canlı Rusiyanın Ukraynaya zərbələri və qatara PUA hücumu etiraz doğurub
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin...
Pentaqonun açıqladığı 37,5 milyard dollarlıq müharibə xərcləri fonunda İrana 11-ci gecədir zərbələr endirilir. Prezident Donald Tramp İranı şübhəli nüvə obyektinə ağır zərbə endirməklə hədələyib. Tehran isə yeni hücumların regional eskalasiyanı genişləndirə biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Vaşinqtonun İranla bağlı dəniz blokadasını yenidən tətbiq etməsindən sonra 9 kommersiya gəmisi istiqamətini dəyişib, daha bir gəmi isə hərəkətsiz vəziyyətə düşüb.
ABŞ bu addımı anlaşma memorandumunun qüvvədən düşməsindən sonra atıb. Vaşinqton bununla Tehrana danışıqlara qayıtmaq üçün təzyiq göstərməyə çalışır.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq.
Onun açıqlaması strateji əhəmiyyətli su yolunda gəmiçiliyin diplomatik səylərə baxmayaraq yaxın zamanda əvvəlki qaydada bərpa olunmayacağına işarə edir.
ABŞ və İran arasında yeni hücumlar Yaxın Şərqdə enerji daşımalarının pozulacağı ilə bağlı narahatlıqları artırıb və neft qiymətləri son altı həftənin ən yüksək səviyyəsinə yüksəlib.
“Brent” markalı neftin qiyməti 93 dolları keçib. Hörmüz boğazı və Qırmızı dənizdə artan gərginlik qlobal neft tədarükü ilə bağlı riskləri artırır.
ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aunla görüşdən sonra ABŞ aviaşirkətlərinin Livana birbaşa uçuşlar həyata keçirməsinə icazə verilməsi üçün administrasiyasına göstəriş verdiyini bildirib.
Livan və İsrail arasında ABŞ vasitəçiliyi ilə keçirilən növbəti danışıqlar avqustun 4-də İtaliyada baş tutacaq. Bu barədə livan rəsmisi məlumat verib.
Danışıqlar tərəflərin Livanın cənubundan İsrail qoşunlarının çıxarılması və mərhələli atəşkəs planı çərçivəsində Livan ordusunun bölgəyə yerləşdirilməsini nəzərdə tutan razılaşmanı həyata keçirməyə başladığı bir vaxtda keçirilir.
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə İranın hücumları nəticəsində həlak olan 4 ABŞ hərbçisinin Delaverdə keçiriləcək rəsmi qarşılanma mərasimində iştirak edəcək.
Hərbçilərin cənazələri bayrağa bükülmüş tabutlarda ölkəyə qaytarılır. Mərasim münaqişənin xərcləri və təsirləri ilə bağlı narahatlıqların artdığı bir vaxtda keçirilir.
İranla döyüşlərdə həlak olan ABŞ hərbçilərinin anım mərasiminə gedərkən jurnalistlərə açıqlama verən Donald Tramp İranın böyük bədəl ödəyəcəyini deyib.

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında bildirib: “İran İslam Respublikası Hörmüz boğazında hər hansı gəmiyə raket, PUA və ya başqa bir silahla hər dəfə atəş açdıqda, Birləşmiş Ştatlar İranın bir körpüsünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək”.
Dövlət mediası və müxalifət qrupunun bildirdiyinə görə, İran ölkəboyu etirazlar və düşmən qruplarla əlaqədə ittiham olunan 26 yaşlı Mehdi Xanəkini edam edib.
Məhkəmə hakimiyyəti onun İsrail, ABŞ və müxalif qrupların xeyrinə fəaliyyət göstərməkdə təqsirli bilindiyini bəyan edib. İran Milli Müqavimət Şurası (NCRI) isə onun İran Xalq Mücahidləri Təşkilatına ehtimal edilən üzvlüyünə və etirazlarda iştirakına görə edam olunduğunu bildirib.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti sakinləri ehtimal edilən təhlükə barədə məlumatlandırmaq üçün Dammama erkən xəbərdarlıq siqnalının verildiyini bildirib.
