Bab-əl Məndəb xətti: Geoiqtisadi diversiyalar, paradokslar

Bab-əl Məndəb xətti: Geoiqtisadi diversiyalar, paradokslar
Anewz

ABŞ-İran müharibəsi fonunda husilərin Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Bab-əl-Məndəb boğazındakı fəaliyyəti təkcə silahlı qarşıdurma ilə məhdudlaşmır.

Bu, böyük maliyyə-iqtisadi təxminləri və onun proqnozlarına əsaslanan nüvəyə malik olmaqla ortaya bir yanaşma çıxarır: Geoiqtisadiyyatdakı alətlər müharibədəki silahlar kimi gurultulu səs çıxarmasa da, nəhəng iqtisadi dalğalanma yaradır.

Burada  İranın geoiqtisadi maraqlardan əldə edəcəyi maliyyə dividendləri ilə əlaqəli məsələlər aktualdır. Ən əsası, İran, Hörmüz boğazından sonra Bab-əl Məndəbin bloklanmasını daxili maliyyə, iqtisadi çətinliklərinin öhdəsindən gələcək hadisə kimi təsvir edir. Hörmüzdən sonra ABŞ-yə qarşı əlavə təzyiq ünvanının Bab-əl Məndəbə doğru dəyişməsi Yəməndəki husilərin silahlı motivasiyası ilə birləşir. İran bunun müqabilində husilərə gələcək üçün daha geniş maliyyə və silah təminatı tanımağı vəd verə bilər.

Husilər İranın proksi qüvvəsidirmi?

Sualı birbaşa təsdiqlə cavablandırmaq düzgün olmaz. Silah və maliyyə təminatları husilərin hərbi-siyasi enerjisi üçün vacibdir. Bu, onların məqsədlərinə xidmət edir. İran husilər üçün əsas maliyyə kanalıdır.

Lakin “Hizbullah” və İraqdakı şiə milislərindən ibarət dəstələrdən fərqli olaraq Husi hərəkatı İran tərəfindən yaradılmayıb. Husilər İranla münasibətlərin tabeçilik prinsipinə əsaslanmadığına eyhamlar vuraraq özlərinin əməliyyat müstəqilliyinə malik olduqlarını nümayiş etdirirlər.

Husilər dövlət idarəetməsindən tutmuş ictimai sferaya qədər yanaşmalarını şiə-Zeydi teokratiyası əsasında formalaşdırır və yalnız bir liderə itaəti qəbul edir, silahlı mübarizəni ən yaxşı variant sayır. Bu, İrandakı şiə-Cəfəri (on iki imamçı) mövqeyi ilə uyuşmur, həm də imamların qəbulundakı fərqlərə görə.

Husiləri İrandakı hakim ideologiyadan fərqləndirən ən mühüm amillərdən biri də onların yalnız ilk beş imamın legitimliyini qəbul etməsidir. Ən əsası, imamət institutunu metafizik bir qüsursuzluq statusu ilə xarakterizə etmirlər.

Göründüyü kimi, şiəliyin iki məktəbi arasında dövlət idarəçiliyi, imamət qanunları və dini rəhbərlik mövzusunda ciddi köklü fərqlər var.

Bu teoloji uzaqlıqlar, husilərin Tehrandan ideoloji baxımdan tam asılı olmadığının və öz qərarlarını rasional-siyasi müstəvidə qəbul etdiklərinə dair ehtimal formalaşdırır.

Fərqli cəhətlər Husilərin qavrayışında özlərini İranın proksisi kimi deyil, bərabərhüquqlu tərəfdaş kimi görmələrini şərtləndirir.

Lakin İranla husilər ümumi regional baxışdakı oxşarlıqlar səbəbindən özlərini bir-birlərinin məqsədlər çərçivəsinə inteqrasiya ediblər: Konvensional dövlət modeli  ilə qeyri-dövlət aktorunun əməkdaşlığı İran-Husi tandemində yaxşı görünür. Bu, İran üçün də unikal fürsətdir, axı Tehran islam inqilabı ideyalarının həyata keçirilməsinin ən yaxşı üsullarını belə təşkilatlar vasitəsilə reallaşdırır.

Ona görə də, İran üçün husilər geosiyasi imperativlərin həyata keçirilməsində həyati əhəmiyyət daşıyır. Xüsusilə ABŞ ilə müharibənin davam etdiyi şəraitdə boğazların silahlı vasitələrlə bağlanması müstəsna əhəmiyyət kəsb edir. Çünki onlar Qırmızı dənizdə İsrail və Səudiyyə Ərəbistanına qarşı faydalı olaraq qalırlar, ABŞ maraqları əleyhinə fəaliyyətdə İranın danışıqlar mövqeyinin lehinə təsir edən komponentdirlər. Bununla belə, husilər üçün ABŞ ilə ayrılıqda danışıqlar aparmaq ayrıca bir xətt ola bilər: bu yaxınlarda onların Omanda ABŞ ilə müzakirələrdə iştirakına dair “Reuters”in yaydığı xəbər eyni məntiqin içərisində görünür. Bütün bunlara baxmayaraq İranın hücumlarda əlini göstərən nüans husilərin əməliyyat modellərini kimin kurasiya etdiyinə baxdıqda aydınlaşır: Tehranın koordinasiyası husilərin hərbi diversiyalarında əsas rollardan birini oynayır.

Husi hücumlarını böyük ehtimalla SEPAH-ın Yəmənin paytaxtı Sənadakı yüksəkrütbəli komandiri Abdul Rza Şahlayi idarə edir.

Şahlayi ABŞ Xəzinədarlıq Departamenti tərəfindən 11 oktyabr 2011-ci ildə qlobal terrorçu siyahısına salınıb. O, 2018-ci ildə Böyük Britaniya, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Bəhreyn tərəfindən də beynəlxalq terrorçu kimi tanınıb. Onun barəsində məlumat verənlər üçün 15 milyon dollar pul mükafatı qoyulub.

İqtisadi şoklar, müharibə xərcləri

Hörmüz boğazındakı və Qırmızı dənizdəki hərbi toqquşmalar qlobal təchizat zəncirlərinə mənfi təsir göstərərək gəmilərin daha uzun marşrutlara yönəlməsinə səbəb olur. Enerji qiymətlərinə təsir edən bu problem İran üçün fürsət anıdır.

“Fars” Xəbər Agentliyinin rəsmi sənədlərə istinadən verdiyi xəbərə görə, İran dövləti neft satışından çox qısa müddətdə böyük məbləğdə pul qazanıb. Belə ki, sentyabrın 2-nə qədər olan cəmi 11 gün ərzində ölkə xəzinəsinə 1 milyard dollardan çox vəsait daxil olub.

Neft Nazirliyinin avqust hesabatına əsasən, ilin ilk 4 ayında (21 mart – 22 iyul) Mərkəzi Banka neft satışından 7,5 milyard dollar vəsait yönəldilib.

Bu rəqəmlər Vaşinqtonun Tehranı beynəlxalq maliyyə sistemindən təcrid etmək və neft gəlirlərini məhdudlaşdırmaq məqsədi daşıyan “İqtisadi Kənarlaşdırma Əməliyyatı”na başlamasından sonra informasiya dövriyyəsinə girib.

Kampaniyanın bir hissəsi olaraq, Vaşinqton onlarla təşkilatı, fərd və gəmini hədəf alan yeni sanksiyalar tətbiq edib və Tehranla işgüzar münasibətləri davam etdirən tərəflər üçün ikinci dərəcəli sanksiya risklərini genişləndirib.

İranın təqdim etdiyi rəqəmlərə baxmayaraq İslam Respublikası ağır sanksiyalar altında iqtisadi tənəzzül dövrünü yaşayır. Kompensasiyaedici vasitə kimi gücdən istifadə durğunluğu aradan qaldırmağı hədəfləyir. Ona görə də, Tehran Hörmüz boğazında beynəlxalq iqtisadi-ticari arteriyaya maneə yaratdıqdan sonra ikinci cəbhə kimi Bab-əl-Məndəb boğazına kilidlənir.

