Rusiya və İranın hərbi strategiyaları münaqişələri uzada bilər

Rusiya və İranın hərbi strategiyaları münaqişələri uzada bilər
Anewz

2025-ci ilin oktyabrından hərtərəfli strateji tərəfdaşlıq edən rəsmi Moskva və Tehran hərbi yanaşmalarında da oxşar mövqe sərgiləyir. Lakin sərt bəyanatlarla sonrakı ziddiyyətli addımlar arasındakı uyğunsuzluq onların strateji maraqlarına mənfi təsir göstərir.

Nəticədə, Rusiya və İran tez-tez rəqibləri ilə özləri üçün əlverişsiz razılaşmalar bağlamağa məcbur olurlar. Bu isə davamlı sülhün təmin edilməsi əvəzinə, münaqişələrin müvəqqəti olaraq dondurulmasına gətirib çıxarır.

Ortaq fəaliyyət modeli

İranın ABŞ və İsrailə qarşı fəaliyyət modeli Rusiyanın 2014–2015-ci illərdə Donbas müharibəsi zamanı proksi qüvvələr vasitəsilə tətbiq etdiyi yanaşmanı xatırladır.

Həmin dövrdə Kiyevdə baş verən qarşıdurmalar və Maydan hərəkatı nəticəsində Rusiyaya meyilli prezident Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırıldı. Bundan sonra Ukraynada ciddi siyasi böhran yarandı. Donbasda döyüşən Ukrayna qüvvələri isə böyük itkilər verərək dağılmaq təhlükəsi ilə üzləşdi.

Daha sonra Moskva dəstəklədiyi qüvvələrin iştirakı ilə Minsk sazişlərinin imzalanmasına nail oldu. Həmin sənədlər münaqişənin 24 fevral 2022-ci ilədək müvəqqəti olaraq dayandırılmasına xidmət edən razılaşmalar idi.

Bu baxımdan, Rusiyanın hazırkı hərbi əməliyyatları Donbas müharibəsinin davamı kimi qiymətləndirilir.

İran və Hizbullahın məhdud addımları

İran 7 oktyabrda Qəzzada baş verən hücumlardan sonra da oxşar mövqe nümayiş etdirdi. İsrail Qəzza zolağında hərbi əməliyyatlar apararkən, Tehranın dəstəklədiyi Hizbullah İsrail ordusuna ciddi zərbə endirmədi.

Hizbullah əsasən Livan–İsrail sərhədində yerləşən antenaları və müşahidə avadanlıqlarını hədəfə almaqla kifayətləndi. Bu müddətdə İsrail Qəzza münaqişəsində üstün mövqeyini qoruyub saxladı.

2024-cü ilin sentyabr ayının sonunda Hizbullah ilk dəfə “Qader-1” ballistik raketi ilə Təl-Əvivə zərbə endirdi. Lakin bu addım gecikmiş və kifayət qədər təsirli olmayan cavab kimi qiymətləndirildi.

İsrail buna dərhal qarşılıq verərək qanadlı və müxtəlif mənzilli raketlərdən, eləcə də hücum dronlarından istifadə etdi. Nəticədə Hizbullahın silah arsenalının böyük hissəsi məhv edildi, qruplaşmanın uzun illər baş katibi olmuş Həsən Nəsrullah və bir sıra hərbi-siyasi rəhbərlər həlak oldular.

Təşkilat rəhbərliyinin və İran hakimiyyətinin vaxtında hərəkət edə bilməməsinin daha bir fəsadı var idi. Hizbullah 2025-ci ildə İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri kampaniyası zamanı rəsmi Tehrana lazımi dəstəyi göstərə bilmədi və əsasən prosesdən kənarda qaldı.

Strateji tərəddüd

Hizbullah sonradan prosesə qoşularaq fevralın 28-də ABŞ və İsrailin hərbi kampaniyasına qarşı İranla birlikdə İsrailə hücumlarda iştirak edib. Buna baxmayaraq, təşkilat yenidən müdafiəsiz vəziyyətdə qalıb.

ABŞ–İran atəşkəs razılaşmasından sonra İsrail Livana zərbələr endirməkdə davam edib. İran isə sərt hədələr səsləndirsə də, rəqibinə qarşı hərbi addım atmayıb.

İranın aprelin 11-də Hörmüz boğazından keçən gəmilərə mümkün hücumunun rəsmi Vaşinqtonun hərbi əməliyyatları yenidən başlatmasına səbəb ola biləcəyi düşünülürdü. Bununla yanaşı, ABŞ ehtiyac yaranacağı təqdirdə hərbi əməliyyatları bərpa edə bilər.

