canlı İran ABŞ zərbələrindən sonra Körfəz ölkələrinə hücumları genişləndirib, Hörmüz boğazının bağlandığını bildirir

İran ABŞ zərbələrindən sonra Körfəz ölkələrinə hücumları genişləndirib, Hörmüz boğazının bağlandığını bildirir
Reuters

ABŞ və İran arasında qarşıdurma kəskin şəkildə gərginləşib. Tərəflər Körfəz regionunda intensiv raket və PUA hücumları həyata keçiriblər. İran qlobal dəniz daşımaları üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazını yenidən bağladığını iddia edir.

⦿ 17:38 | YENİLƏNİB

İran ABŞ-yə Hörmüz boğazına müdaxilə etməməsi barədə xəbərdarlıq edib

Reuters

İranın Xatəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə imkan verməyəcəyini bildirib.

İranın dövlət mediasının yaydığı bəyanatda hərbi komandanlıq ABŞ qüvvələrinə xəbərdarlıq edib. Bildirilib ki, Tehran tərəfindən müəyyənləşdirilmiş marşrutlardan kənarda və İran silahlı qüvvələri ilə razılaşdırılmadan strateji su yolunda gəmi hərəkətinin yönləndirilməsinə və ya idarə olunmasına cəhd edilməməlidir. Belə cəhdlərin sərt cavabla qarşılanacağı vurğulanıb.

Xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın açıqlamasından sonra səsləndirilib. Tramp Vaşinqtonun qlobal enerji daşımaları üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsizliyə faktiki nəzarət edə biləcəyini bildirib.

⦿ 17:34  | YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına nəzarəti ələ keçirə bilər

Reuters

Birləşmiş Ştatlar Hörmüz boğazına nəzarəti ələ keçirə və strateji əhəmiyyətli su yolunun təhlükəsizliyini təmin etdiyinə görə kompensasiya ala bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a telefon müsahibəsində bildirib.

“Biz boğaza nəzarəti saxlayacağıq və yəqin ki, onu idarə edəcəyik”, — deyə Tramp bildirib və əlavə edib: “Biz boğazın qoruyucusuna çevriləcəyik. Bəlkə də özümüzü boğazın qoruyucu mələyi adlandıracağıq. Buna görə bizə təzminat ödənilməlidir”.

Açıqlamalar Körfəzdə gərginliyin artdığı bir vaxta təsadüf edir. Qlobal neft və qaz ixracı üçün mühüm marşrut olan Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz keçidi ilə bağlı narahatlıqlar davam edir.

⦿ 15:56 | YENİLƏNİB

Yəmən sahilləri yaxınlığında tanker ona yaxınlaşan kiçik qayıqlara xəbərdarlıq atəşi açıb

Reuters

Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bazar ertəsi bildirib ki, Yəmənin Ədən şəhərinin cənubunda Beynəlxalq Tövsiyə Olunan Tranzit Dəhlizi (IRTC) ilə hərəkət edən tankerə altı kiçik qayıq yaxınlaşıb.

UKMTO-nun məlumatına görə, qayıqlardan biri gəmiyə 1 km məsafəyədək yaxınlaşıb. Bundan sonra gəmidəki silahlı mühafizə qrupu xəbərdarlıq atəşi açıb. Hadisə Ədəndən təxminən 93 km cənubda baş verib.

UKMTO vəziyyəti izlədiyini bildirib. Xəsarət alanlar və ya gəmiyə dəyən ziyan barədə dərhal məlumat verilməyib.

⦿ 15:52 | YENİLƏNİB

Hörmüz boğazında itkin düşən hindistanlı dənizçi axtarılır

Reuters

İyulun 12-də Hörmüz boğazında zərbəyə məruz qalan Kipr bayraqlı konteyner gəmisinin hindistanlı heyət üzvlərindən biri itkin düşüb. Bu barədə Kipr Gəmiçilik Nazirliyi məlumat yayıb. Onun axtarışı davam etdirilir.

“GFS Galaxy” gəmisinə Kipr rəsmilərinin “naməlum mərmi” kimi təsvir etdiyi obyekt Hörmuz boğazından keçərkən dəyib. Daha sonra 23 nəfər Oman Hərbi Dəniz Qüvvələri tərəfindən xilas olunub.

Gəminin üçüncü mexaniki olduğu bildirilən itkin dənizçi yedəkləmə qrupu tərəfindən axtarılır. Zədələnmiş gəmi Birləşmiş Ərəb Əmirliklərinin Xor Fakkan limanındakı təhlükəsiz lövbər sahəsinə aparılır. Hadisə İran və ticarət gəmilərinin iştirakı ilə baş verən son qarşıdurmalardan sonra Körfəzdə gərginliyin artdığı bir vaxta təsadüf edir.

⦿ 15:50 | YENİLƏNİB

Yəmən İran təyyarəsinin enişinin qarşısını almaq üçün Səna hava limanının uçuş-enmə zolağına zərbə endirib

Reuters

Yəmən silahlı qüvvələri iyulun 13-də İran təyyarəsinin enişinin qarşısını almaq məqsədilə Səna Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına zərbə endirib. Bu barədə Yəmən Müdafiə Nazirliyi məlumat yayıb.

Hava limanı İranın dəstəklədiyi husi qiyamçılarının nəzarəti altında olan Yəmənin paytaxtı Sənada yerləşir. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti isə ölkənin cənubundakı Ədən şəhərindən fəaliyyət göstərir.

Hava limanına dəyən ziyan və təyyarənin aqibəti barədə məlumat verilməyib

⦿ 15:47 | YENİLƏNİB

Böyük Britaniya hökuməti SEPAH-a qarşı tədbirlər görür

Reuters

Böyük Britaniya dövlətlərdən qaynaqlanan təhdidlərlə mübarizə üzrə yeni səlahiyyətlərdən istifadə edib. Bu səlahiyyətlər İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İranla əlaqəli daha bir qrupa qarşı tətbiq olunub. Bu addım ölkədə qeydə alınan bir sıra antisemitizm hadisələrindən sonra atılıb.

Baş nazir Kir Starmer bildirib ki, bu tədbirlər Britaniyada həmin qrupların adından fəaliyyət göstərən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını asanlaşdıracaq.

Bildirilir ki, hökumət yəhudi və İsrail icmaları ilə əlaqəli bir neçə hücuma görə məsuliyyəti üzərinə götürən “Haqq tərəfdarlarının İslam Hərəkatı”na qarşı da tədbirlər görüb. Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) də yeni səlahiyyətlər çərçivəsində siyahıya daxil edilib.

Tədbirlərin qüvvəyə minməsi üçün parlamentin təsdiqi tələb olunur.

⦿ 14:15 | YENİLƏNİB

“Tasnim” agentliyi: ABŞ mərmisi Abadana düşüb, bir nəfər yaralanıb

Reuters

İyulun 13-də İranın cənub-qərbində yerləşən Abadan şəhərinə ABŞ mərmisinin düşməsi nəticəsində bir nəfər yaralanıb. Bu barədə İranın “Tasnim” xəbər agentliyi rəsmi şəxsə istinadən məlumat yayıb.

Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. ABŞ rəsmiləri hadisə ilə bağlı dərhal açıqlama verməyiblər.

⦿ 14:00 | YENİLƏNİB

“Mehr” agentliyi: Bəndər-Abbas və Qeşm adası ətrafında partlayış səsləri eşidilib

Reuters

İran KİV-i ölkənin bir neçə bölgəsində partlayış səslərinin eşidildiyi barədə məlumat yayıb. “Mehr” xəbər agentliyi partlayış səslərinin İranın cənubundakı Bəndər-Abbas şəhəri və yaxınlıqdakı Qeşm adası ətrafında eşidildiyini bildirib.

Dağıntılar və ya insan tələfatı barədə rəsmi məlumat verilməyib. Partlayışların səbəbi məlum deyil.

⦿ 13:20  | YENİLƏNİB

İSNA: ABŞ zərbəsi nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb

Reuters

ABŞ-nin İrana endirdiyi iddia edilən zərbə nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Bu barədə ölkənin ISNA xəbər agentliyi məlumat verib.

Hadisə İranın İsfahan vilayətinin Nain rayonu yaxınlığında baş verib. İnsan tələfatı ilə bağlı açıqlanan rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

⦿ 12:04 | YENİLƏNİB

İran: ABŞ ilə danışıqlarda vasitəçilərin səyləri davam edir

Reuters

İran Xarici İşlər Nazirli bildirib ki, vasitəçilər son günlər rəsmi Tehranla Vaşinqton arasında dialoqa şərait yaratmaq və gərginliyin aradan qaldırılmasına kömək etmək üçün səylərini davam etdiriblər.

⦿ 11:28 | YENİLƏNİB

İran: ABŞ öhdəliklərini yerinə yetirməyənədək AM üzrə müddəaları icra etməyəcəyik

Reuters

ABŞ öz öhdəliklərini yerinə yetirmədiyi müddətdə rəsmi Tehran Vaşinqtonla imzalanmış Anlaşma Memorandumu (AM) üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcək. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat verib. Nazirlik öhdəliklərin qarşılıqlılıq prinsipi əsasında yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

⦿ 09:21 | YENİLƏNİB

SEPAH: Bəhreyn və Omandakı ABŞ hərbi obyektlərinə zərbələr endirilib

Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son cavab hücumları zamanı Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bildirib. Bundan əlavə, Omandakı radar sistemlərinin məhv edildiyi açıqlanıb. Bu iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

⦿ 08:55 | YENİLƏNİB

Hörmüzdən keçən gəmilərin sayı son beş həftənin ən aşağı səviyyəsinə enib

Reuters

ABŞ və İran arasında qarşılıqlı zərbələrin yeni dalğası, eləcə də regionda gəmilərə hücumların təhlükəsizliklə bağlı narahatlıqları artırması fonunda bazar günü Hörmüz boğazından keçən gəmilərin sayı son beş həftənin ən aşağı səviyyəsinə enib.

“Reuters”in dəniz daşımalarına dair məlumatlara istinadən yaydığı xəbərə görə, strateji su yolundan cəmi altı gəmi keçib. Həftə sonu boğaza mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan heç bir tanker daxil olmayıb.

⦿ 08:27 | YENİLƏNİB

İordaniya: İrandan atılan dörd raket vurulub

Reuters

İordaniya ordusu İran ərazisindən ölkənin hava məkanına daxil olan dörd raketin vurulduğunu bildirib.

⦿ 08:15 | YENİLƏNİB

İran: ABŞ-yə qarşı cavab əməliyyatı davam edir

Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə qarşı cavab əməliyyatının davam etdiyini bildirib.

SEPAH-ın məlumatına görə, İranın sahilboyu hərbi bazalarına endirilən ABŞ zərbələrinə cavab əməliyyatının ikinci mərhələsi çərçivəsində Bəhreyndəki Şeyx İsa ABŞ hərbi bazası vurulub.

Bu arada, Küveyt ordusu ölkənin hava məkanında “düşmən hava hədəflərinə” qarşı tədbirlər gördüyünü açıqlayıb.

⦿ 08:10 | YENİLƏNİB

SEPAH: Hörmüz boğazında iki gəminin hərəkət sistemi sıradan çıxarılıb

Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında gecə saatlarında əməliyyat keçirib. Məqsəd qaydaları pozduğu və gəmiçiliyə təhlükə yaratdığı bildirilən iki gəmi hərəkətsiz hala gətirmək olub.

SEPAH-ın məlumatına görə, korpusun Hərbi Dəniz Qüvvələri əməliyyat zamanı həmin gəmilərin sistemlərini sıradan çıxarıb.

⦿ 08:07 | YENİLƏNİB

ABŞ İranda onlarla yeni hədəfin vurulduğunu bildirir

Reuters

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi qüvvələrinin ticarət gəmiçiliyinin sərbəstliyini təmin etmək üçün döyüş hazırlığında olduğunu bildirib

Açıqlama CENTCOM-un iyulun 12-də İrana qarşı yeni hücumlar həyata keçirildiyini bildirməsindən sonra verilib. Komandanlığın məlumatına görə, müxtəlif ərazilərdə yerləşən onlarla hədəf dəqiq idarə olunan sursatlarla vurulub.

⦿ 07:50 GMT | YENİLƏNİB

SEPAH: Zərbəmiz nəticəsində ABŞ-nin İordaniyadakı aviabazasının yanacaq və sursat anbarları yanıb

Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyanın Şahzadə Həsən aviabazasına raketlər və PUA-larla hücum həyata keçirdiyini bildirib.

SEPAH hücum nəticəsində yanacaq çənlərinin və sursat anbarlarının alovlandığını iddia edib.

Bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. İordaniya rəsmiləri də yayılan məlumatlarda göstərilən dağıntıları hələlik təsdiqləməyiblər.

⦿ 06:20 | YENİLƏNİB

Raket zərbələrinin gücləndirilməsi ABŞ–İran qarşıdurmasını gərginləşdirir

Reuters

Hərbi əməliyyatların yenidən başlaması ötən ay ABŞ və İran arasında imzalanmış müvəqqəti razılaşmanın gələcəyi ilə bağlı ciddi şübhələr yaradıb. Hər iki tərəfin açıqlamaları atəşkəs səylərinin və danışıqlar prosesinin zəiflədiyini göstərir.

Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Oman və Küveyt də daxil olmaqla, bir sıra Körfəz və region ölkələri hücumların və ya raket təhdidlərinin təsirinə məruz qalıb. Bu isə qarşıdurmanın daha geniş regional münaqişəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

ABŞ ticarət gəmiçiliyini qorumaq məqsədilə hərbi əməliyyatları davam etdirəcəyini bəyan edib. İran isə tələbləri yerinə yetirilmədiyi təqdirdə sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.

Teqlər