Azərbaycanın Ermənistanda qurduğu matris: Kiçik rəqəmlərin arxasında böyük məqsəd

Azərbaycanın Ermənistanda qurduğu matris: Kiçik rəqəmlərin arxasında böyük məqsəd
Anewz

Azərbaycan 2020-ci ildə Ermənistanla müharibə bitəndən etibarən geostrateji mənada əsaslı dönüşə nail olub.

Azərbaycan bu regional çərçivədə iqtisadiyyatla geosiyasət cədvəllərini birləşdirərək ilk baxışda sadə görünən, lakin daha dərin qatda böyük məna ifadə edən matris qurur. Bu matris geosiyasi kurs və iqtisadi konsepsiyanı vahid strategiyada birləşməsində oxunur.

Azərbaycan Respublikası bir məsələdə daha israrlı və qətidir: Ermənistanın Konstitusiyası dəyişdirilməlidir. Bu tələb dar bir hüquqi çərçivə sayılmır və onun fonunda həyata keçirilən iqtisadi-ticari əməliyyat nümunəsi geosiyasətdə Bakı üçün unikal imkandır. Daha dərin struktural qatda bütün bu alətlər Bakı üçün effektiv mexanizm təqdim edir.

Konstitusiya dəyişikliyi tələbi geosiyasi kurs kimi

Ermənistan Konstitusiyasının preambula hissəsində dövlətin təməl prinsipləri müəyyən edilərkən onun birbaşa Ermənistanın İstiqlal Bəyannaməsinə və orada bəyan edilən milli hədəflərə söykənildiyi vurğulanır.

Bəyannamənin preambulasında müstəqillik prosesinin əsası kimi Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarı rəhbər tutulur. Bunun postmüharibə dövründə hüquqi sənəd kimi qalması Azərbaycan üçün qəbuledilməzdir.

Ermənistan da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına etiraz edir. Həmin Aktda Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təsbit edilib. Ancaq erməni tərəfinin kontrarqument kimi istinad etdiyi sənəd eyni məntiqə söykənmir. 

Çünki Azərbaycanın Müstəqillik Aktı başqa dövlətin ərazisinin Azərbaycana birləşdirilməsi haqqında qəbul edilmiş qərara yox, Azərbaycan dövlətçiliyinin tarixi və hüquqi davamlılığına dair mövqeyə əsaslanır. Bu fərq adi deyil və Azərbaycanın öz tələblərini davam etdirməsi üçün hüquqi motivasiyasını gücləndirir.

Hərbi təhlükəsizlik üçün mühüm olan strateji məntəqələri, yüksəklikləri nəzarətdə saxlamaq, qarşı tərəfin hərəkətlərini vizual təsir sahəsində tutmaq vacibdir. Ancaq bu, bütöv bir şəkildə geosiyasi oyunçu kimi yeni qaydalar tərtib etməkdən ötrü kifayət deyil. Hərbi vasitələr dərin yanaşmalarla birləşəndə strateji məqamlar səhnədə görünür və sülh üçün yeni tələbləri formalaşdırır.

Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələblərinə həmin mövqedən baxmaqda fayda var. Lakin bu tələbləri həm də regional təhlükəsizliyin dayanıqlılığı üçün təşəbbüs kimi oxumaq lazımdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiya dəyişikliyini qeyd-şərt kimi irəli sürərkən erməni ictimai-siyasi sisteminin gələcəyi üçün yanaşmasını ifadə edir. Yəni, konstitusiya dəyişikliyi Ermənistan dövlətinin siyasətinin transformasiyası ilə məhdudlaşmayaraq, titanik tabloda siyasi sistemə təsir imkanlarını müəyyənləşdirəcək.

Bakı üçün əsas məsələ Ermənistanın müharibədən əvvəlki siyasətini gələcəkdə yenidən istehsal edə biləcək hüquqi-siyasi çərçivəni aradan qaldırmaqdır.

Deməli, bu məsələdə “Ermənistan Konstitusiyasında nə yazılıb?” sualına cavab verərkən səslənən ilkin rəsmi mövqelər sonradan dərin məcraya gedir. Azərbaycanı burada köklü sual düşündürür: Ermənistan dövləti özünün post-müharibə kimliyini hansı siyasi-hüquqi əsas üzərində quracaq? Azərbaycan Respublikası bu çağırış ətrafında Ermənistan üçün yeni model təklif edir. Bu İrəvan üçün tələ yox, sülh və təhlükəsizlik üçün vacib ideyadır, lakin region dövlətlərindən olan İran və Rusiyanın bunu geosiyasi təsir imkanı kimi qiymətləndirməsinə perspektivdə rast gəlinə bilər. Hələlik Moskvanın və Tehranın açıq rəsmi mövqelərində Azərbaycanın konstitusiya dəyişikliyi tələbini ayrıca dəstəkləyən və ona qarşı olan sərt mövqe görünmür.

Ermənistanla ticarət əlaqələri

Azərbaycanla Ermənistanın iqtisadi-ticari münasibətlərində kommunikasiyanın açılması sülh təşəbbüslərinin gətirdiyi formal əməliyyatların fövqündə dayanır. İndi Azərbaycan Ermənistana mal ixrac edir və iqtisadi alətlərin geosiyasətdə nə demək olduğunun mənası tədricən açılır.

Rəsmi rəqəmlərə əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib.

Hərçənd ki, bu göstərici ölkənin Azərbaycanın ümumi ixrac portfelinin təxminən 0,1 faizini təşkil edərək simvolik bir həddə qalmaqdadır. Lakin prosesin özü regionun gələcəyi baxımından fərqlidir.

Cari ilin mart ayında Azərbaycan ilk dəfə olaraq Ermənistandan 960 dollar dəyərində idxal qeydə alıb.

Böyük ticarətdə mikroskopik sayılan bu rəqəmlər iki ölkə arasında kommersiya əlaqələrinin potensial reabilitasiyasına dair kiçik, tarixi bir presedent kimi qiymətləndirilə bilər. Çünki yeni reallıqlara əsaslanaraq iqtisadi zərurətlərdən doğan belə rəqəmlər böyük sülh müqavilələrinin təməllərindən biri kimi indekslənir.

Lakin mühüm bir disbalans var: Azərbaycanla Ermənistanın maliyyə tutumlu bu cür qarşılıqlı əməliyyatı simmetrlik deyil. Ermənistan Azərbaycanla müqayisədə daha həssas və zəif mövqedə dayanır. Məsələni təkcə rəqəmlər arasındakı fərqdə gizlənmir. Ən vacibi Azərbaycan sıfırdan başlanan ticarəti özünün hərbi-siyasi qələbəsinin geoiqtisadi dividendləri çərçivəsində dəyərləndirir.

Üstəlik, Bakının tranzit yolu ilə İrəvanı taxılla təmin etməsi ərzaq kimi kövrək predmetdə Azərbaycanın psixoloji üstünlüyünü artırır.

Rusiya və İran

Ermənistanın xarici ticarət balansına nəzər salanda İrəvanın geosiyasi oriyentasiyası ilə iqtisadi reallıqları arasındakı dərin uçurum aydın görünür. Bəlkə də Baş nazir Nikol Paşinyan Qərbə inteqrasiyanı açıq müstəviyə keçirərkən, iqtisadi asılılıqlardan da qurtulmağı hədəfləyir. Ancaq Ermənistanın Rusiyadan daha kritik asılılıqları var: Ermənistana idxal edilən təbii qazın 20%-ə qədəri İrandan gəlir, qalanının tədarükçüsü isə Rusiyadır.

Bundan əlavə, İrəvanın iqtisadi xəritəsini vərəqləyəndə Rusiya kapitalının ölkənin strateji sahələrini əhatə etdiyi görünür. Hazırda Ermənistan iqtisadiyyatının aparıcı sahələrində qismən və ya 100 faiz Rusiya nəzarətində olan 40-dan çox iri müəssisə var. Bu iqtisadi asılılığın ən kritik qalası isə enerji sektorudur. Ölkədəki təbii qazın nəqli və paylanması sistemlərinin yeganə hakimi olan “Gazprom Armenia” şirkəti İrəvanın enerji təhlükəsizliyini tamamilə Moskvadan asılı vəziyyətə salıb.

Bu səbəbdən Ermənistanın Gömrük Xidmətinin 2025-ci il üzrə Rusiyadan idxal statistikası rutin ticarət əlaqəsi kimi qiymətləndirilmədən uzaqdır.  Gömrük Xidmətinin son rəqəmləri göstərir ki, 2025-ci ildə ölkə şimal nəhəngi Rusiyadan nə az, nə çox — düz 4,9 milyard dollar dəyərində mal idxal edib.

Digər tərəfdən, BMT-nin COMTRADE məlumat bazasının rəqəmləri Ermənistanın İrandan idxal portfelinə nəzər yetirir. Ermənistanın cənub qonşusu və “nəfəslik” adlandırdığı İrandan idxalı eyni dövrdə 678,94 milyon dollar səviyyəsində olub.

Bunlardan əlavə, Ermənistanın İran və Rusiyadan elektrik enerjisi sahəsində asılılıqlar var. Azərbaycan bu rəqəmlərdəki nisbəti çox cüzi dəyişdirir, lakin böyük vizyon üçün iki məsələ Ermənistanın iqtisadi asılılıq xəritəsindəki Rusiya və İranın mövqeyinə təsir edə bilər.

Ermənistanın Rusiya və İranla bağlı ticarət xəritəsinə müdaxilə imkanı yaradan daha iki enerji-iqtisadi təsir aləti var.

Bunlar Azərbaycanın Ermənistana təbii qaz və elektrik enerjisi ixrac etməsi ilə bağlı mövqeyi və bunun potensialının geosiyasətdə tərəzini necə dəyişdirməsi ilə əlaqəlidir.

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasındakı iqtisadi-ticari əlaqələrin ifadə etdiyi rəqəmlər İran və ya Rusiyanın həcmini üstələmir.

Lakin geosiyasətdə həlledici olan kəmiyyət yox, seçilən istiqamətin nəyi hədəflədiyidir. Azərbaycan bu istiqaməti Rusiya və İranla dalğalı münasibətlərin fonunda müəyyənləşdirərkən Tehran və Moskva Bakının Ermənistanda iqtisadi yüksəliş əldə edəcəyindən narahat ola bilər. Bəlkə də müəyyən mərhələdə Kreml və Tehranın Bakı ilə münasibətlərdə tez-tez ifadə etdiyi sərt xətt daha gizli bir səbəblə bağlıdır: İctimailəşdirilməyən bu səbəb Azərbaycanın Ermənistanın idxal portfelində yer tutaraq regionda fərqli bir statusda geosiyasi oyunçu olması ilə əlaqəlidir. Bura Orta Dəhlizin komponenti kimi TRIPP marşrutu layihəsi və onun perspektivini əlavə edəndə rəqəmlərdəki nisbətin dəyişməsi ehtimalı güclü olan versiya yaradır.

Nəticə

Azərbaycanın Ermənistanda nəhəng bir vizyon formalaşdırması mürəkkəb geosiyasi tənliklərin həllini çağırış kimi ortaya qoyur. Bununla belə, Azərbaycan müharibədən sonrakı 6 ildə əhəmiyyətli məsafə qət edərək Ermənistanın siyasi və iqtisadi indeksində mövqelənibsə, qarşıdan gələn 10 ildə sürpriz nəticələr geostrateji meydançada müzakirə oluna bilər.

Bəlkə də daha iddialı səslənir, lakin bir neçə fakt belə demək üçün əsas yaradır: Bakı tədricən Ermənistan daxilində sistemli təsir imkanlarını inkişaf etdirərək regional balansda dəyişiklik yaratmağı hədəfləyən prioritetləri təyin edir.

Ermənistanın Azərbaycanla əlaqələrdən əldə edəcəyi hər hansı fayda mərhələli şəkildə onun xarici siyasət kursunu Bakının strateji hədəflərinə uyğunlaşdırmağa sövq edəcək...

 

 

 

 

 

Teqlər