Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Böyük Britaniya və Fransa arasında əsrlərə söykənən münasibətlər Avropanın siyasi tarazlığını müəyyən edən özünəməxsus dinamikaya – “mehriban-düşmən” paradoksuna - malik olub. Bu paradoksun sərhədləri qoca qitə ilə məhdudlaşmır və digər regionları əhatə edən strateji maraq toqquşmasına çevrilir.
Bunun üçün Yüzillik müharibənin arxiv tozunu, 1904-cü, 1916-cı və 2010-cu illərin sazişlərini (Antanta Kordiale, Says–Piko və Lankaster Haus), eləcə də hər iki dünya müharibəsinin səngərlərində formalaşmış müttəfiqlik salnamələrini vərəqləməyə ehtiyac yoxdur. Azərbaycan kontekstində əsl maraq doğuran məqam bu tarixi köklərin Cənubi Qafqazda necə yeni bir geosiyasi rəqabətə transformasiya olunmasıdır.
Tarixən Britaniyanın Avropa siyasəti qitədə güc balansını qorumaq və hər hansı bir dövlətin hegemon mövqeyə yüksəlməsinin qarşısını almaq strategiyasına əsaslanıb. Fransa diplomatiyası isə əksinə, Avropanın siyasi arxitekturasında aparıcı mövqenin təmin edilməsi və kontinental liderlik ambisiyalarının reallaşdırılması istiqamətinə fokuslanıb.
ABŞ, Böyük Britaniya və Avstraliya triosunun 2021-ci ildə imzaladığı AUKUS paktı Fransa tərəfindən strateji bir təhqir və “arxadan vurulan zərbə” kimi qəbul edildi. Ukrayna müharibəsinin başlaması isə Parisə bu geosiyasi incikliyin qisasını almaq üçün unikal imkan yaratdı; Fransa özünü Avropanın əsas təhlükəsizlik qarantı və regional jandarmı kimi mövqeləndirməyə cəhd etməklə güc vitrinini dəyişməyi hədəfləyir. Hərçənd ki, indi Britaniya-Fransa-Almaniya üçbucağı Ukrayna müharibəsinin Rusiya əleyhinə yönləndirilməsi səylərini birləşdirir.
Buna baxmayaraq, rəqabət refleksləri Böyük Britaniya ilə Fransanın maraqlarının formalaşdığı regionları strateji toqquşma arenası edir. Cənubi Qafqaz da bu dialektikanın özünü büruzə verdiyi geostrateji məkanlardan biridir.
Halbuki məntiqlə Cənubi Qafqazda London və Paris ümumi Qərb dəyərləri və sabitlik ritorikası ətrafında birləşməli idilər. Ancaq hər iki paytaxtın bölgəyə yanaşma fəlsəfəsi və prioritetləri əsaslı şəkildə fərqlənir.
Məsələ heç də Azərbaycanın yaratdığı geosiyasi reallıqları geri oxutmaqda deyil, bu, Paris üçün də mümkünsüz ssenaridir. Çünki onun regiona təsir rıçaqları məhduddur və daha Ermənistana fokuslanması əməkdaşlıq imkanları baxımından Parisin perspektivini dumanlı edir.
Hərçənd, Azərbaycanla siyasi gərginliyə baxmayaraq, Fransanın “TotalEnergies” şirkəti Xəzər dənizində əhəmiyyətli payını qoruyur.
Lakin Fransa Avropa İttifaqı üzrə portfelləri öz patronajlığı altında Ermənistan üzərindən mərkəzləşdirmək istəyir. Buna görə də Ermənistan Fransanın geoiqtisadi hesablamalarında aparıcı strateji xətdə dayanır. Avropa İttifaqı Missiyasının Ermənistanda hələ də qalması Paris üçün daha önəmlidir və Fransa bunu strateji maraqlarının əlaqələndirmə vasitəsi kimi nəzərdən keçirə bilər. Fransa Ermənistanın geosiyasi sponsoru kimi qalmağı hədəflədikcə, Böyük Britaniya regional səhmlərdə enerji nəhəngi kimi statusunu müasir dövrün yaşıl dəhliz strategiyası ilə uzlaşdırır.
Çünki Böyük Britaniyanın regiondakı iqtisadi missiyası daha genişdir: O, Azərbaycanın enerji sektorundan tutmuş dağ-mədən sənayesinə qədər dərinləşən prioritetlər formalaşdırıb. Bundan başqa, Böyük Britaniya qlobal tədarük zəncirlərinin qorunması üçün bərpa olunan enerjiyə sərmayə yatırır, TRIPP marşrutuna dəstəyi Azərbaycan maraqları ilə uyğunlaşdırır.
Böyük Britaniyanın Ermənistandakı maraqları Cənubi Qafqazda balansı qorumaq, regionun Qərbə inteqrasiyasını dəstəkləmək və diversifikasiya olunan yeni bazarlarda iqtisadi pay sahibi olmaq üzərində qurulub.
London üçün Azərbaycanla əlaqələr isə regional layihələrdəki iştirakını qorumaq və gələcək perspektivlərə uyğun formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Ermənistan ticarət əlaqələrinin start götürməsi Britaniyaya görə təqdirəlayiq hal kimi qiymətləndirilə bilər.
Deməli, avtomatik olaraq Böyük Britaniyanın regionun təhlükəsizliyi ilə bağlı qayğıları daha genişdir və bu kontekst onu regionun lideri Azərbaycanla əlaqələri şaxələndirməyə təşviq edir.
Cənubi Qafqazın əsas tranzit qovşağı olan Gürcüstanda da iqtisadi və strateji mövqelər baxımından Böyük Britaniya Fransadan əhəmiyyətli dərəcədə güclüdür.
Paris Gürcüstanı daha çox Avropa İttifaqı institutları vasitəsilə və infrastruktur qrantları ilə dəstəklədiyi halda, London ölkənin birbaşa maliyyə, aviasiya və strateji enerji tranzitinin nüvəsində yer alır.
Fransa Britaniyanın strateji tərəfdaşı Azərbaycana qarşı siyasi cəbhəni genişləndirməyə və regionda Ermənistanın lehinə hərbi çərçivə qurmaq istəyərkən Bakının sərt müqaviməti ilə üzləşir. Böyük Britaniya isə Azərbaycanın maraqlarına uyğun regional siyasi kurs yürütdükcə Bakı ilə London enerji sahəsindəki əməkdaşlığı təhlükəsizlik prioritetlərinə inteqrasiya etdirir.
Bu, dolayı yolla Böyük Britaniya ilə Fransanın rəqabətini tətikləyir. Lakin onun bir gün rəsmi şəkildə partlaması baş verəndə maraqların əks-qütblərə doğru getdiyinə dair təsəvvürlər yarandı.
2023-cü ilin yanvar ayında Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld sosial şəbəkədəki paylaşımında Azərbaycan dili üzrə müəlliminin tapşırığı əsasında “Dərviş Parisi partladır” filminə baxdığını bildirməsi adi mədəni maraq nümunəsindən daha geniş siyasi məna daşıyırdı. Bu seçim Fransa ilə bağlı rəqabət müstəvisində müəyyən eyham kimi də qiymətləndirilə bilər. Səfirin bəyanatı Fransanın Azərbaycana qarşı mövqelərini getdikcə kəskinləşdirdiyi bir dövrə təsadüf edirdi: Fransa Azərbaycanın separatizmə qarşı antiterror əməliyyatları keçirəcəyindən duyuq düşdükcə Bakı əleyhinə lazım olan bütün düymələrə basmışdı.
Britaniya ilə Fransa arasındakı ziddiyyətlərin tarixi əsaslarını araşdırarkən Birinci Dünya müharibəsi dövrünə nəzər salmaq lazımdır. Həmin dövrdə iki dövlətin Yaxın Şərq və ətraf regionlardakı maraqlarının bölüşdürülməsi istiqamətində atdığı addımlar bugünkü geosiyasi rəqabətin tarixi fonunu anlamağa kömək edir.
Bu baxımdan 1916-cı ilin mayında razılaşdırılmış Sayks–Piko sazişi xüsusi əhəmiyyət daşıyır.
Həmin sənəd Britaniya və Fransa arasında Osmanlı imperiyasının nəzarətində olan ərazilərin gələcək taleyinə dair təsir dairələrinin müəyyənləşdirilməsini nəzərdə tuturdu. Razılaşmanın hazırlanmasında Rusiya imperiyasının da iştirakı və İtaliyanın maraqları ilə bağlı diplomatik müzakirələr mühüm rol oynayırdı.
Sazişin əsas mahiyyəti Osmanlı imperiyasının dağılması ehtimalı fonunda Yaxın Şərq ərazilərinin gələcək siyasi və inzibati bölgüsünə dair razılaşma əldə etməkdən ibarət idi.
Lakin Birinci Dünya müharibəsinin gedişində yaranan yeni siyasi reallıqlar ilkin planların dəyişməsinə səbəb oldu. Müharibənin nəticələri və beynəlxalq güc balansındakı dəyişikliklər tərəflərin əvvəlki razılaşmalara münasibətinə də təsir göstərdi.
Britaniyanın Cənubi Qafqaz siyasətində də həmin dövrün geosiyasi şərtləri mühüm rol oynayırdı. Regionda Rusiyanın strateji təsir imkanlarının genişliyi Londonun mövqelərini məhdudlaşdırırdı. Britaniya qoşunlarının Azərbaycandan çıxarılması zərurəti yarandıqda isə regionda alternativ siyasi və hərbi dayaq formalaşdırılması məsələsi aktuallaşdı.
Bu mərhələdə Fransanın Cənubi Qafqazda daha fəal mövqe tutması ideyası da gündəmə gəlmişdi, lakin bu, baş tutmadı. Tarixi konteksti Fergus Auld rəmziləşdirməklə Paris üçün xəbərdarlıq tonunu qaldırmışdı: Ən çox sevdiyi Azərbaycan filminin “Gün keçdi” olduğunu deməklə vurğunu daha sərrast ifadə etmişdi. İqtisadi iştirakçılığa dair güclü mövqe geostrateji statusu müəyyən etdiyindən Britaniya ilə Fransanın Cənubi Qafqazdakı rəqabətinin simvolik olmadığı bu pəncərədən də görünür.
Fransa-Britaniya münasibətlərində institusional qarşılaşmanın digər meydanı Mərkəzi Asiyadır.
Mərkəzi Asiya uran, litium və digər strateji minerallarla zəngin xammal ehtiyatları, eləcə də Avropanı Çinlə birləşdirən və Rusiyadan yan keçən inkişaf etməkdə olan Orta Dəhliz üzərində yerləşməsi səbəbindən getdikcə daha böyük geosiyasi əhəmiyyət qazanır. Bu, Fransa ilə Britaniyanın rəqabətini Mərkəzi Asiyada aydınlaşdıran məqamdır.
Parislə London ayrı-ayrı strateji platformalar üzərində hərəkət etsələr də, hər ikisinin məqsədi regionda Rusiya və Çin təsirlərini zəiflətməkdir. Ancaq Parisi fərqləndirən başqa bir xüsusiyyət də var: O, Türkiyənin də Mərkəzi Asiyadakı yüksəlişini məhdudlaşdırmağı hədəfləyir.
Buna görə də Mərkəzi Asiyada əməkdaşlıq formatları Fransa üçün təbliğat hekayəsi deyil.
Bu region Fransa üçün Orta Dəhlizin müvafiq seqmentlərinə maliyyə və investisiya resursları yönəltməklə geosiyasi mövqelərini gücləndirmək baxımından əlverişlidir. Digər tərəfdən, Paris burada güc boşluqları axtararaq ora sirayət etmək üçün yeni təhlükəsizlik prioritetləri formalaşdırmaqda maraqlıdır.
Ona görə də Qazaxıstan və Özbəkistan vasitəsilə regionda daha güclü mövqe tutmaq üçün diplomatik-siyasi oyuna başlamaq Fransanın hesablamalarında nəzərəçarpacaq yer tutur. Prezident Emmanuel Makronun 2023-cü ilin noyabr ayının əvvəllərində Qazaxıstan və Özbəkistana səfəri Parisin geoiqtisadi quruluşu dəyişdirmək ambisiyasını daha aydın göstərməyə başladı. Uran idxal əməliyyatlarında isə Fransa üçün Qazaxıstanın ayrıca yeri var.
Emmanuel Makronun Mərkəzi Asiya səfəri Fransanın nüvə enerjisi və mineral resurs təminatındakı strateji rolunu ön plana çıxarmaq məqsədi daşıyırdı.
Bu diplomatik gediş həm Qazaxıstan və Özbəkistanla iqtisadi tərəfdaşlığı genişləndirmək, həm də regional münasibətləri Paris oxu ətrafında möhkəmləndirmək məqsədi güdürdü.
Fransanın bu cür manevrləri Qazaxıstan və Özbəkistanın strateji qavrayışlarına təsir edir.
Bu gün Qazaxıstan və Özbəkistan Fransanı əsas tərəfdaş hesab edərkən Böyük Britaniyanın prosesi necə oxuması maraq doğurur.
Böyük Britaniya Parlamenti Xarici İşlər Komitəsinin 2023-cü ildə dərc etdiyi “Yol ayrıcında olan ölkələr: Böyük Britaniyanın Mərkəzi Asiyada iştirakı” adlı hesabatındakı gündəlikdən irəli gələrək o zamankı xarici işlər naziri Devid Kemeron 2024-cü ilin aprelində bölgəyə və Monqolustana beş günlük tarixi səfər etdi. Bu səfər Britaniya diplomatiyasında yeni dövrün başlanğıcı kimi qiymətləndirildi.
Turnenin əsas məqsədi Böyük Britaniyanın uzunmüddətli regional tərəfdaş kimi rolunu dərinləşdirmək, Britaniya şirkətləri üçün yeni biznes imkanları açmaq və Rusiyanın sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq idi. Yumşaq güc təsirini artırmağı hədəfləyən nazir ticarət əlaqələrini gücləndirmək üçün 50 milyon funt sterlinq həcmində investisiya qoyulacağını elan etdi.
Fransanın Cənubi Qafqazdan fərqli olaraq Mərkəzi Asiyadakı gedişi selektiv deyil, üstəlik Britaniya maraqlarını üstələyə biləcək trayektoriyadadır. Bunun Cənubi Qafqaz üçün nə demək olduğunu başa düşmək vacibdir.
Fransanın Türk Dövlətləri Təşkilatının iki üzvü ilə – Qazaxıstan və Özbəkistanla – tərəfdaşlıq əlaqələri bəlkə də Astana və Daşkənd prizmasından çoxvektorlu siyasətin nəticəsi kimi ölçülür.
Qazaxıstan Böyük Britaniyanın Mərkəzi Asiyada ən mühüm strateji və iqtisadi tərəfdaşıdır. Londonun Astana ilə münasibətləri enerji və investisiya əməkdaşlığından kənara çıxaraq kritik minerallar, nəqliyyat-logistika, maliyyə və regional təhlükəsizlik sahələrini əhatə edən institusional tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Deməli, Qazaxıstanın Orta Dəhliz üzrə strateji seçimləri London və Parisin Mərkəzi Asiyadakı geoiqtisadi rəqabətinin istiqamətinə təsir göstərə biləcək amillərdəndir.
Amma Fransanın Mərkəzi Asiyadakı strateji hədəfləri təhlil olunduqda, onun geosiyasi niyyətlərinin mövcud qlobal rəqabət oxlarına necə təsir göstərdiyi açıq şəkildə görünür: Rusiya, Çin və Türkiyənin enişini təmin etmək və dolayı yollarla Britaniyaya qarşı hərəkət çərçivəsini dəyişdirmək.
Bu kontekstdə Fransanın Mərkəzi Asiya ilə tərəfdaşlığını bir neçə ticarət sazişi və investisiya təşəbbüsünün məcmusuna endirmək ciddi siyasi yanlışlıq olardı. Söhbət Mərkəzi Asiyada geosiyasi güc balansını yenidən formalaşdırmaq potensialına malik, eyni zamanda Azərbaycanın və onun regional müttəfiqlərinin strateji maraqlarına birbaşa toxunan, uzunmüddətli geosiyasi hesablamalara söykənən məqsədyönlü siyasi strategiyadan gedir.
Bunlara baxmayaraq, Fransanın Mərkəzi Asiya ilə Cənubi Qafqazdakı nəqliyyat bağlantısını diversifikasiya etməyi hədəfləyən TRIPP marşrutu ilə bağlı hesablamalara davamlı müqavimət göstərməsi ehtimalı azdır. Çünki TRIPP daha geniş gündəliyi əhatə edir, eyni anda ABŞ, Çin, Böyük Britaniya kimi qlobal, Türkiyə kimi regional güclərin strateji xəttində aparıcı mövqedədir. Fransanın buna qarşı ittifaq və ya koalisiya yaratması çətindir. Ona görə də Paris TRIPP-ə qarşı kursu davam etdirməkdənsə, özünü geniş səhm sahibi kimi bu dəhlizin məntiqində qərarlaşdırmağı seçə bilər.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Regionda gərginliyin pik həddə çatdığı bir vaxtda Pakistanın hərbi rəhbərliyinin Tehrana səfəri İslamabadın artıq alışdığımız strateji yanaşmasını növbəti dəfə nümayiş etdirir.
Dövlət sifarişi ilə yol çəkmək mümkündür. Lakin işlək bazar yaratmaq üçün təkcə dövlət vəsaiti kifayət etmir. Bunun üçün investisiya qoymağa hazır sahibkarlar, məhsul və xidmətləri almaq istəyən müştərilər, eləcə də gələcəyini bu bölgədə qurmağa hazır insanlar lazımdır.
Qırmızı dənizdə yeni təhlükəsizlik sazişləri hazırlanır. Lakin əsas məsələ dənizin hər iki sahilində eyni vaxtda böhran baş verdikdə hansı ölkənin və ya qurumun hərəkətə keçəcəyini müəyyənləşdirməkdir.
Beynəlxalq münasibətlər sistemi dəyişir. Artıq bir çox ölkə üçün əsas məsələ yalnız böyük güclər arasında seçim etmək deyil, həm də iqtisadi təhlükəsizliyini, siyasi müstəqilliyini və diplomatik imkanlarını bu dövlətlərin dəyişən maraqlarından və qərarlarından qorumaqdır.
ABŞ–Mərkəzi Asiya əlaqələrinin güclənməsi beynəlxalq münasibətlərdə alternativ tranzit marşrutlarına, enerji və kritik mineralların təchizatının şaxələndirilməsinə artan marağı əks etdirir. Bu istiqamətlər geosiyasi təsir imkanlarını genişləndirmək baxımından getdikcə daha çox əhəmiyyət qazanır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın