Livan Prezidenti Trampla görüşəcək

Livan Prezidenti Trampla görüşəcək
Reuters

Livan Prezidenti Cozef Aun gələn həftə ilk dəfə Ağ Evə səfər edəcək. O, ABŞ Prezidenti Donald Trampa İranın dəstəklədiyi silahlı “Hizbullah” qruplaşmasının tərksilah edilməsi və İsrail qüvvələrinin Livandan çıxmasının təmin olunması ilə bağlı plan təqdim edəcək.

Ötən il prezident seçilənədək orduya komandanlıq edən Aun son 20 ilə yaxın müddətdə Ağ Evə səfər edən ilk Livan dövlət başçısı olacaq. O, iyulun 21-i Trampla ilk dəfə üzbəüz görüşəcək.

Aunun ofisinin yaydığı açıqlamaya görə, Livan Prezidenti Trampdan İsrailə təzyiq göstərməsini istəyəcək. Məqsəd ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında iyunun 26-da əldə olunan razılaşmanın icrasını təmin etməkdir.

Razılaşma “Hizbullah”ın tərksilah edilməsini, İsrail qoşunlarının mərhələli şəkildə Livandan çıxarılmasını və iki ölkə arasında sülh münasibətlərinin qurulmasına zəmin yaradılmasını nəzərdə tutur.

Rəsminin sözlərinə görə, Aun hesab edir ki, yalnız Tramp İsrailə qoşunlarını geri çəkmək üçün təzyiq göstərə və Livanın suverenliyinin bərpasına yardım edə bilər.

İsrailin şimalındakı Metula şəhərindən görünən Livanın cənubundakı Bofor qalası, 1 iyun 2026-cı il.
Reuters
“Hizbullah”ın tərksilah edilməsi

62 yaşlı Aun ötən il Trampın Ağ Evdə ikinci prezidentlik müddətinə başlamasından az əvvəl dövlət başçısı seçilib. Rəsmi Vaşinqton onun seçilməsini alqışlayıb.

Aun andiçmə mərasimində silah üzərində müstəsna nəzarət hüququnun dövlətə məxsus olduğunu təsdiqləyəcəyinə söz verib.

Onun prezidentliyinin ilk ili hökumətin “Hizbullah”ın tərksilah edilməsinə nail olmaq cəhdləri ilə yadda qalıb. Qruplaşmanı 1982-ci ildə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yaradıb və İsraillə çoxsaylı müharibələr aparıb.

2024-cü il müharibəsindən sonra əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq Livan ordusu ölkənin cənubunda yerləşdirilib və “Hizbullah”a məxsus silah anbarlarının toplanmasına başlayıb. Zəifləyən qruplaşma bu prosesə etiraz etməyib.

Martda yeni müharibə başlayıb

Lakin Aunun prezidentliyinin ikinci ilinin əvvəlində yeni müharibə başlayıb. “Hizbullah” martın 2-də hücumlara məruz qalan İrana dəstək məqsədilə İsrailə zərbə endirib.

Qruplaşmanın hücumu İsrailin genişmiqyaslı hava və quru əməliyyatına başlamasına səbəb olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər nəticəsində  4 300-dən çox insan həlak olub. Onlardan təxminən 800-ü  uşaq, qadın və tibb işçisidir.

Bu rəqəmlərdə mülki şəxslərlə döyüşçülər arasında fərq göstərilmir. “Hizbullah” isə döyüşçüləri arasında itkilərin sayını açıqlamayıb.

Müharibə başlayandan sonra Aun qısa müddətdə İsraillə birbaşa danışıqlara çalışıb. Bu addım 1978-ci ildən bəri İsrailin dəfələrlə müdaxiləsinə məruz qalan Livanın əvvəlki mövqeyindən tarixi dönüş kimi qiymətləndirilib. Nəticədə iki ölkə arasında son onilliklərin ən yüksək səviyyəli üzbəüz təmasları baş tutub.

Bu mövqe Aunu “Hizbullah” və onun tərəfdarlarının sərt tənqid hədəfinə çevirib.

Bununla belə, Aun mövqeyindən geri çəkilməyib. O, müharibəni başlatdığına görə “Hizbullah”ı tənqid edib.

Lakin Aun Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşmək çağırışını qəbul etməyib.

Teqlər