“Paddington” seriyası davam edəcək

“Paddington” seriyası davam edəcək
“Paddington” ayısı 2026-cı il BAFTA mərasimində, London, Birləşmiş Krallıq, 22 fevral
Reuters

Fransanın “Canal+” kanalı “Paddington” seriyasının dördüncü filminin hazırlandığını təsdiqləyib.

“Paddington” filmləri “StudioCanal” şirkətinin ən uğurlu layihələri sırasında yer alır.

2014-cü ildə yayımlanan ilk “Paddington” filmi dünya üzrə 326 milyon dollardan çox gəlir əldə edib. Filmin Birləşmiş Krallıqdakı gəliri təxminən 99 milyon dollar olub. “Paddington 2” filmi isə dünya üzrə 290 milyon dollara yaxın gəlir gətirib. Bunun 110 milyon dollardan çoxu Birləşmiş Krallığın payına düşüb.

2024-cü ildə yayımlanan “Paddington in Peru” filmi dünya üzrə təxminən 211 milyon dollar gəlir əldə edib. Filmin Birləşmiş Krallıqdakı gəliri 48 milyon dollar olub.

“Canal+” “Paddington 4” filminin təqdimat tarixini, aktyor heyətini və çəkiliş planı ilə bağlı detalları açıqlamayıb.

“Paddington” obrazının yaranma hekayəsi 

“Paddington” ayısı britaniyalı yazıçı Maykl Bond tərəfindən yaradılıb. Obraz ilk dəfə 1958-ci ildə nəşr olunan “A Bear Called Paddington” adlı uşaq kitabında təqdim olunub.

Hekayələr Londona gələn mehriban Perulu ayının macəralarından bəhs edir. Ayı dəmir yolu stansiyasında tapıldıqdan sonra Braun ailəsi tərəfindən himayəyə götürülür.

“Paddington” obrazı sonradan Britaniyanın ən tanınmış ədəbi personajlarından birinə çevrilib. Onun əsasında 20-dən çox kitab, televiziya layihəsi və məşhur film seriyası hazırlanıb.

Teqlər