Əsma əl-Əsəd: Londonda böyüyən Suriyanın keçmiş birinci xanımı niyə Britaniyada təqib olunmayıb?

Əsma əl-Əsəd: Londonda böyüyən Suriyanın keçmiş birinci xanımı niyə Britaniyada təqib olunmayıb?
Əsma əl-Əsəd Analar Günü ilə bağlı qəbulda iştirak edən qadınları dinləyir. Dəməşq, Suriya, 20 mart 2008-ci il.
Anewz

Təxminən beş il əvvəl Britaniya prokurorluğu Suriyanın keçmiş birinci xanımı Əsma əl-Əsədə qarşı hərbi cinayət ittihamları irəli sürməyib. Səbəb kimi onun Böyük Britaniyaya qayıtmaq ehtimalının az olması göstərilib.

Sonra Bəşər əl-Əsədin rəhbərlik etdiyi hökumət devrilib. Britaniya və Suriya vətəndaşlığı olan Əsma hazırda ailəsi ilə birlikdə Moskvada yaşayır.

Əsma Rusiyaya köçdükdən sonra nadir hallarda ictimaiyyət qarşısına çıxıb. Lakin mediada onun Bəşər əl-Əsəddən boşanmaq və doğulduğu şəhərə-Londona qayıtmaq istədiyi barədə məlumatlar yayılıb.

Kreml bu xəbərləri təkzib etsə də, Əsmanın Böyük Britaniyaya qayıtması və qayıdacağı halda ona qarşı cinayət təqibinin başlanma ehtimalı sual olaraq qalır.

Bəşər əl-Əsəd və həyat yoldaşı Əsma Suriyada keçirilən prezident seçkiləri zamanı seçki məntəqəsində tərəfdarları ilə görüşürlər Duma, Suriya, 26 may 2021-ci il.
Anewz
Əsma əl-Əsədlə bağlı hərbi cinayət iddiaları

London Metropolitan Polisinin AnewZ-a təqdim etdiyi sənədlərə görə, qurumun Terrorla Mübarizə bölməsi 2020-2021-ci illərdə Əsma əl-Əsədlə bağlı hərbi cinayət iddiaları üzrə üç müraciət alıb.

İlk iki müraciəti 2020-ci ilin iyulunda və 2021-ci ilin yanvarında “Guernica 37” (hazırda “Outline Chambers”) hüquq firması  təqdim edib.

Metropoliten Polisinə təqdim edilən materiallarda Əsma əl-Əsədin Suriya əsgərlərinin analarını təriflədiyi çıxışlar, qadın hərbçilərlə görüşlərini əks etdirən videolar və Bəşər əl-Əsədə şəxsi inancına görə dəstək verdiyini bildirdiyi müsahibələr yer alıb.

Motasem Kattan Bəşər əl-Əsəd rejimi dövründə saxlanıldığı və işgəncələrə məruz qaldığını bildirdiyi həbsxana kamerasının divarını göstərir. Dəməşq, Suriya, 13 dekabr 2024-cü il.
Anewz

Hüquqşünas Tobi Kadman bildirib ki, bu materiallar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə yardım göstərmə iddiaları üçün əsas yarada bilər.

Əsma əl-Əsədlə bağlı 2021-ci ilin dekabrında daxil olan üçüncü müraciəti kimin etdiyi məlum deyil. “Outline Chambers” isə AnewZ-un şirkətin bu iş üzrə fəaliyyətini davam etdirəcəyi ilə bağlı suallarına cavab verməyib.

İstintaq üçün kifayət qədər əsas tapılmayıb

Metropoliten Polisi bildirib ki, 2021-ci ilin dekabrında daxil olan müraciət Britaniya Kral Prokurorluğunun müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı qaydalarına uyğun araşdırılıb.

Polisin məlumatına görə, qiymətləndirmədən sonra istintaqa başlamaq üçün kifayət qədər əsas olmadığı qənaətinə gəlinib və müraciət edən şəxsə bu barədə məlumat verilib.

Əsma əl-Əsədin böyüdüyü və valideynlərinin yaşadığı ev. Akton, Qərbi London, 30 yanvar 2012-ci il.
Anewz
 

“Observer” qəzeti isə iyul ayında yazıb ki, Kral Prokurorluğu daha əvvəl Metropoliten Polisdən Əsma ilə bağlı materiallar alıb, lakin onun Böyük Britaniyaya qayıtmaq ehtimalının az olduğu üçün işi davam etdirməyib.

AnewZ bu məlumatı təsdiqləmək və qərarın səbəblərini öyrənmək üçün Kral Prokurorluğuna müraciət edib. Qurum sualları cavablandırmayıb və müraciətləri Metropoliten Polisinə yönləndirib.

BƏƏ-yə səfərlər

Əsma əl-Əsəd hazırda ictimaiyyət qarşısına çıxmır. O, Moskvaya köçdükdən sonra yalnız 2025-ci ilin iyununda qızının məzuniyyət mərasimində ailəsi ilə birlikdə görüntülənib.

“Observer”in məlumatına görə, Əsma və Bəşər əl-Əsəd Rusiyaya köçdükdən sonra bir neçə dəfə Dubaya səfər ediblər. Onların BƏƏ-də yaşayış icazəsinin olduğu bildirilir.

Cütlüyün BƏƏ-yə daimi köçmək istədiyi barədə xəbərlər yayılsa da, “Guardian” ölkənin onları qəbul etmək məsələsində narahat olduğunu yazıb.

BƏƏ ilə Böyük Britaniya arasında ekstradisiya sazişi mövcuddur və iki ölkə müttəfiq hesab olunur.

Əsəd dövrünün polkovnikinə qarşı ittihamlar

Mart ayında Metropoliten Polisi Əsəd hakimiyyəti dövründə  vəzifə tutmuş və hazırda Böyük Britaniyada yaşayan keçmiş polkovnik Salem əl-Salemə qarşı ittiham irəli sürüb.

Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan Salem əl-Salem Dəməşq ətrafında etirazların yatırılması ilə məşğul olan qrupa rəhbərlik edib.

O, insanlıq əleyhinə cinayət kimi qiymətləndirilən üç qətl, üç işgəncə və qətlə yardım xarakterli bir əməl daxil olmaqla, yeddi ittiham üzrə məsuliyyətə cəlb olunub.

Britaniyanın mərhum Kraliçası II Elizabet Bəşər əl-Əsəd və Əsma əl-Əsədi Bukingem sarayında qarşılayır. London, Böyük Britaniya, 17 dekabr 2002-ci il.
Anewz

Lakin iyul ayında 58 yaşlı Salem əl-Salemin  məhkəməyə çıxmaq üçün sağlamlıq vəziyyətinin uyğun olmadığı müəyyən edilib.

Məhkəmə onun işi ilə bağlı faktları araşdıracaq. 2027-ci ildən tez keçirilməsi nəzərdə tutulmayan məhkəmə nəticəsində Salem əl-Salem təqsirli qismində həbs edilə bilməz.

Əsma əl-Əsədin həyat yoldaşı olduğu rejim devrilib və o, hazırda Moskvada yaşayır. Lakin Bəşər əl-Əsədin devrilməsindən sonra da onun işi ilə bağlı Böyük Britaniya qurumlarında hər hansı irəliləyiş görünmür. Əsmanın doğulduğu ölkədə ittihamlarla üzləşməsi ehtimalı olsa da, bu, dəqiq məlum deyil. 

Teqlər