Astanada süni intellektlə hazırlanan filmlər üzrə müsabiqəyə 8 mindən çox film təqdim olunub

Astanada süni intellektlə hazırlanan filmlər üzrə müsabiqəyə 8 mindən çox film təqdim olunub
Qazaxıstanın paytaxtı Astana. 10 oktyabr 2025-ci il.
Reuters

Qazaxıstanın paytaxtı Astanada süni intellektlə hazırlanan filmlər üzrə “Astana AI Film Festival” (AAIFF 2026) keçiriləcək.  Təşkilatçılar bunu dünyada bu sahə üzrə ən böyük müsabiqə adlandırırlar. Festivala 125 ölkədən 8 mindən çox film təqdim olunub.

ABŞ 1 396 filmlə müsabiqəyə ən çox film təqdim edən ölkə olub. Qazaxıstan 829 filmlə ikinci yeri tutub. Hindistan, Çin və Cənubi Koreya isə ilk beşlikdə yer alıb.

Müsabiqəyə təqdim olunan 3 138 film festivalın “The Future Worth Living In” əsas mövzusuna həsr olunub. Bu, bütün filmlərin təxminən 40 faizini təşkil edir. Daha 4 929 film isə 19 janr üzrə açıq müsabiqəyə qatılıb.

Filmlər plagiatın və süni intellektlə hazırlanmış keyfiyyətsiz materialların aşkarlanması da daxil olmaqla, bir neçə seçim mərhələsindən keçir. Təxminən 150 film yekun seçim mərhələsinə keçəcək. Onların arasından 25 finalçı seçiləcək.

 

Festivalın ümumi mükafat fondu 1 milyon dollardır. Bunun 750 min dolları əsas mövzu üzrə, 250 min dolları isə açıq müsabiqənin beş kateqoriyası üzrə qaliblərə veriləcək. Sahibkar Balaji Srinivasanın yaratdığı ayrıca 1 milyon dollarlıq fond isə süni intellektlə film hazırlayan perspektivli komandalara sərmayə yatıracaq.

Festivala 4 756 iştirakçıdan ümumilikdə 100 min dəqiqədən çox material daxil olub. Filmlərin hazırlanmasında 80-dən çox generativ süni intellekt modelindən istifadə edilib.

 

Teqlər