Sülh razılaşması olmadan atəşkəs

Rəsmi Tehran ABŞ-la birbaşa danışıqlar məsələsində ziddiyyətli mövqe nümayiş etdirib. İran rəsmiləri “çox pis təcrübə” yaşadıqlarını əsas gətirərək ABŞ-la danışıqlar aparmayacaqlarını dəfələrlə bildirsələr də, Tehran birbaşa dialoq imkanından tamamilə imtina etməyib.

Münaqişə boyunca İran ABŞ-ın atəşkəslə bağlı təkliflərini rədd edərək müharibənin birdəfəlik başa çatmasını tələb edib.

Buna baxmayaraq, 2026-cı il aprelin 8-dək İran İslam Respublikası Pakistanın vasitəçiliyi ilə ABŞ-la iki həftəlik şərti atəşkəsə razılıq verib. Rusiya da Ukraynadakı müharibədə oxşar yanaşma nümayiş etdirərək qısamüddətli atəşkəsi qəbul edib.

Kremlin sözçüsü Dmitri Peskov Moskvanın məqsədinin yalnız müvəqqəti razılaşma deyil, uzunmüddətli sülhə nail olmaq olduğunu bildirib. Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin pravoslav Pasxası münasibətilə Ukraynada 32 saatlıq atəşkəs elan edib. Atəşkəs başa çatdıqdan sonra isə döyüşlər yenidən başlayıb.

Nəticə verməyən diplomatiya

Rusiya və İranın bəyanatları heç də həmişə onların siyasi addımları ilə üst-üstə düşmür. Ayətullah Əli Xameneinin öldürülməsindən sonra ABŞ-la danışıqlara qəti etiraz edən İrandan fərqli olaraq, Kreml diplomatik təmaslardan tamamilə imtina etməyib.

2022-ci ildən etibarən Rusiya və Ukrayna nümayəndələri Minsk, İstanbul, Əbu-Dabi və Cenevrədə danışıqlar prosesinin müxtəlif mərhələləri çərçivəsində bir araya gəliblər. Lakin bu təmasların heç biri uzunmüddətli sülhün təmin olunmasına gətirib çıxarmayıb.

Sonuncu dəfə yanvarın 22-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Cared Kuşnerlə birlikdə Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Uitkoff görüşü “məhsuldar” adlandırsa da, tərəflər razılığa gələ bilməyiblər və Ukraynada döyüşlərin dayandırılması istiqamətində irəliləyiş əldə olunmayıb.

ABŞ-ın İranla danışıqlar üzrə əsas nümayəndələri Uitkoff və Kuşner də aprelin 11-də İslamabadda keçirilən görüşlərdən sonra Tehranla razılığa gələ bilməyiblər.

Bitməyən müharibələr dövrü

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri Tehranda hakimiyyət dəyişikliyi, nüvə proqramının məhdudlaşdırılması, raket imkanlarının zəiflədilməsi və İranın regional təsirinin azaldılması ilə bağlı məqsədlərin tam reallaşmasına gətirib çıxarmayıb.

ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, İslamabadda aparılan danışıqlar nəticəsiz qalarsa, müasir silahlarla təchiz edilmiş ABŞ hərbi gəmiləri İrana qarşı hücumları bərpa edə bilər.

Hazırkı şəraitdə ABŞ yalnız Minsk razılaşmalarına bənzər atəşkəsin əldə olunmasına nail olub. Lakin bu razılaşma tərəflər arasında davamlı sülhün təmin edilməsindən daha çox, yeni qarşıdurmaya hazırlıq dövrünə çevrilə bilər.

Eyni zamanda, Rusiya da Ukraynadakı strateji məqsədlərinə nail ola bilməyib. Bu məqsədlərə ölkənin “demilitarizasiyası” və “denasifikasiyası”, Donbasın ilhaqının tanınması, eləcə də rəsmi Kiyevin daimi neytrallığının təmin edilməsi daxildir.

Mövcud şəraitdə hər iki münaqişə tanış ssenari üzrə inkişaf edə bilər. Atəşkəs döyüşləri müvəqqəti dayandırsa da, gələcəkdə daha dağıdıcı qarşıdurma mərhələsi üçün zəmin yarada bilər.

Hər iki müharibənin səciyyəvi xüsusiyyəti də məhz budur: döyüşlər vaxtaşırı dayandırılsa da, böhranların əsas səbəbləri həll olunmamış qalır.

Teqlər