Əfqanıstan və Türkiyə tarixi-mədəni irs turizmini inkişaf etdirmək üçün əməkdaşlıq imkanlarını araşdırır

Əfqanıstan və Türkiyə tarixi-mədəni irs turizmini inkişaf etdirmək üçün əməkdaşlıq imkanlarını araşdırır
@MoICAfghanistan-X

Əfqanıstan ilə Türkiyə turizm sazişinin imzalanmasını nəzərdən keçirir. Məqsəd tarixi və dini məkanların tanıdılması, səfərlərin asanlaşdırılması və turizm sahəsində çalışan mütəxəssislərin hazırlanmasıdır. Əfqanıstan rəsmiləri bunu bazar ertəsi Kabildə keçirilən danışıqlardan sonra bildiriblər.

Əfqanıstanın turizm, maliyyə və inzibati məsələlər üzrə nazir müavini Qüdrətullah Camal iyulun 13-də Türkiyənin Kabildəki müvəqqəti işlər vəkili Sadin Ayyıldızla görüşüb.

Əfqanıstan tərəfinin bəyanatında Türkiyənin dəstək təklifi xüsusi vurğulanıb. Bəyanatda bildirilib:

“Turizm Türkiyə iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən biridir. Türkiyə turizm, hotelçilik, səyahət xidmətləri və insan resurslarının inkişafı sahələrindəki təcrübəsini Əfqanıstanla bölüşməyə hazırdır”.

Turizmin təşviqi

Əfqanıstan hakimiyyəti ölkəyə turist cəlb etmək üçün səylərini artırır. Nazirliyin nəzdində Turizm və Hotelçilik İnstitutu fəaliyyət göstərir. Qurum lisenziyalaşdırma və əyalətlərarası səfərləri tənzimləyir, həmçinin rəqəmsal platformaları təşviq edir. Nazirlik bildirir ki, turizm qrupları əyalət və təhlükəsizlik rəsmiləri ilə koordinasiyanın təmin edilməsi üçün səfər marşrutlarını və bələdçilər barədə məlumatları təqdim etməlidirlər.

Tarixi məkanlar

Nazirliyin Turizm Direktorluğunun məlumatına görə Əfqanıstan turistləri Bəndi-Əmir göllərinə, Baba dağlarına, Cam minarəsinə, Herat qalasına, Teymurilər dövrünə aid ziyarətgahlara və Kabilin ənənəvi bazarlarına cəlb etməyə çalışır. Bamyan, Qəzni və Qəndəhar da tarixi-mədəni məkanları ilə tanıdılır.

İnformasiya və Mədəniyyət Nazirliyinin sözçüsü Xəbib Qufranın məlumatına görə, 2025-ci ilin martından 2026-cı ilin fevralınadək Əfqanıstana 9 min 500-dən çox xarici turist səfər edib.

Turistlərin sayındakı artım ölkədə davam edən təhlükəsizlik risklərinə baxmayaraq qeydə alınıb. Böyük Britaniya və ABŞ terror, adam oğurluğu və qanunsuz saxlanılma risklərini əsas gətirərək vətəndaşlarına Əfqanıstana bütün səfərlərdən çəkinməyi tövsiyə edir.

Teqlər