Prezident İlham Əliyevin Azərbaycanda keçirilən IV Şuşa Qlobal Media Forumu çərçivəsində beynəlxalq jurnalistlərlə illik sual-cavab sessiyası başa çatıb.
⦿ 16:18 | YENİLƏNİB
İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi və siyasi məkanda birləşir
AZƏRTAC
“Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi və siyasi məkanda birləşir. Bu, nəqliyyat əlaqələrinin inkişafı, eləcə də nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi baxımından son dərəcə böyük əhəmiyyət daşıyır”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uzaqgörənliyi və strateji baxışı bu prosesdə çox mühüm rol oynayıb.
⦿ 16:15 | YENİLƏNİB
İlham Əliyev: Azərbaycan–Özbəkistan əlaqələrinin təməlində dostluq və qardaşlıq münasibətləri dayanır
AZƏRTAC
“Azərbaycan–Özbəkistan əlaqələrinin təməlində dostluq və qardaşlıq münasibətləri dayanır”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
“Hörmətli Prezident Şavkat Miromonoviçlə şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Qeyd etməliyəm ki, Qarabağın bərpasında bizə ilk yardım göstərən məhz Özbəkistan Prezidenti olub”, — deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev əlavə edib ki, hazırda çoxsaylı iqtisadi və sənaye layihələri həyata keçirilir.
⦿ 16:10 | YENİLƏNİB
İlham Əliyev: “Orta Dəhliz” boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir
AZƏRTAC
“Yükdaşımalarına və “Orta Dəhlizin” inkişafına gəlincə, Çindən Azərbaycana və əks istiqamətdə daşınan yüklərin həcmi artır. Biz dəniz limanımızın ötürmə qabiliyyətini təxminən iki dəfə artırırıq”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
Dövlət başçısı qeyd edib:
“Biz, həmçinin Çindən daşınan yüklərin həcmini artırırıq. Mərkəzi Asiya ölkələri də bu prosesə qoşulub. Bir sözlə, qarşılıqlı münasibətlərimizin çox yaxşı tarixi var. “Orta Dəhliz” boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir”.
⦿ 16:05 | YENİLƏNİB
İlham Əliyev Azərbaycan–Yaponiya münasibətlərinin inkişaf potensialından danışıb
AZƏRTAC
“Xam neftin Yaponiyaya tədarükü əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Çünki təchizat marşrutlarında fasilələr yaranıb. Bu baxımdan Azərbaycanın rolu daha da artır”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
Dövlət başçısı qeyd edib ki, Yaponiya ilə müxtəlif sahələri əhatə edən uğurlu tərəfdaşlıq tarixi formalaşıb. O, enerji sektoru ilə yanaşı, müdafiə sənayesində əlaqələrin genişləndirilməsi və birgə müəssisələrin yaradılması üçün də potensialın olduğunu vurğulayıb.
“Doğrudur, hazırda layihələrin sayı azdır və son beş-altı ildə ölkələrimiz arasında çoxsaylı diplomatik təmasların şahidi olmuruq. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət belədir. Lakin potensial hələ də mövcuddur. Hesab edirəm ki, dövlət rəsmiləri, biznes dairələri və şirkətlər arasında təmaslar artırılmalıdır. Bu halda əməkdaşlığımızın əlavə üstünlüklərini müəyyənləşdirə biləcəyik”, — deyə Prezident İlham Əliyev əlavə edib.
⦿ 16:02 | YENİLƏNİB
İlham Əliyev: Bu gün Azərbaycanda daha çox Çin şirkəti fəaliyyət göstərir
AZƏRTAC
“Ötən il Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasından sonra siyasi, iqtisadi, nəqliyyat və digər sahələr də daxil olmaqla bir çox istiqamətdə addımlar atılmağa başlanıb”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
“Biz bundan çox məmnunuq və buna böyük əhəmiyyət veririk”, — deyə dövlət başçısı qeyd edib. O əlavə edib ki, bu gün Azərbaycanda daha çox Çin şirkəti fəaliyyət göstərir.