Qurum daha sonra təhlükənin keçdiyini təsdiqləyib.
Niderlandın "KLM" aviaşirkəti Dubay, Ər-Riyad və Dammama uçuşların dayandırılması müddətini avqustun 23-dən sentyabrın 6-dək uzadıb.
Aviaşirkət bu qərarın Yaxın Şərqdə davam edən təhlükəsizlik vəziyyəti ilə əlaqədar qəbul edildiyini bildirib. İran müharibəsi və bununla bağlı regional hücumlar səbəbindən reyslərin icrası martın 1-dən dayandırılıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) raket və PUA-larla İordaniyada ABŞ-nin istifadə etdiyi iki aviabazanı hədəf aldığını və amerikalı hərbçilər arasında itkilərə səbəb olduğunu iddia edib. SEPAH zərbələrin "Şahzadə Həsən" və "Kral Faysal" aviabazalarına endirildiyini, hərbi təyyarələrə və PUA obyektlərinə zərər vurulduğunu bildirib.
İran bu əməliyyatın ABŞ-nin Minab şəhərində Tehranın iddiasına görə 168 uşağın ölümü ilə nəticələnən məktəbə hücumuna cavab olaraq həyata keçirildiyini açıqlayıb. İordaniya ordusu isə ayrıca bəyan edib ki, krallığa tərəf atılan İranın 4 raketi və 4 PUA-sı zərərsizləşdirilib, heç bir xəsarət və ya dağıntı qeydə alınmayıb.
Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) çərşənbə günü aviaşirkətlərə İordaniyanın hava məkanında uçuşlar həyata keçirməməyi tövsiyə edib. Buna səbəb yenidən alovlanan münaqişə fonunda İordaniyanın və ABŞ-nin Körfəzdəki digər müttəfiqlərinin İran tərəfindən zərbələrə məruz qalmasıdır.
EASA-nın bəyanatında bildirilir: "2026-cı ilin iyul ayının ortalarından başlayaraq təhlükəsizlik vəziyyəti sürətlə pisləşib və İordaniyanın hava məkanına təsir edən hərbi əməliyyatların intensivliyi davamlı olaraq artıb".
Agentlik artıq aviaşirkətlərə Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran, İraq və Livanın hava məkanından istifadə etməməyi tövsiyə edir.
ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Tehran terrorizmə dəstəyini dayandırmağa və nüvə silahı hazırlamaq cəhdlərindən əl çəkməyə razı olarsa, Vaşinqton İranla diplomatik həll yolunu məmnuniyyətlə qarşılayacaq. Rubio Prezident Donald Trampın danışıqlara üstünlük verdiyini desə də, İran əməkdaşlıq etməkdən imtina edərsə, ABŞ-nin “bir çox variantı” olduğu barədə xəbərdarlıq edib.
O əlavə edib ki, Vaşinqton amerikalı hərbçilərə hücumlara, eləcə də qlobal gəmiçiliyə və beynəlxalq su yollarına maneələrin yaradılmasına dözməyəcək. Bu bəyanatlar regionda bir sıra hərbi zərbələrdən sonra ABŞ və İran arasında gərginliyin kəskin artması fonunda verilib.

İranın Hörmüzqan vilayətində yerləşən Sirik şəhəri yaxınlığında üç partlayış səsi eşidilib. Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Partlayışların səbəbi və mümkün zərərin olub-olmaması barədə məlumat yoxdur.
ABŞ Prezidenti Donald Tramp İranın hücumları nəticəsində həlak olan 4 amerikalı hərbçinin cənazələrinin Dover Hərbi Hava Bazasında qarşılanma mərasimində iştirak edəcək.
Münaqişə başlayandan ABŞ-ın hərbi əməliyyatlarına xərclənən vəsait 37,5 milyard dollara çatıb. Döyüşlərdə 18 ABŞ hərbçisi həlak olub, 450-dən çox hərbçi yaralanıb.
