canlı ABŞ İrana zərbələri davam etdirir, İraqda amerikalı hərbçi həlak olub

ABŞ İrana zərbələri davam etdirir, İraqda amerikalı hərbçi həlak olub
Reuters

ABŞ-nin gecə zərbələri İranın cənub-qərbində elektrik enerjisinin kəsilməsinə səbəb olub, Təbriz isə son hücum dalğasında ilk dəfə vurulub. İraqda İrana məxsus PUA-dan qalan partlamamış sursatın nəzarətli partladılması zamanı ABŞ hərbçisi həlak olub.

⦿ 18:45 | YENİLƏNİB

SEPAH Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə hücum etdiyini bəyan edib

Anadolu

"Fars" xəbər agentliyinin yaydığı bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirib ki, ilk hücum "Bəhreyndəki Əs-Saxir aviabazasında ABŞ bölmələri tərəfindən istifadə edilən pilotsuz uçuş aparatlarının (PUA) texniki xidmət və təmir anqarlarını hədəf alıb və obyektlər məhv edilib".

SEPAH, həmçinin "Bəhreynin Salman limanında 59-cu Əməliyyat Qrupunun (TF59) gəmiləri üçün nəzərdə tutulmuş hazırlıq anqarlarına zərbə endirildiyini, tikililərin dağıdıldığını və gəmilərə ciddi zərər vurulduğunu" qeyd edib.

İran qüvvələri Küveytdə isə "Arifcan düşərgəsində ("Camp Arifjan") ABŞ-nin dəniz xüsusi təyinatlı (komando) qüvvələrinin dislokasiyası, dəstəklənməsi və təchizatı üçün istifadə olunan obyektləri hədəf alaraq yandırdığını və onları tamamilə məhv etdiyini" bildirib.

⦿ 17:05 | YENİLƏNİB

ABŞ-İran gərginliyinin artması fonunda İranın Şiraz şəhərində partlayış baş verdiyi bildirilir

Anadolu

"Fars" xəbər agentliyinin məlumatına görə, ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları fonunda gərginliyin artmaqda davam etdiyi bir vaxtda, İranın cənubundakı Şiraz şəhərində partlayış səsi eşidilib.

⦿ 16:11 | YENİLƏNİB

Rəsmi məlumat: İran yaxın aylarda 100 milyon kubmetr itirilmiş qaz hasilatını bərpa edəcək

Reuters

İran yaxın aylar ərzində günlük təbii qaz hasilatı gücünün təxminən 100 milyon kubmetrini bərpa etməyi planlaşdırır. Fevralın sonlarında müharibə başlayandan bəri baş verən hücumlar gündəlik hasilatı təxminən 230 milyon kubmetr azaldıb və ölkədə mövcud olan qaz təchizatı disbalansını daha da dərinləşdirib.

Əvvəllər ölkə üzrə gündəlik hasilat təxminən 650 milyon kubmetr təşkil edirdi. Yaranmış çatışmazlıq isti yay aylarında İranın enerji sisteminə əlavə təzyiq göstərərək elektrik enerjisi qıtlığına və mütəmadi elektrik kəsintilərinə səbəb olub. Hökumət istehlakı idarə etmək və günəş enerjisi də daxil olmaqla elektrik enerjisi istehsalını genişləndirməklə təchizatı stabilləşdirməyə çalışır.

⦿ 15:31 | YENİLƏNİB

Vasitəçilər İran-ABŞ müvəqqəti razılaşmasını bərpa etmək üçün 10 günlük atəşkəs təklif edirlər

Reuters

İranın yüksəkrütbəli rəsmisi bazar ertəsi "Reuters" agentliyinə bildirib ki, vasitəçilər ABŞ ilə müharibənin gərginliyini azaltmaq məqsədilə İrana təklif təqdim ediblər. Təklif keçən ay əldə olunmuş müvəqqəti razılaşmanın bərpası yollarını tapmaq üçün 10 günlük atəşkəsin elan edilməsini nəzərdə tutur.

⦿ 15:00  | YENİLƏNİB

Hörmüz boğazında gəmi hərəkəti intensivləşib

Reuters

“MarineTraffic” xəritəsi Hörmüz boğazında, eləcə də İran, Oman və Birləşmiş Ərəb Əmirliklərinin yaxınlıqdakı limanlarında intensiv gəmi hərəkətini göstərir. Qırmızı işarələr tankerləri, yaşıl işarələr isə yük gəmilərini bildirir.

Üçbucaq nişanları hərəkətdə olan gəmiləri və onların istiqamətini, dairəvi nişanlar isə əsasən dayanan gəmiləri göstərir. Bu mühüm dəniz marşrutunda mümkün fasilələr qlobal enerji təchizatına və ticarətə təsir göstərə bilər.

Gəmi izləmə xəritəsi Hörmüz boğazındakı dəniz nəqliyyatının hərəkətini göstərir. 20 iyul 2026-cı il.
Reuters
⦿ 14:20 | YENİLƏNİB

İran İnqilab Keşikçiləri ABŞ-nin mümkün quru hücumuna cavab verəcəyini bildirib

Anadolu

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin ölkəyə mümkün quru müdaxiləsinin dərhal dəf ediləcəyi barədə xəbərdarlıq edib. Briqada generalı Ruhullah Nuri bildirib ki, SEPAH-ın quru qüvvələri istənilən düşmən müdaxiləsinə qarşı ən yüksək hazırlıq vəziyyətindədir. Onun sözlərinə görə, müdafiə bölmələri İran ərazisinə daxil olan hər bir təhlükəni dərhal zərərsizləşdirəcək.

Xəbərdarlıq ABŞ-nin İranın müxtəlif bölgələrinə, xüsusilə ölkənin cənubuna hava zərbələrini davam etdirdiyi bir vaxta təsadüf edib. Tehran isə regionda ABŞ qüvvələrinin istifadə etdiyini bildirdiyi obyekt və bazalara hücumlarla cavab verib. Bazar ertəsi səhər Təbriz də daxil olmaqla İranın bir neçə vilayətində partlayış səsləri eşidilib

⦿ 14:00 | YENİLƏNİB

İran ABŞ-nin mülki infrastruktura zərbələrini İŞİD taktikasına bənzədib

Anadolu

İran ABŞ-ni mülki infrastrukturu — elektrik obyeklərini, xəstəxanaları və Çabahardakı gözətçi qülləsini hədəf almaqla İŞİD-in taktikalarına bənzər üsullardan istifadə etməkdə ittiham edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, bu hücumlar beynəlxalq hüququ pozur və İranın öz suverenliyini müdafiə etmək əzmini zəiflətməyəcək.

Bazar ertəsi tezdən Təbriz, Çabahar, Buşehr, Hörmüzqan və Xuzistan da daxil olmaqla bir neçə əyalətdə partlayışların baş verdiyi bildirilib. İran mediasının məlumatına görə, ABŞ-nin zərbələri Buşehr əyalətinin bəzi hissələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub, ölkənin cənubunda isə hava hücumundan müdafiə sistemləri düşmən dronunu zərərsizləşdirib.

Bəqayi, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr qarşısında susqunluq nümayiş etdirdiyinə görə tənqid edib. 

⦿ 13:00 | YENİLƏNİB

Tramp ABŞ-nin hərbçilərin ölümünə görə İrana "çox ağır" zərbə endirdiyini bəyan edib

Anadolu

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə amerikalı hərbçilərin həlak olmasına cavab olaraq Amerika qüvvələrinin İrana "çox ağır" zərbə endirdiyini bildirib. O, İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini bir daha vurğulayaraq, rəsmi Tehranın hərbi potensialının ciddi şəkildə zəiflədiyini iddia edib.

Tramp həmçinin Birləşmiş Ştatların Hörmüz boğazına tam nəzarət etdiyini qeyd edərək, İranın oradakı təsir gücünü rədd edib.

Bundan əlavə, ABŞ Prezidenti "Air Force One" (prezident təyyarəsi) təhlükəsizlik sistemlərinin yenilənməsi ilə bağlı narahatlıqlarını dilə gətirib. O, eyni zamanda Kanadada baş verən meşə yanğınları tüstüsünün yaratdığı hava çirklənməsinə görə bu ölkənin ABŞ-yə təzminat ödəyə biləcəyini irəli sürüb.

⦿ 12:42 | YENİLƏNİB

İran ABŞ ilə gərginliyin azaldılması üçün vasitəçilərin təkliflərini alıb

İsmayıl Bəqayi

Rəsmi Tehran ABŞ ilə gərginliyin azaldılmasına yönəlmiş təklifləri vasitəçilərdən alıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.  

“Vasitəçilər müəyyən təkliflər irəli sürüblər. Bu təkliflər barədə bizə məlumat verilib və biz onları almışıq. Lakin xahiş edirəm, hazırda təfərrüatları açıqlamaqdan çəkinməyimə icazə verin”, – o deyib.

 

⦿ 11:16 | YENİLƏNİB

Hörmüz boğazında gəmi hücuma məruz qalıb

Reuters

Hörmüz boğazında gəmi naməlum mərmi ilə vurulub. Hadisə Omanın Kumzar kəndinin şimal-qərbində baş verib. Bu barədə Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, heyət gəmini təhlükəsiz şəkildə tərk etsə də, yanğın hələ söndürülməyib. Gəmi hazırda idarə olunmadan dənizdə sürüklənir.

 

 

⦿ 10:48 | YENİLƏNİB

İran mediası: ABŞ zərbələri zamanı Buşehrdə obyektlər hədəfə alınıb

Reuters

ABŞ-nin İranın yeganə nüvə elektrik stansiyasının yerləşdiyi Buşehrdə bir sıra obyektlərə zərbə endirdiyi bildirilib. Bu barədə İran rəsmisi “Mehr” xəbər agentliyinə məlumat verib.

 

 

 

⦿ 09:50 | YENİLƏNİB

Küveyt ordusu: İrandan buraxılan PUA-lar zərərsizləşdirilir

Küveyt ordusu/X

Küveytin hava hücumundan müdafiə qüvvələrinin İrana məxsus PUA-nın hücumlarını dəf etdiyini bildirib. Bu barədə Küveyt Ordusu “X” platformasında yaydığı bəyanatda deyilir. 

Ordu əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, eşidilən partlayış səsləri düşmən hədəflərinin zərərsizləşdirilməsi nəticəsində yaranır.

 

 

 

 

⦿ 07:56 | YENİLƏNİB

İran Küveytdəki aviabazaya hücum edib

Reuters

İran Küveytdə yerləşən Əli əl-Salim Aviabazasına hücum edildiyini bildirib. Bu barədə İranın “Fars” xəbər agentliyi SEPAH-a istinadən məlumat yayıb. 

Aviabaza Küveytin İraqla sərhədindən təxminən 37 kilometr aralıda yerləşir.

 

 

⦿ 07:00 | YENİLƏNİB

ABŞ İrana zərbələr endirib, amerikalı hərbçi həlak olub

Reuters

ABŞ-nin 20 iyul gecə saatlarında ölkənin cənub-qərbinə endirdiyi zərbələr Xormuc şəhərində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bu barədə “Tasnim” xəbər agentliyi yerli rəsmiyə istinadən məlumat verib. 

İran dövlət televiziyasının məlumatına görə, ölkənin şimal-qərbində yerləşən Təbriz şəhərində də partlayışlar baş verib. Bu, ABŞ-nin son zərbə dalğasına başlamasından bəri şəhərə edilən ilk hücumdur.

Bu arada, ABŞ Mərkəzi Komandanlığı İraqın şimalında amerikalı hərbçinin həlak olduğunu açıqlayıb. Hərbçi İrana məxsus PUA-dan qalan partlamamış sursatın nəzarətli şəkildə partladılması zamanı həyatını itirib.

Fevralın 28-də ABŞ–İran münaqişəsinin başlamasından bəri həlak olan ABŞ hərbçilərinin sayı 17-yə çatıb.

Teqlər