Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Polşanın iqtisadi və hərbi yüksəlişi Avropanın ağırlıq mərkəzini şərqə doğru dəyişir və Varşavanın təhlükəsizlik və regional siyasətdə təsirini artırır. Lakin demoqrafik geriləmə və maliyyə təzyiqləri bu yüksəlişin hansı miqyasda və nə qədər müddət davam edə biləcəyini sınağa çəkə bilər.
Avqustun 15-də Varşavada həm milli bayram, həm də 1920-ci il Varşava döyüşünün – polyak qüvvələrinin Sovet Rusiyasının qərbə doğru irəliləyişini dayandırdığı “Visla üzərində möcüzə”nin ildönümü münasibətilə Polşanın ən böyük Silahlı Qüvvələr Günü paradı keçirilib. Qdansk körfəzində, Qdınya sahillərində isə hərbi dəniz paradı təşkil olunub.
Bu tədbirlər sadəcə milli anım mərasimi deyildi. Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda hərbi güc nümayişi kimi də mühüm siyasi əhəmiyyət daşıyırdı. Parad Polşanın son 35 ildə keçdiyi yolu – post-sosialist transformasiyadan NATO və Avropa İttifaqına üzvlüyə, oradan isə Avropa təhlükəsizliyində əsas aktorlardan birinə çevrilməyə qədər olan prosesi bir daha nümayiş etdirdi.
1989-cu ildə kommunist rejiminin süqutundan sonra Polşa Qərb institutlarına inteqrasiyanı ardıcıl şəkildə davam etdirib. Ölkənin 1999-cu ildə NATO-ya, 2004-cü ildə isə Avropa İttifaqına üzv olması sonrakı siyasi və iqtisadi transformasiya üçün mühüm əsas yaradıb.
Aİ üzvlüyü Polşanın vahid bazara çıxışını təmin edib, xarici investisiyaları təşviq edib və ölkəyə böyük həcmdə Avropa maliyyəsi gətirib. Polşa İqtisadiyyat İnstitutunun məlumatına görə, 2024-cü ilə qədər Aİ üzvlüyü ölkənin adambaşına düşən ÜDM-ni ittifaqa qoşulmadığı ssenari ilə müqayisədə təxminən 42 faiz artırıb.
Polşanın transformasiyası yalnız iqtisadi inkişafla məhdudlaşmayıb. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Varşava şərq cinahında təhlükəsizlik risklərinin aradan qaldırılmasına daha ciddi yanaşmağa başlayıb. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaması isə bu prosesi sürətləndirib. Polşa silahlı qüvvələrini genişləndirərək müasir Avropanın ən genişmiqyaslı hərbi modernləşdirmə proqramlarından birini həyata keçirməyə başlayıb.
Polşanın təhlükəsizlik və enerji məsələlərinə yanaşması bir sıra Qərbi Avropa ölkələrinin mövqeyindən kəskin şəkildə fərqlənib. Varşava uzun illər Aİ tərəfdaşlarını, xüsusilə Almaniyanı, Rusiyanın enerji resurslarından həddindən artıq asılılığın yaratdığı risklər barədə xəbərdar edib və “Şimal axını-2” layihəsinə ardıcıl olaraq qarşı çıxıb.
Almaniya Rusiya ilə enerji əməkdaşlığını genişləndirərkən və nüvə enerjisindən imtina edərkən bu xəbərdarlıqlar böyük ölçüdə nəzərə alınmayıb. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi isə bu modelin zəif tərəflərini üzə çıxarıb. Polşa isə əksinə, mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturuna sərmayə yatırıb və Norveçlə boru kəməri bağlantısı yaradaraq qaz tədarükünü şaxələndirib.
Tarixi təcrübə də bu yanaşmanın formalaşmasında mühüm rol oynayıb. Polşa əsrlər boyu şərqdən gələn təzyiqlərlə üzləşib, XX əsrdə isə həm Sovet işğalını, həm də Moskvanın uzunmüddətli təsirini yaşayıb. Buna görə də Rusiya təhlükəsi Varşavada bir sıra Qərbi Avropa paytaxtlarından fərqli qiymətləndirilir.
Bu kontekst həm də Polşanın Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk günlərindən etibarən Kiyevə ardıcıl və qətiyyətli dəstəyini izah etməyə kömək edir.
Bu baxımdan xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2008-ci ilin avqustunda, Rusiya-Gürcüstan müharibəsinin başlamasından sonra baş verib. Həmin vaxt Tbilisidə Polşa Prezidenti Lex Kaçinski Mərkəzi və Şərqi Avropanın bir neçə ölkəsinin liderləri ilə birlikdə çıxış edərək xəbərdarlıq etmişdi: “Bu gün Gürcüstan, sabah Ukrayna, o biri gün Baltikyanı ölkələr, sonra isə bəlkə də mənim ölkəm Polşa”.
Altı il sonra Rusiya Krımı ilhaq edib və Şərqi Ukraynadakı separatçı qüvvələri dəstəkləyib. Polşa üçün bu hadisələr Rusiyanın siyasəti ilə bağlı əvvəlki xəbərdarlıqların şişirtmə olmadığını təsdiqləyib. Varşavanın baxışına görə, 2008 və 2014-cü illər eyni strateji sxemin tərkib hissəsidir.
Polşanın Mərkəzi və Şərqi Avropada fəallığı 2022-ci ildən xeyli əvvələ gedib çıxır. 2008-ci ildə Polşa və İsveç Avropa İttifaqının Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycanla əlaqələri dərinləşdirməsinə yönəlmiş “Şərq Tərəfdaşlığı” proqramının əsas təşəbbüskarları olublar. Varşava Aİ-nin şərq siyasətini regionla bağlı daha geniş strateji baxışına uyğun şəkildə formalaşdırmağa çalışıb.
Eyni zamanda, Polşa Aİ daxilində daha güclü regional ağırlıq mərkəzi yaratmağa çalışıb. Üç Dəniz Təşəbbüsü bu istiqamətdə əsas vasitələrdən birinə çevrilib. Təşəbbüs Adriatik, Baltik və Qara dənizlər arasında yerləşən 13 Mərkəzi və Şərqi Avropa ölkəsini bir araya gətirib.
İlk sammit 2016-cı ildə Dubrovnikdə keçirilib. Donald Trampın növbəti il sammitdə iştirakı isə təşəbbüsün siyasi əhəmiyyətini daha da artırıb. Təşəbbüsün prioritetləri sırasında Rusiyadan enerji asılılığını azaltmağa yönəlmiş LNG terminalları da daxil olmaqla, regional nəqliyyat və enerji infrastrukturunun inkişafı dayanır.
Üç Dəniz Təşəbbüsü müharibələrarası dövrdə Yozef Pilsudskinin irəli sürdüyü İntermarium, yəni Dənizlərarası konsepsiyanı xatırladır. Pilsudski şərqdən və qərbdən gələn təzyiqləri balanslaşdırmaq məqsədilə Baltik, Adriatik və Qara dənizlər arasında yerləşən dövlətlər arasında ittifaq yaradılmasını nəzərdə tuturdu. Bu strateji məntiq bu gün də müəyyən mənada yaşayır, lakin artıq Aİ və NATO-nun institusional çərçivəsində həyata keçirilir.
Vişeqrad Qrupu – Polşa, Çexiya, Slovakiya və Macarıstan – da Varşavanın regional ambisiyalarında mühüm rol oynayır. 2022-ci ilin fevralından sonra müharibə ilə bağlı fikir ayrılıqları, xüsusilə Macarıstanın keçmiş baş naziri Viktor Orbanın hakimiyyəti dövründə, qrup daxilində əməkdaşlığı zəiflətmişdi.
Qrup 2026-cı ilin iyununda Peter Madyarın Macarıstanda hakimiyyətə gəlməsindən sonra yenidən fəaliyyətini bərpa edib. Gödöllödə keçirilən görüşdə dörd ölkənin liderləri Aİ-nin 2028–2034-cü illər büdcəsi, ümumi kənd təsərrüfatı siyasəti, eləcə də təklif olunan Varşava–Praqa–Bratislava–Budapeşt yüksəksürətli dəmir yolu xətti üzrə əməkdaşlığı bərpa etmək barədə razılığa gəliblər.
Donald Tusk yeni qarşılıqlı etimadın Vişeqrad Qrupunu Aİ-nin ən nüfuzlu qüvvələrindən birinə çevirə biləcəyini bildirib. Dörd ölkə birlikdə təxminən 65 milyon insanı təmsil edir.
Qrup daxilindəki siyasi fikir ayrılıqlarını aradan qaldırmasa da, əməkdaşlığın bərpası Varşavaya Avropa müzakirələrinə təsir göstərmək üçün əlavə platforma yaradır.
İqtisadi artım Polşanın hərbi imkanlarını genişləndirməsinə şərait yaradıb. 2025-ci ildə Polşa nominal ÜDM-ə görə Aİ-nin altıncı ən böyük iqtisadiyyatına çevrilib və ölkənin iqtisadi istehsalının həcmi ilk dəfə 1 trilyon dolları keçib. Həmin il real ÜDM 3,6 faiz artıb. Avropa Komissiyası isə 2026-cı il üçün Polşa iqtisadiyyatının 3,5 faiz böyüyəcəyini proqnozlaşdırır ki, bu da Aİ-nin iri iqtisadiyyatları arasında ən yüksək göstəricilərdən biridir.
Xüsusilə Almaniya ilə müqayisə diqqət çəkir. 2018-ci ilin birinci rübü ilə 2025-ci ilin ikinci rübü arasında Polşanın real iqtisadiyyatı demək olar ki, 25 faiz böyüyüb. Almaniya iqtisadiyyatında isə artım cəmi 1,4 faiz təşkil edib.

Polşa rifah səviyyəsi və ümumi iqtisadi güc baxımından Almaniyaya çatmasa da, iki ölkə arasındakı fərq son iyirmi ildə bir çoxlarının gözlədiyindən daha sürətlə azalır.
Bu iqtisadi artım Polşanın hərbi transformasiyasını birbaşa dəstəkləyir. Ölkə ABŞ istehsalı olan “Abrams” tankları, Cənubi Koreyanın “K2” tankları, “HIMARS” artilleriya sistemləri, “Patriot” hava hücumundan müdafiə sistemləri və “F-35” qırıcı təyyarələri alır. Eyni zamanda, Polşa öz müdafiə sənayesinə də sərmayə yatırır.
Polşa 2026-cı il üçün müdafiəyə ÜDM-nin təxminən 4,8 faizini ayırmaqla NATO ölkələri arasında bu göstəriciyə görə liderdir.
Polşanın hərbi ambisiyaları təhlükəsizliyin yalnız ABŞ-dən asılı ola bilməyəcəyinə dair mövqeyin güclənməsi ilə müşayiət olunur. Ölkə əksəriyyəti rotasiya əsasında olmaqla, təxminən 10 min ABŞ hərbçisinə ev sahibliyi edir. Lakin Amerikanın Polşadakı hərbi mövcudluğunun uzunmüddətli forması Vaşinqtondakı siyasi dəyişikliklərdən asılı olaraq qalır.
Bu səbəbdən Varşava Cənubi Koreya, Fransa və Böyük Britaniya ilə daha sıx əməkdaşlıq etməklə müdafiə əlaqələrini şaxələndirməyə çalışır.
2026-cı ilin iyulunda Polşa və Fransa Nüvə Əməkdaşlığı üzrə Rəhbər Qrupunun ilk iclasını keçirib. Bu mexanizm Parisin çəkindirmə sahəsində strateji dialoqun yaradılması təklifindən sonra formalaşdırılıb. Bu, yeni nüvə zəmanəti demək deyildi, lakin Varşavanın daha geniş Avropa çəkindirmə müzakirələrində iştirak etmək və hər hansı xarici təhlükəsizlik təminatından asılılığını azaltmaq istəyini göstərirdi.
Avqustun 15-də Polşanın hərbi transformasiyasının miqyası nümayiş etdirilib. Təxminən 1 800 hərbçi Varşavada 300-dən çox hərbi texnika və 60-dan çox təyyarənin iştirakı ilə keçirilən paradda yürüş edib.
Qdınya sahillərində isə Polşa və müttəfiq ölkələrə məxsus 20-dən çox gəminin, o cümlədən Estoniya, Litva və İsveçdən olan hərbi gəmilərin iştirakı ilə hərbi dəniz paradı keçirilib. Bu nümayiş göstərib ki, Polşanın hərbi quruculuğu təkcə kəmiyyət baxımından genişlənmir, həm də getdikcə daha texnoloji xarakter alır və müttəfiq qüvvələrlə uyğunlaşdırılır.
Bütün bunlara baxmayaraq, Polşanın inkişaf modeli ciddi məhdudiyyətlərlə, ilk növbədə demoqrafik geriləmə ilə üzləşir. 2025-ci ildə ölkə əhalisi təxminən 36,5 milyon nəfər olub. Lakin “Eurostat”ın proqnozlarına görə, bu rəqəm 2060-cı ilə qədər 31,2 milyona düşə bilər. Hər qadına orta hesabla təxminən 1,1 uşağın düşdüyü doğum səviyyəsi Aİ-də ən aşağı göstəricilərdən biridir.
Əhalinin azalması və qocalması daxili əmək bazarındakı işçi qüvvəsini azaldacaq və dövlət maliyyəsinə əlavə təzyiq göstərəcək. Polşa müdafiənin modernləşdirilməsini, enerji keçidini və sosial təminat sistemini maliyyələşdirərkən yüksək iqtisadi artımı necə davam etdirəcəyini müəyyənləşdirməlidir. Yüksək hərbi xərclər və digər dövlət öhdəlikləri səbəbindən ölkənin maliyyə vəziyyəti onsuz da gərginləşib.
Buna baxmayaraq, bugünkü Polşa 2004-cü ildə Aİ-yə qəbul olunan ölkədən nəzərəçarpacaq dərəcədə fərqlənir. Ölkə artıq yalnız Qərbi Avropaya çatmağa və ya başqa mərkəzlərdə müəyyənləşdirilən qaydalara uyğunlaşmağa çalışmır. Varşava getdikcə həmin qaydaların formalaşmasına özü də təsir göstərmək istəyir.
Onun Rusiya, Ukrayna, enerji və təhlükəsizlik məsələləri ilə bağlı mövqeləri bir çox hallarda Berlin və Parisin mövqelərindən fərqlənir. Bu da Polşanın Avropada dəyişən rolunu əks etdirir.
Bu baxımdan, avqustun 15-də keçirilən parad sadəcə yeni tankların, təyyarələrin və raket sistemlərinin nümayişi deyildi. Bu, Polşanın cəmi bir nəsil ərzində post-sosialist ölkədən Avropa təhlükəsizliyində mərkəzi rol oynamağa çalışan dövlətə qədər keçdiyi yolun göstəricisi idi.
Əsas sual artıq Polşanın Avropanın aparıcı dövlətlərindən birinə çevrilib-çevrilə bilməyəcəyi deyil. Əsas məsələ digər dövlətlərin bu yeni reallığa nə qədər tez uyğunlaşacağı və Varşavanın öz yüksəlişinin iqtisadi, demoqrafik və siyasi əsaslarını qoruyub saxlaya biləcəyidir.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
“Bir vaxtlar Yaxın Şərqdə” filmi Çin kinoteatrlarında böyük tamaşaçı auditoriyası toplayıb və bunun səbəbi var.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin avqustun 25-də Moskvaya qəfil səfəri rutin protokol hadisəsi deyildi. MKİ rəhbərləri Rusiyaya nadir hallarda gedirlər; belə səfərlər adətən böhran, həyati əhəmiyyətli məlumat və ya birbaşa ötürülməli siyasi mesaj olduqda baş tutur.
Coğrafiyası, siyasi mədəniyyəti, iqtisadi inkişaf səviyyəsi və tarixi təcrübəsi baxımından bir-birindən fərqlənən cəmiyyətlərdə qeyri-adi bir proses baş verir.
Aprelin sonlarında Mali son illərin ən genişmiqyaslı hücumlarından birinə məruz qaldı. Ayın 25-də "Əl-Qaidə"yə bağlı "Camaat Nüsrət əl-İslam vəl-Müslimin" (JNIM) qruplaşması və tuareqlərin "Azavad Azadlıq Cəbhəsi" (FLA) ölkədə altıdan çox hərbi hədəfə zərbə endirdi.
ŞƏT böyük demoqrafik və iqtisadi potensiala malikdir. Təşkilatın əsas vəzifəsi isə ona geniş təsir imkanları qazandıran müxtəlifliyi qoruyaraq bu potensialı vahid və səmərəli fəaliyyətə yönəltməkdir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın