Saakaşvili həbsdə olmasına baxmayaraq, Gürcüstan müxalifətini yenidən quracağını vəd edir

Saakaşvili həbsdə olmasına baxmayaraq, Gürcüstan müxalifətini yenidən quracağını vəd edir
Reuters

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili sədri olduğu və təxminən on il ölkəyə rəhbərlik etdiyi müxalifət partiyasını yenidən qurmaq niyyətini açıqlayıb.

Hakimiyyətdən sui-istifadə, dövlət vəsaitlərini mənimsəmə, ölkəyə qanunsuz giriş və digər cinayətlərə görə 12 il 6 ay həbsə məhkum edilən siyasətçi “müasir, gənclərin fəal iştirak etdiyi və geniş ictimai dəstəyə malik hərəkat” yaratmaq istədiyini bildirib.
“İyulun sonunda müvəqqəti rəhbərliyin seçilməsi üçün partiyanın qurultayı çağırılacaq. Mən partiyanı faktiki olaraq yenidən qurmaq, “Vahid Milli Hərəkat”ı köklü şəkildə dəyişdirmək və onu yenidən fəal siyasi mübarizəyə hazırlamaq üçün İslahatçılar Şurasının yaradılmasını təklif edirəm”, — Saakaşvili sosial şəbəkədəki paylaşımında yazıb.

Baş nazir İrakli Kobaxidze. Tbilisi, Gürcüstan, 26 oktyabr 2024-cü il.  

Reuters


Partiya 2024-cü ildə keçirilən parlament seçkilərində səslərin təxminən 10 faizini qazanıb. Sonra bir neçə yeni Avropayönlü partiyanın yaratdığı koalisiya ölkənin əsas müxalif qüvvəsinə çevrilərək partiyanı həmin mövqedən sıxışdırıb.
Saakaşvili çərşənbə günü yaydığı bəyanatda partiyanın mümkün rəsmi ləğvi təhlükəsinə qarşı dayana biləcək siyasi hərəkat yaratmaq istədiyini bildirib. O, əlavə edib ki, hərəkatın bütün daxili strukturları ümumi səsvermə yolu ilə seçiləcək və eyni qaydada geri çağırıla biləcək.

“Vahid Milli Hərəkat”ın qadağan edilməsi istiqamətində addımlar

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası 2025-ci ilin sonlarında “Vahid Milli Hərəkat”ın, eləcə də digər iki əsas qərbyönlü partiyanın qadağan edilməsi üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib.
Qərb əleyhdarı “Gürcü Arzusu” partiyasının yüksək vəzifəli üzvü Şalva Papuaşvili daha əvvəl partiyanı “konstitusiya quruluşuna real təhlükə” adlandırıb.
Partiyanın keçmiş sədri Levan Xabeişvili 2025-ci il yerli seçkiləri ərəfəsində gürcüləri “dinc inqilab” üçün küçələrə çıxmağa çağırdıqdan sonra may ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mixeil Saakaşvili kimdir?

58 yaşlı Saakaşvili 2004–2013-cü illərdə ardıcıl iki müddət Gürcüstan prezidenti olub. Prezidentliyi dövründə Qərblə əlaqələri gücləndirib, NATO və Avropa İttifaqına üzvlüyü əsas siyasi hədəflərə çevirib. O, həmçinin korrupsiyaya qarşı mübarizə aparıb və dövlətə məxsus bir çox müəssisəni özəlləşdirib.
Lakin onun rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” 2012-ci il parlament seçkilərində Gürcü Arzusu” partiyasına məğlub olub. Bu, hakimiyyətinin getdikcə avtoritar xarakter alması və səlahiyyətlərdən sui-istifadə ilə bağlı narahatlıqlar fonunda baş verib. 
Saakaşvili vəzifədən getdikdən sonra Ukraynaya köçüb və Odessa vilayətinin qubernatoru olub. O, 2018-ci ildə ağır beyin xəsarətləri alan müxalifətçi deputatın döyülməsinə göstəriş vermək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ildə Gürcüstana qayıtdıqdan sonra hüquq-mühafizə orqanları onu saxlayıb. Siyasətçi o vaxtdan həbsdədir. Gürcüstan məhkəmələrinin 2025-ci ilin martında sabiq prezidentə əlavə həbs cəzaları verməsindən sonra onun 2034-cü ilin aprelində azadlığa buraxılması nəzərdə tutulur.

Teqlər