Çin kinosu müharibə filmlərinin adətən gözdən qaçırdığı məqamları göstərir

Çin kinosu müharibə filmlərinin adətən gözdən qaçırdığı məqamları göstərir
AnewZ

“Bir vaxtlar Yaxın Şərqdə” filmi Çin kinoteatrlarında böyük tamaşaçı auditoriyası toplayıb və bunun səbəbi var. 

Film Qərb kinosunun dəfələrlə müraciət etdiyi bir mövzunu – İraqı açıq şəkildə xatırladan, uydurma Yaxın Şərq ölkəsində xarici qüvvələrin rəhbərliyi ilə aparılan müharibəni – tamaşaçıların nadir hallarda qarşılaşdığı prizmadan təqdim edir. Filmin mərkəzində sadə, lakin mahiyyət etibarilə cəsarətli bir fikir dayanır: münaqişənin dağıntıları arasında fəaliyyətini davam etdirən Çin restoranı və onun qoruyub saxladığı insani münasibətlər.

Bu, müharibə və sülh haqqında mücərrəd düşüncələr toplusu deyil. Film konkret insanlardan, onların konkret seçimlərindən və kiminsə döyüşmək əvəzinə insanları yedirtməyi seçdiyi zaman baş verənlərdən bəhs edir. Filmin təsir gücü onun konkretliyindədir – tamaşaçının yaddaşında qalan səhnələr nəsihət vermir, sadəcə baş verənləri göstərir.

Restoran və onun yaratdığı mühit

Filmin əsas məkanı “Loong” restoranıdır. Sadə bir iaşə müəssisəsi olan restoran Amerika hərbçiləri, yerli sakinlər, restoran əməkdaşları və valideynlərini itirmiş uşaqlar arasında ünsiyyət məkanına çevrilir. Burada möhtəşəm heç nə yoxdur. Sadəcə düşmənçilik qaydalarının qısa müddətə arxa plana keçdiyi bir məkanda insanlar bir süfrə arxasında yemək yeyirlər. Metafora aydındır, lakin rejissor bunu tamaşaçıya zorla qəbul etdirmir. Məna hadisələrin gedişində tədricən üzə çıxır.

Film İraqdakı çinlilərin real həyat təcrübələrindən bir neçəsinə əsaslanır. Onlardan biri Liu Lei ilə bağlıdır. Daha sonra Shuai Xuejunun da qoşulduğu Liu restoran biznesini Bağdadın ABŞ-nin nəzarətində olan “yaşıl zona”sına köçürməyə çalışıb. Həmin dövrə aid məlumatlardan birinə görə, Liu nəzarət-buraxılış məntəqəsinə üzərində şəkillər olan Çin mətbəxi menyusu ilə gəlib. Menyu mühafizəçilərin diqqətini çəkib və bu, ona biznesini orada qurmaq üçün əraziyə daxil olmağa kömək edib. Qapını diplomatik protokol deyil, yemək açıb.

Filmin digər ilham mənbəyi isə Chen Xianzhong olub. Onun Bağdaddakı restoranının xarici jurnalistlər, yerli həkimlər, didərgin uşaqlar və zorakılığın ortasında qalan digər insanlar üçün sığınacaq məkanına çevrildiyi bildirilir.

Film bu ayrı-ayrı real hadisələrdən daha böyük bir hekayə yaradır. Restoranın müharibəni həll etdiyini iddia etmir. Patrullar davam edir. Zorakılıq davam edir. Lakin bir neçə saat ərzində başqa şəraitdə qarşılaşan insanlar eyni məkanda bir araya gəlirlər. Yemək yeyirlər. Bir-birlərini insan kimi görürlər. Sonra müharibə yenidən davam edir.

Bu, əksər müharibə filmlərindən daha real yanaşmadır. Qonaqpərvərlik bütün yaraları sağaltmır. Yemək işğala son qoymur. Restoran sadəcə göstərir ki, müharibə insan həyatının hər sahəsini zəbt etməməlidir. Adi həyat, hətta qısa müddətə də olsa, davam edə bilər.

Filmin sual etdiyi məsələlər

Filmin ən sərt ifadələrindən birində amerikalı zabitə belə bir sual ünvanlanır: “Siz olmasaydınız, terrorçular haradan çıxardı?”

Bu ifadə sadəcə hərbi qüvvələrə qarşı şüar deyil. Burada səbəb və nəticə ilə bağlı praktiki sual qoyulur. Əgər hərbi əməliyyatlar ölüm, didərginlik və alçaldılma ilə nəticələnirsə, bu, radikallaşmanın dərinləşməsi üçün şərait yarada bilərmi? Bir ailə dağıdılıbsa, kədərin intiqama çevrilməsi təəccüb doğurmalıdırmı?

Film bu suallara birmənalı cavab vermir. Tamaşaçını narahatedici ehtimalla üz-üzə qoyur: müharibə sonradan məhv etməli olduğunu iddia etdiyi düşmənlərdən bəzilərinin yaranmasına özü səbəb ola bilər. Hərbi strateqlər onilliklərdir bu problemlə mübarizə aparırlarlar. Buna baxmayaraq, bir çox döyüş filmlərində düşmən müdaxilənin özünün formalaşdırdığı qüvvə kimi deyil, dəyişməz bir reallıq kimi təqdim olunur.

Filmdə təkrarlanan digər ifadə isə daha sakit səslənir: “Hələ də çox duzludur. Sən hələ də yerli zövqü başa düşmürsən.”

Bu sözlər kənardan gələn bir şəxsin yerli insanlar üçün yemək hazırlamağa çalışdığı, lakin bunu bacarmadığı səhnədə deyilir. Dialoq daha geniş siyasi məna daşıyır. 2003-cü il işğalından sonra xarici rəsmilər İraqın institutlarını və siyasi sistemini başqa yerdə hazırlanmış planlara əsasən yenidən qurmağa çalışdılar. Resept xaricdən gətirilmişdi, nəticələri isə yerli əhali yaşamalı oldu.

Tarixi paralel birbaşa görünür. İraqda ABŞ-nin ali administrasiyasının rəhbəri olduqdan qısa müddət sonra Paul Bremer şəxsi yazışmasında belə qeyd etmişdi: “İndi mən rəsmi olaraq İraq hökumətiyəm”. Daha sonra Koalisiya Müvəqqəti Administrasiyası Bəəs Partiyasının yüksəkvəzifəli üzvlərinin dövlət qulluğunda işləməsini qadağan edən və İraq ordusunu, eləcə də digər təhlükəsizlik strukturlarını ləğv edən qərarlar qəbul etdi. Yüz minlərlə insan işsiz və aydın gələcək perspektivi olmadan qaldı. Bu qərarlar üsyanın yeganə səbəbi olmasa da, sonrakı çöküşə əsaslı şəkildə təsir edən amillərdən biri hesab olunur.

Film alternativ ssenari ilə bağlı sual ortaya qoyur: xarici qüvvələr İraqa siyasi model tətbiq etmək əvəzinə, ölkənin yenidən qurulmasında iraqlılara dəstək versəydilər, nə olardı? Öz reseptlərinin doğru olduğunu təkid etməzdən əvvəl yerli zövqü nəzərə alsaydılar necə? Film bu fikri nəzəriyyə kimi deyil, praktiki uğursuzluqdan çıxarılan dərs kimi təqdim edir: institutlar bütöv şəkildə kənardan gətirildikdə nadir hallarda legitimlik qazanır.

Müharibə filmlərinin diqqətdən kənarda qoyduğu məqamlar

Filmin yanaşması Hollivudun ənənəvi döyüş filmlərindən fərqlənir. “Saving Private Ryan” və “Black Hawk Down” kimi filmlər hadisələri əsasən amerikalı hərbçilərin təcrübəsi üzərində qurur. Onlar cəsarəti, fədakarlığı və itkiləri göstərirlər. Bu təcrübələr gerçəkdir. Lakin müharibənin bütün mənzərəsi bundan ibarət deyil.

“Bir vaxtlar Yaxın Şərqdə” diqqəti hərbi əməliyyatların altında yaşayan insanlara – ailələrə, işçilərə və evləri döyüş meydanına çevrilən uşaqlara yönəldir. Ölkə uydurma olsa da, onun İraqa bənzərliyi açıq-aşkardır.

İraqda mülki əhali arasında itkilərin miqyası ilə bağlı rəqəmlər hələ də mübahisəlidir və bütün hesablamaların öz məhdudiyyətləri var. “Iraq Body Count” təşkilatının məlumatlarına görə, 2003-cü il işğalından bu yana zorakılıq nəticəsində təxminən 187 500–211 000 mülki şəxs həlak olub. Səbəbi müəyyən edilən ölümlərlə bağlı təhlildə 15 000-dən çox insanın ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin birbaşa fəaliyyəti nəticəsində öldüyü bildirilir. Bunlar qeydə alınmış ölümlərdir və müharibənin ümumi humanitar nəticələrinin tam göstəricisi deyil.

Bu rəqəmlər Qərbin populyar hekayələrində çox az yer tutur. Onların arxasında dayanan həyatlara – dağıdılmış ailələrə, parçalanmış icmalara və demək olar ki, hər şeyini itirdikdən sonra münaqişəyə cəlb olunan insanlara – isə daha çox əsas mövzu kimi deyil, hadisələrin fonunda rast gəlinir.

Filmdəki toy səhnəsi İraqın qərbində baş vermiş və ciddi mübahisələrə səbəb olmuş hadisələrdən birini də xatırladır. İraq rəsmiləri və sağ qalanların sözlərinə görə, 2004-cü il mayın 19-da ABŞ hərbçilərinin hücumu Mukaradib yaxınlığında toy mərasiminə toplaşan insanları hədəfə alıb və aralarında qadın və uşaqların da olduğu 42 nəfər həlak olub. ABŞ hərbçiləri toy mərasimini hədəfə aldıqlarını təkzib edib və ərazidən silahlı şəxslərin istifadə etdiyini bildiriblər. “Associated Press”in əldə etdiyi video görüntülərdə reyddən bir neçə saat əvvəl həmin məkanda toy mərasiminin keçirildiyi əks olunub və bu, ABŞ hərbçilərinin rəsmi təkzibinə şübhə yaradıb.

Film hadisəni sənədli sübut kimi təqdim etmir. Kino başqa bir imkan yaradır: tamaşaçıya ölənləri ilk növbədə insan kimi – bayram etmək üçün bir araya gəlmiş ailə kimi – görməyə imkan verir. Onları sadəcə rəqəmlər və ya “yanlışlıqla dəyən zərər” ifadəsi ilə təsvir etmir.

Müharibədən sonra nə baş verir?

Filmin son seçimi ən sakit məqamdır. İllər sonra Xu Fu restorana qayıdır və bir vaxtlar yemək bişirməyi öyrətdiyi yetim Seifin restoranın baş aşpazına çevrildiyini görür. Final qələbə elan etmir. Davamlılığı göstərir. Müharibənin içində məhv ola biləcək bir uşaq öz həyatını qurub.

Bu səhnəyə daha geniş yenidənqurma siyasəti kontekstində də baxmaq mümkündür. Çin şirkətləri İraqın enerji və infrastruktur sektorlarına irihəcmli investisiyalar yatırıb, enerji və nəqliyyat obyektləri də daxil olmaqla müxtəlif layihələri maliyyələşdirib və ya inşa edib. Hərbi müdaxilə ilə iqtisadi yenidənqurma arasındakı bu fərq filmin sonrakı siyasi təsirinin bir hissəsini təşkil edir, baxmayaraq ki, filmin birbaşa nəticəsi bununla bağlı deyil.

Təbii ki, inkişaf da güc və şəxsi maraqlardan kənarda deyil. Çin investisiyaları da Qərbin müdaxiləsi kimi şərtləri, xərcləri və yerli icmalara təsiri baxımından qiymətləndirilməlidir. Yolların və elektrik stansiyalarının tikintisi xeyriyyə aktı deyil. Lakin bunlar tank və hava zərbələrindən fərqli təsir vasitəsidir: məhvetmədən deyil, quruculuqdan qaynaqlanan təsir.

Filmin əsas mesajı buna görə də geosiyasi şüardan daha məhdud, lakin məhz buna görə daha güclüdür. Yenidənqurma yalnız adi həyatı bərpa etdiyi zaman əhəmiyyət daşıyır: insanların yemək yemək, işləmək, uşaq böyütmək və öz gələcəyini müəyyənləşdirmək imkanını.

Restoran müharibəyə son qoya bilməz. Lakin sülhün nəyi qorumağa xidmət etdiyini göstərə bilər.

Müəllif haqqında

Qeysər Nəvab Davamlı İnkişaf üçün “Bir Kəmər, Bir Yol” Təşəbbüsünün (BRISD) sədridir. Mədəniyyət şərhçisi kimi o, kinonun müharibə, münaqişə və beynəlxalq münasibətlərə dair təsəvvürlərin formalaşmasına təsirini araşdırır. Onunla qaisernawab098@gmail.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Teqlər