Hazırlaşdığımız müharibə əslində hansıdır?

Hazırlaşdığımız müharibə əslində hansıdır?
Anewz

Müdafiə müzakirələri çox vaxt yanlış suallardan başlayır: Türkiyə F-35 proqramına qayıtmalıdırmı, daha çox “Eurofighter” almalıdırmı, milli KAAN qırıcısı nə vaxt tam döyüş qabiliyyətinə çatacaq və hansı hava-raketdən müdafiə sistemlərinə ehtiyac var?

Bu sualların veriməsi əsaslıdır. Lakin onlardan əvvəl daha dərin bir suala cavab verilməlidir: qarşıdakı 20 il ərzində hansı münaqişələrin qarşısını almağa hazırlaşırıq və ya bu mümkün olmadığı halda, hansı müharibələrdə savaşmalı olacağıq?

Bu suala cavab verilmədən ən müasir silah sistemləri belə son dərəcə baha başa gələn strateji səhvlərə çevrilə bilər.

Müdafiə planlaşdırılması sadəcə kataloqdan hərbi texnika seçməkdən ibarət deyil. Bu proses təhdidlərin qiymətləndirilməsi ilə başlayır, daha sonra hərbi doktrina və qüvvələrin təşkili ilə bağlı plan müəyyən edilir, yalnız bundan sonra silah və texnika tədarükü mərhələsinə keçilir. Bu ardıcıllıq təkcə Türkiyədə deyil, bütün Avrasiya regionunda yenidən nəzərdən keçirilməlidir.

Müharibə müdafiə planlaşdırılmasından daha sürətlə dəyişir

Soyuq müharibə dövründə hərbi planlaşdırmanı formalaşdıran yanaşmalar hələ də qüvvədədir, lakin artıq kifayət qədər deyil.

Böyük ordular, qırıcı təyyarələr, tanklar və hərbi gəmilər hələ də əhəmiyyət daşıyır. Lakin son müharibələr göstərib ki, onların effektivliyi getdikcə daha çox ətrafındakı texnoloji və əməliyyat sistemlərindən asılıdır. Buraya PUA-lar, yüksək dəqiqlikli raketlər, peyk kəşfiyyatı, süni intellekt, elektron mübarizə imkanları, təhlükəsiz rabitə və dayanıqlı logistika imkanları daxildir.

Ukraynadakı müharibə nisbətən ucuz pilotsuz sistemlərin dəfələrlə daha bahalı texnikaları aşkar edə, sıradan çıxara və məhv edə bildiyini göstərib. Eyni zamanda bu müharibə texnologiyaya həddindən artıq güvənməyin məhdudiyyətlərini də göstərib. Pilotsuz sistemlər artilleriya, hava hücumundan müdafiə, mühəndis təminatı, logistika və hazırlıqlı hərbçiləri əvəz etmir. Onlar yalnız vahid əməliyyat sistemi çərçivəsində birləşdirildikdə həlledici üstünlük yaradır.

İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda eyni dərsi öyrətdi. Azərbaycanın uğuru yalnız bir silah sisteminə əsaslanmırdı. Bu uğur möhkəmləndirilmiş müdafiə xətlərinə qarşı pilotsuz sistemlərin, kəşfiyyat məlumatlarının, yüksək dəqiqlikli zərbələrin, elektron müharibə vasitələrinin, əməliyyat planlaşdırmasının və hazırlıqlı qüvvələrin vahid strategiya çərçivəsində tətbiqi nəticəsində əldə edildi.

Yaxın Şərqdə son qarşıdurmalar isə məsələyə daha bir ölçü əlavə edib. Müasir münaqişələr artıq ənənəvi atəş gücü ilə yanaşı, kiber əməliyyatları, raketdən müdafiə sistemlərini, elektron sistemlərə qarşı mübarizə, kosmik kəşfiyyatı və strateji kommunikasiyaları da əhatə edir.

Gələcəyin müharibələri eyni vaxtda hava məkanında, dənizdə, kiberməkanda, kosmosda və informasiya şəbəkələrində aparılacaq. Elektrik şəbəkələrinin, limanların, maliyyə sistemlərinin və rabitə infrastrukturunun sıradan çıxarılması bəzi hallarda ərazi ələ keçirməkdən daha mühüm nəticələr yarada bilər.

Beləliklə, XXI əsrdə təhlükəsizlik yalnız döyüş meydanlarında deyil, həm də yarımkeçirici istehsalı müəssisələrində, proqram təminatı laboratoriyalarında, peyk şəbəkələrində, məlumat mərkəzlərində və qabaqcıl istehsal sahələrində formalaşır.

Türkiyənin və Azərbaycanın təhlükəsizlik mühiti

Türkiyə dünyanın ən mürəkkəb təhlükəsizlik mühitlərindən biri ilə üz-üzədir. Ölkə ənənəvi çəkindirmə imkanlarını inkişaf etdirməklə yanaşı, ilk baxışda müharibə xarakteri daşımayan daha az görünən təzyiq formalarına da hazırlaşmalıdır.

Təcili həll tələb edən imkanla bağlı çağırışlar hər hansı bir şərti münaqişə ilə bağlı deyil. Buraya ballistik və qanadlı raketlər, PUA dəstələri, kiberhücumlar, elektron mübarizə imkanları, terrorizm, təxribat, dezinformasiya, eləcə də enerji və nəqliyyat infrastrukturuna təzyiq kimi amillərin eyni vaxtda üst-üstə düşməsi daxildir.

NATO üzvlüyü Türkiyənin müdafiəsində əsas rol oynamaqda davam edir. Lakin alyansın təmin etdiyi müdafiə milli dayanıqlılığa ehtiyacı aradan qaldırmır. Eyni zamanda qonşular və regional güclərlə münasibətlərdə mümkün münaqişələrin idarə olunması üçün gərginliyin azaldılması vacibdir. Diplomatiyanın rolu da bu prosesdə mühüm əhəmiyyət daşıyır.

Bu məsələlər getdikcə Azərbaycanın da qarşısında duran çağırışlara çevrilir. Rusiya, İran və Xəzər hövzəsi arasında yerləşən Azərbaycan Avropanın mühüm enerji təchizatçılarından biri, eləcə də Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas bəndlərdən biridir.

Boru kəmərlərinin, dəmir yollarının, limanların, rəqəmsal infrastrukturun və enerji dəhlizlərinin qorunması milli sərhədlərin müdafiəsi qədər vacib ola bilər. Gələcəkdə rəqiblər ordularla qarşılaşmadan əvvəl iqtisadi fəaliyyətə zərbə vurmağa cəhd göstərə bilərlər.

Azərbaycanın strateji dərsi

İkinci Qarabağ müharibəsi yalnız hərbi qələbə deyildi. Bu müharibə doktrina və texnologiyanın bir-birini necə gücləndirə biləcəyinə dair beynəlxalq nümunəyə çevrildi.

Azərbaycan göstərdi ki, uğur qabaqcıl sistemlərin ayrı-ayrılıqda alınmasından asılı deyil. Əsas amil kəşfiyyat, pilotsuz sistemlər, elektron mübarizə imkanları, yüksək dəqiqlikli zərbələr, hava hücumundan müdafiənin zəiflədilməsi, logistika və hazırlıqlı şəxsi heyətin vahid əməliyyat konsepsiyasında bir araya gətirilməsidir.

Türkiyə üçün Azərbaycan artıq yalnız yaxın müttəfiq deyil. O, yerli müdafiə texnologiyalarının, birgə təlimlərin və çevik planlaşdırmanın vahid sistem daxilində necə tətbiq oluna biləcəyinə dair real əməliyyat təcrübəsi təqdim edir.

Bu gün rəsmi Ankara ilə Bakı arasında əməkdaşlıq yalnız hərbi texnika tədarükü ilə məhdudlaşmır. Əməkdaşlığa birgə təlimlər, hərbi təhsil, sənaye layihələri, kəşfiyyat sahəsində əməkdaşlıq, eləcə də süni intellekt, peyk texnologiyaları, elektron müharibə imkanları və pilotsuz sistemlər üzrə əməkdaşlığın genişləndirilməsi daxildir.

Bu təcrübə “orta güc dövlətləri” üçün də mühüm dərsdir: texnoloji suverenlik getdikcə strateji suverenliyi də gücləndirir. Lakin suverenlik təcrid olunmaq demək deyil. Bu, təzyiq şəraitində qərar vermək üçün kifayət qədər daxili imkanlara, etibarlı tərəfdaşlıqlara və dayanıqlı təchizat zəncirinə sahib olmaq deməkdir.

F-35 müzakirəsindən kənara baxış

Bu daha geniş strateji yanaşma çərçivəsində F-35 məsələsinə daha balanslı yanaşmaq mümkündür.

Bu təyyarə dünyanın ən qabaqcıl döyüş təyyarələrindən biridir. Lakin F-35 yalnız bir təyyarə deyil. Bu proqram proqram təminatı, sensorlar, təhlükəsiz rabitə, elektron müharibə imkanları, logistika və davamlı yenilənmələrdən ibarət bütöv bir sistemdir.

Əsas sual F-35-in effektiv qırıcı olub-olmaması deyil. Cavab bəllidir. Əsas məsələ belə bir imkanın Türkiyənin daha geniş qoşun strukturuna, alyans öhdəliklərinə, sənaye prioritetlərinə və təhlükəsizlik mühitinə necə uyğunlaşacağıdır.

Böyük hərbi satınalmalar həmişə digər imkanlardan imtina etməklə bağlı seçimlər tələb edir. Lakin məsələ yalnız xaricdən almaq və ya daxildə istehsal etmək arasında seçimdən ibarət deyil. Türkiyə yerli sistemlərini inkişaf etdirərkən müttəfiq texnologiyalarına çıxış əldə etməyə davam edəcək. Strateji vəzifə bu iki istiqaməti birləşdirmək və hər hansı bir sahədə tək bir asılılıq yaratmamaqdır.

Etibarlı hərbi qüvvə qabaqcıl döyüş təyyarələri ilə yanaşı, inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərini, pilotsuz vasitələrdən istifadə imkanları, kiberdavamlılığı, təhlükəsiz rabitəni və daxili texniki xidmət imkanlarını tələb edə bilər.

Hərbi texnika və sistemlər vacibdir. Lakin onları birləşdirən arxitektura daha böyük əhəmiyyət daşıyır.

S-400 təcrübəsindən çıxarılan dərs

Türkiyənin S-400 təcrübəsi bu yanaşmanın doğruluğunu göstərir.

Bu sistemin alınması hava və raketdən müdafiə sahəsində mövcud real narahatlığı qarşıladı. Lakin bu addım eyni zamanda Türkiyənin F-35 proqramından çıxarılması ilə nəticələndi. Bundan əlavə, bu addım ABŞ tərəfindən CAATSA (ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Qarşı Mübarizə Aktı) çərçivəsində ölkəyə qarşı  sanksiyaların tətbiqinə səbəb oldu.

Bu hadisədən çıxarılan daha böyük dərs yalnız bir sistemlə məhdudlaşmır. Müasir müdafiə sahəsi üzrə tədarük müttəfiqlərin siyasətindən, müxtəlif sistemlərin, texnikaların və qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarından, sənaye strategiyasından, texnologiyalara çıxışdan və uzunmüddətli texniki təminatdan ayrıca qiymətləndirmək mümkün deyil.

Yalnız hərbi texnika almaq artıq kifayət etmir. Dövlətlər texnikanın fəaliyyətindən asılı olduğu proqram təminatına, yenilənmələrə, ehtiyat hissələrinə, məlumatlara və istifadə etmək üçün tələb olunan icazələrinə  əzarətin kimdə olduğunu anlamalıdır.

Strateji muxtariyyət bir asılılığı digər asılılıqla əvəz etməklə əldə olunmur. Bu, tərəfdaşlıqların şaxələndirilməsi, daxili bilik və imkanların genişləndirilməsi, eləcə də sərbəst fəaliyyət imkanının qorunması ilə formalaşır.

Asılılıq deyil, imkanların formalaşdırılması

Buna görə də Türkiyə və Azərbaycanın qarşısında duran ən mühüm strateji sual hər şeyi xaricdən almaq, yoxsa tamamilə daxildə istehsal etmək deyil. Bu iki yanaşmanın heç biri tam real hesab edilmir.

Əsas məsələ hansı imkanların milli nəzarətdə saxlanılmalı olduğu, hansılarının etibarlı tərəfdaşlarla birgə inkişaf etdirilə biləcəyi və hansı sahələrdə xaricdən tədarükün daha uyğun olduğu barədə düzgün seçim etməkdir.

Son iki onillik ərzində Türkiyə pilotsuz sistemlər, "ağıllı sursatlar", dənizdə istifadə olunan hərbi vasitələr və gəmilər, raketlər və elektron mübarizə imkanları sahəsində tanınmış istehsalçılardan birinə çevrilib. Azərbaycan isə Türkiyə və digər tərəfdaşlarla hərbi-texniki əməkdaşlığı dərinləşdirərək öz müdafiə sənayesi bazasını genişləndirib.

Növbəti mərhələ lisenziya əsasında yığma istehsalından kənara çıxmalı və əsas diqqət yerli intellektual mülkiyyətin yaradılmasına, texnikanı hərəkətə gətirən mühərrik texnologiyalarına, sensorlara, təhlükəsiz proqram təminatına, qabaqcıl hava hücumundan müdafiə sistemlərinə, süni intellektə, kibertəhlükəsizliyə, yarımkeçiricilərə və peyk əsaslı imkanların inkişafına yönəlməlidir.

Böyük Britaniya, İtaliya, Yaponiya, Cənubi Koreya və digər etibarlı tərəfdaşlarla beynəlxalq əməkdaşlıq yalnız tədarüklə məhdudlaşmamalı, getdikcə daha çox birgə inkişaf, ortaq istehsal və bir-birinin imkanlarından yararlanmaya əsaslanmalıdır.

Bu yanaşma eyni zamanda seçimlər tələb edir. Hər dəbdə olan texnologiya eyni səviyyədə sərmayəyə layiq deyil. Tədqiqat prioritetləri real təhdidləri, sənaye imkanlarını və uzunmüddətli böhranlar zamanı sistemləri işlək vəziyyətdə saxlamaq imkanını nəzərə almalıdır.

Gələcəyin müharibələrinə hazırlıq

Növbəti 20 il ərzində Türkiyə və Azərbaycanın qarşılaşacağı ən böyük təhlükəsizlik çağırışı XX əsrdəki hər hansı bir müharibəyə bənzəməyə bilər. Bu, ənənəvi hərbi güc, kiberhücumlar, raket zərbələri, dron dəstələri, iqtisadi təzyiq, informasiya müharibəsi və kritik infrastrukturun hədəfə alınmasının bir-birini gücləndirə biləcəyi çoxşaxəli təzyiq mühiti olacaq.

Milli dayanıqlılıq getdikcə daha çox hərbçilərlə yanaşı mühəndislərdən, pilotlarla yanaşı proqram təminatı mütəxəssislərindən, generallarla yanaşı alimlərdən də asılı olacaq.

Müdafiə sahəsi üzrə siyasət artıq sənaye siyasətindən, təhsildən, enerji təhlükəsizliyindən, kommunikasiya infrastrukturundan və texnoloji innovasiyalardan ayrı şəkildə formalaşdırmaq mümkün deyil.

Türkiyə və Azərbaycan üçün əsas vəzifə yalnız keçmiş təhdidlərin qarşısını almaq deyil. Əsas məqsəd gələcək təhlükəsizlik mühiti üçün lazım olan texnoloji, sənaye və institusional əsasları yaratmaqdır.

Avrasiyanın gələcək təhlükəsizlik nizamını formalaşdıracaq ölkələr mütləq ən böyük ordulara sahib dövlətlər olmayacaq. Əsas üstünlük qabaqcıl texnologiyaları inkişaf etdirə və davamlı şəkildə istifadə edə, kritik infrastrukturu qoruya, etibarlı tərəfdaşlıqlar qura və rəqiblərindən daha sürətlə uyğunlaşa bilən ölkələrdə olacaq.

XXI əsrin əsas rəqabəti yalnız döyüş meydanında əsgərlər tərəfindən müəyyən edilməyəcək. Bu prosesdə mühəndislər, alimlər, sahibkarlar, proqram təminatı mütəxəssisləri və strateji liderlər də mühüm rol oynayacaq.

Türkiyə və Azərbaycanın hazırlaşmalı olduğu müharibə məhz qarşısını almağa çalışdıqları, lakin bunun mümkün olmadığı halda davam gətirməli olacaqları müharibədir.

Teqlər