Mərasim ABŞ Konqresində müharibənin məqsədləri və artan xərclərlə bağlı müzakirələrin getdiyi bir vaxtda keçirilir. Neft qiymətlərinin bahalaşması da əsas narahatlıqlardan biridir.
Reuters-in son sorğusuna əsasən, amerikalıların əksəriyyəti ABŞ-İran münaqişəsinin yaxın zamanda başa çatmayacağını düşünür.

Yaxın Şərqdə artan gərginlik Hörmüz boğazından Bab əl-Məndəb boğazına qədər yayılaraq qlobal ticarətdə yarana biləcək kəsintilərə dair narahatlıqları artırır. İranın dəstəklədiyi husi üsyançıları Ər-Riyadı Yəmənə hava zərbəsi endirməkdə ittiham etdikdən sonra Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmiçiliyə məhdudiyyətlər tətbiq ediblər.
Bab əl-Məndəb boğazından keçən xam neft tankerlərinin hərəkəti kəskin şəkildə azalıb, daşıma və sığorta xərcləri isə yüksəlib. Ekspertlər xəbərdarlıq edirlər ki, uzanan kəsintilər Səudiyyə Ərəbistanının alternativ ixrac marşrutlarına daha çox arxalanması fonunda neft bazarlarına əlavə təzyiq göstərə bilər.
Cənubdakı Əqəbə şəhərində partlayış səsləri eşidildikdən sonra İordaniya ordusu krallığa tərəf atılan İranın 4 raketini zərərsizləşdirdiyini bildirib. Hava hücumundan müdafiə sistemləri İordaniyanın hava məkanına daxil olan 6 raketi aşkar edərək 4-ünü məhv edib, 2-si isə kənar ərazilərə düşərək heç bir xəsarət və ya dağıntıya səbəb olmayıb.
Ordu regionda artan gərginlik fonunda İordaniyanın hava məkanının fasiləsiz nəzarət altında saxlanıldığını bəyan edib. Yerli media Əqəbədə xəbərdarlıq siqnallarının çalındığını, insidentdən sonra regiondakı bəzi aviareyslərin marşrutlarını dəyişdirdiyini xəbər verib.
Dövlət xəbər agentliyinin məlumatına görə, İordaniyanın hava hücumundan müdafiə (HHM) sistemləri krallığı hədəf alan İranın 6 raketinin qarşısını alıb.
İranın dəqiq idarəolunan raketlərinin ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə (HHM) sistemlərini yarması Vaşinqton üçün Yaxın Şərqdə getdikcə böyüyən ciddi təhdidə çevrilir. "CBS News"un məlumatına görə, raketlərin qarşısının alınması cəhdlərinə baxmayaraq, bəzi İran raketləri ABŞ bazalarına çataraq hərbçilər arasında itkilərə səbəb olub.
Pentaqon İordaniyadakı son ölümcül hücum istisna olmaqla, yalnız bu ay ərzində region boyunca İranın zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisinin yaralandığını açıqlayıb. Ekspertlər bildirirlər ki, İran HHM sistemlərini yükləyərək sıradan çıxarmaq və zərbələrin dəqiqliyini artırmaq üçün raket və PUA-lardan eyni vaxtda, kombinasiya edilmiş şəkildə istifadə edir.
İran dövlət mediasının məlumatına görə, ölkə ordusu ABŞ-nin son zərbələrinə cavab hücumlarını davam etdirərək Birləşmiş Ştatlar hərbçilərinin İordaniyadakı "Əl-Əzrəq" və Bəhreyndəki "Şeyx İsa" aviabazalarını hədəf aldığını açıqlayıb.
Bu iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Həmçinin ABŞ, İordaniya və ya Bəhreyn rəsmiləri tərəfindən də dərhal hər hansı şərh verilməyib.
İranın dövlət mediası xəbər verir ki, çərşənbə günü erkən saatlarda ABŞ qüvvələri ölkənin cənub-qərbindəki Buşehr əyalətində 3 məkana zərbə endirib. Vurulan hədəflər arasında mühüm nüvə obyektinin yerləşdiyi ərazi də var.
Rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, Buşehr qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Ehsan Cahanian zərbələrin ardınca Buşehr və Dəşti bölgələrində partlayışların qeydə alındığını bildirib.
Cahanianın sözlərinə görə, zərbələrdən biri Dəşti bölgəsinin mərkəzi Xormoc şəhəri ətrafını hədəf alıb və raket hücumu nəticəsində heç bir insan tələfatı yaşanmayıb.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Livan Prezidenti Cozef Aunla görüşərək “Hizbullah”ın tərksilah edilməsi və İsrailin Cənubi Livandan geri çəkilməsinə dair ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş planın icrası məsələlərini müzakirə edib. Görüş Livan qoşunlarının sınaq zonasına (pilot zonaya) yerləşdirilməsi fonunda baş tutub. Lakin Livan ordusu əməliyyat zamanı İsrail qüvvələrinin onların bölmələri yaxınlığında atəş açdığını bildirib.
Tramp həmçinin ABŞ-nin İrana zərbələri davam etdirəcəyini bir daha diqqətə çatdırıb. O, Vaşinqtonun "çox yaxın vaxtlarda" İranın yeraltı “Pickaxe Mountain” nüvə obyektini hədəf ala biləcəyini qeyd edib və Tehran "mənalı" müzakirələrə hazır olmayana qədər onlarla danışıqlarda maraqlı olmadığını vurğulayıb.
"Brent" markalı xam neftin bir bareli 92 dolları ötüb, ABŞ-nin WTI markalı nefti isə bahalaşaraq 85,16 dollara çatıb. Hər iki etalon markanın qiyməti beş həftəlik maksimum səviyyəyə çatdıqdan sonra artım dinamikasını davam etdirib.
Qiymətlərin yüksəlməsinə ABŞ və İranın Yaxın Şərq boyunca bir-birinə yeni zərbələr endirməsi nəticəsində təchizat zəncirində yarana biləcək kəsintilərlə bağlı narahatlıqlar səbəb olub.
İranın dövlət yayımçısı IRIB-in məlumatına görə, ölkə ordusu bir neçə saat əvvəl Küveytdəki "Doha" hərbi bazasında yerləşən ABŞ hədəflərinə PUA ilə zərbə endirdiyini açıqlayıb.
Bu iddia hələlik müstəqil mənbələr tərəfindən doğrulanmayıb. Həmçinin, ABŞ və ya Küveyt rəsmiləri tərəfindən məsələyə dair dərhal hər hansı rəsmi təsdiq verilməyib.
Pentaqon İordaniyadakı hərbi bazaya hücumudan sonra itkin düşdüyü bildirilən ABŞ əsgərinin döyüşdə həlak olduğunun ehtimal edildiyini açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin bəyanatında bildirilir: "Nyu-Yorkun Ozon Park bölgəsindən olan 28 yaşlı çavuş Ancel S. Rampersadın 17 iyul 2026-cı ildə İordaniyadakı Müvəffəq Salti aviabazasına düşmən hücumu zamanı döyüşdə həlak olduğu ehtimal edilir".
Həmçinin əlavə olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əvvəlcə hücumdan sonra Rampersadı itkin düşmüş kimi qeydiyyata almışdı. Sonradan onun hərbi statusu "Xidmətdə – Yeri naməlumdur" kimi yenilənib və hazırda onun həlak olduğu güman edilir.
Müdafiə Nazirliyinin rəqəmlərinə görə, son itkilərlə birlikdə fevralın 28-də ABŞ və İsrailin İrana qarşı zərbələrə başlamasından bəri həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatıb, yaralıların ümumi sayı isə 447-yə yüksəlib.

ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərq münaqişəsi ilə bağlı açıq mövqedədir və İranla təmas qurmağa, danışıqlar aparmağa, mövcud ixtilafları həll etməyə hazırdır, lakin Tehran danışıqlara ciddi yanaşmır.
Rubio bu bəyanatla Manilada, yenidən alovlanan hərbi əməliyyatlarla bağlı ciddi narahatlıqlarını ifadə edən Cənub-Şərqi Asiyadan olan həmkarları ilə görüşü zamanı çıxış edib:
"Əgər onlar ciddidirlərsə, biz də ciddiyik. Yox əgər deyillərsə, o zaman həm özümüzün, həm də müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcəyik".

Məlumata görə, hücumlar İranın hərbi əməliyyat mərkəzləri, dəniz donanması imkanları, anqarlar, PUA saxlanc anbarları və hərbi logistika infrastrukturunu hədəf alıb. CENTCOM bildirir ki, zərbələrin əsas məqsədi İranın Hörmüz boğazında ticarət gəmiçiliyi üçün yaratdığı təhdid imkanlarını daha da zəiflətməkdir.
Komandanlığın bəyanatına əsasən, indiyədək İran boğazdan keçən 30-dan çox ticarət gəmisinə hücum edib: "Bu əsassız hücumlar yüzlərlə günahsız dənizçinin həyatını təhlükəyə atıb və naviqasiya azadlığına xələl gətirib."
“Ukrayna Dəmir Yolları” bildirib ki, sentyabrın 13-də Kiyev–Varşava qatarı Polşa sərhədi yaxınlığında vurulub. Xəsarət alan olmayıb. Dəmir yolu şəbəkəsinə hücumlar ikinci gündür davam edir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, sentyabrın 13-də Hörmüz boğazında gəmiyə hücum edilib. Hadisə Səudiyyə Ərəbistanının bir gün əvvəl mühüm neft kəmərini dayandırmasından sonra enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
ABŞ Prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya ilə birləşməsini görmək istədiyini bildirib. Onun Dublində səsləndirdiyi fikirlər Şimali İrlandiyadakı unionistlərin sərt reaksiyasına səbəb olub.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Hörmüz boğazında 101 ticarət gəmisinin marşrutu dəyişdirilib. Regionda yeni hücumlar və tədarüklə bağlı narahatlıqlar fonunda neft qiymətləri 2 faizdən çox artıb.
Səudiyyə Ərəbistanı dini turizmlə yanaşı, istirahət məqsədilə ölkəyə gələn xarici turistlər üçün də imkanlarını genişləndirir. Ər-Riyad, Əl-Ula və Dəriyyə tarixi məkanları və yeni turizm layihələri ilə getdikcə daha çox ziyarətçi cəlb edir.
Səudiyyə Ərəbistanından xaricə səfərlər bazarının hazırkı həcmi təxminən 35 milyard dollardır və 2030–2034-cü illərdə 60 milyard dolları ötə bilər. Artıma əsasən səyahətə daha çox pul xərcləyən gənclər və beynəlxalq turizm istiqamətləri arasında güclənən rəqabət təkan verir.
Özbəkistanın ilk daimi müasir incəsənət mərkəzi Daşkənddə, 1912-ci ildə tikilmiş tarixi binada açılıb. Vaxtilə tramvay deposu və dizel elektrik stansiyası kimi istifadə olunan bina müasir incəsənət və mədəniyyət məkanına çevrilib.
Özbəkistan tarixi şəhərləri və mədəni irs obyektlərini tikinti layihələrinin mümkün təsirindən qorumaq üçün yeni qiymətləndirmə sistemi tətbiq edəcək. Turist axını da rəqəmsal vasitələrlə idarə olunacaq, zəruri hallarda ziyarətçi sayı məhdudlaşdırılacaq.
Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin Geyts Fondu ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Tərəflər poliomielitlə mübarizə, səhiyyə, maliyyə xidmətlərinə çıxış və rəqəmsal inkişaf məsələlərini müzakirə ediblər.
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) sentyabrın 11-də bildirib ki, Yəməndə döyüşlərin ötən həftə şiddətlənməsindən sonra 46 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb. Qurumun məlumatına görə, bu say hər saat artır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın