Qətərin keçmiş əmiri 74 yaşında vəfat edib

Qətərin keçmiş əmiri 74 yaşında vəfat edib
Reuters

Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Tani 74 yaşında vəfat edib.

Qətər əmirinin administrasiyası bunu ölkə üçün ağır itki kimi qiymətləndirib. “Allah ona rəhmət etsin”,- deyə bəyanatda bildirilib.

1995-2013-cü illərdə Qətərə rəhbərlik edən Şeyx Həməd müasir dövlətin əsaslarını qoyan lider kimi geniş tanınır.

O, 18 illik hakimiyyəti dövründə kiçik, zəngin qaz ehtiyatlarına malik ölkəni dünya miqyasında tanınan iqtisadi və diplomatik gücə çevirib, sürətli inkişaf prosesinə rəhbərlik edib və Qətərin beynəlxalq nüfuzunu artırıb.

Onun baxışları ölkənin gələcəyinin formalaşmasına mühüm təsir göstərib. Şeyx Həmədin siyasi irsi vəzifədən getməsindən uzun müddət sonra da Qətərə təsirini davam etdirib.

Dünya liderləri başsağlığı verirlər

Qətərin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin 74 yaşında vəfat etməsindən sonra dünya liderləri başsağlığı mesajları yayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev ilk başsağlığı verən liderlərdən biri olub. O, Şeyx Həmədi Qətər dövlətinin tarixində silinməz iz qoyan, xalqının böyük lideri kimi xarakterizə edib. Həmçinin onun Azərbaycanla Qətər arasında münasibətlərin möhkəmləndirilməsinə “müstəsna töhfəsini” yüksək qiymətləndirib.

“Əlahəzrət Ata Əmir Şeyx Həməd bin Xəlifə Əl Taninin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, – deyə Azərbaycan Prezidenti bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şeyx Həmədin Türkiyə ilə Qətər arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələri, İslam dünyasında sülhün təmin olunmasına və Qətər xalqının rifahına sadiqliyini yüksək qiymətləndirib.

Hindistanın Baş naziri Narendra Modi Şeyx Həmədi uzaqgörən lider adlandırıb. İtaliyanın Baş naziri Corciya Meloni isə onun ölkəsinin tarixinin gedişatını dəyişən nadir liderlərdən biri olduğunu bildirib.

Misir, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan, Livan, Liviya, Suriya və Ərəb Liqasından da başsağlığı mesajları göndərilib. Liderlər Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə, Əl Tani ailəsinə və Qətər xalqına dəstəklərini ifadə ediblər.

Teqlər