İndoneziyada vulkan püskürməsi səbəbindən uçuşlar dayandırılıb
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da...
“Gəncə aviatorları” gənc ispan könüllülərin hərbi pilot kimi təlim keçmək üçün Sovet dövründə Azərbaycana gəlməsindən və XX əsrin taleyini müəyyənləşdirən münaqişələrə cəlb olunmasından bəhs edir.
Gəncəyə gizli səfər
1936-cı ildə İspaniya parçalanmaq üzrə idi.
General Fransisko Frankonun demokratik yolla seçilmiş İkinci Respublikaya qarşı çevriliş cəhdi Avropa tarixinin ən qaranlıq dövrlərindən birinin başlanğıcı idi. İspaniya Vətəndaş müharibəsi yalnız ölkədaxili qarşıdurma deyildi. Bu, tezliklə İkinci Dünya müharibəsinin gedişini müəyyənləşdirəcək ideologiyaların, silahların və ittifaqların sınaq meydanına çevrildi.
Respublikaya təcili pilotlar lazım idi.
Ölkənin öz uçuş məktəbləri həddindən artıq yüklənmişdi. Təlimatçılar artıq cəbhədə idilər. Fransa yalnız ilkin hazırlıq təklif etdi. Böyük Britaniya isə imtina etdi. Buna görə də İspaniya Respublikası üzünü şərqə — Sovet İttifaqına tutdu.
Bu qərar yüzlərlə gənc ispanı Azərbaycana gətirdi.
Onlar Avropanı gəmi və qatarla gizli şəkildə keçdilər. Leninqrad, Moskva, Xarkov və Odessadan sonra Gəncənin sovet dövründəki adı olan Kirovabada çatdılar. Burada, vətəndən uzaqda, onları müharibəyə hazırlamaq üçün hərbi aviasiya məktəbi yaradıldı.
Sənədli film əməliyyatın ictimaiyyətdən necə gizli saxlanıldığını göstərir. İspan adları rus adları ilə əvəzlənmişdi. Kimsə soruşsaydı, onların sadəcə sovet tələbələri olduğu deyilirdi. Lakin məxfiliyin də həddi vardı. Onlar gənc və ispan idilər. Danışır, gülür, yerli insanlarla ünsiyyət qurur, münasibətlər yaradırdılar. Çox keçmədən onların burada olması hamının bildiyi sirrə çevrildi.
Məktəb isə çoxlarının təsəvvür etdiyi möhtəşəm aviasiya akademiyası deyildi. Hər şey tələsik və mövcud imkanlar hesabına təşkil olunmuşdu. Aerodromların vəziyyəti ağır idi. Tələbələr uçuşdan əvvəl meydançadakı daşları özləri təmizləməli olurdular. Kazarmalar sadə, təlim isə son dərəcə gərgin idi.
Adətən bir neçə il davam edən hazırlıq proqramı bir neçə aya sığışdırılmışdı.
Kursantlar təlimə ağac və parçadan hazırlanmış sadə “Polikarpov U-2” təyyarəsi ilə başlayırdılar. Təyyarə rahatlıqdan uzaq idi. Texnikalar müasir erqonomik imkanlara malik deyildi. Onun əyləc sistemi bugünkü pilotların tanıdığı sistemlərdən tamamilə fərqlənirdi. Bununla belə, təyyarəyə texniki xidmət göstərmək və onu təmir etmək asan idi. Bu da əvvəllər heç vaxt uçmamış gənclərin hazırlanması üçün onu əlverişli edirdi.
Bu, çoxları üçün böyük sarsıntı idi.
Onlar yeniyetmə və ya iyirmi yaşını yenicə keçmiş gənclər idilər. Xarici ölkədə yaşayırdılar. Rus dilini bilmirdilər, təlimatçıları isə ispanca danışmırdı. Dil maneəsi o qədər ciddi idi ki, tələbələr, tərcüməçilər və təlimatçılar praktik aviasiya terminologiyasını sıfırdan yaratmalı oldular. Rusca-ispanca aviasiya lüğəti tərtib edildi. Sadə komandalar həyatda qalmaq üçün vacib vasitəyə çevrildi.
Bu, sadəcə təlim deyildi, Həm də zamanla yarış idi.
Kursantlardan döyüş pilotlarına
Sənədli film gənclərin ilkin təlim təyyarələrindən daha müasir sovet təyyarələrinə — “Tupolev SB-2” bombardmançısına, “Polikarpov I-15” və “I-16” qırıcılarına keçidini göstərir.
Bu təyyarələr sonradan İspaniyada respublika aviasiyasının əsas qüvvələrindən birinə çevrildi. Respublikaçılar arasında “Mosca”, rəqiblərindən isə “Rat” kimi tanınan “I-16” Respublika qüvvələrinə daha yüksək sürət və manevr imkanları qazandırdı.
Gəncədə təlim keçən pilotlar İspaniyaya arzularla yaşayan gənclər kimi deyil, döyüşə hazır hərbçilər kimi qayıtdılar.
Bəziləri mahir döyüş pilotuna çevrildi. Sənədli filmin əsas qəhrəmanlarından biri olan Xose Mariya Bravo Respublikanın ən bacarıqlı pilotlarından biri idi. Film onun qızı Lyudmila Bravonun xatirələri vasitəsilə təkcə hava döyüşlərini deyil, onların arxasında dayanan ağır insani yükü də üzə çıxarır.
Pilotlar müharibədən şöhrət kimi danışmırdılar. Onlar qorxudan, vəzifə borcundan və sağ qalmaqdan bəhs edirdilər.
Onlar kəşfiyyat uçuşları həyata keçirir, bombardmançı təyyarələrə hücum edir, İspaniya səmasında Almaniya və İtaliyanın dəstəklədiyi aviasiya qüvvələrinə qarşı döyüşürdülər. Sənədli film hava döyüşlərini təyyarələrin saniyələr ərzində yüksəldiyi, şığıdığı, dövrə vurduğu və müxtəlif istiqamətlərə dağıldığı xaotik qarşıdurma kimi təsvir edir. Belə şəraitdə tərəddüd ölümlə nəticələnə bilərdi.
İkinci müharibə və sürgün həyatı
Lakin hekayə İspaniya Vətəndaş müharibəsi ilə bitmədi.
Franko qalib gəldikdən sonra respublikaçı pilotların çoxu vətənə qayıda bilmədi. Bəziləri sürgünə yollandı, digərləri isə Sovet İttifaqında qaldı. Sənədli filmə görə, 1939-cu ildə təlimlərini başa vuran 185 pilot İspaniyaya qayıda bilmədi. Onlardan 84-ü sonradan Meksikaya köçdü, 101-i isə Azərbaycanda qaldı.
Sonra daha bir müharibə başladı.
Nasist Almaniyası 1941-ci ildə Sovet İttifaqına hücum edəndə bəzi ispan aviatorları da müharibəyə qoşuldular. Sənədli film həmin mübarizədə Azərbaycanı əsas mərkəzlərdən biri kimi təqdim edir. Bakının neft yataqları sadəcə sənaye obyektləri deyil, strateji əhəmiyyət daşıyan həyati mənbələr idi. O dövrün müharibələri mühərriklərdən, mühərriklər isə yanacaqdan asılı idi.
Film ispan pilotlarının bəzi bölgələrdə, o cümlədən Qafqaz, Moskva, Odessa və Bakı da hava məkanının və aerodromları necə qoruduğunu təqdim edir. Bravo Bakının ətrafındakı neft yataqlarını qoruyan hərbi hissədə xidmət edib. Burada əsas məqsəd Almaniyanın kəşfiyyat təyyarələrinin mühüm hədəfləri müəyyənləşdirməsinin qarşısını almaq idi.
Sənədli film daha qaranlıq talelərdən də bəhs edir.
Bəzi ispanlara pilot kimi xidmət etməyə icazə verilmədi. Çünki Sovet hakimiyyəti onlara inanmırdı. Digərləri əmək düşərgələrində, həbsxanalarda və saxlanma mərkəzlərində oldu. Bəziləri təxribat əməliyyatlarında iştirak etdi. Döyüşənlər də oldu. Qalanları isə müharibə və sürgünlə əlaqədər oalraq yoxa çıxdı.
Unudulmuş bir səhifənin xatırlanması
Nəhayət, İspaniyaya qayıdanlar üçün tanınmaq asan olmadı.
Onlar özlərinə necə münasibət göstərəcəyini bilməyən bir ölkəyə qayıtmışdılar. Peşə hazırlıqlarını Sovet İttifaqında keçmişdilər. İspaniya ilə Sovet İttifaqı arasında diplomatik münasibətlər yox idi. Onların hərbi rütbələri onilliklər boyu tanınmadı. İspaniya hakimiyyəti bəzilərini sorğu – sual etdi. Digərləri isə xarici kəşfiyyat xidmətlərinin dindirilməsinə məruz qaldı. Çoxu bir-birinə arxalanaraq həyatını səssizcə yenidən qurdu.
“Gəncə aviatorları” yalnız aviasiya haqqında hekayə deyil.
Bu, yaddaş haqqında hekayədir
Film gənclərin nəticələrini tam anlamadan tarixi hadisələrin içinə necə sürükləndiyini göstərir. Qitələri keçən bu insanlar sonradan müharibənin izlərindən asanlıqla xilas ola bilmədilər.
Film Azərbaycanı Avropa tarixinin unudulmuş bir səhifəsində İspaniya Respublikası hərbi hava qüvvələrinin bir hissəsinin hazırlandığı mühüm təlim mərkəzi kimi təqdim edir.
Təlim zamanı həlak olanlardan bəziləri Gəncədə dəfn edilib. İkinci Dünya müharibəsində döyüşənlər isə Bakıda torpağa tapşırılıb. Onların adları İspaniya, Azərbaycan və ötən əsrin böyük münaqişələrini birləşdirən daha geniş tarixin bir hissəsi olaraq qalır.
Sənədli filmdə səslənən bir cümlə bu faciəni aydın ifadə edir: onların gəncliyinin ən gözəl illəri müharibədə itirildi.
Lakin film başqa bir həqiqəti də üzə çıxarır.
Müharibə, sürgün və sükutdan keçən bu aviatorlar özlərindən sonra cəsarət, ziddiyyət və sağ qalma haqqında iz qoydular. Onlar Gəncəyə uçmağı öyrənmək üçün gəlmişdilər.
Vətənə qayıdanlar özləri ilə ağır xatirələr apardılar. Bu, onları göylərdə döyüşə hazırlayan və çoxunu tarixin içində itirən bir dövrün xatirəsi idi.
İspan dilində versiyanı izləyin: “Los aviadores de Ganja”
https://youtu.be/d7vloI4zaBQ?si=TKO4YspaFgvxFgeM
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ “gec olmadan” İranla müharibədə “oyun qaydalarının” dəyişdiyini qəbul etməlidir. Onun açıqlaması Vaşinqtonun Körfəzdə bir neçə İran tankerinə zərbə endirməsindən bir gün sonraya təsadüf edib.
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı Moskvada üç saatdan çox davam edən danışıqlar aparıb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Cənubi Koreya Prezidenti Li Cae Myon dörd günlük səfər üçün Fransaya yola düşüb.
Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.
Cənubi Koreya Prezidenti Li Cae Myon dörd günlük səfər üçün Fransaya yola düşüb.
İsrail səhər saatlarında Livanın cənubuna yeni zərbələr endirib. Bildirilib ki, hücumlar “Hizbullah”ın İsrail qüvvələrinə qarşı həyata keçirdiyi iki dron hücumuna cavab olaraq həyata keçirilib.
İspaniya hakimiyyəti Seutaya gələn və hazırda küçələrdə qalan yüzlərlə miqrant üçün yeni yerləşdirmə məntəqəsi hazırlayır. Bu barədə yerli media məlumat yayıb.
Yaponiya və BMT Əfqanıstanın beş vilayətində 9,4 milyon dollarlıq ikiillik layihəyə başlayıb. Layihə əvvəllər xaşxaş becərən ailələrə yardım göstərilməsini, narkotik asılılığının qarşısının alınması və müalicəsi xidmətlərinin genişləndirilməsini nəzərdə tutur.
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini dəyişib, geri qayıdıb, bəzi reyslər isə ləğv edilib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın