Husilər kimdir və niyə Səudiyyə Ərəbistanına hücum edirlər?

Husilər kimdir və niyə Səudiyyə Ərəbistanına hücum edirlər?
Husi hərbi sözçüsü Yəhya Səriya Qırmızı dənizdə üç ABŞ esminesinin hədəfə alındığını açıqlayan bəyanatla çıxış edir. Səna, Yəmən, 27 sentyabr 2024-cü il.
Reuters

Husi hərəkatı Səudiyyə Ərəbistanının şəhərlərinə, enerji obyektlərinə raket və dronlarla zərbələr endirib. Bu hücumlar həm İranın, həm də ABŞ-nin daxil olduğu regional münaqişədə yeni və təhlükəli cəbhənin yaranması riskini artırıb.

Husilər Yəmənin paytaxtı Səna da daxil olmaqla, ölkənin şimal-qərbinin böyük hissəsinə nəzarət edən siyasi, dini və silahlı hərəkatdır.

Qrup 1990-cı illərdə Yəmənin şimalında dərin kökləri olan zeydi şiə icmasının nümayəndələri tərəfindən yaradılıb. Hərəkat əvvəlcə dini dirçəlişə yönəlib,  sonra artan siyasi və xarici təsirlərə qarşı çıxıb.

Zaman keçdikcə husilər silahlı hərəkata çevrilib və Yəmən hökuməti ilə bir neçə dəfə döyüşüblər.

Husilər 2011-ci ildə “Ərəb baharı” etirazlarından sonra Yəməndə yaranan siyasi qarışıqlıqdan istifadə ediblər.

2014-cü ildə paytaxt Sənanı ələ keçirərək beynəlxalq səviyyədə tanınan hökuməti ölkənin cənubundakı Ədən şəhərinə çəkilməyə məcbur ediblər.

Bundan sonra husilər ölkənin əhalisinin sıx yaşadığı ərazilərində nəzarəti möhkəmləndiriblər.

Husilər Səudiyyə Ərəbistanı ilə niyə döyüşür?

Husilər Sənanı ələ keçirdikdən sonra Səudiyyə Ərəbistanı münaqişəyə birbaşa müdaxilə edib.

Hərəkatın cənub sərhədi boyunca güclənməsindən və İranla əlaqələrindən narahat olan Ər-Riyad 2015-ci ildə Yəməndə hərbi koalisiyaya rəhbərlik edib. Koalisiyanın açıqlanan məqsədi husiləri məğlub etmək, beynəlxalq səviyyədə tanınan hökuməti bərpa etmək və onların nəzarət dairəsinin daha da genişlənməsinin qarşısını almaq olub.

Bundan sonra Yəməndəki münaqişə genişmiqyaslı və dağıdıcı vətəndaş müharibəsinə çevrilib.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, koalisiya qüvvələri genişmiqyaslı hava zərbələri endirib. Husilər isə Səudiyyə Ərəbistanı ərazisinə raket və dronlarla hücum ediblər.

Tərəflərdən heç biri qəti qələbə qazana bilməyib. Husilər Yəmən əhalisinin əksəriyyətinin yaşadığı şimal-qərb bölgələrinin böyük hissəsinə nəzarəti saxlayıblar.

2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs döyüşlərin əhəmiyyətli dərəcədə azalmasına və münaqişənin əsasən dondurulmasına gətirib çıxarıb.

Münaqişə niyə yenidən başlayıb?

Son qarşıdurmalar İranla ABŞ arasında artan gərginliklə sıx bağlıdır.

Husilər uzun müddətdir Tehranla sıx siyasi-hərbi əlaqələr saxlayır və hazırkı münaqişədə İranı dəstəkləyirlər. İran, ABŞ və İsrail arasında, eləcə də Körfəz regionunda qarşıdurma şiddətləndikcə husilər Səudiyyə Ərəbistanına hücumlarını bərpa ediblər.

Husilər beynəlxalq gəmiçiliyə ciddi təsir göstərən qüvvələrdən birinə də çevriliblər.

2023-cü ilin sonlarından etibarən qrup Qırmızı dənizdə və ətraf ərazilərdə ticarət gəmilərinə hücumlar həyata keçirir. Husilər bu kampaniyanın İsrailin Qəzzada apardığı müharibə fonunda fələstinlilərə dəstək məqsədi daşıdığını bildirirlər.

Hücumlar bir çox gəmiçilik şirkətini Qırmızı dəniz marşrutundan imtina edərək Ümid burnundan keçən daha uzun yola yönəlməyə məcbur edib. Nəticədə səfər müddəti, yanacaq xərcləri və sığorta haqları artıb.

Qırmızı dəniz niyə vacibdir?

Qırmızı dəniz Hind okeanını Süveyş kanalı vasitəsilə Aralıq dənizi ilə birləşdirən mühüm beynəlxalq gəmiçilik marşrutunun bir hissəsidir.

Peyk görüntülərində Qırmızı dənizin girişində yerləşən Bab əl-Məndəb boğazı görünür. 12 iyul 2026-cı il.

Reuters

Husilərin hücumları artıq regionda yük və enerji daşımalarına təsir göstərib. Gəmiçiliyə qarşı yeni hücum kampaniyası vəziyyəti daha da ağırlaşdıra bilər. Hörmüz boğazında gəmi hərəkətinin pozulması bu riski daha da artırır.

Vəziyyət Yəməndən kənarda da ciddi nəticələr doğura, qlobal neft bazarlarına, yükdaşıma xərclərinə və təchizat zəncirlərinə təsir göstərə bilər.

Husilər enerji infrastrukturuna zərbə endirmək imkanlarını da nümayiş etdiriblər. Əvvəlki hücumlarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki neft obyektləri hədəf alınıb. Lakin bu zərbələrin effektivliyi hədəfin yerləşdiyi ərazidən və hava hücumundan müdafiə sistemlərinin imkanlarından asılıdır.

Husilərin hansı hərbi imkanları var?

Husilər nisbətən kiçik üsyançı hərəkatdan on minlərlə döyüşçüsü olan, yaxşı silahlanmış təşkilata çevriliblər.

Onların ballistik və qanadlı raketlərdən, eləcə də dronlardan ibarət geniş arsenalı var. Bu silahlar Yəməndə və qonşu ölkələrdəki hədəflərə zərbə endirməyə imkan verir.

Husi təhlükəsizlik qüvvələrinin üzvləri Məhəmməd peyğəmbərin doğum ildönümü münasibətilə keçirilən mitinq zamanı qayanın üzərində oturublar. Səna, Yəmən, 25 avqust 2026-cı il.

Bu hərbi imkanlar husiləri regional təhlükəsizlik baxımından mühüm amilə çevirib.

Lakin qrupun uzaq məsafədəki hədəfləri vurmaq imkanları daha məhduddur. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə əvvəlki hücumlar ciddi zərər vurub. Daha uzaq hədəflərə yönəlmiş bir çox hücum isə ya zərərsizləşdirilib, ya da hədəfə çatmayıb.

Husilərin İranla əlaqələri nə qədər yaxındır?

İran husilərin ən mühüm beynəlxalq dəstəkçilərindən biridir və hərəkatı daha geniş regional “Müqavimət oxu”nun bir hissəsi hesab edir.

Bu şəbəkəyə Livanın “Hizbullah” hərəkatı və bir sıra iraqlı şiə silahlı qrupları daxildir.

Lakin Tehranla husilər arasındakı münasibətlər İranın həmin təşkilatlarla əlaqələrindən fərqlənir. Husilər İranın ali dini liderini özlərinin əsas dini rəhbəri hesab etmirlər. Hərəkatın kökləri və siyasi məqsədləri əsasən Yəmənlə bağlıdır.

ABŞ bildirir ki, İran “Hizbullah”ın yardımı ilə husilərə silah, maliyyə və təlim dəstəyi verir. Husilər isə İranın proksi qüvvəsi olduqlarını rədd edir və hərbi imkanlarını özləri inkişaf etdirdiklərini bildirirlər.

Daha geniş münaqişə riski

Əsas narahatlıq husilərin hücumlarını yenidən artırmasının Səudiyyə Ərəbistanı ilə illərdir davam edən nisbi sakitliyə son qoya və tərəfləri yenidən birbaşa hərbi qarşıdurmaya sürükləyə bilməsidir.

Bu, dünyanın ən ağır humanitar böhranlarından birinin yenidən dərinləşməsi və onsuz da qeyri-sabit olan regionda gərginliyin daha da artması riskini yaradır.

Körfəz regionunda daşımaların pozulmasının qlobal enerji bazarlarına təzyiq göstərdiyi bir vaxtda yeni hücumlar Qırmızı dənizdə gəmiçilik üçün də əlavə təhlükə yarada bilər.

Səudiyyə Ərəbistanı üçün əsas məsələ ərazisini və mühüm infrastrukturunu qorumaq, eyni zamanda Yəməndə uzun illər davam edən genişmiqyaslı müharibəyə qayıtmamaqdır.

Region üçün isə husilərin fəaliyyətinin artması İranla bağlı münaqişənin daha geniş ərazilərə yayıldığını göstərir.

Teqlər