⦿ 15:57 | YENİLƏNİB
İlham Əliyev: Azərbaycanın regional məsələlərdə rolu artır və bu, müsbət roldur
AZƏRTAC
“Harada kömək göstərə biliriksə, hər zaman səmimi dəstəyimizi təklif etmişik. Bu, bizim əsas fəaliyyət prinsipimizdir. Bu, artıq ənənəyə çevrilib: nədəsə kömək etmək imkanımız varsa, bunu mütləq edirik. Əvvəllər belə imkanımız yox idi. Lakin bu gün maliyyə, siyasi və digər baxımdan bunu etməyə qadirik”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
Azərbaycanın artan rolundan danışan dövlət başçısı vurğulayıb ki, burada əsas amillər etimad, səmimiyyət və dürüstlükdür.
Prezident İlham Əliyev, həmçinin Qoşulmama Hərəkatına üzv 120 dövlətin yekdilliklə Azərbaycanın lehinə səs verməsini ölkəyə göstərilən böyük etimadın təzahürü kimi qiymətləndirib.
⦿ 15:40 | YENİLƏNİB
İlham Əliyev: Cənubi Qafqazda vəziyyət köklü şəkildə dəyişib
AZƏRTAC
“Cənubi Qafqazda vəziyyət köklü şəkildə dəyişib və buna İkinci Qarabağ müharibəsi səbəb olub”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
Dövlət başçısı qeyd edib ki, bunun nəticəsində uzun illər formalaşmış bir sıra qarşıdurma xətləri dəyişib.
“Cənubi Qafqaz geosiyasi qarşıdurma meydanı kimi qəbul edilməməlidir. Azərbaycan bunun qarşısını alıb”, — deyə İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan geosiyasi intriqaların qurbanına çevrilməyib və heç bir xarici qüvvənin ölkədən öz məqsədləri üçün istifadə etməsinə imkan verməyib.
Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanın Avropaya yönəlmiş fəaliyyəti və bununla bağlı proseslər də regionda baş verən digər mühüm hadisələr sırasındadır.
Fikrimcə, bütün bunlar vəziyyətin həm analitiklər, həm də dövlət xadimləri səviyyəsində bütövlükdə yenidən qiymətləndirilməsini tələb edir”, — deyə Prezident İlham Əliyev əlavə edib.
⦿ 15:42 | YENİLƏNİB
İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir
AZƏRTAC
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı dünyada davam edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
“Düşünürəm ki, bu müharibənin dayandırılmalı olduğu çoxdan dərk edilməli idi və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim şəxsi insani mövqeyimdir”, — deyə dövlət başçısı Rusiya-Ukrayna müharibəsi ilə bağlı bildirib.
⦿ 15:37 | YENİLƏNİB
İlham Əliyev: Fransanın qondarma dənizaşırı əraziləri uzun illər basqı altında saxlanılıb
AZƏRTAC
“Fransanın faktiki olaraq müstəmləkə olan, “dənizaşırı ərazilər” adlandırılan torpaqları uzun illər basqı altında saxlanılıb. Orada müxtəlif qanunsuz əməllər, o cümlədən nüvə sınaqları həyata keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Çox sayda insan bundan zərər çəkib”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib:
“Çox sayda insan həyatını və sağlamlığını itirib. Bakı Təşəbbüs Qrupu bu məsələni qaldırdıqda isə təəssüf ki, ədalətsiz şəkildə hansısa hibrid müharibə aparmaqda ittiham olunur. Bu, tamamilə ədalətsizdir. Hesab edirəm ki, müstəqil medianın rolu çox vacibdir”.
⦿ 15:30 | YENİLƏNİB
Prezident: Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəmə gətirən ən səmərəli QHT-lərdən biridir
AZƏRTAC
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda dünyadakı müstəmləkəçilik meyillərindən və Bakı Təşəbbüs Qrupunun bu istiqamətdəki fəaliyyətindən danışıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan hökuməti artıq Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham olunur.
“İnsan hüquqları ümumbəşəri məsələdir. Bakı Təşəbbüs Qrupu bu məsələni qlobal gündəmə gətirən, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Çünki Fransanın faktiki olaraq müstəmləkə sayılan qondarma dənizaşırı əraziləri uzun illər basqı altında saxlanılıb”, — deyə Prezident əlavə edib.
⦿ 15:20 | YENİLƏNİB
İlham Əliyevdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, münasibətləri normallaşdırmağa çalışın
AZƏRTAC
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı regiondakı münaqişədən danışıb və qonşu ölkələrə müraciət edib.
“Qonşularımıza çağırışım budur ki, məsuliyyətli olsunlar, qarşıdurmanı mümkün qədər tez dayandırsınlar, münasibətləri normallaşdırmağa çalışsınlar və bu prosesi qlobal münaqişə səviyyəsinə çatdırmasınlar. Bu, böyük təhlükədir və mən bütün tərəfləri məsuliyyətli olmağa çağırıram”, — deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev, həmçinin Pakistandakı dostların vasitəçilik səylərinin yenidən qarşıdurmanın dayandırılması ilə nəticələnəcəyinə ümid etdiyini ifadə edib.
⦿ 15:12 | YENİLƏNİB
İlham Əliyev: Sərhədlərimizdə sülhün mümkün qədər tez bərqərar olmasını istəyirik
AZƏRTAC
“Bunun çoxsaylı təsirləri var. Əlbəttə, biz cənubda və şimalda sülhün mümkün qədər tez bərqərar olmasını istəyirik. Lakin sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, kiminsə ambisiyalarına və siyasi gündəminə söykənməməlidir.”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb:
“Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Məsələn, Azərbaycanın Ermənistanla müharibəsinə nəzər salsaq, Azərbaycan hər zaman beynəlxalq hüququn tərəfində olub”.
⦿ 15:04 | YENİLƏNİB
İlham Əliyev: Bu gün regionumuzdakı təhdidlər kifayət qədər realdır
AZƏRTAC
“Yəqin ki, mövcud şəraitdə birinci yerdə təhlükəsizlik və müdafiə qabiliyyəti dayanır. Çünki görürük ki, regionumuzdakı təhlükəsizliklə bağlı təhdidlər, təəssüf ki, kitablardan oxuduğumuz hadisələr deyil, yaşadığımız reallıqdır”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı zamanı bildirib.
Dövlət başçısı milli gündəlikdə çoxsaylı məsələlərin olduğunu vurğulayaraq qeyd edib:
“Bunu, yəqin ki, ən düzgün şəkildə belə ifadə etmək olar: milli maraqlarımızı müdafiə etmək imkanlarımızı gücləndirmək və mümkün qədər çox ölkə ilə daha praktik və işlək münasibətlər qurmaq”.
⦿ 14:55 | YENİLƏNİB
İlham Əliyev: Bu gün gündəmimizdə duran əsas məsələ Qarabağın bərpasıdır
AZƏRTAC
“Beynəlxalq gündəmimizə inkişaf, dayanıqlı inkişaf, yenidənqurma və Qarabağın bərpası daxildir. Yeni nəqliyyat marşrutlarının yaranmasına və əlaqəliliyin güclənməsinə imkan verəcək bütün layihələrimizin tamamlanması da bu gündəliyin əsas istiqamətlərindən biridir”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın gündəliyindəki əsas mövzulardan biri rəqəmsal transformasiya və süni intellektin inkişafıdır.
⦿ 14:38 | YENİLƏNİB
İlham Əliyev: Bayden senator olarkən Azərbaycana qarşı sanksiyaların tətbiqinin təşəbbüskarlarından biri idi
AZƏRTAC
“Prezident Bayden senator olarkən Azərbaycana qarşı sanksiyaların tətbiqinin təşəbbüskarlarından biri idi. Onun regiona baxışı belə idi: region münaqişələrə və qarşıdurmalara bölünsün. Belə şəraitdə məqsədlərə nail olmaq həmişə daha asandır”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib:
“Lakin Prezident Tramp tamamilə fərqli xarakterə malik, fərqli insandır. O, sülh istəyir və sülhü fürsət kimi görür. İndi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması çoxsaylı imkanlar yaradır”
⦿ 14:32 | YENİLƏNİB
İlham Əliyev: Zəngəzur dəhlizi mühüm layihədir
AZƏRTAC
“Onlar (red.-ABŞ) Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə anlayırdılar”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb:
“Onlar (red.-ABŞ) Ermənistanı sülhə onun da ehtiyacı olduğuna inandırmaq üçün çox səmərəli çalışdılar. Ağ Evdə keçirilən həmin tarixi görüş zamanı Ermənistanın baş naziri, Prezident Tramp və mən Birgə Bəyannaməni imzaladıq. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar”.
⦿ 14:25 | YENİLƏNİB
İlham Əliyev: Tramp sülhü sevən və sülhə nail ola bilən şəxsdir
AZƏRTAC
“Prezident Trampın yanaşması tamamilə fərqli idi. O, sülhü sevən, bir çox bölgədə sülhə nail olan şəxsdir. Özünün də dediyi kimi, səkkiz münaqişəyə sülh gətirib. Bu, onun xarakteri, baxışı və siyasətidir”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb:
“Bizim halda Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqların yekun mərhələsində olarkən onun rolu çox mühüm idi. Prezident Tramp və komandası prosesə qoşularaq elə bir çərçivə yaratdılar ki, sülh mümkün oldu”.
⦿ 14:20 | YENİLƏNİB
İlham Əliyev: Prezident Trampın siyasəti ilə sələflərinin siyasəti arasında böyük fərq var
AZƏRTAC
“Prezident Trampın həm əvvəlki, həm də indiki fəaliyyəti ilə onun sələflərinin siyasəti arasında böyük fərq var”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
Dövlət başçısı vurğulayıb:
“Çünki təəssüf ki, təxminən 30 il davam edən işğal dövründə ABŞ administrasiyaları, o vaxtkı ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, əsasən münaqişənin dondurulması siyasətini həyata keçirirdilər. Məqsəd özlərinin də qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deyildi. Onların hədəfi vəziyyəti dondurmaq, bundan Azərbaycana, müəyyən dərəcədə isə Ermənistana təzyiq vasitəsi kimi istifadə etmək idi”.
⦿ 14:13 | YENİLƏNİB
İlham Əliyev: Suriyaya qaz tədarük edirik və ixracı onun qonşu ölkələrinə də genişləndirə bilərik
AZƏRTAC
“Bunlar iki mühüm amildir. Digər vacib məsələ isə şaxələndirmədir. Çünki əvvəlcədən nəzərdə tuta bilmədiyimiz bir bazara — Suriyaya qaz tədarükünə başlamışıq. Suriyadan isə böyük tələbatın olduğu qonşu ölkələrə doğru tədarükü genişləndirə bilərik”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib:
“Bizim üçün Avropadakı tərəfdaşlarla münasibətlərdə uzunmüddətli müqavilələrin bağlanması, həmçinin mövcud qaz nəqli sisteminin genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsi çox vacibdir”.
⦿ 13:35 | YENİLƏNİB
İlham Əliyev: Qlobal və xüsusilə Avropa qaz bazarında mövqeyimizi genişləndirmək ümumi strategiyamızın bir hissəsidir
AZƏRTAC
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycanın qaz bazarındakı mövqeyinin genişləndirilməsi məsələsinə toxunub.
“Bu il Almaniya və Avstriyaya qaz tədarükünə başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın bir hissəsidir”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, Avropa bazarı yüksək qiymətlərin təklif olunduğu əlverişli bazardır. Buna görə də Azərbaycan öz imkanlarını genişləndirməkdə böyük maraq göstərir.
⦿ 13:21 | YENİLƏNİB
İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tərəfdaş və addımları əvvəlcədən bəlli olan enerji mənbəyidir
AZƏRTAC
“Biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik. Boru kəməri ilə qaz tədarükünün coğrafiyasına görə dünyada birinci yerdəyik. Bu siyahı daha da genişlənəcək”, — deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib:
“Biz hazırda Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm qaz tədarükünə başlamaq, həm də mövcud tədarükün həcmini artırmaq üçün danışıqlar aparırıq. Hər iki istiqamət üzrə müraciətlər var. Enerji bazarındakı hazırkı vəziyyətdə etibarlı, addımları əvvəlcədən bəlli olan və alternativ mənbə kimi Azərbaycandan qaz tədarükü, yəqin ki, 10 il əvvəlkindən daha böyük əhəmiyyət daşıyır”.
