına qarşı təsdiqlənmiş heç bir peyvənd və ya xüsusi dərman yoxdur.

Ebolanın digər formaları üçün peyvənd və dərmanlar mövcud olsa da, onlar bu ştama karşı təsirli deyil. Birbaşa müalicəsi olmadığı üçün həkimlər əsasən simptomları yüngülləşdirməyə və xəstənin organizmini dəstəkləməyə çalışırlar:

  • Maye balansını qorumaq (orqanizmin susuzlaşmasının qarşısını almaq)
  • Qızdırma və ağrıları azaltmaq
  • Təzyiqə nəzarət etmək

Digər əsas Ebola ştamları haqqında qısa məlumat

İnsanlarda xəstəlik törədən 4 əsas Ebola növü var:

Zair Ebolavirusu (EBOV): İlk dəfə 1976-cı ildə tapılıb. Ən təhlükəli və ölümcül ştam sayılır (ölüm göstəricisi 76%-dək çatıb). 2014–2016-cı illərdə Qərbi Afrikada 29 minə yaxın insanı yoluxduran tarixin ən böyük epidemiyasına səbəb olmuşdu.


Sudan Ebolavirusu (SUDV): 1976-cı ildə aşkarlanıb (ölüm göstəricisi təxminən 55%). Zair ştamı kimi ağır keçir, lakin yayılma sürəti daha aşağıdır.


Tay Meşəsi Ebolavirusu (TAFV): 1994-cü ildə Fil Dişi Sahilində tapılıb. Yalnız bir insanda müəyyən edilib və ölümcül olmayıb.


Reston Virusu: 1989-cu ildə ABŞ-də təcrübə meymunlarında aşkarlanıb. Heyvanları yoluxdursa da, insan sağlamlığı üçün ciddi təhlükə yaratmır.

Teqlər