Lahicanda Çay Festivalı: İran çay sənayesinin iqtisadi potensialını nümayiş etdirir

Lahicanda Çay Festivalı: İran çay sənayesinin iqtisadi potensialını nümayiş etdirir
Nümayiş etdirilən təzə çay yarpaqları və qablaşdırılmış çay məhsulları. Lahican, İran, 22 oktyabr 2026-cı il.
Anewz

İran Xəzər dənizi sahilindəki Gilan vilayətində keçirilən II Çay Festivalı vasitəsilə ölkənin çoxəsrlik çay mədəniyyətindən ticarətin, sənayenin və turizmin inkişafı üçün yararlanmağı hədəfləyir.

İranın çay paytaxtı kimi tanınan Lahican şəhərində təşkil olunan festivalda ölkənin çay sənayesinin iqtisadi potensialı, bölgənin mədəni irsi və turizm imkanları təqdim olunub. Tədbir yerli məhsulların tanıdılmasına, ticarət əlaqələrinin genişləndirilməsinə, çay istehsalı və emalına investisiya cəlb edilməsinə imkan yaradıb.

Lahican şəhərinin ölkənin çay paytaxtı olduğunu göstərən lövhə. Gilan, İran, 22 oktyabr 2026-cı il.
AnewZ
Çayçılıq 55 minə yaxın ailəyə gəlir gətirir

Xəzər dənizinin cənub sahilində yerləşən Gilan və Mazandaran vilayətlərində çay plantasiyaları təxminən 22 min hektar ərazini əhatə edir. Çayçılıq 55 minə yaxın ailənin dolanışıq mənbəyidir.

İranın Milli Çay Təşkilatının məlumatına görə, festivala ev sahibliyi edən Lahicanda 5 100 hektar sahədə çay yetişdirilir. Ölkədə istehsal olunan çayın 22 faizi bu bölgənin payına düşür.

İranda yeni təqvim ilinin başladığı martın 21-dən bəri təxminən 107 min ton çay yarpağı yığılıb. Məhsulun dəyəri 22 milyon dollar qiymətləndirilir. Məhsulu 168 çay emalı müəssisəsi alıb. Emal olunmuş çay istehsalı isə 24 min tonu ötüb.

Fabrikdə çay emalı avadanlıqları. Lahican, İran, 22 oktyabr 2026-cı il.
AnewZ
İran çay idxalından asılı olaraq qalır

Statistik məlumatlar göstərir ki, yerli istehsal ölkənin çaya olan tələbatını tam ödəmir.

İranda ildə təxminən 70 min ton çay istehlak olunur. Adambaşına illik istehlak isə 1,5 kiloqram təşkil edir. Yerli istehsal daxili tələbatın təxminən 30 faizini ödəyir.

Buna görə də İran hər il təxminən 50 min ton çay idxal etməli olur. Bununla yanaşı, ölkə yerli istehsalı artırmaqla beynəlxalq bazarlarda mövqeyini gücləndirməyə çalışır.

İranın Milli Çay Təşkilatının AnewZ müxbiri Turac Şiraliluya verdiyi məlumata görə, martın 21-dən bəri ölkədən 8 milyon dollar dəyərində təxminən 4 min ton quru çay ixrac edilib. Məlumat oktyabrın 19-da festival zamanı təqdim olunub.

Çay turizmi yeni iqtisadi imkanlar yaradır

Lahicanın çay plantasiyaları, təbiət mənzərələri və mədəni irsi turizmin inkişafı üçün də imkanlar yaradır. İran çayçılıqla bağlı turizmi inkişaf etdirərək yerli əhali üçün əlavə gəlir mənbələri yaratmağı planlaşdırır.

Ənənəvi naxışlarla bəzədilmiş çaydan. Lahican, İran, 22 oktyabr 2026-cı il.
Anewz

Festival başa çatsa da, İranın çay sənayesinin qarşısında yerli istehsalı artırmaq, idxaldan asılılığı azaltmaq və beynəlxalq bazarlarda mövqeyini gücləndirmək kimi vəzifələr qalır.

Teqlər