⦿ 13:00 | YENİLƏNİB
İlham Əliyev: Biz həmişə İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
AZƏRTAC
“Azərbaycan həmişə müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsini qətiyyətlə müdafiə edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəyliyə, qarşılıqlı anlaşmaya və birliyə xidmət edib. Sammitədək proseslərin necə inkişaf edəcəyini görəcəyik”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib:
“Lakin təəssüf ki, hazırda ciddi həmrəylik görmürük. Əksinə, gərginliyin artmasının, qarşılıqlı ittihamların və təkcə Yaxın Şərqdə və Körfəz regionunda deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu, böyük təəssüf doğurur”.
İlham Əliyev vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı daxilində həmrəylik təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas amildir. O qeyd edib ki, həmrəylik və qarşılıqlı anlaşma daha yüksək səviyyədə olsaydı, çətin dövrlər daha az yaşanardı.
⦿ 12:46 | YENİLƏNİB
İlham Əliyev: Azərbaycan artıq "orta güc" dövlətinə çevrilməkdədir
AZƏRTAC
“Orta güclə" bağlı ikinci sualınıza gəldikdə, bəli, mən bəzi analitik məqalələri oxumuşam. Azərbaycanın artıq "orta gücə" çevrildiyi barədə ekspert rəylərindən də xəbərim var. Düşünürəm ki, bu cür toplantılar ölkənin "orta güc" adlandırılması üçün hansı meyarların tələb olunduğunu dəqiq müəyyənləşdirməyə də kömək edə bilər. Müxtəlif meyarlar ola bilər və hələlik vahid birisi müəyyənləşdirilməyib”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib:
“Məncə, bu termin ölkənin potensialının, böyük dövlətlərin nə düşündüyündən və ya nə etdiyindən asılı olmayaraq milli maraqlarını müdafiə etmək qabiliyyətinin, eləcə də kimsə ona zərər vurmaq istədikdə bütün imkanları ilə müqavimət göstərə bilməsinin tanınması deməkdir”.
⦿ 12:26 | YENİLƏNİB
İlham Əliyev: Bu gün Azərbaycan–ABŞ münasibətləri əla səviyyədədir
AZƏRTAC
“Deyərdim ki, Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən çox məmnunuq”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı Prezident Tramp ilə görüşlərinə toxunaraq qeyd edib:
“Ötən ilin avqustunda Vaşinqtonda Prezident Tramp ilə keçirdiyim tarixi görüş, bu ilin yanvarında Davosda baş tutan görüşümüz, Azərbaycanın Prezident Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvü olmağa dəvət edilməsi, vitse-prezident Ceyms Devid Vensin səfəri və Bakıda onunla strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamənin imzalanması, eləcə də bir çox digər amillər münasibətlərimizin hazırda indiyədək görünməmiş ən yüksək səviyyədə olduğunu göstərir”.
⦿ 12:10 | YENİLƏNİB
Prezident İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvindən danışıb
AZƏRTAC
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində 907-ci düzəlişin tamamilə ləğv olunması məsələsinə toxunub.
“Birincisi, Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi təşəbbüsü irəli sürdülər. İkincisi, Azərbaycan Ermənistana qarşı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. Bu addımdan sonra Rusiyadan, Qazaxıstandan və digər istiqamətlərdən Ermənistana 40 min tondan çox müxtəlif yük daşınıb”, – deyə dövlət başçısı bu barədə çıxışında bildirib.
Prezident qeyd edib ki, Azərbaycan Ermənistana neft məhsulları tədarük etməyə başlayıb və onun xatırladığına görə, tədarükün həcmi artıq 10 min tonu ötüb.
“Xüsusilə bir çox ölkənin yanacaq mənbələrinə çıxışda çətinlik çəkdiyi həmin dövrdə Ermənistan Azərbaycan kimi etibarlı təchizat mənbəyinə malik idi. Əks halda, yəqin ki, bu gün bütün dünyada benzin və dizel yanacağı axtarmalı olardılar. Bu, həmin düzəlişin artıq aktuallığını itirdiyini və tam ləğv edilməli olduğunu bir daha göstərdi.”, – deyə Prezident İlham Əliyev bildirib.
⦿ 11:56 | YENİLƏNİB
İlham Əliyev: 907-ci düzəliş ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz addımı idi
AZƏRTAC
“Əvvəlcə 907-ci düzəliş barədə danışmaq istərdim. Siz bunu çox yaxşı bilirsiniz, lakin bəlkə də hamıya məlum deyil ki, bu, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı atdığı son dərəcə ədalətsiz addım idi”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib:
“Sovet İttifaqının dağılmasından sonra yeni müstəqillik qazanmış ölkələrə maliyyə yardımı göstərmək məqsədilə ABŞ Konqresində ‘Azadlığa Dəstək Aktı’ qəbul edilərkən ermənipərəst senatorların təşəbbüsü ilə 907-ci düzəliş irəli sürüldü. Yeri gəlmişkən, Prezident Bayden də onların arasında idi. O zaman o, senator idi. Bu, yəqin ki, Bayden administrasiyası ilə münasibətlərimizdə niyə bu qədər çətinlik yaşadığımızı izah edir”.
⦿ 11:40 | YENİLƏNİB
Prezident: Azərbaycan Avropa Şurasından tamamilə çıxsa, ölkədə bunu heç kim hiss etməyəcək
AZƏRTAC
“Bildiyiniz kimi, bununla bağlı mövqeyimi dəfələrlə ifadə etmişəm. Azərbaycan Avropa Şurasından tamamilə çıxsa, ölkədə bunu heç kim hiss etməyəcək. Buna görə də orada olub-olmamağımız ölkə daxilində ciddi dəyişiklik yaratmır”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı vurğulayıb:
“Biz qarşıdurma axtarmırıq. Xüsusilə də təkcə Avropa Şurası Parlament Assambleyasının deyil, Avropa Parlamentinin də heç bir əsas olmadan mütəmadi şəkildə bizə hücum etdiyi bir vaxtda. Məncə, bu, Azərbaycana qarşı bir növ vəsvəsədir”.
⦿ 11:33 | YENİLƏNİB
İlham Əliyev: Avropa Komissiyasında Azərbaycana qarşı fəaliyyət göstərən geniş şəbəkə mövcud olub
AZƏRTAC
“İndi rüşvətxor bəzi şəxslərdən, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş hakimi cənab Okampodan danışa bilərik. O, öz açıqlamalarında ona ayrılan vəsaitin Rusiya ermənisi olan bir oliqarxdan gəldiyini açıq şəkildə etiraf edib”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib:
“Avropa Komissiyasında Azərbaycana qarşı fəaliyyət göstərən geniş bir şəbəkə mövcud olub. Lakin yaxşı haldır ki, cənab Borrell artıq siyasətdə deyil. Ümid edirəm ki, bu, həmişəlik belə olacaq. Yeni Komissiyanın fəaliyyətə başlamasından sonra münasibətlərimiz yaxşılaşmağa başlayıb. Xüsusilə münasibətlərin yenidən qurulmasına hər iki tərəfdən böyük ehtiyac olduğunu gördükdən sonra bu prosesi dəstəklədik”.
⦿ 11:15 | YENİLƏNİB
Prezident: Borrell dövründə Avropa Komissiyası–Azərbaycan münasibətləri demək olar ki, pozulmuşdu
AZƏRTAC
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycanın Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərindən danışıb.
Dövlət başçısı bununla bağlı bildirib:
“Avropa təsisatları, o cümlədən Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərimizdə bir sıra mühüm məqamları qeyd etdiniz. Bildiyiniz kimi, bu iki qurumla münasibətlərimiz arasında böyük fərq var. Avropa Komissiyası ilə münasibətlərimiz bu qurumun əvvəlki rəhbərliyi dövründə asan olmayıb. Bu, xüsusilə Avropa diplomatiyasının keçmiş rəhbəri cənab Borrellin dağıdıcı rolu ilə bağlı idi. O, faktiki olaraq Avropa Komissiyası–Azərbaycan münasibətlərini demək olar ki, tamamilə pozmuşdu”.
