İsrailin 1915-ci il hadisələrini tanıması Azərbaycanla münasibətlərə xələl gətirir

İsrailin 1915-ci il hadisələrini tanıması Azərbaycanla münasibətlərə xələl gətirir
Anewz

İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarı onun ən yaxın strateji tərəfdaşlarından biri olan Azərbaycanla diplomatik gərginliyə səbəb olub.

İsrailin xarici işlər naziri Gideon Saarın açıqladığı və təsdiq üçün Knessetə (İsrail parlamenti) təqdim ediləcəyi gözlənilən bu qərar münasibətlərin gələcəyi ilə bağlı narahatlıq yaradıb. Çünki bu əlaqələr  uzun müddətdir regional təhlükəsizlik və enerji əməkdaşlığında mühüm rol oynayır.

Qərar Bakının sərt reaksiyasına səbəb olub. Azərbaycan rəsmiləri bu addımı siyasi “qırmızı xətt”in keçilməsi kimi qiymətləndirirlər.

Məlumatlara görə, Saar qərar ictimaiyyətə açıqlandıqdan sonra azərbaycanlı həmkarı Ceyhun Bayramovu məlumatlandırıb. Bu isə əvvəlcədən diplomatik məsləhətləşmələr üçün demək olar ki, heç bir imkan qoymayıb.

“Crescent Research Center”in (CRESCENT) həmtəsisçisi və direktor müavini Murad Təhməzov bildirib ki, bu qərarın nəticələri təkcə tarixi tanınma məsələsi ilə məhdudlaşmır.

O, deyib ki, Azərbaycan baxımından İsrailin qondarma erməni soyqırımını tanıması sadəcə simvolik məsələ deyil. Bu addım daha geniş siyasi nəticələr doğurub və narahatlığı artırıb.

O, əlavə edib ki, Azərbaycan nə vaxtsa İsraillə strateji tərəfdaşlığı və Türkiyə ilə müttəfiqliyi arasında seçim etməyə məcbur qalsa, ikincini seçəcək. Bununla belə, Təhmazov vurğulayıb ki, Azərbaycan belə bir seçimin zəruri olmayacağına və hər iki ölkə ilə güclü münasibətləri qoruyub saxlaya biləcəyinə ümid edir.

Regional reaksiya

Açıqlama Ermənistandan da gözlənilməz reaksiyaya səbəb olub.

Baş nazir Nikol Paşinyan İsrailin qərarını tənqid edərək onun qeyri – səmimi və ziddiyyətli olduğunu bildirib.

Bu addım Ermənistan və Azərbaycanın onilliklər boyu davam edən münaqişədən sonra hərtərəfli sülh sazişinin əldə olunmasına yönəlmiş danışıqları davam etdirdiyi bir vaxta təsadüf edir.

Analitiklər qərarın Azərbaycanla İsrail arasında güclənən strateji münasibətlərdən narahatlığını ifadə edən Rusiya və İrana dolayı yolla fayda verə biləcəyini də bildiriblər.

İsrailin motivləri ilə bağlı suallar

Müşahidəçilərin fikrincə, bu açıqlamanın Türkiyə üçün ciddi praktiki nəticələr doğuracağı gözlənilmir.

ABŞ-nin də oxşar qərar qəbul etməsindən sonra məsələ siyasi əhəmiyyətini müəyyən qədər itirib. Bu isə Ankaranın siyasətində ciddi dəyişiklik ehtimalını azaldır.

Bəzi analitiklər hesab edirlər ki, İsrailin qərarı cari ilin sonlarında keçirilməsi gözlənilən parlament seçkiləri ərəfəsində açıqlana bilər. Bu isə rəsmi Təl- Əvivin xarici siyasət məqsədlərindən daha çox, daxili siyasi hesablamalarla bağlıdır.

Qərar İsrail seçicilərinin müəyyən hissəsində rəğbət doğura bilər. Lakin tənqidçilər onun ciddi diplomatik fayda vermədiyini və Azərbaycanla münasibətlərə zərər vurmaq riski yaratdığını bildirirlər.

Bu addım, eyni zamanda, İsrailin Cənubi Qafqazdakı daha geniş strateji maraqlarına da xələl gətirə bilər.

Teqlər