Çin Hörmüz böhranına necə hazırlaşdı?

Çin Hörmüz böhranına necə hazırlaşdı?
Honq Konqda neft terminalında dayanmış Çin bayraqlı tankerin dronla çəkilmiş görüntüsü. 19 mart 2026-cı il.
Reuters

Hörmüz boğazının bu il faktiki bağlanması enerji bazarlarında ciddi çətinliklər yaratdı. Çin isə təxminən on il idi ki, belə bir böhrana hazırlaşırdı.

Ölkənin üç dövlət neft şirkəti — “PetroChina”, “Sinopec” və CNOOC — illər ərzində daxili hasilata, neft anbarlarına və boru kəmərlərinə yüz milyardlarla dollar sərmayə yatırıb. Bu investisiyalar bəzi hallarda şirkətlərin mənfəətini azaldıb. 

İndi həmin hazırlıq dünyanın ikinci ən böyük iqtisadiyyatına tədarükdəki fasilələrin təsirini azaltmağa kömək edir. 

“Reuters”in şirkət hesabatları əsasında apardığı hesablamalara görə, bu üç şirkət 2018-ci ildən bəri ölkə daxilində neft-qaz layihələrinə təxminən 2,3 trilyon yuan, yəni 343 milyard dollar sərmayə yatırıb. Xaricdəki layihələrə isə təxminən 56 milyard dollar xərclənib. 

Bu proses Pekinin daxili neft hasilatındakı azalmanı dayandırmaq üçün 2018-ci ildə yeddiillik plan qəbul etməsindən sonra sürətlənib. Nəticədə gündəlik hasilat təxminən 3,8 milyon bareldən 4,3 milyon barelə yüksəlib. 

Təbii qaz hasilatının artması da mayeləşdirilmiş təbii qaz (LNG) idxalına ehtiyacı azaldıb. 

Lakin daxili hasilatı artırmaq ucuz başa gəlməyib. “Rystad Energy”nin hesablamasına görə, “PetroChina” və “Sinopec”in qurudakı yataqlarında hasilat xərclərinin ödənilməsi üçün neftin bir barelinin qiyməti orta hesabla 55 dollar olmalıdır. ABŞ-də şist nefti üzrə bu göstərici təxminən 37 dollardır. Hasilat səviyyəsini qorumaq üçün bəzi yataqlarda zərərlə işləməyə də davam edilib. 

Neft ehtiyatlarının artırılması 

Pekinin hazırlığının digər əsas istiqaməti neft ehtiyatlarının artırılması olub. ABŞ Energetika İnformasiya Administrasiyasının (EIA) hesablamalarına görə, Çin 2025-ci ildə dövlət və kommersiya neft ehtiyatlarına gündə orta hesabla 1,1 milyon barel əlavə edib. Dekabrda bu ehtiyatların ümumi həcmi təxminən 1,4 milyard barelə çatıb. 

EIA bu hesablamaya Çinin həm dövlət, həm də strateji məqsədlə saxlanılan kommersiya ehtiyatlarını daxil edir. Digər ölkələr üçün isə kommersiya ehtiyatları eyni qaydada nəzərə alınmır. Buna görə ölkələr arasında müqayisədə bu fərq nəzərə alınmalıdır. 

Çinin ehtiyatlarının təxminən bir milyard bareli kommersiya anbarlarında saxlanılıb. Hakimiyyət 2024-cü ildən milli neft şirkətlərinə bu anbarlarda fövqəladə hallar üçün əlavə neft toplamağı tapşırıb. 

2025-ci ilin yanvarında qüvvəyə minən energetika haqqında yeni qanun bu təcrübənin hüquqi əsasını möhkəmləndirib. Beynəlxalq Enerji Agentliyinin nümayəndəsi Toril Bosoninin sözlərinə görə, yeni siyasət neft emalı müəssisələrini hökumətin uzunmüddətli strateji ehtiyat tərəfdaşlarına çevirib. 

“Vortexa” şirkətinin analitiki Emma Li bildirib ki, ehtiyatların toplanması 2025-ci ilin aprelində sürətlənib. Neftin ucuzlaşması və geosiyasi qeyri-müəyyənlik Çin şirkətlərini həmin vaxt təxminən 60 faizi dolu olan anbarlara daha çox neft yığmağa sövq edib. 

“Atlantic Council” analitik mərkəzinin 2026-cı ilin martında açıqladığı hesablamalara görə, yanvarda Çinin qurudakı xam neft ehtiyatı təxminən 1,2 milyard barel olub. Daxili hasilatın davam etməsi şərtilə bu ehtiyat ölkəyə təxminən 108 gün xam neft idxal etmədən tələbatını ödəmək imkanı verə bilərdi. Neft məhsullarının ixracı tam dayandırılarsa, bu müddət 130 günə çata bilərdi. 

Mərkəz həmin vaxt Çinin tankerlərdə saxlanılan təxminən 38 milyon barel İran neftindən də istifadə edə biləcəyini bildirirdi. Lakin bu neftin nə dərəcədə əlçatan olduğu aydın deyildi. 

Yaponiya, Cənubi Koreya və Tayvanda isə xam neft hasilatı demək olar ki, yoxdur. Bu da həmin iqtisadiyyatları xarici tədarükdən, o cümlədən Yaxın Şərqdən gətirilən neftdən asılı edir.

Beynəlxalq Enerji Agentliyi mart ayında böhrana cavab olaraq ABŞ də daxil olmaqla üzv ölkələrin ehtiyatlarından bazara neft çıxarılmasını əlaqələndirib.

Tədarük mənbələrinin şaxələndirilməsi

Pekin uzun illərdir hər hansı bir təchizatçıdan həddindən artıq asılılığın qarşısını almağa çalışır. Avstriya Beynəlxalq Məsələlər İnstitutunun (OIIP) araşdırmasına görə, Çin neft və qaz idxalında heç bir ölkənin payının 15–20 faizi keçməməsini hədəfləyir. 

Bunun üçün Körfəz ölkələri, Afrika və Latın Amerikasından dəniz yolu ilə daşınan neft və qazla yanaşı, Rusiya və Mərkəzi Asiyadan boru kəmərləri vasitəsilə tədarükdən də istifadə edir. 

2025-ci ildə Rusiya təxminən 18 faiz payla Çinin ən böyük xam neft təchizatçısı olub. Sonrakı yerləri 14 faizlə Səudiyyə Ərəbistanı və 11 faizlə İraq tutub. 

Enerji təhlükəsizliyinin qiyməti 

Bu hazırlıq şirkətlər üçün əlavə maliyyə yükü yaradıb. Yaxın Şərqdə böhran dərinləşdikcə Pekin daxili yanacaq qiymətlərinə yuxarı hədd qoyub və mart ayında yanacaq ixracını qadağan edib. Sonrakı aylarda məhdudiyyətlər yumşaldılsa da, şirkətlər dünya bazarında neftin bahalaşmasından tam yararlana bilməyib. 

“Reuters”in şirkət hesabatları əsasında apardığı hesablamalara görə, “Sinopec” ikinci rübdə neft emalından təxminən 1,8 milyard yuan, yəni 268 milyon dollar zərər edib. 

CNOOC və “PetroChina” ilin ilk yarısında rekord mənfəət əldə edib, “Sinopec”in nəticələri isə gözləntiləri üstələyib. Bununla belə, müharibə başlayandan sonra Çin şirkətlərinin səhmləri beynəlxalq rəqiblərinin səhmlərindən daha zəif nəticə göstərib. 

Bu fərq Çin modelinin əsas xüsusiyyətini göstərir. Ölkənin dövlət neft şirkətləri yalnız mənfəət əldə etmək üçün fəaliyyət göstərmir. Onlardan, gəlirləri azalsa belə, ilk növbədə daxili bazarı fasiləsiz yanacaqla təmin etmək tələb olunur. 

Çin hələ də öz tələbatını ödəyəcək qədər neft hasil etmir. Buna görə uzunmüddətli təchizat böhranından tam qoruna bilməz. 

Lakin quyulara, neft anbarlarına və boru kəmərlərinə illər boyu yatırılan böyük sərmayələr Pekinə böhranın təsirlərini yumşaltmaq üçün vaxt qazandırıb. Analitiklərin fikrincə, bu vaxtın dəyəri çəkilən xərclərdən daha böyük ola bilər. 

Teqlər