YUNESKO Dünya İrs Siyahısına 25 yeni obyekt əlavə edib

YUNESKO Dünya İrs Siyahısına 25 yeni obyekt əlavə edib
YUNESKO loqosu, Fransanın Paris şəhərində. Reuters, 30 oktyabr 2017.
UNESCO

YUNESKO Cənubi Koreyanın Busan şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 48-ci sessiyasında Dünya İrs Siyahısına 25 yeni obyekt əlavə edib.

Yeni obyektlərdən 19-u mədəni, 5-i təbii, 1-i isə qarışıq irs nümunəsidir. Bununla da dünyadakı Dünya İrs obyektlərinin sayı 1273-ə çatıb.

Üç obyekt təcili prosedur əsasında siyahıya alınıb. Bunlar Cənubi Sudandakı Boma-Badinqilo köçəri landşaftı, Livandakı Amel dağı qalaları və İordan çayının qərb sahilində yerləşən Sebastiya ərazisidir.

Bu üç məkan eyni zamanda bu il Təhlükə altında olan Dünya İrsi Siyahısına daxil edilən altı obyekt arasında yer alıb.

YUNESKO bildirib ki, bir sessiyada üç obyekt üçün təcili mexanizmdən istifadə edilməsi münaqişə və qeyri-sabitlik səbəbindən təhlükə altında olan irs məkanlarının sayının artdığını göstərir.

Son sessiyada Komor adaları, San-Tome və Prinsipi, eləcə də Cənubi Sudan ilk dəfə YUNESKO-nun Dünya İrs Siyahısına obyekt daxil edib.

Bununla da Dünya İrsi Konvensiyasına tərəf olan 196 ölkə arasında Dünya İrs obyektinə malik olmayan ölkələrin sayı 23-ə düşüb.

Sessiyanın əsas qərarlarından biri Fransadakı “Normandiya D-Day desantının çimərlikləri, 1944” obyektinin xatirə məkanı kimi siyahıya daxil edilməsi olub.

2023-cü ildən YUNESKO tarixi hadisələrlə bağlı və ölkələrin, icmaların xatırlamaq istədiyi məkanları tanımaq üçün bu kateqoriyanı tətbiq edir.

Normandiya ərazisi sahil boyunca təxminən 80 kilometr uzanan altı məkandan ibarətdir. Ərazi 6 iyun 1944-cü ildə Müttəfiqlərin desant əməliyyatı ilə əlaqəsinə görə tanınıb. Həmin əməliyyat İkinci Dünya müharibəsi zamanı “Overlord” əməliyyatının başlanğıcı və Qərbi Avropanın nasist işğalından azad edilməsində əsas mərhələ olub.

Normandiyada D-Day desantının baş verdiyi çimərliklər
 

Komitə Çinin “Tszindeçjen sənətkarlıq çini sənayesi məkanları” obyektinin siyahıya daxil edilməsini təsdiqləyib.

Çinin şərqindəki Tszansi vilayətində yerləşən bu ərazi 10-cu əsrdən 19-cu əsrə qədər Tszindeçjendə əl işi çini sənayesinin inkişafını əks etdirən beş məkandan ibarətdir.

Bu obyektin əlavə edilməsi Dünya İrs Siyahısında çini irsi ilə bağlı boşluğu aradan qaldırıb və Çindəki Dünya İrs obyektlərinin sayını 61-ə çatdırıb.

Çinin Tszindeçjen sənətkarlıq çini sənayesi məkanları, YUNESKO

Ümumdünya İrs Komitəsi Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyanın əsas idarəetmə orqanlarından biridir.

Komitə konvensiyanın icrasına, Dünya İrs Siyahısına namizədlərin qiymətləndirilməsinə və siyahıdakı obyektlərin qorunma vəziyyətinə nəzarət edir.

Teqlər