Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Belarus Ukraynaya qoşun göndərməyib, amma müharibədən tam kənarda da qalmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Lukaşenkoya xəbərdarlıq edib. Xəbərdarlıq Rusiyanın hücumlarına yardım etdiyi iddia olunan siqnal ötürücü stansiyalarla bağlı idi.
Bu, rəsmi Kiyevin təzyiq kampaniyasında yeni mərhələnin başlandığını göstərir. Mesaj aydın idi: Belarus ərazisi Rusiyanın zərbələrini dəstəkləmək üçün istifadə olunarsa, artıq toxunulmaz hesab edilməyə bilər.
Bu vəziyyət Lukaşenkonu çətin seçim qarşısında qoyur. Belarus Avropada Rusiyanın ən yaxın müttəfiqi olaraq qalmaqla yanaşı, müharibədə birbaşa iştirakdan yayınmağa çalışıb. Lakin bu tarazlığı qorumaq getdikcə çətinləşir.
Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı müdaxilənin ilk mərhələsində Belarus mühüm dəstək rolu oynayıb. Rusiya qüvvələri Ukraynanın şimalına, o cümlədən Kiyev vilayətinə hücum etmək üçün Belarus ərazisindən istifadə edib. Belarus ordusu müharibəyə birbaşa qoşulmayıb. Lakin rəsmi Minskin öz ərazisini Rusiyanın istifadəsinə verməsi Belarusla Ukrayna arasındakı münasibətlərə uzunmüddətli təsir göstərib.
Ukrayna bundan sonra şimal sərhədində müdafiəni gücləndirib. Rəsmi Kiyev Belarusu bitərəf qonşu hesab etmir. Belarus Rusiyaya müharibənin ilk mərhələsində ən mühüm hücumlarından birini başlatmaq üçün öz ərazisindən istifadə etməyə imkan verən dövlətdir. Rusiya Kiyevi ələ keçirmək cəhdi uğursuz olduqdan sonra Belarusdakı qüvvələrinin böyük hissəsini geri çəksə də, strateji şübhələr aradan qalxmayıb.
İndi vəziyyət dəyişib. Artıq yalnız Ukrayna Belarus ərazisindən təhlükə gözləmir. Belarus da Rusiyanın müharibə fəaliyyətlərinə dəstək verdiyi üçün bunun nəticələrini öz ərazisində də hiss edə biləcəyindən narahatdır.
Zelenskinin 19 iyunda səsləndirdiyi xəbərdarlıq birbaşa idi. O bildirib ki, Belarusun Ukrayna ilə həmsərhəd bölgələrində yerləşən avadanlıqlar ukraynalı mülki şəxslərə qarşı hücumların istiqamətləndirilməsinə yardım edir. Zelenski Lukaşenkoya həmin avadanlıqları sökmək və ya söndürmək üçün bir həftə vaxt verib. O əlavə edib ki, Belarus bunu etməsə, Ukrayna özü tədbir görəcək.
Bu, Ukraynanın Belarusa hərbi müdaxilə edəcəyinin gözlənildiyi demək deyil. Belə addım ciddi hərbi, siyasi və diplomatik risklər yaradar. Bu, həmçinin Lukaşenkoya özünü ölkə daxilində xarici təcavüzün qurbanı kimi təqdim etmək imkanı verə bilər. Rəsmi Kiyev bu təhlükəni nəzərə alır.
Daha real ehtimal budur ki, Ukrayna Rusiyanın hücumlarına dəstək verən hərbi infrastruktura qarşı hədəfli tədbirlər görsün. Bu da gərginliyin ciddi şəkildə artması demək olardı. Lakin belə addım quru əməliyyatından və ya Belarus ərazisini işğal etmək cəhdindən tamamilə fərqlənərdi.
Belə ssenari Rusiyanı çətin vəziyyətə sala bilər. Belarus Rusiyanın rəhbərlik etdiyi, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bununla belə, Ermənistanın təşkilatla münasibətləri siyasi baxımdan gərginləşib. Nəzəri olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, üzv dövlətlərdən birinə silahlı hücum hamısına qarşı hücum hesab olunur.
Lakin praktikada KTMT-nin reaksiyası siyasi iradədən asılı olardı. Təşkilatın zəifliyi də məhz burada üzə çıxır. Ukrayna rəsmi Moskvanın müdaxiləsinə cavab olaraq dəfələrlə Rusiya ərazisinə zərbələr endirib, lakin KTMT Rusiya üçün kollektiv hərbi müdafiə mexanizmi kimi hərəkət etməyib. Belarusa zərbə endirilsə, təşkilatın etibarlılığı növbəti dəfə sınağa çəkilər.
Rəsmi Moskva üçün problem yalnız hüquqi müddəalarla məhdudlaşmır. Rusiya özünü Belarusun təhlükəsizliyinin təminatçısı kimi təqdim edib. Lakin müharibə Rusiyanın öz infrastrukturunu Ukraynanın uzaqmənzilli zərbələrindən qorumaq imkanlarının məhdud olduğunu artıq göstərib. Belarus ərazisinə də zərbə endirilərsə, rəsmi Minsk və Moskva ciddi bir sualla üzləşər: Rusiyanın verdiyi təhlükəsizlik təminatı nə dərəcədə etibarlıdır?
Yanacaq məsələsi vəziyyəti daha da çətinləşdirir. Zelenski Belarusdan Rusiyaya yanacaq tədarükünə də diqqət çəkərək rəsmi Minskin Moskvanın müharibəni davam etdirməsinə yardım göstərdiyini bildirib. Ukraynanın Rusiyadakı bir sıra enerji obyektlərinə zərər vurmasından sonra Kremlin xarici tədarükdən asılılığı daha həssas məsələyə çevrilib. Buna görə də Belarusun neft emalı zavodları yalnız iqtisadi deyil, strateji əhəmiyyət daşıyır.
Bu, Ukraynanın Belarusun enerji infrastrukturuna zərbə endirmək üçün sərbəst hərəkət edə biləcəyi demək deyil. Belə addım gərginliyin ciddi şəkildə artması riskini yaradar. Lakin Zelenskinin bu məsələni açıq şəkildə gündəmə gətirməsi mühüm əhəmiyyət daşıyır. Bu, rəsmi Kiyevin Belarusu yalnız Rusiyanın siyasi müttəfiqi deyil, həm də onun müharibəsini dəstəkləyən maddi-texniki sistemin bir hissəsi kimi gördüyünü göstərir.
Lukaşenko dəfələrlə Belarusa qarşı təcavüzə sərt cavab veriləcəyini bildirib. Lakin onun manevr imkanları məhduddur. Belarus ərazisində Rusiyanın taktiki nüvə silahları yerləşdirilib, ancaq rəsmi Minsk onların istifadəsinə müstəqil şəkildə nəzarət etmir. Nüvə silahından istifadə ilə bağlı istənilən qərar Minskdə deyil, Moskvada qəbul ediləcək.
Rusiya isə indiyədək Ukraynaya qarşı eskalasiya addımlarını diqqətlə ölçüb-biçərək atıb. Nüvə təhdidləri Kremlin çəkindirmə ritorikasının bir hissəsi olaraq qalır. Lakin Belarus infrastrukturuna məhdud zərbəyə nüvə silahı ilə cavab verilməsi son dərəcə sərt və az ehtimal olunan addım olardı.
Daha real təhlükə nüvə silahından istifadə edilmədən baş verə biləcək eskalasiyadır: PUA zərbələri, sərhəd insidentləri, hava hücumundan müdafiə sistemlərinin işə salınması, təxribatla bağlı narahatlıqlar və Belarusun müharibədən kənarda qalması barədə iddialarının tədricən zəifləməsi. Münaqişə getdikcə daha çox məhz bu “boz zona”ya yayılır.
Zelenskinin xəbərdarlığının qismən siyasi mesaj xarakteri daşıması da mümkündür. Rəsmi Kiyev yeni cəbhə açmadan Lukaşenkonu Belarus ərazisinin Rusiya üçün hərbi faydasını azaltmağa məcbur etməyə çalışa bilər. Bu, Kremlə də bir mesaj ola bilər: Rusiya Belarusdan arxa cəbhə kimi istifadə edərsə, Ukrayna bunun rəsmi Moskva üçün baha başa gəlməsinə səbəb ola bilər.
Lukaşenko üçün rahat seçim yoxdur. O, avadanlıqları söksə və ya Belarusun Rusiyanın hərbi fəaliyyətindən uzaqlaşdığını açıq şəkildə göstərsə, Kremlin gözündə zəif görünmək riski ilə üzləşəcək. Zelenskinin xəbərdarlığına məhəl qoymasa, Belarusu Ukrayna ilə birbaşa qarşıdurmaya daha da yaxınlaşdırar.
Əsas təhlükə müharibənin sabah tam şəkildə Belarus ərazisinə keçməsi deyil. Əsl risk Lukaşenkonu Rusiya ilə ittifaqının fəsadlarından qoruyan mexanizmlərin aradan qalxmasıdır.
Belarus döyüş meydanında olmaya bilər. Lakin döyüş meydanı Belarusa getdikcə yaxınlaşır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Regionda gərginliyin pik həddə çatdığı bir vaxtda Pakistanın hərbi rəhbərliyinin Tehrana səfəri İslamabadın artıq alışdığımız strateji yanaşmasını növbəti dəfə nümayiş etdirir.
Dövlət sifarişi ilə yol çəkmək mümkündür. Lakin işlək bazar yaratmaq üçün təkcə dövlət vəsaiti kifayət etmir. Bunun üçün investisiya qoymağa hazır sahibkarlar, məhsul və xidmətləri almaq istəyən müştərilər, eləcə də gələcəyini bu bölgədə qurmağa hazır insanlar lazımdır.
Qırmızı dənizdə yeni təhlükəsizlik sazişləri hazırlanır. Lakin əsas məsələ dənizin hər iki sahilində eyni vaxtda böhran baş verdikdə hansı ölkənin və ya qurumun hərəkətə keçəcəyini müəyyənləşdirməkdir.
Böyük Britaniya və Fransa arasında əsrlərə söykənən münasibətlər Avropanın siyasi tarazlığını müəyyən edən özünəməxsus dinamikaya – “mehriban-düşmən” paradoksuna - malik olub. Bu paradoksun sərhədləri qoca qitə ilə məhdudlaşmır və digər regionları əhatə edən strateji maraq toqquşmasına çevrilir.
Beynəlxalq münasibətlər sistemi dəyişir. Artıq bir çox ölkə üçün əsas məsələ yalnız böyük güclər arasında seçim etmək deyil, həm də iqtisadi təhlükəsizliyini, siyasi müstəqilliyini və diplomatik imkanlarını bu dövlətlərin dəyişən maraqlarından və qərarlarından qorumaqdır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın