canlı ABŞ ordusunun İranın bir sıra şəhərlərinə zərbələr endirdiyi bildirilir

ABŞ ordusunun İranın bir sıra şəhərlərinə zərbələr endirdiyi bildirilir
Reuters

ABŞ ordusu Donald Trampın əmrinə əsasən İranın hərbi obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb. Əməliyyat zamanı müxtəlif bölgələrdə yerləşən komanda-idarəetmə mərkəzləri, hava hücumundan müdafiə sistemləri, raket və PUA infrastrukturu, eləcə də sahil müşahidə məntəqələri hədəfə alınıb.

⦿ 17:42 | YENİLƏNİB

Yaxın Şərqdə gərginlik fonunda qızıl 4 000 dollardan aşağı düşüb

Anadolu

İyulun 16-da Yaxın Şərqdə hücumların genişlənməsi neftin qiymətini artırıb və inflyasiya ilə bağlı narahatlıqları yenidən gücləndirib. Bunun fonunda qızılın bir unsiyasının qiyməti 4 000 dollardan aşağı düşüb.

Gümüşün bir unsiyasının qiyməti isə 3,6 faiz azalaraq 55,67 dollara enib. Gümüş sənayedə geniş istifadə olunur. Enerji xərclərinin artmasının iqtisadi fəallığa mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar da artıb. Bu isə metalın qiymətinə əlavə təzyiq göstərib.

⦿ 16:13 | YENİLƏNİB

İraq: Tankerin üzərinə PUA düşsə də, limanlarda əməliyyatlar davam edir

 

PUA İraq limanlarının hüdudlarından kənarda tankerin üzərinə düşüb. Bu barədə İraq Xəbər Agentliyi ölkənin Limanlar Administrasiyasına istinadən xəbər verib. Qurum əlavə edib ki, boşaltma və yükdaşıma əməliyyatları fasiləsiz davam edir.

Administrasiya limanlarda fəaliyyətin normal qaydada davam etdiyini və əməliyyatların dayandırılmadığını bildirib.

İraqın Neft Nazirliyi isə ayrıca açıqlamasında ölkənin cənub limanlarından xam neftin yüklənməsinin davam etdiyini və prosesdə “heç bir dayanmanın olmadığını” qeyd edib.

İraqın Ərbil şəhəri üzərində səmada PUA zərərsizləşdirilir. 15 iyul 2026 il
Reuters
⦿ 14:15 | YENİLƏNİB

Kreml İran–ABŞ gərginliyinin qlobal iqtisadiyyata təsirindən narahatdır

Reuters

Kreml qlobal iqtisadiyyat üçün risk yaradan son gərginlik fonunda İran rəsmiləri ilə təmasda olub. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov iyulun 16-da bildirib.

Peskov təmasların təfərrüatlarını açıqlamayıb. O bildirib ki, İran hakimiyyəti Prezident Vladimir Putinlə telefon danışığı üçün müraciət etməyib.

Rusiya dəfələrlə həm İranı, həm də ABŞ-ni gərginliyi artırmamağa çağırıb.

⦿ 13:45 | YENİLƏNİB

İraq tankerin PUA ilə vurulmasından sonra ölkədə neft yüklənməsini dayandırıb

Reuters

İyulun 16-da İraqın Bəsrə şəhərindəki neft terminalında tanker PUA ilə vurulub. Bundan sonra ölkənin bütün terminallarında xam neftin yüklənməsi dayandırılıb. Bu barədə ölkənin neft sektoru və təhlükəsizlik qurumlarındakı mənbələr məlumat yayıb.

Hadisə nəticəsində yanğın baş verməyib və maddi ziyan qeydə alınmayıb.

⦿ 13:20 | YENİLƏNİB

Vens İsrail rəsmilərini ABŞ ictimai rəyinə təsir göstərməyə çalışmaqda ittiham edib

Reuters

ABŞ vitse-prezidenti Ceyms Devid Vens İsrail hökumətinin bəzi üzvlərini ittiham edib. O bildirib ki, həmin rəsmilər ABŞ ictimai rəyinə təsir göstərməyə çalışıblar. Vensin sözlərinə görə, onların məqsədi rəsmi Vaşinqtonun İranla müharibəyə son qoymaq üçün əldə etdiyi razılaşmanı pozmaq olub.

Amerikalı podkastçı Co Roqanın yayımında danışan Vens bildirib ki, bu cəhdlər ABŞ-də siyasi qərarların qəbuluna təsir göstərib. O, həmçinin İsrailin təsiri olmasaydı, son münaqişənin baş verməyəcəyini deyib.

⦿ 13:00 | YENİLƏNİB

Netanyahu ABŞ-ə səfərini təxirə salıb

Reuters

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftəyə planlaşdırılan ABŞ səfərini təxirə salıb. Bu barədə İsrail Baş nazirinin Ofisinin məlumatında deyilir. Məlumata görə, buna ABŞ senatoru Lindsi Qremin dəfn mərasiminin bu ayın sonunadək təxirə salınması səbəb olub.

⦿ 12:30 | YENİLƏNİB

Suriya Hizbullah-a aid silah yükünün ələ keçirildiyini açıqlayıb

Reuters

Suriya hakimiyyəti İraqdan müasir silah və raketlərin qanunsuz yolla keçirilməsinin qarşısını aldığını bildirib. İlkin araşdırmalara görə, silah yükü Livandakı Hizbullah qruplaşması üçün nəzərdə tutulub. Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Hadisə Hizbullah-a təzyiqlərin artdığı və qruplaşmanın təsirinin azaldılması ilə bağlı Suriya ilə ABŞ arasında danışıqların yenidən başladığı vaxta təsadüf edir.

⦿ 12:05 | YENİLƏNİB

İnflyasiyanın zəifləməsi fonunda dollar son bir ayın minimum səviyyəsinə yaxınlaşıb

Reuters

ABŞ dolları son bir ayın ən aşağı səviyyəsinə yaxın qalıb. Ehtimal edilən aşağı inflyasiya göstəriciləri Federal Ehtiyat Sisteminin faiz dərəcəsini artıracağı ilə bağlı gözləntiləri azaldıb.

⦿ 11:50 | YENİLƏNİB

Livan: Ordunun ölkə üzrə nəzarətini genişləndirməsi İsrailin geri çəkilməsindən asılıdır

NNA Lebanon

Livanın silahlı qüvvələri cənub bölgəsi də daxil olmaqla, ölkənin bütün ərazisində nəzarəti tədricən genişləndirmək istəyir. Bu barədə Livanın xarici işlər naziri Yusif Raci bildirib.

Milli Xəbər Agentliyinin məlumatına görə, nazir qeyd edib ki, bu proses İsrail qüvvələrinin Livan ərazisindən tam çıxmasından asılıdır.

O əlavə edib ki, Hizbullah-ın hərbi mövcudluğuna son qoyulması “xarici təzyiqlərə cavab” deyil, “sırf milli iradənin ifadəsidir”.

Lebanon's Foreign Minister Youssef Rajji, arrives for a meeting with Cyprus' President Nikos Christodoulides at the Presidential Palace in Nicosia, Cyprus, 9 July 2026.
Reuters
⦿ 11:47 | YENİLƏNİB

Sorğu: Amerikalıların əksəriyyəti İrana qarşı müharibəyə başlamağı yanlış hesab edir

@YouGovAmerica

“YouGov” və “The Economist”in yeni sorğusuna əsasən, amerikalıların əksəriyyəti İrana qarşı müharibəyə başlamağın yanlış qərar olduğunu düşünür. Respondentlərin 57 faizi bu qərara qarşıdır, 27 faizi isə onu dəstəkləyir.

Sorğu iştirakçılarının 46 faizi münaqişənin ən azı daha bir il davam edəcəyini gözləyir. Yalnız 8 faiz münaqişənin bir ay ərzində başa çatacağına və ya artıq bitdiyinə inanır.

