canlı Rusiyanın Ukraynaya zərbələri və qatara PUA hücumu etiraz doğurub
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin...
Fevralda başlayan müharibə nə Tehranı təslim olmağa məcbur etdi, nə də Vaşinqtonun əsas məqsədlərini təmin etdi. İndi hər iki tərəf hərbi zərbələri, iqtisadi təzyiqi və gizli diplomatiyanı eyni bazarlığın alətlərinə çevirir.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlar bir çoxunun gözlədiyi siyasi nəticəni vermədi. İranın ali rəhbəri Əli Xamenei öldürüldü, hərbi komandanlıq və strateji infrastruktur ağır zərbələr aldı. Lakin İslam Respublikası dağılmadı, Tehran cavab zərbələrini davam etdirdi və Hörmüz boğazını qlobal bazarlıq alətinə çevirdi.
Bu mənzərəni yalnız hərbi balansla izah etmək mümkün deyil. Yanvarda İranı bürüyən etiraz dalğası, dərin sosial-iqtisadi böhran və ardınca başlayan müharibə belə bir sual yaratdı: narazılıqlar xarici kəşfiyyat əməliyyatları ilə böyüdü, yoxsa İran cəmiyyətinin daxilində toplanmış problemlərin təbii nəticəsi idi?
Xarici xüsusi xidmət orqanları rəqib ölkədə yaranmış böhran mühitindən istifadə etməyə çalışa bilər. Ancaq İrandakı etirazların əsas səbəbini kənarda axtarmaq rejimin öz böhranını görməmək demək olardı. Kütləvi narazılığın hərəkətverici qüvvəsi rialın çöküşü, yüksək inflyasiya, alıcılıq qabiliyyətinin azalması, korrupsiya və uzunmüddətli siyasi təzyiq idi.
Etirazların Tehran Böyük Bazarından başlaması xüsusi məna daşıyırdı. Bazar 1979-cu il inqilabında mühüm rol oynamış, sonrakı onilliklərdə isə dini-siyasi sistemin maliyyə və ticarət dayaqlarından biri sayılmışdı. Hakimiyyətin öz ənənəvi sosial bazasının müqaviməti ilə üzləşməsi böhranın xarici müdaxilədən daha dərin olduğunu göstərirdi.
Müharibə məhz bu zəiflik anında başladı. Vaşinqton və Təl-Əviv etirazlara siyasi dəstək verdi, rejimin dəyişdirilməsi barədə açıq çağırışlar səsləndirdi. Bununla belə, daxili narazılıq xarici zərbələrin yaratdığı şokla vahid siyasi hərəkata çevrilmədi. Əksinə, müharibə cəmiyyətin bir hissəsində milli müdafiə və dövlətin saxlanması refleksini gücləndirdi.
Əli Xameneinin və yüksək rütbəli hərbi-siyasi fiqurların öldürülməsi İran hakimiyyətinin mərkəzini sarsıtdı, amma onu çökdürmədi. Xameneinin ölümündən sonra ölkədə həm rəsmi yas və dövlətə dəstək aksiyaları, həm də hakimiyyətə qarşı sevinc nümayişləri müşahidə olundu. Bu ikili reaksiya İran cəmiyyətindəki dərin parçalanmanı göstərdi. Amma rejimin legitimlik problemini aradan qaldırmadı, lakin sürətli hakimiyyət dəyişikliyinə də yol açmadı.
Müctəba Xameneinin atasının varisi kimi ali rəhbər postuna gətirilməsi sistemin yenilənməsindən çox, davamlılıq seçimidir. Ancaq yeni ali rəhbərin hakimiyyəti atasınınkı qədər fərdiləşmiş görünmür. Müharibə şəraitində real qərarvermə çəkisinin böyük hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və təhlükəsizlik aparatının nəzarətinə keçib.
İranın əvvəlcədən hazırladığı “Mozaika müdafiəsi” doktrinası bu davamlılıqda mühüm rol oynadı. Model mərkəzi komandanlığın sıradan çıxması ehtimalına qarşı regional və aşağı səviyyəli komandirlərə əvvəlcədən müəyyən edilmiş çərçivədə müstəqil qərar vermə imkanı verir. Bu sistem İranı itkilərdən qorumadı, lakin rəhbər heyətə endirilən zərbələrin bütün hərbi cavabı iflic etməsinin qarşısını aldı.
Nəticədə ABŞ–İsrail tandeminin ən iddialı siyasi gözləntisi — rəhbərliyin öldürülməsinin rejimin dağılmasına səbəb olacağı fərziyyəsi — doğrulmadı. Əksinə, müharibə İran sisteminin ən sərt və silahlı nüvəsinin mövqeyini gücləndirdi.
