Türk dünyası: Zəngin irsdən böyük imkanlara

Türk dünyası: Zəngin irsdən böyük imkanlara
Anewz

Xalqların və dövlətlərin tarixində elə həlledici məqamlar olur ki, ortaq keçmiş gələcəyin formalaşmasında mühüm qüvvəyə çevrilir.

İnanıram ki, türk dünyası bu gün məhz belə bir dövr yaşayır.

Şərqlə Qərbi birləşdirən geniş coğrafiyanı əhatə edən türk dünyasında təxminən 180 milyon insan yaşayır. Bu insanları dərin tarixi və mədəni bağlar birləşdirir. Ticarət, nəqliyyat, investisiya, təhsil, texnologiya və xalqlararası əməkdaşlıq həmin əlaqələri daha da möhkəmləndirir.

Əsrlər boyu ortaq dil, mədəniyyət, ənənələr və tarixi yaddaş sayəsində qorunub saxlanılan birlik bu gün Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində getdikcə daha güclü institusional və praktik məzmun qazanır.

Bu dəyişiklik böyük əhəmiyyət daşıyır. TDT 2009-cu ildə yaradıldıqdan sonra əsasən siyasi dialoqa və mədəni yaxınlığa yönəlmiş platformadan konkret nəticələr əldə etməyi hədəfləyən hərtərəfli əməkdaşlıq mexanizminə çevrilib.

Baş katib kimi səlahiyyət müddətimin sonuna yaxınlaşarkən bu mərhələni yalnız əldə etdiyimiz nailiyyətləri dəyərləndirmək imkanı kimi görmürəm. Daha önəmlisi, əməkdaşlığımızı fərqləndirən xüsusiyyətləri, onun xalqlarımıza təqdim edə biləcəyi imkanları və qarşıdakı onilliklərdə birlikdə qurmaq istədiyimiz türk dünyasını düşünməkdir.

Dərin köklərə söykənən birlik

TDT-ni digər beynəlxalq təşkilatlardan fərqləndirən nadir xüsusiyyətlərdən biri onun təməlidir.

Beynəlxalq təsisatlar çox vaxt müəyyən siyasi çağırışa, iqtisadi zərurətə və ya təhlükəsizliklə bağlı narahatlığa cavab olaraq yaradılır. TDT-nin təməli isə fərqlidir.

Əməkdaşlığımız təşkilatın yaranmasından çox əvvəl mövcud olmuş dəyərlərə — əsrlərlə formalaşmış ortaq tarixə, dil yaxınlığına, mədəni ənənələrə, ümumi dəyərlərə və eyni sivilizasiyaya mənsubiyyətdən doğan dərin bağlılıq hissinə əsaslanır.

Ortaq tariximiz, dilimiz, kimliyimiz və mədəniyyətimiz yalnız keçmişimizi ifadə edən anlayışlar deyil. Bunlar möhkəm və davamlı əməkdaşlığın qurulması üçün etimad təməlini təşkil edir.

Çox az beynəlxalq təşkilat belə təbii təmələ malikdir. Lakin ortaq irs özlüyündə ortaq gələcəyə zəmanət vermir. Tarixi yaxınlığımızı və mədəni bağlarımızı XXI əsrin reallıqlarına və çağırışlarına cavab verən imkanlara, əlaqələrə və əməkdaşlığa çevirmək bizim nəslin məsuliyyətidir.

Bu fikri çox yaxşı ifadə edən sadə bir deyimimiz var: “Birlikdə daha güclüyük”.

Maraqlıdır ki, bu sözlər bütün türk dünyasında başa düşülür və demək olar, tərcüməyə ehtiyac qalmır. Bu da xalqlarımız arasındakı dərin dil və mədəniyyət bağlarını əks etdirir.

Bu gün “Birlikdə daha güclüyük” həmrəyliyimizi ifadə edən şüar olmaqla yanaşı, praktik əməkdaşlığımızın əsas prinsiplərindən biridir.

Ortaq kimlikdən institusional gücə

Son illərin ən mühüm dəyişikliklərindən biri təbii yaxınlığımızın tədricən institusional imkanlara çevrilməsidir.

Bu gün TDT üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edir. Hazırda təşkilatın iqtisadiyyat, ticarət, nəqliyyat, gömrük, energetika, rəqəmsallaşma, sənaye, elm və texnologiya, səhiyyə, təhsil, gənclər, kənd təsərrüfatı, əmək münasibətləri, sosial müdafiə, əqli mülkiyyət, kosmik fəaliyyət və digər sahələri əhatə edən 65 əməkdaşlıq mexanizmi var.

Təkcə 2023-cü ildən bəri 32 yeni mexanizm yaradılıb. Bu rəqəm 2022-ci ilin sonunadək yaradılmış mexanizmlərin ümumi sayına bərabərdir.

Həmin göstərici əməkdaşlıq gündəliyimizin genişləndiyini, eləcə də üzv və müşahidəçi dövlətlərin ortaq prioritetləri konkret institusional əməkdaşlığa çevirmək əzminin artdığını göstərir.

Lakin rəqəmlərdən daha vacibi birgə iş üsulumuzdakı dəyişiklikdir. Siyasi məsləhətləşmələr daha tez-tez keçirilir və məzmun baxımından zənginləşir. Nazirliklər və ixtisaslaşmış qurumlar arasında əlaqələr möhkəmlənir, birlikdə düşünmək, planlaşdırmaq və fəaliyyət göstərmək imkanlarımız genişlənir.

İnkişafımızın bu mərhələsini üç anlayışla ifadə edərdim: icra, transformasiya və institusional dərinləşmə.

Türk Əməkdaşlıq Təşkilatlarının Əlaqələndirmə Komitəsinə sədrlik edən TDT Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk İnvestisiya Fondu (TİF) və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) də daxil olmaqla, əlaqəli təşkilatlarla sistemli və sıx əməkdaşlıq edir.

Bu qurumlar birlikdə türk dünyasında çoxşaxəli əməkdaşlıq çərçivəsinin inkişafına, institusional əlaqələrin möhkəmlənməsinə və ortaq prioritetlərin həyata keçirilməsinə töhfə verir.

Türk İnvestisiya Fondunun yaradılması və fəaliyyətə başlaması bu inkişafda mühüm mərhələdir.

Türk dövlətləri ilk dəfə iqtisadi potensiallarını səfərbər etmək, investisiya və sahibkarlığı dəstəkləmək, kiçik və orta müəssisələri gücləndirmək, birgə layihələrin həyata keçirilməsinə şərait yaratmaq üçün ortaq maliyyə institutu təsis ediblər.

Mərkəzi Banklar Şurası, Türk Yaşıl Maliyyə Şurası və Türk İnvestisiyalarının Təşviqi Şəbəkəsi (TurkIPAnet) də formalaşmaqda olan bu maliyyə və investisiya sistemini möhkəmləndirir.

Əməkdaşlığın hökumətlərdən kənara çıxması

Səlahiyyət müddətim ərzində şahidi olduğum ən ümidverici inkişaflardan biri əməkdaşlıq şəbəkələrinin hökumət və rəsmi qurumlardan kənara çıxaraq özəl sektoru və peşəkar icmaları da əhatə etməsidir.

Notariuslar, auditorlar, mühəndislər, həmkarlar ittifaqları və digər peşələrin nümayəndələri türk dünyasında əlaqələr qurur, şəbəkələr yaradır və institusional əməkdaşlıq imkanlarını araşdırırlar.

Bu genişlənmə TDT-nin Beynəlxalq Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyi, Türk Xizək Kurortları Birliyi və Türk Qırmızı Şəbəkəsi (Turkic Red Network) kimi təşəbbüslərdə də özünü göstərir.

Həmin təşəbbüslər nəqliyyat, turizm və humanitar əməkdaşlıq sahələrində müxtəlif tərəfləri bir araya gətirir.

Biznes dairələri, universitetlər, gənclər, ekspertlər və peşə birlikləri əlaqə qurmaq üçün öz maraqlarını və getdikcə daha çox öz yollarını müəyyənləşdirirlər.

İnsanlar və peşəkar icmalar öz təşəbbüsləri ilə əlaqələr yaratmağa başlayanda əməkdaşlıq institusional çərçivələri aşaraq cəmiyyətin özündə kök salır.

Mənim üçün bu, türk dünyasında əməkdaşlığın getdikcə yetkinləşdiyini göstərən ən aydın əlamətlərdən biridir.

Formalaşan iqtisadi və strateji məkan

Türk dünyasının artan əhəmiyyəti yalnız ortaq irsimizlə deyil, birgə iqtisadi və strateji potensialımızın miqyası ilə də müəyyən olunur.

2025-ci ilin sonuna dair açıqlanan göstəricilərə əsasən, TDT-nin üzv və müşahidəçi dövlətlərinin ümumi daxili məhsulu 2,4 trilyon ABŞ dollarını, ümumi ticarət dövriyyəsi isə təxminən 1,27 trilyon dolları ötüb.

Türk dövlətləri birlikdə dünyanın 11-ci ən böyük iqtisadi gücünə və üçüncü ən böyük enerji təchizatçısına çevrilə bilər.

Neft, təbii qaz, kömür və kritik mineralların böyük ehtiyatlarına malik ölkələrimiz dünya üzrə uran istehsalının 40 faizindən çoxunu təmin edir. Bu, əhəmiyyətli enerji potensialımızı göstərir. Eyni zamanda, ölkələrimiz bərpaolunan enerjinin inkişafına getdikcə daha çox sərmayə yatırırlar.

Qlobal enerji sistemlərinin sürətlə dəyişdiyi və tələbatın artdığı bir dövrdə birgə fəaliyyət seçimdən daha çox zərurətə çevrilir.

TDT-nin son zirvə toplantılarında enerji təhlükəsizliyinin əhəmiyyəti xüsusi vurğulanıb. Etibarlı təchizatı təmin etmək, ticarəti artırmaq, iqtisadi və geosiyasi sabitliyi möhkəmləndirmək üçün boru kəmərlərinin, elektrik şəbəkələrinin, enerji saxlama sistemlərinin və nəqliyyat marşrutlarının əlaqələndirilməsi vacibdir.

Cənub Qaz Dəhlizi, Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi, Kambarata-1 Su Elektrik Stansiyası və Qara dənizin dibi ilə çəkiləcək sualtı elektrik kabeli kimi iri infrastruktur layihələri vasitəsilə türk dövlətləri regional və beynəlxalq enerji əlaqələrini gücləndirirlər.

Bu təşəbbüslər enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, təchizat marşrutlarının şaxələndirilməsində və bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafında türk dünyasının artan rolunu göstərir.

Bu baxımdan “Türk Dünyasına Baxış – 2040” (Turkic World Vision 2040) mühüm strateji çərçivədir. Sənəd iqtisadi inteqrasiyanın dərinləşdirilməsini, əlaqələrin yaxşılaşdırılmasını, institutların gücləndirilməsini, biliyə əsaslanan sənaye sahələrinə investisiyaların artırılmasını, dayanıqlı və inklüziv inkişafın təşviqini nəzərdə tutur.

Nəqliyyat və rəqəmsal əlaqələrin gücləndirilməsi

Bu yanaşmanın əhəmiyyəti ən aydın şəkildə nəqliyyat və digər əlaqələrin inkişafında görünür.

Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi Asiya ilə Avropa arasında getdikcə daha mühüm nəqliyyat əlaqəsinə çevrilir.

Proqnozlara görə, 2030-cu ilədək dəhliz üzrə yükdaşımaların həcmi 11 milyon tona çata bilər.

İllik yükdaşıma gücünün 15 milyon tona qədər olacağı gözlənilən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu da regional əlaqələri gücləndirəcək və Avrasiya boyunca ticarət imkanlarını genişləndirəcək.

Lakin müasir nəqliyyat dəhlizi yalnız dəmir yolları, avtomobil yolları və limanlardan ibarət deyil. Malların sərhədlərdən səmərəli keçidi təmin edilməli, məlumat və sənədlərin hərəkəti də bu prosesə uyğunlaşdırılmalıdır.

TDT fiziki infrastrukturu gömrük və rəqəmsal həllərlə tamamlayır.

Sadələşdirilmiş Gömrük Dəhlizi, elektron icazələr (e-Permit), elektron beynəlxalq yük qaimələri (e-CMR) və rəqəmsal TIR sistemi kimi təşəbbüslər sərhədlərarası ticarəti asanlaşdırmaq və inzibati maneələri azaltmaq məqsədi daşıyır.

Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, eləcə də xidmətlər və investisiyalar sahəsində azad ticarət sazişinin hazırlanması istiqamətində davam edən işlər ölkələrimiz arasında iqtisadi inteqrasiyanı daha da gücləndirəcək.

Rəqabət orqanları, maliyyə kəşfiyyatı bölmələri, investisiyaların təşviqi agentlikləri, ali audit qurumları və vergi administrasiyaları arasında yaxın vaxtlarda qurulmuş əməkdaşlığı da alqışlayırıq.

Bu tərəfdaşlıqlar institusional əlaqələri möhkəmləndirir və türk dünyasında iqtisadi idarəetmənin təkmilləşməsinə töhfə verir.

Rəqəmsal iqtisadiyyat bu gündəliyin əsas istiqamətlərindəndir. Rəqəmsal ticarət platformaları, qarşılıqlı işləyə bilən elektron gömrük sistemləri, maliyyə texnologiyaları sahəsində əməkdaşlıq, təhlükəsiz məlumat mübadiləsi və rəqəmsal tənzimləməyə ortaq yanaşmalar iqtisadi əlaqələrimizi daha səmərəli və əlçatan edə bilər.

Rəqəmsal transformasiya yalnız texniki məsələ deyil. O, müasir iqtisadi inteqrasiyanın təməllərindən biridir.

Məqsədimiz aydındır: nəqliyyat və digər əlaqələrin onlardan istifadə edən insanlar və müəssisələr üçün daha səmərəli olmasını təmin etmək.

Bütün bu proseslər daha sıx əlaqələnmiş türk iqtisadi məkanının tədricən formalaşdığını göstərir. Bu məkanda səmərəli sərhəd keçidləri infrastrukturu tamamlayır, investisiyalar ticarəti dəstəkləyir, ayrı-ayrı ölkələrin üstünlükləri isə getdikcə daha çox ortaq imkanlara çevrilir.

Daha sıx əlaqələrə malik türk dünyasına doğru

Gənc nəsil üçün türk dünyası geniş imkanlar təqdim edən dinamik məkan olmalıdır.

Türk Universitetləri Birliyi (TURKUNIB) və “Orhun Mübadilə Proqramı” tələbələri, akademik heyəti və universitetləri bir-birinə yaxınlaşdırır.

Gənclər üçün Könüllülük üzrə Təhsil Proqramı, Çoxtərəfli Gənclər Mübadiləsi Proqramı və Beynəlxalq Gənclər Düşərgəsi kimi təşəbbüslər də türk dünyasının müxtəlif bölgələrində yaşayan gənclər arasında birbaşa əlaqələri, qarşılıqlı anlaşmanı və ortaq kimlik hissini gücləndirir.

Eyni zamanda, müzakirə olunan Türk Kimlik Kartı və Ortaq Muzey Kartı kimi təşəbbüslər səyahətləri asanlaşdırmaq və ortaq mədəni irsimizə çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.

Nəqliyyat dəhlizindən müəssisələr istifadə etdikdə onun dəyəri artır. Biznes əməkdaşlığı investisiya ilə dəstəkləndikdə güclənir. İnvestisiya texnologiya və insan kapitalı ilə birləşdikdə daha məhsuldar olur.

Cəmiyyətlərimiz bu prosesdə iştirak edib onun nəticələrindən faydalandıqda isə bütün bunlar daha dayanıqlı xarakter alır.

Buna görə də TDT-nin gələcəyi yalnız əməkdaşlıq sahələrinin sayını artırmaqdan deyil, mövcud mexanizmləri daha sıx əlaqələnmiş və vahid imkanlar məkanında birləşdirməkdən asılıdır.

Gücümüz özünəməxsus təməllərimizə söykənməklə yanaşı, daha geniş dünyaya açıq qalmağımızdan qaynaqlanır.

Uzunmüddətli inkişaf istiqamətimiz “Türk Dünyasına Baxış – 2040” sənədində müəyyən edilib.

Dövlətlərimizin suverenliyinə və milli prioritetlərinə tam hörmət əsasında inkişaf etdirilən daha sıx əlaqələr və inteqrasiya iqlim dəyişikliyi, ərzaq və səhiyyə təhlükəsizliyi, fövqəladə hallar və sərhəd tanımayan digər çağırışlarla mübarizədə birgə imkanlarımızı gücləndirməlidir.

Dünyaya açıq türk dünyası

Daha güclü türk dünyası həm də dünya ilə daha sıx əlaqələr quran və ona daha açıq olan türk dünyası deməkdir.

Coğrafi mövqeyimiz bu baxımdan bizə təbii rol verir. Əsrlər boyu türk dünyasının yerləşdiyi ərazilər Avrasiyada xalqları, mədəniyyətləri, bazarları və ideyaları birləşdirib. Bu gün həmin tarixi rola müasir məzmun qazandırmaq imkanımız var.

Nəqliyyat əlaqələrini yaxşılaşdırmaq, ticarəti asanlaşdırmaq, enerji şəbəkələrini birləşdirmək, innovasiyaları təşviq etmək və cəmiyyətlər arasında bağları möhkəmləndirməklə türk dövlətləri yalnız öz rifahlarına deyil, daha geniş Avrasiya regionunda əlaqələrin və əməkdaşlığın inkişafına da töhfə verə bilərlər.

Bu yanaşma TDT-nin Birləşmiş Millətlər Təşkilatı sistemi, digər beynəlxalq və regional təşkilatlarla genişlənən əməkdaşlığında, həmçinin təşkilatdan kənar ölkələr və tərəfdaşlarla çevik əməkdaşlıq platforması yaradan TDT+ formatının inkişafında öz əksini tapır.

Məqsədimiz sülhə, sabitliyə, əlaqələrin genişlənməsinə, dayanıqlı inkişafa və dialoqa töhfə verən praktik, qarşılıqlı faydalı tərəfdaşlıqlar qurmaqdır.

Biz türk dünyasının ətrafında divarlar ucaltmaq deyil, onu daha geniş dünya ilə birləşdirən körpülər salmaq istəyirik.

Daxili əlaqələri daha möhkəm olan türk dünyası xarici aləmə də daha açıq, beynəlxalq səviyyədə daha fəal olacaq və öz sərhədlərindən kənarda dialoqa, inkişafa və ortaq rifaha daha böyük töhfə verə biləcək.

Qarşıdakı yol

Son illərdə türk dünyasının getdikcə daha sıx birləşməsinə, əməkdaşlığımızın müxtəlif sahələrdə genişlənərək konkret nəticələr verməsinə şahid olmaq və bu prosesə kiçik də olsa töhfə vermək mənim üçün böyük şərəfdir.

Lakin bu illərdən çıxardığım ən mühüm nəticə bəlkə də odur ki, qarşımızdakı imkanları reallaşdırmaq yolunun hələ başlanğıcındayıq.

Təməllər qoyulub. Üzv dövlətlərimizin qətiyyəti güclüdür. İnstitusional sistem genişlənib. Ortaq iqtisadi və strateji potensialımız getdikcə daha çox qəbul olunur. Cəmiyyətlərimiz də bir-biri ilə əlaqə qurmağın yeni yollarını kəşf edirlər.

Ankarada “Türk əsri: Dildə, fikirdə və əməldə birlik” mövzusu altında keçiriləcək TDT-nin 13-cü Zirvə Toplantısı Türkiyənin sədrliyinin başlanğıcını qoyacaq və bu inkişaf tempini birgə fəaliyyətimizin növbəti mərhələsinə daşımaq üçün mühüm imkan yaradacaq.

Gələcəyə baxarkən əməkdaşlığımızın uğurunu yalnız imzaladığımız sazişlərin və ya yaratdığımız mexanizmlərin sayı ilə ölçməməliyik. Əsas meyar xalqlarımıza verdiyimiz real fayda olmalıdır.

Prioritetimiz ortaq məqsədlərimizi gələcək nəsillər üçün mənalı imkanlara və davamlı tərəqqiyə çevirmək olaraq qalmalıdır.

Üzv və müşahidəçi dövlətlərimizin başçılarına uzaqgörənliklərinə və sarsılmaz dəstəklərinə görə dərin minnətdarlığımı bildirirəm.

Hökumətlərimizə, qurumlarımıza, daimi nümayəndələrə, ekspertlərə və TDT Katibliyindəki həmkarlarıma da təşəkkür edirəm. Onların fədakarlığı, peşəkarlığı və ortaq məqsədimizə sədaqəti inkişafımızın hər mərhələsində əvəzsiz olub.

Baş katib kimi bu prosesə töhfə vermək mənim üçün böyük şərəfdir.

Səlahiyyət müddətim başa çatmaq üzrə olsa da, türk dünyasının birliyinə, əməkdaşlığına və rifahına sadiqliyim dəyişməz qalacaq.

Bu ortaq işə töhfə verməyi hər zaman böyük imtiyaz hesab edəcəyəm və ortaq gələcəyimizin fövqəladə potensialına inanacağam.

Türk dünyası mədəni yaxınlığını daha sıx əlaqələrə, potensialını real imkanlara, əməkdaşlığını isə xalqlarımız üçün konkret faydalara çevirmək istiqamətində irəliləməlidir.

Əcdadlarımız bizə ortaq irs qoyublar. Gələcək nəsillərə isə bu irsin yalnız xatirəsini deyil, ortaq gələcəyi miras qoymalıyıq.

Dillərimiz və coğrafiyamız arasındakı fərqlərə baxmayaraq, bir mesaj hər zaman səslənməlidir:

“Birlikdə daha güclüyük”.

Teqlər