⦿ 11:40 | YENİLƏNİB

Bəhreyn İranın hava hücumlarının qarşısını aldığını bildirib

Reuters

Bəhreynin silahlı qüvvələri iyulun 16-da İranın bir neçə hava təhdidinin qarşısını alaraq onları zərərsizləşdirib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

⦿ 10:20  | YENİLƏNİB

İran: ABŞ İranın infrastrukturuna hücum edərsə, regiondakı infrastruktur qurğuları vurulacaq

Reuters

Donald Tramp İranın infrastrukturuna hücumla bağlı təhdidlərini həyata keçirərsə, rəsmi Tehran regiondakı infrastruktur obyektlərinə zərbələr endirəcək. Bu barədə İranın Ali Birgə Hərbi Komandanlığı məlumat yayıb.

⦿ 09:50 | YENİLƏNİB

İran ordusu: Hörmüz boğazı bizim üçün “qırmızı xətdir”

Reuters

İran ABŞ-nin Hörmüz boğazına müdaxiləsinə imkan verməyəcəyini bildirib. Bu barədə İranın Ali Birgə Hərbi Komandanlığı məlumat yayıb. Qurum Hörmüz boğazını İran üçün “qırmızı xətt” adlandırıb.

⦿ 09:05 | YENİLƏNİB

SEPAH-la bağlı qərara görə Birləşmiş Krallığın səfiri İran XİN-ə çağırılıb

IRNA

Birləşmiş Krallığın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı britaniyalı diplomata SEPAH-ın Britaniyanın dövlət təhdidləri ilə bağlı siyahısına daxil edilməsinə etiraz bildirilib.

IRNA dövlət xəbər agentliyinin məlumatına görə, rəsmi Tehran bu addımı düşmən xarakterli qərar kimi qiymətləndirib. İran XİN-i buna “qəti və qarşılıqlı” tədbirlərlə cavab veriləcəyini bildirib.

⦿ 08:30 | YENİLƏNİB 

İran: İordaniyadakı ABŞ hərbi rabitə sistemləri və yanacaq anbarları vurulub

Reuters

İran ordusu İordaniyadakı Azraq aviabazasında ABŞ-yə məxsus hərbi rabitə sistemlərinin və yanacaq anbarlarının vurulduğunu bildirib. Bu barədə İranın dövlət mediası məlumat yayıb.

⦿ 07:30 | YENİLƏNİB 

İran Küveytdəki aviabazanın radar sistemini vurduğunu bildirib

Reuters

SEPAH Küveytdəki Əli əl-Salim aviabazasına raket və PUA-larla hücum etdiyini bildirib. Hücum zamanı bazadakı erkən xəbərdarlıq radar sisteminin vurulduğu açıqlanıb. Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Bundan əlavə, aviabazada ABŞ hərbçilərinin toplandığı ərazi də vurulub.

⦿ 06:30 | YENİLƏNİB 

ABŞ-nin yeni zərbələri İranın strateji limanını və raket obyektlərini hədəfə alıb

Reuters

İranın Hörmüz boğazında yerləşən əsas limanı Bəndər-Abbas ABŞ-nin son zərbələrinin başlıca hədəflərindən biri olub. Buna səbəb şəhərdə strateji hərbi-dəniz obyektlərinin və SEPAH-a məxsus infrastrukturun yerləşməsi göstərilir.

ABŞ qüvvələrinin əməliyyatı 90 dəqiqə davam edib. Əməliyyat zamanı Böyük Tunb adasındakı sahil müdafiəsi obyektləri və qanadlı raket mövqeləri də vurulub.

Yeni zərbələr bölgədə gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. Donald Tramp İranın enerji infrastrukturunu və körpülərini hədəfə almaqla bağlı təhdidlərini yenidən səsləndirib.

Beynəlxalq hüquq üzrə ekspertlər bildiriblər ki, mülki əhali üçün vacib infrastruktura hücumlar Cenevrə konvensiyalarını poza bilər. Onların fikrincə, belə hücumlar hərbi cinayət kimi qiymətləndirilə bilər.

Münaqişə artıq çoxsaylı insan tələfatına, genişmiqyaslı məcburi köçə və qlobal enerji bazarlarında problemlərə səbəb olub. Bu vəziyyət regionda sabitliklə bağlı narahatlıqları daha da artırıb.

Teqlər