Teylor Sviftin mahnıları Ağ Ev və Trampın kampaniya videolarından silinib

Teylor Sviftin mahnıları Ağ Ev və Trampın kampaniya videolarından silinib
Teylor Svift rekordlar qıran “The Eras Tour” turnesinin son üç konsertindən birincisində çıxış edir. 6 dekabr 2024.
Reuters

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasının və Ağ Evin sosial şəbəkələrdə paylaşdığı bəzi videolardan Teylor Sviftin mahnıları silinib. Müğənninin musiqisindən son bir həftə ərzində iki fərqli videoda istifadə olunub.

Nə Ağ Ev, nə də Sviftin nümayəndəsi məsələ ilə bağlı sorğulara cavab verib.

Svift son vaxtlar Tramp barədə açıq mövqe bildirməsə də, 2024-cü il prezident seçkilərində onun Demokrat Partiyasından olan rəqibi Kamala Harrisi dəstəkləyib. 2020-ci il seçki kampaniyası zamanı isə müğənni sosial şəbəkədə Trampı dəstəkləmədiyini açıq şəkildə ifadə etmişdi.

Tramp da Sviftə qarşı tənqidi mövqeyi ilə seçilib.

Donald Tramp ABŞ prezidentinin təyyarəsindən enir. 7 avqust 2026.
Reuters

Sabrina Karpenter və Ariana Qrande də daxil olmaqla, onlarla musiqiçi Tramp administrasiyasını rəsmi paylaşımlarda onların musiqilərindən istifadə etməyi dayandırmağa çağırıb.

İyun ayında Trampın seçki kampaniyası "TikTok"da Sviftin "Toy Story 5" filmi üçün səsləndirdiyi "I Knew It, I Knew You" mahnısının istifadə olunduğu video paylaşmışdı. Videoda Trampın Ağ Evdə uşaqlarla görüşü, UFC tədbirində rəqsi və mitinqdə iştirakı əks olunurdu.

Trampın media komandası siyasi məzmunlu videolarda tez-tez populyar mahnılardan istifadə edirlər. Bu videolar arasında miqrasiya siyasəti və İrana qarşı hərbi əməliyyatlarla bağlı paylaşımlar da yer alıb.

Teqlər