İran münaqişə və sanksiyalara baxmayaraq kosmik proqramını təqdim edib

İran münaqişə və sanksiyalara baxmayaraq kosmik proqramını təqdim edib
IRNA

İran Kosmik Agentliyinin rəhbəri bildirib ki, ölkənin kosmik proqramı münaqişə və sanksiyalara baxmayaraq yeni rabitə, radar və Yer səthinin müşahidəsi peykləri ilə inkişaf edir. O, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli strategiyanın yenilənməsindən də danışıb.

 

İranın kosmik proqramı münaqişə və sanksiyalara baxmayaraq, yeni rabitə, radar və Yer səthinin müşahidəsi peykləri ilə inkişafını davam etdirir. Bu barədə İran Kosmik Agentliyinin rəhbəri Həsən Salarieh Tehranda keçirilən mətbuat konfransında danışıb.

O, yeni geostasionar rabitə peykinin, ölkənin ilk yerli sintetik aperturlu radar peykinin, əlavə Yer səthinin müşahidəsi aparatlarının və yeni buraxılış texnologiyalarının hazırlandığını bildirib. Salarieh beynəlxalq əməkdaşlığın davam etdirilməsini və İranın uzunmüddətli kosmik strategiyasının yeni texnoloji inkişaflara uyğun yenilənməsini xüsusi vurğulayıb.

İranın 2025–2026-cı illərdə İsrail və ABŞ ilə müharibələri zamanı Salariehin rəhbərlik etdiyi agentlik və İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinə bağlı digər kosmik tədqiqat mərkəzləri hava hücumlarının hədəfinə çevrilib.

“Ölkənin üzləşdiyi xüsusi şəraitə baxmayaraq, İranın kosmik sənayesi fəaliyyətini dayandırmayıb. Bu vəziyyət bəzi layihələrdə çətinliklər və məhdudiyyətlər yarada bilər. Lakin bu, layihələrin dayandırıldığı və ya davam etdirilə bilməyəcəyi mənasına gəlmir”, — deyə o bildirib.

“Nahid-3” rabitə peykii

Salariehin sözlərinə görə, “Nahid-3” telekommunikasiya peyki layihələndirmə mərhələsinə daxil olub və geostasionar orbitdə fəaliyyət göstərəcək.

IRNA

 

“Ölkənin geostasionar orbitdə xidmət göstərə biləcək növbəti telekommunikasiya peyklərindən biri olan “Nahid-3” hazırda layihələndirmə mərhələsindədir”, — deyə o bildirib.

“Nahid” fars dilində Venera planetinin adıdır və qədim İran mifologiyasındakı Anahita ilahəsinin adından yaranıb. Təkmilləşdirilmiş “Nahid-2” və “Nahid-3” peyklərinin hazırlanması cari İran təqvim ili ərzində davam etdiriləcək.

“Şəhid Süleymani” peyk qrupu

Salarieh bildirib ki, “Şəhid Süleymani” darzolaqlı rabitə sistemi İranın prioritet kosmik layihələrindən biridir.

“Ölkənin ən mühüm rabitə layihələrindən biri də bir neçə mərhələdə həyata keçiriləcək “Şəhid Süleymani” darzolaqlı peyk qrupudur. Birinci mərhələdə 18-i əməliyyat, altısı orbitdə ehtiyat olmaqla, ümumilikdə 24 peyk nəzərdə tutulur”.

İlk prototip bu ilin əvvəlində təqdim edilib. Alt sistemlərin əksəriyyətinin layihələndirilməsi və istehsalı başa çatıb, digər peyklərin hazırlanması isə davam edir.

General Qasım Süleymani 2020-ci ilin yanvarında Bağdadda ABŞ-nin PUA zərbəsi nəticəsində öldürülənədək SEPAH-nin xarici əməliyyatlar qanadı olan “Qüds” qüvvələrinin komandanı olub.

Eyni vaxtda bir neçə peykin buraxılması

Bir daşıyıcı raket vasitəsilə bir neçə peykin eyni vaxtda orbitə çıxarılması İranın strateji hədəflərindən biri olaraq qalır.

“Bu ilin əsas hədəflərindən biri bir daşıyıcı raket vasitəsilə bir neçə peykin eyni vaxtda orbitə yerləşdirilməsinə nail olmaqdır”.

İran 2022–2024-cü illərdə bu imkanı uğurla sınaqdan keçirib. “Şəhid Süleymani” qrupuna daxil olan üç peykin birgə buraxılışı isə daha qabaqcıl mərhələ hesab olunur.

Sistem fövqəladə rabitə, meşə yanğınlarının monitorinqi, boru kəmərlərinə nəzarət, sızmaların aşkarlanması və böhranların idarə olunması üçün azhəcmli, lakin vacib məlumatların ötürülməsini təmin edəcək.

Yer səthinin müşahidəsi

Salarieh bildirib ki, Yer səthinin müşahidəsi peykləri də İranın kosmik proqramının əsas istiqamətlərindəndir. O, “Zəfər-2”, “Paya” və “Kosər-2” peyklərinin eyni vaxtda buraxılmasını milli imkanların genişləndiyinin göstəricisi adlandırıb.

Missiya universitetlər, özəl sənaye və dövlət qurumları arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib. “Paya” peykinin ilk görüntüləri artıq ictimaiyyətə təqdim olunub.

“Əlavə məsafədən zondlama peyklərinin hazırlanması cari il ərzində davam etdiriləcək”, — deyə o bildirib.

“Pars-2” buraxılışa hazırlaşır

“Pars-2” peyki texniki sınaqların böyük hissəsini tamamlayıb. Hazırda onun daşıyıcı raketə inteqrasiyası üzrə son sınaqlar aparılır.

“Peyk üç metrdən daha yaxşı məkan ayırdetmə qabiliyyətinə malik görüntülər təqdim etmək üçün hazırlanıb və İranın yerli Yer müşahidəsi imkanlarını gücləndirəcəyi gözlənilir”.

Orbitə çıxarıldıqdan sonra “Pars-2”nin İranın kosmik görüntüləmə imkanlarını əhəmiyyətli dərəcədə artıracağı bildirilir.

Salariehin sözlərinə görə, peyk görüntüləri resursların idarə olunması, ətraf mühitin monitorinqi, kənd təsərrüfatı, su idarəçiliyi və xəritələşdirmə üçün mühüm vasitəyə çevrilib. Peyklərin sayının artırılması eyni ərazilərin daha tez-tez müşahidə olunmasına və qərarların qəbulu üçün daha dəqiq məlumatların əldə edilməsinə imkan verəcək.

IRNA

 

İlk yerli SAR peyki

İranın ilk yerli sintetik aperturlu radar peyki olan “Rad-1”in hazırlanması başa çatmaq üzrədir. Peyk yekun texniki sınaqlardan sonra təqdim ediləcək.

“Əlavə sınaqlara ehtiyac yarandığı üçün layihənin ilkin qrafikində cüzi gecikmə baş verib”, — deyə Salarieh bildirib.

Onun sözlərinə görə, belə gecikmələr mürəkkəb kosmik proqramlar üçün normaldır. Agentlik daha yüksək görüntüləmə imkanlarına malik “Rad-2” layihəsini də davam etdirir.

“İkinci radar peyki daha yüksək görüntüləmə imkanlarına malik olacaq və İranın yerli məsafədən zondlama potensialını daha da gücləndirəcək”.

“Pars-3” hazırlanır

“Pars-3” Yer səthinin müşahidəsi peyki İran Kosmik Tədqiqat Mərkəzi tərəfindən hazırlanır. Peyk bir metr məkan ayırdetmə qabiliyyətinə malik görüntülər təqdim edəcək.

“Peykin istehsalı cari İran təqvim ilindən sonrakı dövrədək davam edəcək. Bununla belə, mühəndislik modellərinin və alt sistemlərin hazırlanması, eləcə də prototiplərin istehsalı sahəsində ilin sonunadək ciddi irəliləyiş gözlənilir”.

Özəl sektorla və süni intellekt

Salarieh hökumətlə özəl sektor arasında əməkdaşlığın genişləndiyini bildirib. İlk “Kosər” peyki prototipinin buraxılması dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini nümayiş etdirib. Agentlik növbəti nəsil müşahidə peyklərinin hazırlanmasında özəl sektorun iştirakını artırmağı planlaşdırır.

O, peyk məlumatlarının emalında süni intellektin rolunun artdığını da qeyd edib.

“Peyk görüntüləri süni intellekt və qabaqcıl analitik vasitələrlə emal və təhlil edildikdə, onların iqtisadi dəyəri dəfələrlə artır. Xam peyk görüntüsü xüsusi emaldan və praktik məlumatların çıxarılmasından sonra 10–20 dəfə daha qiymətli ola bilər”.

Çinlə əməkdaşlıq

İran Kosmik Agentliyi bioloji tədqiqat kapsulu və Çinin “Çanqe” proqramı çərçivəsində Ayın tədqiqi üzrə əməkdaşlığı davam etdirir.

“Beynəlxalq tərəfdaşlığın genişləndirilməsi həm İranın kosmik texnologiyalarının ixracı, həm də kosmik imkanlara malik ölkələrlə əməkdaşlıqdan faydalanmaq baxımından prioritet olaraq qalır”.

Salarieh bildirib ki, Ayın və Yer kürəsindən kənardakı resursların tədqiqi qısa müddətdə gəlir gətirməsə də, dərin kosmos uğrunda qlobal rəqabət gücləndikcə daha böyük əhəmiyyət qazanacaq.

Onillik kosmik proqram yenilənir

İran 2022–2031-ci illəri əhatə edən Onillik Kosmik Proqramını yeni texnoloji inkişaflara uyğun yeniləməyə başlayıb.

“Onillik Kosmik Proqram daim nəzərdən keçirilməli və yenilənməlidir. Biz artıq proqramı yeni tələblərə və texnoloji inkişaflara uyğun şəkildə yeniləməyə hazırıq”, — deyə İran Kosmik Agentliyinin rəhbəri bildirib.

Teqlər