⦿ 10:55 | YENİLƏNİB
Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
AZƏRTAC
“Dünyanın bütün ölkələri arasında Türkiyə və Azərbaycan xalqları bir-birinə ən yaxın olanlardır. Siyasi, iqtisadi və enerji əməkdaşlığının, əlaqəliliyin, həmçinin xalqlarımız arasındakı münasibətlərin səviyyəsi göstərir ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dost və bir-birinə dəstək olan başqa iki ölkə yoxdur”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
⦿ 10:44 | YENİLƏNİB
İlham Əliyev: Azərbaycanın siyasəti həmişə əməkdaşlığa yönəlib
AZƏRTAC
“Azərbaycanın siyasəti həmişə əməkdaşlığa, qonşularımızın narahatlıqlarının nəzərə alınmasına və onların da bizə qarşı eyni yanaşmanı göstərməyə hazır olmalarına yönəlib”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
“Burada, Şuşada keçirilən Media Forumunda haqqında danışdığım mühit bir çox beynəlxalq tərəf arasında yaratmağa çalışdığımız və ümid edirəm ki, yaratmağa nail olduğumuz mühitlə eynidir”, – deyə dövlət başçısı əlavə edib.
⦿ 10:22 | YENİLƏNİB
İlham Əliyev: Qərb və Şərq qonşularımızla münasibətlərimiz əladır
AZƏRTAC
“İndi isə yalnız bu imkanları necə genişləndirə biləcəyimiz üzərində işləyirik. Çünki son dövrlərdə coğrafi mövqeyimizə bu qədər ehtiyac yaranacağını gözləmirdik. Şərq və Qərb qonşularımızla qarşılıqlı fəaliyyətimiz əladır”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib ki, həm Mərkəzi Asiya ölkələri, həm Gürcüstan və Türkiyə kimi qonşu dövlətlər, həm də Avropa ilə münasibətlər yaxşı səviyyədədir.
“Bütün bunları bir-birinə bağlamaq üçün, əlbəttə, dəhlizin səmərəli fəaliyyətini təmin edəcək bir sıra addımlar atmalı idik”, – deyə Prezident İlham Əliyev əlavə edib.
⦿ 10:10 | YENİLƏNİB
İlham Əliyev: Biz uzun müddətdir əlaqəlilik məsələləri üzərində çalışırıq
Azərtac
“Biz uzun müddətdir əlaqəlilik məsələləri üzərində çalışırıq. Son 10 ildən artıq müddətdə bu istiqamətdə fəaliyyətimizi daha da intensiv olub”, – deyə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib:
“Coğrafi üstünlüklərimizdən istifadə edərək çoxtərəfli əməkdaşlıq platforması yaratmağa çalışmışıq”.
⦿ 09:20 | YENİLƏNİB
İlham Əliyev Şuşa Qlobal Media Forumunun məqsədini açıqlayıb
Azərtac
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində tədbirin məqsədini iştirakçıların diqqətinə çatdırıb.
Dövlət başçısı bildirib:
“Forumun keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərindən gələn media nümayəndələrinin ümumi maraq doğuran və qarşılıqlı narahatlıq yaradan məsələləri müzakirə etmələri üçün mühit yaratmaq idi. Eyni zamanda onların Qarabağ və Şuşa ilə yaxından tanış olmalarına imkan vermək idi. Əminəm ki, zaman keçdikcə bizi mütəmadi ziyarət edən qonaqlarımızın çoxu Qarabağın inkişafını görür və burada davam edən yenidənqurma işlərinin şahidi olur”.
Yüksək səviyyəli müzakirələrdə regional təhlükəsizlik, xarici siyasət, Cənubi Qafqazda sülh səyləri və qlobal gündəmin əsas məsələləri diqqət mərkəzindədir.
Forumun təsis edilməsindən bəri Prezident İlham Əliyevin sual-cavab sessiyaları dünyanın müxtəlif ölkələrinin media qurumlarının yaxından izlədiyi əsas tədbirlərdən birinə çevrilib. Builki dialoq bir sıra regional və beynəlxalq məsələlərin qlobal gündəmdə qaldığı bir dövrdə keçirilir.
Sessiyanın Azərbaycanın mövcud geosiyasi çağırışlar və gələcək əməkdaşlıqla bağlı mövqelərinə dair mühüm fikirlərin səsləndirilməsi üçün imkan yaradacağı gözlənilir.
Şuşa Qlobal Media Forumu beynəlxalq media liderlərinin jurnalistikanın və informasiyanın dəyişən rolu ilə bağlı fikir mübadiləsi apardığı platforma kimi fəaliyyətini davam etdirir.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın