İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Bakı sammiti göstərdi ki, Asiyanın əsas ehtiyacı daha bir güclü beynəlxalq təşkilat yaratmaq deyil, fundamental məsələlərdə fikir ayrılıqları olan dövlətlər arasında əməkdaşlığa imkan verən mexanizm qurmaqdır.
Asiyanın mütləq şəkildə daha bir güclü beynəlxalq təşkilata ehtiyacı yoxdur. Əsas ehtiyac fundamental məsələlərdə razılığa gələ bilməyən dövlətlərin əməkdaşlıq etməsinə imkan verən mexanizmdir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) oktyabrın 15-də Bakıda keçirilən yeddinci sammiti təhlükəsizlik sahəsində maraqları ciddi şəkildə fərqlənən ölkələri bir araya gətirib. Aralarındakı kəskin rəqabətə baxmayaraq, İran və İsrail, eləcə də Hindistan və Pakistan eyni platformada təmsil olunur. Bu vəziyyət AQEM-in həm məhdudiyyətlərini, həm də potensialını göstərir.
AQEM-in beynəlxalq təşkilata çevrilməsi prosesi davam etdikcə əsas sual ortaya çıxır: Daha mütəşəkkil təşkilat üzv dövlətlər arasındakı mübahisələr həll olunmadan da əməkdaşlığa şərait yarada bilərmi? Əsas məqsəd üzv dövlətlər üzərində daha geniş səlahiyyətlər əldə etmək deyil, onların əməkdaşlığını asanlaşdırmaq imkanlarını artırmaqdır.
1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə yaradılan AQEM münaqişələri həll etmək üçün deyil, dövlətlər arasında etimadı gücləndirmək və münaqişələrin qarşısını almaq məqsədilə təsis edilib. Qurum müəyyən həll yollarını dövlətlərə məcburi qəbul etdirmək və ya kollektiv təhlükəsizlik öhdəlikləri müəyyənləşdirmək əvəzinə, dialoqu və praktiki əməkdaşlığı təşviq edir.
2022-ci ildə Astanada keçirilən sammitdə AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinə başlanılıb. Növbəti il bu istiqamətdə yol xəritəsi qəbul edilib. Bakı sammiti həmin prosesdə növbəti mərhələ olub. Lakin sammitdə qəbul edilən qərarların rəsmi siyahısında təsis nizamnaməsi yer almayıb.
Bununla belə, beynəlxalq təşkilata çevrilmək AQEM-in fəaliyyətini avtomatik olaraq daha səmərəli etmir. Yeni hüquqi sənədlər, təkmilləşdirilmiş prosedurlar və daha güclü Katiblik qurumun fəaliyyətində davamlılığı təmin edə, əlaqələndirməni və qərarların icrasını yaxşılaşdıra bilər. Ancaq bu dəyişikliklər dövlətlər arasındakı ciddi strateji fikir ayrılıqlarını aradan qaldıra və ya hökumətləri milli maraqlarına zidd hesab etdikləri əməkdaşlığa məcbur edə bilməz.
Əksinə, həddindən artıq institusional inkişaf AQEM-in indiyədək fəaliyyətini davam etdirməsinə və genişlənməsinə imkan verən əsas xüsusiyyətləri — çevikliyi, könüllü iştirakı və qərarların konsensus əsasında qəbulunu zəiflədə bilər.
Buna görə də əsas məsələ qurumun səlahiyyətləri ilə fəaliyyət imkanları arasındakı fərqi anlamaqdır. AQEM-in əməkdaşlığa meyilli olmayan üzv dövlətləri qərarlara əməl etməyə məcbur etmək səlahiyyətinə ehtiyacı yoxdur. Əsas ehtiyac dialoqu davam etdirmək, birgə təşəbbüsləri əlaqələndirmək və sammitlər arasında qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsini diqqətdə saxlamaq imkanlarının gücləndirilməsidir.
Daha güclü təşkilatın məqsədi dövlətləri əməkdaşlığa məcbur etmək deyil, onların əməkdaşlığını asanlaşdırmaq olmalıdır.
Asiyada artıq bir neçə çoxtərəfli əməkdaşlıq platforması fəaliyyət göstərir. BRICS iqtisadi əməkdaşlıq və qlobal idarəetmə məsələlərinə dair müzakirələrdə rolunu genişləndirib. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) isə xüsusilə terrorizmlə mübarizə sahəsində təhlükəsizlik əməkdaşlığı üçün daha mütəşəkkil mexanizmlər yaradıb.
AQEM bu təşkilatlardan fərqli mövqeyə malikdir. Geniş iqtisadi və geosiyasi məsələlərə diqqət yetirən platformalardan fərqli olaraq, onun əsas məqsədi təhlükəsizlik maraqları üst-üstə düşməyən dövlətlər arasında etimadı gücləndirməkdir.
Qurumun əsas üstünlüyü daha güclü siyasi həmrəylik yaratmaqda və ya dövlətləri əməkdaşlığa məcbur etməkdə deyil. AQEM-in üstünlüyü dövlətlərdən strateji mövqelərini dəyişməyi tələb etmədən onların əməkdaşlığına şərait yaratmaq imkanındadır.
Dövlətlər hərbi ittifaqlar və ya regional təhlükəsizlik məsələlərində fərqli mövqelər tutsalar da, qarşıdurmaların qarşısının alınması və nəqliyyat dəhlizlərinin qorunması kimi sahələrdə ortaq maraqlara malik ola bilərlər.
AQEM-in BRICS və ya ŞƏT-lə rəqabət aparmasına ehtiyac yoxdur. Əksinə, qurum bu təşkilatların əsas fəaliyyət istiqamətlərinə daxil olmayan sahələrdə əməkdaşlığa imkan yarada bilər.
AQEM-in bu potensialını praktik nəticələrə çevirməyin yollarından biri geniş çoxtərəfli əməkdaşlıq platformasını konkret məsələlər üzrə maraqlı üzv dövlətlərin iştirakı ilə yaradılan daha kiçik əməkdaşlıq formatları ilə birləşdirməkdir.
Bu yanaşma bütün dövlətlərin hər təşəbbüsdə iştirakını tələb etmir. Ayrı-ayrı münaqişələrin siyasi səbəbləri barədə razılığa gəlməyə də ehtiyac yoxdur. Dövlətlər arasında daha geniş siyasi fikir ayrılıqları həll olunmasa belə, ortaq maraqlarının olduğu konkret məsələlər üzrə kiçik qruplar şəklində könüllü əməkdaşlıq mümkündür.
Bu yanaşma AQEM-in iqtisadi, ekoloji, humanitar, hərbi-siyasi və yeni təhlükəsizlik təhdidlərini əhatə edən Etimad Tədbirləri Kataloquna əsaslanır. Üzv dövlətlər artıq müəyyən fəaliyyətləri könüllü şəkildə əlaqələndirirlər. İndi əsas məsələ bu əməkdaşlığı daha praktik və nəticəyönümlü etməkdir.
Fars körfəzində İran, Qətər və digər maraqlı AQEM üzvləri Hörmüz boğazı yaxınlığında kommersiya gəmiləri ilə bağlı insidentlər barədə könüllü məlumat mübadiləsi mexanizmlərinin yaradılmasını nəzərdən keçirə bilərlər.
Mərkəzi Asiyada isə eyni çay hövzəsində yerləşən dövlətlər su qıtlığı və transsərhəd daşqınlarla bağlı erkən xəbərdarlıq məlumatlarını bir-biri ilə bölüşə bilərlər.
Bu təşəbbüslərin heç biri daha geniş siyasi mübahisələrin həllini tələb etmir. Onların məqsədi mövcud münaqişələri həll etmək deyil, yeni qarşıdurmaların qarşısını almaqdır. Belə praktiki tədbirlər təsadüfi hadisələrin və anlaşılmazlıqların daha ciddi gərginliyə çevrilməsi riskini azalda bilər.
İştirakçı dövlətlər öhdəliklərini özləri müəyyənləşdirə, AQEM isə əməkdaşlığın davamlılığını təmin edə və təşəbbüslərə texniki dəstək göstərə bilər. Geniş çoxtərəfli dialoqun kiçik qruplar çərçivəsində həyata keçirilən praktiki təşəbbüslərlə birləşdirilməsi Asiyada təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
Bəzi yanaşmalara görə, əməkdaşlıq yalnız dövlətlər arasında siyasi etimad yarandıqdan sonra mümkündür. Lakin Asiyanın bir çox bölgəsində bu yanaşma reallığa uyğun deyil. Dövlətlər arasındakı strateji etimadsızlığın kökündə tarixi mübahisələr, ərazi məsələləri, hərbi rəqabət və təhlükəsizliklə bağlı fərqli baxışlar dayanır. Əməkdaşlığa başlamaq üçün bu fikir ayrılıqlarının aradan qalxmasını gözləmək regionun ən aktual təhlükəsizlik risklərini diqqətdən kənarda qoymaq deməkdir.
Daha praktik yanaşma strateji etimadla dövlətlərin konkret vəziyyətlərdə necə davranacağını əvvəlcədən müəyyən edə bilmək arasında fərq qoymağı nəzərdə tutur. Bir-birinə etimad etməyən hökumətlər belə fövqəladə hallar zamanı əlaqə saxlamaq üçün rabitə kanallarının yaradılması, insidentlər barədə məlumat mübadiləsi və ya gərginliyin istənilmədən artmasının qarşısını alan prosedurlar barədə razılığa gələ bilərlər. Bunun üçün əvvəlcədən siyasi barışığa nail olmaq vacib deyil. Çünki qeyri-müəyyənliyin nəzarətsiz qalması bütün tərəflər üçün mənfi nəticələrə səbəb ola bilər.
Gəmiçiliyin və enerji infrastrukturunun qarşıdurmalara qarşı həssas olduğu Fars körfəzində belə tədbirlər əsas təhlükəsizlik mübahisələri həll edilmədən də ortaq maraqların qorunmasına kömək edə bilər. AQEM mövcud regional təşkilatları və diplomatik kanalları əvəz etmək əvəzinə, onların fəaliyyətini tamamlayaraq praktiki mexanizmlərin hazırlanması üçün əlavə əməkdaşlıq platforması rolunu oynaya bilər.
Məqsəd qarşılıqlı etimadın olmadığı şəraitdə süni şəkildə siyasi etimad yaratmaq deyil, fikir ayrılıqları davam etsə belə, dövlətlərin davranışlarını daha proqnozlaşdırıla bilən etməkdir. Zaman keçdikcə konkret məsələlər üzrə uğurlu əməkdaşlıq qarşılıqlı etimadın yaranmasına kömək edə bilər. Lakin bu baş verməsə də, qeyri-müəyyənliyin azaldılması və insidentlərin qarşısının alınması özlüyündə mühüm nəticə hesab oluna bilər.
AQEM-in beynəlxalq təşkilata çevrilməsi prosesi son nəticədə praktik fəaliyyətdə yaratdığı dəyişikliklərlə qiymətləndirilməlidir. Daha güclü Katiblik iştirakçı qurumlar arasında müntəzəm əlaqəni təmin edə, texniki məlumat mübadiləsini asanlaşdıra və razılaşdırılmış təşəbbüslərin icrasını izləyə bilər.
Üzv dövlətlər daha kiçik qruplar şəklində ümumi əməkdaşlıq çərçivəsində könüllü layihələr həyata keçirə bilərlər. Müntəzəm qiymətləndirmələr isə bu fəaliyyətlərin riskləri nə dərəcədə azaltdığını və əməkdaşlığın əlaqələndirilməsini yaxşılaşdırdığını müəyyən etməyə kömək edə bilər. Lakin belə mexanizmlərin işləməsi üçün resurslar, siyasi iradə və əməkdaşlığın əhatə dairəsi dəqiq müəyyənləşdirilməlidir. Əməkdaşlıq dövlətlərin həssas milli təhlükəsizlik maraqlarına toxunduqda isə müqavimətlə qarşılaşa bilər.
AQEM hökumətlərarası diplomatiyanın əsas məhdudiyyətlərini tam aradan qaldıra bilməz. Üzv dövlətlər arasında fikir ayrılıqları davam edəcək və bəzi ölkələr strateji maraqlarına zidd hesab etdikləri təşəbbüslərə qarşı çıxacaqlar. Lakin bu, qurumun əhəmiyyətini azaltmır. Əksinə, onun fəaliyyətinin daha real meyarlarla qiymətləndirilməli olduğunu göstərir.
Etimadın möhkəmləndirilməsinə xidmət edən təşkilatın uğuru ilk növbədə həll etdiyi münaqişələrin sayı ilə deyil, idarə olunmasına kömək etdiyi risklər, qoruyub saxladığı əlaqə kanalları və yaratdığı praktiki əməkdaşlıq imkanları ilə ölçülməlidir.
Bakı sammiti AQEM-in tamhüquqlu beynəlxalq təşkilat kimi gələcək rolunu yenidən nəzərdən keçirmək imkanı yaradıb. Qurumun beynəlxalq təşkilata çevrilməsi prosesi digər təşkilatların formal xüsusiyyətlərini mənimsəməyə deyil, ilkin məqsədlərinə uyğun fəaliyyət imkanlarını genişləndirməyə yönəlməlidir.
Asiyada sülh və əməkdaşlıqla bağlı bəyanatlar kifayət qədərdir. Əsas məsələ siyasi razılıq əldə olunmadan da praktiki əməkdaşlıq mexanizmlərinin işləməsini təmin etməkdir. AQEM-in gələcək əhəmiyyəti dövlətlərin regional nizamla bağlı ortaq mövqeyə gəlmədən də həmin nizamı təhdid edən riskləri azalda biləcəyini göstərməsindən asılı ola bilər.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Yeni yaradılan investisiya fondunun uğuru yalnız maliyyələşdirdiyi layihələrlə ölçülmür. Onun rəhbərliyi, qərarların qəbul olunması qaydası və idarəetmədə şəffaflıq da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dünyəvi dövlətdir, Əfqanıstanda isə hakimiyyət “Taliban”ın əlindədir və ölkə dini qaydalar əsasında idarə olunur. İdeoloji fərqlər uzun müddət iki ölkənin yaxınlaşmasına mane olsa da, son illərdə münasibətlərdə müəyyən irəliləyiş müşahidə olunur.
2020-ci il sentyabrın 27-də Azərbaycan 1994-cü il atəşkəsindən sonra Ermənistanın nəzarətində qalan Qarabağ və ətraf rayonlarda təmas xətti boyunca hərbi əməliyyatlara başlayıb. Bu ərazilər beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınırdı.
Regionda gərginliyin pik həddə çatdığı bir vaxtda Pakistanın hərbi rəhbərliyinin Tehrana səfəri İslamabadın artıq alışdığımız strateji yanaşmasını növbəti dəfə nümayiş etdirir.
Dövlət sifarişi ilə yol çəkmək mümkündür. Lakin işlək bazar yaratmaq üçün təkcə dövlət vəsaiti kifayət etmir. Bunun üçün investisiya qoymağa hazır sahibkarlar, məhsul və xidmətləri almaq istəyən müştərilər, eləcə də gələcəyini bu bölgədə qurmağa hazır insanlar lazımdır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın