Qızıldan daha qiymətli: Özbəkistanın Qızılqum səhrası regionun ən zəngin ekosistemlərindən birini necə qoruyur?

Qızıldan daha qiymətli: Özbəkistanın Qızılqum səhrası regionun ən zəngin ekosistemlərindən birini necə qoruyur?
Anewz

Bu, “AnewZ”un Özbəkistan və Qazaxıstan arasında yerləşən Aral dənizinə vurulan zərərin aradan qaldırılması və ərazinin qorunması istiqamətində görülən işlərə həsr olunan dörd məqalədən ibarət silsilə yazıların üçüncü hissəsidir.

 

Nəhəng qızıl ehtiyatları və dünyanın ən iri açıq mədənlərindən biri ilə tanınan Özbəkistanın Qızılqum səhrası, eyni zamanda Mərkəzi Asiyanın ən mühüm təbiət qoruqlarından birinə ev sahibliyi edir.

Amudərya çayının sahillərindəki nadir tuqay meşələri və bataqlıq ərazilər qum və kəskin istilərin hökm sürdüyü bu landşaftda nəsli kəsilmək təhlükəsi altında olan növlərin yaşamasına imkan yaradır.

Təbii sərvətlərlə zəngin səhra

Amudərya və Sırdərya çayları arasında təxminən 300 min kvadratkilometr ərazini əhatə edən Qızılqum, yəni “Qırmızı qumlar” Mərkəzi Asiyanın ən böyük, dünyanın isə 15-ci ən böyük səhrasıdır.

Anewz

Onun qumlarının altında dünyanın ən zəngin qızıl yataqlarından biri yerləşir. Nəvai vilayətindəki Muruntau yatağı dünyanın ən iri açıq üsulla işlənən qızıl mədənlərindən biri hesab olunur.

Təxminən doqquz kvadratkilometr ərazini əhatə edən və dərinliyi 600 metrə çatan mədən Özbəkistanın qızıl sənayesinin əsasını təşkil edir. Səhradakı mədənlərdə hər il 120 tondan çox qızıl hasil olunur. Geoloji-kəşfiyyat işləri isə yeni ehtiyatların aşkarlandığını göstərir. Təkcə Çukurquduq yatağında qızıl ehtiyatlarının 130 tondan çox olduğu təxmin edilir.

Amudərya sahilində gizli təbiət məkanı

Qızılqum səhrası mineral sərvətləri ilə yanaşı, regionun başqa heç bir yerində rast gəlinməyən ekosistemlərə də malikdir.

Özbəkistanın Türkmənistanla sərhədi yaxınlığında, Amudərya çayı boyunca yerləşən Qızılqum Dövlət Qoruğu 10 min hektardan çox tuqay meşəsini, bataqlıq ərazini və səhra landşaftını əhatə edir.

Nadir çaybasar ekosistemlərini qorumaq məqsədilə yaradılan qoruq yüzlərlə bitki və heyvan növü üçün mühüm yaşayış mühitidir.

Qoruğun ən səciyyəvi sakinləri arasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən Buxara maralı və ceyran var. Mövsümi köç zamanı qutanlar, flaminqolar, vağlar və bir çox digər quş növləri də qoruqdan mühüm dayanacaq kimi istifadə edir.

Təzyiq altında olan həssas ekosistem

Mühafizə statusuna baxmayaraq, təbiəti mühafizə mütəxəssisləri qoruğun getdikcə artan ekoloji problemlərlə üzləşdiyini bildirirlər.

“Bu meşələr üçün ən böyük təhlükələrdən biri yanğınlardır”, - Qızılqum Dövlət Qoruğunun direktoru Mirzəəli Pleşev deyib.

“Quraqlıq dövrlərində meşə yanğınları riski xeyli artır. Digər ciddi problem isə həm vəhşi təbiətə, həm də bu ərazilərin mühafizəsi ilə məşğul olan insanlara təsir göstərən həşərat və zərərvericilərdir”.

Onun sözlərinə görə tuqay meşələri biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır.

“Bu meşələr yox olarsa, heyvanlar ətrafdakı səhraya köçmək məcburiyyətində qalacaq. Orada isə yaşayış şəraiti daha ağır, qida ehtiyatları isə məhduddur”, - deyə o bildirib.

Mövsümi daşqınlar da əlavə çətinlik yaradır. Meşələr Amudərya çayından asılı olsa da, yazın sonlarında suyun səviyyəsinin yüksəlməsi çoxalma ərazilərini su altında qoya bilər. Bu isə vəhşi heyvanları daha açıq səhra sahələrinə çəkilməyə məcbur edir və balaları yırtıcılar qarşısında müdafiəsiz qoyur.

Qoruq əməkdaşlarına dəstək

Mühafizə tədbirlərini gücləndirmək üçün beynəlxalq tərəfdaşların dəstəklədiyi layihələr çərçivəsində qoruq əməkdaşlarına durbinlər, kameralar, çadırlar və digər çöl avadanlıqları verilib.

Bu vasitələr müfəttişlərə ucqar ərazilərdə patrul xidməti aparmağa, heyvan populyasiyalarını izləməyə və ekoloji təhlükələrə daha operativ reaksiya verməyə kömək edir.

Sadəcə səhranın deyil, həyatın qorunması

Qızılqum səhrasında yay aylarında temperatur mütəmadi olaraq 50 dərəcəni keçir. Buna görə də Amudərya çayı burada əsas həyat mənbəyidir. Çayın suları tuqay meşələrini və bataqlıq əraziləri qidalandıraraq vəhşi təbiətin Mərkəzi Asiyanın ən sərt iqlimlərindən birində yaşamasına şərait yaradır.

İqlim dəyişikliyi, su qıtlığı və səhralaşma regionun ekosistemlərinə təzyiqi artırdıqca alimlər Qızılqum Dövlət Qoruğu kimi mühafizə olunan ərazilərin əhəmiyyətinin daha da artdığını bildirirlər.

Özbəkistan brakonyerlik - qadağan olunmuş ov tutmağa qarşı tədbirlər, elmi monitorinq və yaşayış mühitinin bərpası proqramları ilə yanaşı, bu həssas landşaftların qorunması istiqamətində fəaliyyətini genişləndirir. Bu isə göstərir ki, dünyanın ən zəngin mədən bölgələrindən biri, eyni zamanda ən dəyərli biomüxtəliflik mərkəzlərindən biridir.

Mənbə və reportaj

Əraziyə səfər Özbəkistanın Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsinin BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fondla birgə həyata keçirdiyi “Aral dənizinin bataqlıq əraziləri” layihəsi çərçivəsində təşkil olunub.

 

Teqlər