İspaniyada yanğın zonasını tərk edən 12 nəfər yollarda həlak olub

İspaniyada yanğın zonasını tərk edən 12 nəfər yollarda həlak olub
Reuters

İspaniyanın cənubunda baş verən meşə yanğınları kənd yaşayış məntəqələrinə doğru irəliləyir. Yerli rəsmilərin xəbərdarlıqlarına baxmayaraq, azı 12 nəfər ərazini özbaşına tərk edərkən həlak olub. Onlardan dördünün britaniyalı olduğu ehtimal edilir.

Əndəlus bölgəsinin Bedar kəndindən avtomobillə çıxmağa çalışan sakinlər yanğının yayıldığı istiqamətə düşüblər.

Həlak olan dörd nəfərin meyiti bir avtomobildə, digər səkkiz nəfərin meyiti isə yanğının keçdiyi ərazilərdə aşkarlanıb. Ehtimal olunur ki, onlar avtomobillərini tərk edərək piyada qaçmağa çalışıblar.

Ölənlərin əksəriyyətinin ərazidə yaşayan xarici ölkə vətəndaşları, o cümlədən britaniyalılar və belçikalılar olduğu bildirilir.

Bölgə rəhbərliyi sakinləri hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməyə çağırıb.

Bu hadisə İspaniyada son illərin ən ölümcül meşə yanğınlarından biri hesab olunur. Daha 23 nəfər isə hələ də itkin düşmüş sayılır.

Sakinlər qapı-qapı xəbərdar edilib

Dağlıq ərazilərdə yerləşən kəndlərin sakinlərinə mobil telefon vasitəsilə xəbərdarlıq mesajları göndərilməyib. Bunun əvəzinə yerli rəsmilər və polis əməkdaşları qapı-qapı gəzərək sakinlərlə əlaqə saxlayıblar.

Sakinlərə ya təhlükəsiz təxliyə marşrutu göstərilib, ya da olduqları yerdə qalmaq tapşırılıb.

Yollar yanğın səbəbindən bağlanıb

Yanğının yayıldığı əraziləri tərk edənlərə əsas yoldan istifadə etməmək tapşırılıb. Onlara əvvəlcə dağlara doğru uzanan alternativ marşrutla hərəkət etmək, daha sonra geriyə dönərək sahil istiqamətinə getmək tövsiyə olunub.

Hakimiyyət orqanları itkin düşənlərin axtarışlarını davam etdirərkən, onların müxtəlif ölkələrdə yaşayan qohumları sosial şəbəkələrdə məlumat və müraciətlər paylaşırlar.

Teqlər