Fransada iki məşhur rəsm əsərinin oğurlanmasına görə 4 nəfər ittiham olunur

Fransada iki məşhur rəsm əsərinin oğurlanmasına görə 4 nəfər ittiham olunur
Renuar Muzeyinin girişini göstərən lövhə. Kan-sür-Mer, Fransa, 8 sentyabr 2026-cı il.
Reuters

Fransız impressionist rəssam Pyer-Ogüst Renuarın milyonlarla dollar dəyərində olan iki tablosu Fransanın Aralıq dənizi sahilində yerləşən muzeydən oğurlandıqdan bir ay sonra tapılıb. Oğurluqla bağlı dörd nəfərə ittiham irəli sürülüb, daha iki şübhəli isə ittiham olunmadan sərbəst buraxılıb.

Marsel prokurorluğunun məlumatına görə, “Madam Kolonna Romanonun portreti” və “Quyu başında gənc qadın” adlı tablolar oktyabrın 8-də tapılıb. Əsərlərin sentyabrın 8-də Kan-sür-Mer şəhərindəki Renuar Muzeyindən oğurlanması ilə bağlı altı nəfər saxlanılıb.

Oğurluq necə baş verib?

Oğrular muzeyin ərazisinə daxil olmaq üçün bağın hasarında dəlik açıblar. Daha sonra pəncərədən içəri girərək dörd tablo oğurlayıblar. Lakin onlardan ikisini – “Madam Pişon” və rəssamın kiçik oğlu Klodun təsvir edildiyi “Kitab oxuyan Koko” əsərlərini muzeyin bağında qoyublar.

Siqnalizasiya işə düşdükdən sonra hadisə yerinə gələn polis əməkdaşları şübhəliləri təqib etməyə başlayıblar.

Tapılan iki tablo Parisdəki Orse Muzeyinə məxsusdur. Əsərlər müvəqqəti nümayiş üçün Kan-sür-Mer şəhərindəki muzeyə verilmişdi.

Prokurorluq istintaqın gedişi və saxlanılan şəxslərlə bağlı əlavə məlumat yayıb.

Kriminalistlər Renuar Muzeyinin xarici hasarında açılmış dəliyin yaxınlığında işləyərkən yerli polis əməkdaşı onların işini müşahidə edir. Kan-sür-Mer, Fransa, 8 sentyabr 2026-cı il.
Reuters
Tablolar saxta divarın arxasında gizlədilib

Müstəntiqlər oktyabrın 8-də Klermon-l’Ero şəhərindəki bir evin pilləkəninin altında yerləşən camaşırxanada iki tablonu saxta divarın arxasında aşkar ediblər.

Prokurorun sözlərinə görə, evdə aparılan ilkin axtarış zamanı əsərlər tapılmayıb. Lakin ev sakini oğurluqda şübhəli bilinən iki nəfərin tabloları onun evinə gətirdiyini və əsərləri gizlətməyə razılıq verdiyini etiraf etdikdən sonra polis həmin ünvanda yenidən axtarış aparıb.

Ev sakini müstəntiqlərə həmin şəxslərin üzərində altıpatronluq “Smith & Wesson” markalı silah olduğunu da bildirib.

Tablolar ilkin axtarış zamanı aşkar edilməyən gipskarton divarın arxasında gizlədilibmiş. Prokurorun sözlərinə görə, polis əməkdaşları şübhəlini dindirdikdən sonra əsərlərin yerini müəyyən ediblər.

Hər iki tablo zədələnib. “Quyu başında gənc qadın” əsərinin çərçivəsinə cüzi ziyan dəyib, “Madam Kolonna Romanonun portreti” tablosunun kətanı isə cırılıb.

Prokurorluğun məlumatına görə, hər iki əsərin bərpasına ehtiyac var.

Şübhəlilərin başqa muzeydən oğurluq planlaşdırdığı ehtimal edilir

Oktyabrın 7-də beş kişi və bir qadın olmaqla altı nəfər saxlanılıb. Prokurorun sözlərinə görə, müstəntiqlər həmin şəxslərin yeni cinayətə hazırlaşdığından şübhələnərək onların saxlanılması üçün tədbirlər görüblər.

Polis əsas şübhəlinin daha əvvəl Sen-Pol-de-Vans şəhərindəki Maeght Fondunun muzeyinə getdiyini müəyyən edib. Renuar Muzeyindəki oğurluqda iştirak etdiyi ehtimal olunan digər bir kişinin də şübhəli hərəkətləri izlənilib.

Prokurorun məlumatına görə, həmin şəxs oktyabrın 5-də Korsikadan Tulon şəhərinə gəmi ilə gedib. Orada oğurlandığı və üzərinə saxta dövlət qeydiyyat nişanları quraşdırıldığı ehtimal edilən “Peugeot 3008” markalı avtomobili götürüb.

Müstəntiqlər bu hərəkətlərin, eləcə də incəsənət əsərləri bazarı ilə əlaqəli şəxslərlə təmasların yeni oğurluğa hazırlıq əlamətləri ola biləcəyini düşünüblər.

Fransa Məhkəmə Polisinin Milli İdarəsinin nümayəndəsi Erik Antonetti bildirib ki, müşahidələr, telefon məlumatları, geolokasiya qeydləri və videokamera görüntülərinin təhlili nəticəsində polis altı şübhəlini müəyyən edib və oğurlanmış tabloların gizlədilə biləcəyi yerləri aşkarlayıb.

Antonettinin sözlərinə görə, şübhəlilərin saxlanılmasından əvvəlki üç gün ərzində əməliyyata təxminən 50 polis əməkdaşı cəlb olunub. Onlar əsas şübhəliləri izləyib, cinayətdə iştirak etmiş ola biləcək digər şəxsləri müəyyən etməyə və oğurlanmış əsərləri tapmağa çalışıblar.

Prokuror bildirib ki, Maeght Fondunun muzeyində oğurluq planlaşdırıldığına dair şübhələr saxlanılma qərarının verilməsinə təsir edən amillərdən biri olub. Bununla belə, istintaq davam edir və bu iddialar hələ məhkəmədə sübuta yetirilməyib.

Oktyabrın 10-da saxlanılan kişilərdən dördü Marsel prokurorluğuna gətirilib.

Marsel Məhkəməsi yanında prokuror Nikola Besson Renuarın tablolarının tapılması ilə bağlı mətbuat konfransında. Nanter, Fransa, 12 oktyabr 2026-cı il.
Reuters
Muzeylərdən oğurluq halları Fransada narahatlıq yaradır

Bu hadisə Fransada muzeyləri və digər mədəniyyət müəssisələrini hədəf alan cinayətkar qruplarla bağlı narahatlığı yenidən gündəmə gətirib.

Mətbuat konfransında Fransa Məhkəmə Polisinin Milli İdarəsinin yüksəkvəzifəli nümayəndəsi muzeylərin və digər mədəniyyət obyektlərinin getdikcə daha çox mütəşəkkil cinayətkar qrupların hədəfinə çevrildiyini bildirib.

Rəsminin təqdim etdiyi məlumatlara görə, 2025-ci ildə Fransada muzeylərlə bağlı 23 hadisə qeydə alınıb. 2026-cı ildə isə indiyədək 10-a yaxın belə hadisə baş verib.

O, oğurlanmış mədəni sərvətlərin tapılması üçün polis qurumları arasında koordinasiyanın və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Rəsmi həmçinin oğurlanmış mədəni sərvətlər barədə məlumatların saxlandığı TREIMA bazasının əhəmiyyətini qeyd edib. Bu baza müstəntiqlərə bəzən illər əvvəl oğurlanmış incəsənət əsərlərini tapmağa kömək edir.

Əməliyyatda iştirak edən polis əməkdaşlarının işini yüksək qiymətləndirən prokuror tabloların tapılmasını Fransanın mədəni irsinin qorunması baxımından mühüm uğur adlandırıb. O, aidiyyəti qurumların muzeylərə və digər mədəniyyət müəssisələrinə qarşı törədilən cinayətlərlə mübarizəni davam etdirəcəyini təsdiqləyib.

Teqlər