Bu, ABŞ-nin xərclərini iki cəbhədə riskli zonaların tələb etdiyi səviyyədə artırması deməkdir. Bəli, indi Vaşinqton Hörmüz boğazı ilə paralel Qırmızı dənizdə təhlükəsizlik maraqlarını təmin etmək üçün əlavə xərclə üzləşir. İran üçün ticarət yollarını bloklamaq geosiyasi hegemonluq alətinə çevrilir və onun üçün qısamüddətli maliyyə sandıqlarını açır.

Hörmüz boğazı ilə paralel Qırmızı dəniz hövzəsində baş verən hadisələr və husilərin Səudiyyə Ərəbistanının enerji infrastrukturuna endirdiyi zərbələr fonunda neft qiymətlərinin kəskin artması, faktiki olaraq, sanksiyalar altında boğulan İran üçün qısaömürlü bir nəfəsalma kampaniyasına çevrilir.

Səudiyyə Ərəbistanının 1 200 kilometrlik Şərq-Qərb boru kəmərinin vurulması ayrı bir məqsəddir. Bu kəmər Səudiyyə Ərəbistanının şərqindən Qırmızı dənizdəki Yanbuya xam neft daşıyır və bu da ixracatın Hörmüz boğazından yan keçməsinə imkan verir. Boru kəməri müharibə zamanı getdikcə daha vacib hala gəlmişdi və münaqişənin bəzi hissələrində qərb marşrutu ilə gündə təxminən 4–5 milyon barel neft nəql edirdi.

Tehranın təchizat zəncirlərini silahlandırmaq konsepti ABŞ-yə qarşı asimmetrik hərbi-iqtisadi cavablandırma ilə qarşılıq verməkdir. Bu, geoiqtisadiyyatda klassik merkantilist yanaşmadır: ticarət marşrutlarına nəzarət edən, geosiyasi qaydaları diktə edir. Ancaq hər şey bu qədər sadə deyil. Asimmetrik İqtisadi Asılılıq Nəzəriyyəsi kontekstindən qiymətləndirmə aparanda İranın daha zəif cəhətləri görünür. Həmin yanaşmaya əsasən, hər iki tərəf bir-birindən iqtisadi cəhətdən asılıdırsa, az asılı olan tərəf bunu siyasi təzyiq alətinə çevirə bilər. Burada İran ABŞ-nin sanksiyalarının təsiri altında daha çox asılı tərəfdir; həm də ona görə ki, Vaşinqton Tehranla münaqişədə öz məqsədlərinə tam çatmasa belə, hələ də qlobal hegemoniya indeksindən kəskin eniş etməyib. Deməli, İran ABŞ-nin “İqtisadi Kənarlaşdırma        Əməliyyatına” qarşı müdafiə instinkti ilə cavab hazırlayıb. Ancaq bu təzyiq aləti analoji sanksiyalar deyil, silahlı vasitələrlə həyata keçirilən iqtisadi diversiyadır. Bütün bunlara rəğmən İranın uzunmüddətli iqtisadi dalğalanma yaratması potensialı yoxdur: Tehranın əlində nə qlobal iqtisadiyyatı silkələyəcək rıçaq, nə beynəlxalq iqtisadi-ticari əməliyyatlara təsir edən maliyyə siyasəti, nə də dollar kimi valyuta aləti var.

Maliyyə böhranının girdabındakı İranda sərbəst bazar göstəriciləri milli valyutanın qarşısıalınmaz devalvasiyasını acı şəkildə təsdiqləyir. Cari ilin martında ABŞ dolları qarşısında 1,45 milyon səviyyəsində qərarlaşan İran rialı sentyabrın əvvəlində növbəti antirekorda imza ataraq 2,1 milyona qədər ucuzlaşıb.

İqtisadi fəlakət sosial müstəvidə dərin yaralar açır. Sanksiyaların və hərbi gərginliyin yaratdığı ağır yük fonunda işsizlik göstəricilərindəki kəskin artım diqqətdən yayınmır. Son bir ildə 450 min vətəndaşın işini itirməsi ilə işsizlik səviyyəsinin 7,3%-dən 9,1%-ə yüksəlməsi ağır durumu təsdiqləyən başqa faktdır.

Sanksiyalar, daxili disbalanslar və hərbi eskalasiya üçbucağında sıxışan Tehran administrasiyası bu gün daha dərin bir reallıqla – cəmiyyəti kütləvi yoxsulluğa sürükləyən staqflyasiya dalğası ilə üz-üzədir.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları mənzərənin nə qədər tünd olduğunu açıq sərgiləyir: cari ildə İran iqtisadiyyatını 69%-lik inflyasiya fonunda 5,4% daralma gözləyir. Bu o deməkdir ki, ölkənin nominal ÜDM-i Vaşinqtonun nüvə sazişindən birtərəfli qaydada çəkildiyi və sərt sanksiyalar mexanizmini işə saldığı 2017-ci ildən bəri 29% azalıb.

Lakin məsələnin daha paradoksal tərəfi odur ki, bütün bu tənəzzülə baxmayaraq, İran iqtisadiyyatı hələ də tamamilə sıradan çıxmayıb. Onilliklər boyu davam edən təcrid şəraitində bizneslər, maliyyə qurumları və ev təsərrüfatları alternativ mexanizmləri formalaşdırıblar. Barter sistemləri, qeyri-rəsmi maliyyə şəbəkələri, kölgə ticarəti və paralel valyuta bazarları iqtisadiyyatı sağlamlaşdırmasa da, onu anidən paralelçiliyə və ya tam iflasa uğramaqdan qoruyub. İran bu iqtisadi ağırlıqlar və ona verilən dövlət reaksiyalarını “Müqavimət İqtisadiyyatı” şablonu ilə etiketləyir.

İranla müharibə ABŞ-nin xərclər paketinə mənfi təsirlər göstərir. ABŞ Konqresinə iqtisadi və büdcə proqnozları təqdim edən Konqres Büdcə Ofisi (CBO) yeni təhlil dərc edib. Təhlildəki rəqəmlərə əsasən, İranla müharibə ABŞ hökumətinə 38 milyard dollara başa gəlib və bu inflyasiyanın artmasına səbəb olub. Hesablamaya əsasən, münaqişənin intensivliyi təxminən iyul ayında yaşanan səviyyəyə çıxsa, aylıq xərc 3 milyard dollara qədər artacaq.

CBO hesablayır ki, İranla münaqişənin əsas iqtisadi təsiri Hörmüz boğazından neft və təbii qaz daşınmalarının azalması və Qırmızı dənizdən gəmiçilikdə yaranan fasilələrdən qaynaqlanan inflyasiya təzyiqlərindən ibarətdir.

Müharibə ilə əlaqəli enerji kəsintilərinin 2027-ci ilin əvvəlində ABŞ inflyasiyasına təxminən yarım faiz əlavə edə biləcəyini təxmin edilib.

Federal Ehtiyat Sisteminin bu həftəki enerji qiymətlərinin artması inflyasiya ilə bağlı narahatlıqları artırıb.

Sentyabr ayında ABŞ-də dizel yanacağının orta qiyməti rekord vuraraq 1 qallon üçün 6,23 dollara, benzin isə 4,30 dollara yüksəlib.

Rusiya və Çin həm qazanır, həm itirir

ABŞ-İran konfliktinə Nobel mükafatçısı Con Neşin oyunlar nəzəriyyəsi prizmasından baxmaqda fayda var. Bu nəzəriyyəyə görə, tərəflər öz maraqlarını qorumaqla yanaşı, qarşı tərəfin mümkün addımlarını da nəzərə alırlar. ABŞ və İran arasındakı mürəkkəb qarşıdurmada tərəflər müxtəlif sahələrdə öz üstünlüklərini qorumağa çalışsalar da, bir tərəfin atdığı addım digər tərəfin cavab reaksiyasına səbəb olur. Bu baxımdan, qarşıdurmanın bəzi mərhələləri tərəflərin birtərəfli addımlarla vəziyyətlərini yaxşılaşdıra bilmədiyi kövrək “Neş tarazlığı” ilə müqayisə oluna bilər.

Yaxın Şərqdəki dəniz dəhlizlərinə fokuslanan eskalasiya üçüncü tərəflər üçün opportunizmdir. Yəni ABŞ-İran müharibəsi daha çox iki ölkəyə xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə çatmağa kömək edən vasitədir: bu iki ölkə Rusiya və Çindir. 28 fevraldan dərhal sonra Rusiyanın enerji bazarlarında yüksələn qiymətlərdən əldə etdiyi gəlirlər əlavə divident kimi Moskvanın aktivinə yazıldı. Bu, Rusiyanın Ukraynadakı müharibə xərclərini subsidiyalaşdıran əlavə gəlir mənbəyidir.

Çin isə regional gərginlikdən həm iqtisadi, həm də geosiyasi müstəvidə ən çox faydalanan tərəfə çevrildi.

Qərbin sanksiyaları və müharibə şəraiti fonunda Çin İran neftini və təbii qazını çox böyük endirimlərlə almaq imkanı qazanıb. Bu, Çinin nəhəng sənayesi üçün enerji xərclərini minimuma endirir. Təcrid olunmuş Tehran iqtisadi və texnoloji cəhətdən tamamilə Çinin maliyyə sistemindən və investisiyalarından asılı vəziyyətə düşür.

Vaşinqtonun diqqətini və resurslarını Yaxın Şərq böhranına yönəltməsi Pekinə Tayvan ətrafında sərbəst manevr etmək üçün strateji üstünlük qazandırır.

Ancaq nə Rusiya, nə də Çin üçün Hörmüz boğazı ilə yanaşı Bab-əl-Məndəbin tamamilə bağlanması sərfəlidir.

Məhz buna görədir ki, Səudiyyə Ərəbistanı infrastrukturuna zərbələr endiriləndə və gəmiçilik təhlükəyə düşəndə, Pekin pərdəarxası kanallarla Tehrana təzyiq göstərərək husilərin hüquqlarını və hərəkətlərini müəyyən sərhədlər daxilində saxlamağı tələb edir. “Reuters” agentliyinin İran mənbələrinə istinadən verdiyi məlumat bunu təsdiqləyir. 

Məlumat düzgündürsə, Səudiyyə Ərəbistanının Qırmızı dənizdə husilərin artan hücumları qarşısında Pekindən yardım istəməsi Çini İranı və onun dəstəklədiyi qruplaşmanı cilovlamaq üçün təkrarən diplomatik təzyiq göstərməyə vadar etməsi deməkdir.

Nəticə və proqnozlar

ABŞ-İran qarşıdurmasında hərbi müstəvi görünən tərəfdir, pərdənin arxasında isə nəhəng iqtisadi maraqların təmini üçün qurulan ssenari oynanılır. Burada hər iki tərəf geoiqtisadi alətlərə nəzarət uğrunda mübarizə aparır.

Yaxın perspektivdə İran daxili sosial partlayış və iqtisadi çöküş təhlükəsi ilə üzləşə bilər.

Yaxın Şərqdə uzanan dəniz nəqliyyatı blokadaları və gəmiçiliyin qorunması missiyası ABŞ hökuməti üçün daimi, çoxmilyardlıq əlavə hərbi xərclər formalaşdıracaq. Bu xərclər Konqresdə onsuz da kəskinləşən büdcə mübahisələrini alovlandırmaqla yanaşı, qlobal tədarük zəncirindəki ləngimələr və artan logistika xərcləri səbəbindən ABŞ daxilində yanacaq və inflyasiya təzyiqlərini yenidən körükləyə bilər.

Vaşinqton diqqətini və Hərbi Dəniz Qüvvələrinin əsas resurslarını Yaxın Şərq boğazlarını (Hörmüz və Bab-əl-Məndəb) açıq saxlamağa sərf etdikcə, onun əsas rəqibi olan Çin Asiya-Sakit okean regionunda strateji vakuumdan faydalanmağa çalışacaq.

Vaşinqtonun və onun müttəfiqlərinin bütün diqqətini, hərbi-dəniz qüvvələrini və maliyyə resurslarını Yaxın Şərq boğazlarındakı təhlükəsizlik böhranına sərf etməsi, Qərbin Ukraynaya dəstək imkanlarını məhdudlaşdıran obyektiv səbəb ola bilər. Rusiya üçün bu qarşıdurma Qərbin hərbi-siyasi resurslarını tükədən və diqqəti əsas cəbhədən yayındıran ideal “qalxan” rolunu oynayacaq.

Teqlər