SEPAH indi təkcə hərbi əməliyyatlarda deyil, xarici siyasət, nüvə dosyesi və Hörmüz boğazı ilə bağlı qərarlarda da daha böyük söz sahibidir. Parlament sədri Məhəmməd Baqer Qalibafın ABŞ ilə danışıqlarda aparıcı simaya çevrilməsi bu yeni güc bölgüsünün siyasi ifadəsidir. SEPAH-ın geniş şirkətlər və yarı-rəsmi holdinqlər şəbəkəsi də müharibə iqtisadiyyatında əlavə imkanlar qazanır.
Beləliklə, xarici zərbələrin yaratdığı əsas paradoks budur: İslam Respublikasını zəiflətmək üçün aparılan müharibə onun daxilində ən sərt qüvvənin təsirini artırıb.
ABŞ ilə İran arasındakı danışıqları klassik sülh diplomatiyası kimi deyil, müharibələrarası bazarlıq kimi təsvir etmək daha doğrudur. Diplomatiya hərbi təzyiqin alternativinə çevrilməyib; onun davamı kimi işləyir.
İyun ayında tərəflər 14 maddəlik anlaşma memorandumu imzaladılar. Sənəd hərbi əməliyyatların dayandırılmasını, İran neftinin ixracına imkan yaradılmasını, Hörmüzdən keçid qaydalarını və yekun razılaşma çərçivəsində İran üçün azı 300 milyard dollarlıq yenidənqurma və iqtisadi inkişaf planının hazırlanmasını nəzərdə tuturdu. Ancaq atəşkəs uzunmüddətli sülhə çevrilmədi; razılaşmanın pozulması ilə məhdud hərbi əməliyyatlar yenidən başladı.
Bu, memorandumun əhəmiyyətsiz olduğu demək deyil. Əksinə, sənəd tərəflərin maksimalist ritorikaya baxmayaraq, bazarlıq üçün konkret çərçivə qura bildiyini göstərdi. Problem həmin çərçivənin etimad, nəzarət və icra mexanizmləri ilə möhkəmləndirilməməsində idi.
Tehran üçün danışıqların əsas məqsədləri nüvə proqramı üzrə manevr imkanını, Hörmüz boğazındakı təsir rıçağını və “Hizbullah” kimi regional tərəfdaşları qorumaqdır. Vaşinqton isə İranın nüvə və uzaqmənzilli raket imkanlarını məhdudlaşdırmaq, boğazı yenidən təhlükəsiz naviqasiyaya açmaq və regional eskalasiyanın qiymətini azaltmaq istəyir.
Bu məqsədlər bir-birini tam istisna etmir, amma aralarındakı məsafə böyükdür. Ona görə tərəflər danışıqlar masasındakı mövqelərini yaxşılaşdırmaq üçün eyni vaxtda həm zərbə endirir, həm sanksiya tətbiq edir, həm də gizli rabitə kanalları saxlayırlar.
Vaşinqtonla Tehran arasında böyük sövdələşmə ehtimalı yeni fikir deyil. İran 2001-ci ildə Əfqanıstan böhranı ətrafında ABŞ ilə məhdud əməkdaşlıq göstərdi. 2003-cü ildə Tehran tərəfindən geniş razılaşma təklifi göndərildiyi barədə iddialar Qərb mediasında “Böyük sövdələşmə” kimi təqdim olundu. Həmin təşəbbüs nəticə verməsə də, İranın ideoloji düşmənçiliklə praqmatik bazarlığı paralel apara bildiyini göstərdi.
2015-ci il nüvə sazişi bu yanaşmanın ən real nəticəsi idi. Lakin Donald Tramp administrasiyasının 2018-ci ildə sazişdən çıxması, 2020-ci ildə Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi və 2025-ci ildə nüvə danışıqları davam edərkən İrana endirilən zərbələr Tehranda ABŞ ilə razılaşmanın davamlılığına dair şübhələri dərinləşdirdi.
Buna baxmayaraq, diplomatiya qapısı heç vaxt tam bağlanmadı. İranın siyasi elitası daxilində ABŞ ilə danışıqların üsulu və tempi barədə fikir ayrılıqları var. Lakin bu parçalanma strateji məqsədlərin dəyişməsindən çox, həmin məqsədlərə hansı taktika ilə çatmaq barədə mübahisədir.
“Axios”un məlumatına görə, Tramp administrasiyası may ayında İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani vasitəsilə SEPAH rəhbərliyi ilə gizli rabitə kanalı yaradıb. İddiaya əsasən, o zaman ABŞ Milli Kəşfiyyatının direktoru olan Tulsi Qabbardın xahişi ilə Bərzani SEPAH komandiri Əhməd Vahidi ilə əlaqə saxlayıb və qurumun danışıqlara münasibətini öyrənib.
İranın rəsmi qurumları bu xəbəri təkzib edib. Ona görə məlumatı təsdiqlənmiş razılaşma kimi deyil, nüfuzlu media iddiası kimi qəbul etmək lazımdır. Bununla belə, xəbərin siyasi məntiqi diqqətəlayiqdir: Vaşinqton İranın formal hökuməti ilə danışıqların kifayət etmədiyini, hər hansı razılaşmanın işləməsi üçün SEPAH-ın da razılığının vacib olduğunu anlayır.
Başqa sözlə, müharibə İran daxilində danışıqların ünvanını dəyişib. ABŞ artıq təkcə prezident administrasiyası və Xarici İşlər Nazirliyi ilə deyil, real hərbi-siyasi veto gücünə sahib strukturlarla da əlaqə qurmağa çalışır. Bu, SEPAH-ın güclənməsinin diplomatik nəticəsidir.
Vaşinqton müharibənin əsas rəsmi məqsədini İranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi təqdim edib. Rejim dəyişikliyi barədə çağırışlar səslənsə də, ABŞ administrasiyasının sonrakı davranışı bunun davamlı resurs ayrılan strateji plana çevrilmədiyini göstərir. Əli Xameneinin öldürülməsindən sonra daha sərt sistemin meydana çıxması Vaşinqtonda bu seçimin risklərini də aydınlaşdırdı.
İyundakı memorandumda yer alan 300 milyard dollarlıq planı İran təbliğatı ABŞ-nin təslimiyyəti və təzminat öhdəliyi kimi təqdim etdi. Əslində isə söhbət yekun razılaşmaya bağlı, regional tərəfdaşlarla birlikdə hazırlanmalı olan şərti yenidənqurma və inkişaf mexanizmindən gedirdi. Tehran səhnə arxasında bu paketi sanksiyaların yumşaldılması və iqtisadi açılım üçün baza kimi görə bilərdi.
Ancaq hərbi əməliyyatların yenidən başlaması göstərdi ki, iqtisadi təşviqlər təhlükəsizlik ziddiyyətlərini öz-özünə həll etmir. ABŞ ilə İran münasibətləri indi qarşıdurma və diplomatiyanın eyni prosesdə birləşdiyi modelə çevrilib: hər zərbə danışıqlar üçün qiyməti dəyişir, hər danışıqlar raundu isə növbəti zərbənin sərhədini müəyyənləşdirir.
İsrailin bu modeldəki yeri daha mürəkkəbdir. Təl-Əviv İranın hərbi və nüvə imkanlarına qarşı əməliyyat azadlığını qorumaq istəyir və Vaşinqtonun Tehranla geniş razılaşmasının İran sistemini legitimləşdirib yenidən gücləndirəcəyindən narahatdır. ABŞ ilə İsrail arasında yaranan taktiki fikir ayrılıqları müttəfiqliyin dağılması deyil; mümkün sövdələşmənin şərtləri və vaxtı uğrunda mübahisədir.
İran danışıqlara açıq olduğunu göstərməklə yanaşı, nüvə və raket proqramlarını, silahlı qüvvələrini və kəşfiyyat aparatını yenidən qurur. ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun qiymətləndirməsinə görə, bu transformasiya 2025-ci ilin iyununda və 2026-cı ildə aparılan müharibələrdən çıxarılan dərsləri əks etdirir.
Tehran gələcək qarşıdurmada daha da mərkəzsizləşdirilmiş komandanlığa, raket və dron qüvvələrinə, İraqdakı silahlı tərəfdaşlarına və Hörmüz boğazı üzərində nəzarət imkanlarına arxalanmağa çalışır. Məqsəd ABŞ-ni həlledici hərbi qələbə ilə deyil, davamlı və bahalı eskalasiya ehtimalı ilə çəkindirməkdir.
Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiqi təşəbbüsü də bu strategiyanın tərkib hissəsidir. İran boğazı təkcə hərbi nəzarət sahəsi deyil, sanksiyalar və təhlükəsizlik tələbləri üzrə bazarlıq aktivinə çevirmək istəyir. Bu siyasət qlobal enerji axınını və Körfəz ölkələrinin təhlükəsizliyini birbaşa danışıqlar paketinə daxil edir.
Vaşinqtonun əsas üstünlüyü isə qlobal maliyyə sistemi və sanksiyalar üzərindəki təsiridir. Birləşmiş Ərəb Əmirliklərinin avqustun 18-də İrana qarşı irəli sürdüyü raket hücumu ittihamlarından sonra bütün ticarət və maliyyə əməliyyatlarını dayandırması Tehran üçün iqtisadi təzyiq dairəsinin nə qədər tez genişlənə biləcəyini göstərdi.
Belə mürəkkəb labirintdə birbaşa qalibi müəyyən etmək çətindir. ABŞ və İsrail İranın hərbi imkanlarına ciddi zərbə vurdu, lakin siyasi sistemi dəyişdirə bilmədi. İran rejimi sağ qaldı və Hörmüzdə yeni təsir rıçağı yaratdı, amma bunun əvəzində ağır insan, iqtisadi və infrastruktur itkiləri verdi.
ABŞ–İsrail tandemi İranda sürətli siyasi dəyişiklik yaratmadı. İran da qarşıdurmanı birtərəfli qələbəyə çevirə bilmədi. Proses Vaşinqtonla Tehranın hərbi eskalasiyanı, iqtisadi təzyiqi və məxfi diplomatiyanı paralel apardığı kövrək tarazlıq üzərində davam edir.
Tərəflər tammiqyaslı müharibənin dağıdıcı risklərini bilir və buna görə hər mərhələdə fasilə üçün qapı saxlayırlar. Ancaq fasilə sülh deyil. Dayanıqlı razılaşma üçün nüvə proqramı, uzaqmənzilli raketlər, Hörmüz boğazı, sanksiyalar, İranın regional tərəfdaşları və İsrailin təhlükəsizlik tələbləri eyni paketdə uzlaşdırılmalıdır.
Hazırda belə bir uzlaşma görünmür. İran xarici siyasətini hələ də İslam İnqilabının müqavimət irsi üzərindən qurur. ABŞ isə iqtisadi və hərbi üstünlüyünün hamısını birdəfəlik nəticə üçün xərcləmək istəmir. Hər iki tərəf sövdələşməyə ehtiyac duyur, amma heç biri onun qiymətini qəbul etməyə hazır deyil.
Deməli, tərəflər sövdələşmənin astanasında deyil. Onlar sövdələşmənin mümkün ola biləcəyi məsafəni atəş altında ölçürlər.
“Ukrayna Dəmir Yolları” bildirib ki, sentyabrın 13-də Kiyev–Varşava qatarı Polşa sərhədi yaxınlığında vurulub. Xəsarət alan olmayıb. Dəmir yolu şəbəkəsinə hücumlar ikinci gündür davam edir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, sentyabrın 13-də Hörmüz boğazında gəmiyə hücum edilib. Hadisə Səudiyyə Ərəbistanının bir gün əvvəl mühüm neft kəmərini dayandırmasından sonra enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
ABŞ Prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya ilə birləşməsini görmək istədiyini bildirib. Onun Dublində səsləndirdiyi fikirlər Şimali İrlandiyadakı unionistlərin sərt reaksiyasına səbəb olub.
Səudiyyə Ərəbistanı dini turizmlə yanaşı, istirahət məqsədilə ölkəyə gələn xarici turistlər üçün də imkanlarını genişləndirir. Ər-Riyad, Əl-Ula və Dəriyyə tarixi məkanları və yeni turizm layihələri ilə getdikcə daha çox ziyarətçi cəlb edir.
Rusiya Müdafiə Nazirliyi qüvvələrinin gecə saatlarında Ukraynanın Qara dəniz sahilində yerləşən Çornomorsk limanında iki yük gəmisini vurduğunu bildirib. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
BRICS Qərbin rəhbərlik etdiyi beynəlxalq nizama meydan oxuya biləcək iqtisadi və siyasi çəkiyə malikdir. Lakin çoxqütblülük barədə ritorikanı real gücə çevirmək üçün hələ də siyasi birlik və maliyyə mexanizmləri çatışmır.
ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi hücumları İslam Respublikasının regional siyasətinin nüvəsini dəyişdirə bilmədi. Ancaq bu siyasətin zahiri təzahürlərində yeni tendensiyalar müşahidə olunur.
Ankara sammiti ənənəvi müdafiə məsuliyyətinin Vaşinqtondan Avropa müttəfiqlərinə ötürülməsində mühüm addım oldu. Lakin müdafiə büdcələri komandanlıq, inteqrasiya və strateji imkanlardan daha sürətlə artır. Avropa NATO daxilində daha böyük məsuliyyət götürə bilər, amma hələ ABŞ-ni əvəz edə bilməz.
Açıq mənbələr fondun kampaniya platforması, beynəlxalq hüquqşünaslar, qeydiyyatdan keçmiş lobbiçilər, diaspor nümayəndələri və peşəkar kommunikasiya şirkətlərini əhatə edən çoxşaxəli fəaliyyət şəbəkəsinin mövcudluğunu göstərir.
“Anthropic” şirkətinin baş icraçı direktoru Dario Amodei süni intellektlə bağlı texnologiya sektorunun ən iddialı baxışlarından birini irəli sürüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın