“PrimeTime” | 5 avqust 2026-cı il

"AnewZ"un "PrimeTime" proqramının 5 avqust buraxılışında əsas mövzu Hörmüz boğazının yenidən açılması istiqamətində əldə olunan irəliləyişlər olub. Daha sonra regional vasitəçilik səyləri və İsrail-Livan sərhədi ilə bağlı misli görünməmiş danışıqlar təhlil edilib.

Hörmüz boğazı üzrə danışıqlar

Proqramda həftələrlə davam edən fasilələrdən sonra Hörmüz boğazının yenidən açıla biləcəyinə dair artan ümidlərə diqqət çəkilib. Belə ki, İran və Oman dünyanın ən mühüm enerji dəhlizlərindən birində ticarət gəmiçiliyini bərpa etmək məqsədi daşıyan danışıqlarda irəliləyiş olduğunu bildiriblər.

ABŞ Prezidenti Donald Tramp və maliyyə naziri Skot Bessent tezliklə ciddi irəliləyişin əldə oluna biləcəyinə dair nikbinliklərini ifadə etsələr də, Tehran yalnız Omanla danışıqlar apardığını və Vaşinqtonla birbaşa təmasa keçmədiyini bildirib. Proqramda həmçinin bu su yolunun yenidən açılmasının qlobal enerji bazarlarına və gəmiçilik azadlığına mümkün təsirləri nəzərdən keçirilib.

"PrimeTime"da siyasi şərhçi Nuno Vahnon Martinsin təhlili də yer alıb. O, Vaşinqton və Tehrandan gələn ziddiyyətli bəyanatları, regional vasitəçilərin rolunu və hər hansı potensial razılaşmanın qarşılaşacağı çətinlikləri müzakirə edib. Analitik hesab edir ki, Oman ən etibarlı vasitəçi olaraq qalır, lakin genişmiqyaslı geosiyasi gərginliklər aradan qaldırılmasa, istənilən saziş kövrək olacaq.

Regional diplomatiya və enerji təhlükəsizliyi

Həmçinin Oman, Qətər və Pakistanın iştirakı ilə aparılan daha geniş diplomatik səylər araşdırılıb, bu üç ölkənin nə üçün İran və ABŞ arasında əsas vasitəçilərə çevrildiyi incələnib. Hörmüz boğazında gəmiçiliklə bağlı təklif olunan yeni qaydalar, bunun neft bazarları və ticarət gəmiçiliyi üçün nəticələri, eləcə də son münaqişənin iqtisadi və hərbi bədəli təhlil edilib.

Müzakirələr zamanı mövcud danışıqların daha genişmiqyaslı ABŞ-İran təmaslarına çevriləcəyi, yoxsa yalnız dəniz təhlükəsizliyinin bərpası ilə məhdudlaşacağı məsələsinə də toxunulub.

İsrail-Livan danışıqları

"PrimeTime" proqramı ABŞ-nin vasitəçiliyi ilə Romada İsrail və Livan arasında keçirilən danışıqların son mərhələsini də işıqlandırıb. Bu danışıqlar İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasını sürətləndirmək, Livan Silahlı Qüvvələrinin bölgədə yerləşdirilməsini gücləndirmək və daha uzunmüddətli təhlükəsizlik razılaşmasına doğru irəliləmək məqsədi daşıyır. Proqramda danışıqların qarşısında duran əsas maneələr, o cümlədən Hizbullahın gələcək rolu, sərhəd təhlükəsizliyi və daha davamlı sülh perspektivləri araşdırılıb.

Buraxılışda Misqav İnstitutunun icraçı direktoru Aşer Fredmanın da təhlilləri yer alıb. O, danışıqların əhəmiyyəti, İsrailin təhlükəsizlik narahatlıqları, Livan hökumətinin Hizbullahın nüfuzunu məhdudlaşdırmaq imkanları və uğurla nəticələnəcəyi təqdirdə bu danışıqların daha geniş regional normallaşma üçün əsas yarada biləcəyi barədə danışıb.

Qlobal xəbərlər

"PrimeTime" proqramında həmçinin beynəlxalq aləmdəki əsas hadisələri xülasə edili. 70 mindən çox miqrantın Mərakeşdən İspaniyanın Seuta ərazisinə daxil olmasından sonra Avropa İttifaqına təzyiqlərin artması, xarici sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı çağırışlar və Madridin böhrana yanaşmasının tənqid olunması vurğulanıb.

Proqramda həmçinin Britaniyada antisemitizm hallarının kəskin artması, Konqo Demokratik Respublikasında ölümcül Ebola epidemiyasının qarşısını almaq üçün yenilənmiş cəhdlər, Əfqanıstanın silahlı qruplaşmaların onun ərazisindən qonşu ölkələri təhdid etmək üçün istifadə etdiyinə dair iddiaları rədd etməsi, o cümlədən Pakistan və ABŞ-nin antiterror tərəfdaşlıqlarını bir daha təsdiqləməsi barədə xəbərlər verilib.

Buraxılışda Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi yeni zərbələr və Ukraynanın Rusiya ərazisindəki PUA hücumları, eləcə də əsas tibbi ləvazimat çatışmazlığının səhiyyə xidmətlərini çətinləşdirməyə davam etdiyi Qəzzadakı xəstəxanalara artan təzyiqlər də işıqlandırılıb.

Teqlər