Çində torpaq sürüşməsi: 8 nəfər ölüb, 34 insan itkin düşüb

Çində torpaq sürüşməsi: 8 nəfər ölüb, 34 insan itkin düşüb
Reuters

Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərində iyulun 7-də baş verən torpaq sürüşməsi nəticəsində azı səkkiz nəfər həlak olub, 34 nəfər isə itkin düşüb.

“Reuters”in məlumatına görə, Penşuy rayonunda yerli icmanın üzvü səhər saat 8 radələrində qayaların qopduğunu görüb. Bundan sonra fövqəladə xəbərdarlıq elan edilib.

Hakimiyyət orqanları mindən çox sakini təxliyə edib. Lakin torpaq sürüşməsi təxliyə prosesi zamanı baş verib. On nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Təpə yamacının uçduğunu əks etdirən görüntülər internetdə geniş yayılıb. Hakimiyyət orqanları isə fəlakətin səbəblərini araşdırmaqda davam edir.

Çin Xalq Respublikasının lideri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının bütün imkanların səfərbər edilməsi ilə aparılması barədə təcili göstəriş verib. O, əməliyyatların elmi əsaslarla həyata keçirilməsini və ikinci dərəcəli fəlakətlərin baş verməsinin qarşısının alınmasını da tapşırıb.

Çinin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi hadisə yerinə 100 nəfərlik xilasetmə qrupunun göndərildiyini bildirib. Bundan əlavə, axtarış-xilasetmə işlərinə dəstək üçün Çinin yanğınsöndürmə və xilasetmə xidmətindən 206 əməkdaş və 49 avtomobil əraziyə cəlb olunub.

Yerli rəsmilərin sözlərinə görə, torpaq sürüşməsi zamanı təxminən 18 min kubmetr qaya və dağıntı kütləsi yerindən qopub. Uçqun nəticəsində hərəkət edən ən iri qayanın həcmi isə təxminən üç min kubmetr olub.

İyulun 18-ə səhərədək Penşuy rayonunda davam edən yağış axtarış-xilasetmə işlərini çətinləşdirib. Hava şəraiti yaxşılaşdıqdan sonra fövqəladə xidmətlər torpaq sürüşməsindən zərər çəkən binalara baxış keçirilməsini bərpa edib və axtarış əməliyyatlarını intensivləşdirib.

Teqlər